29.06.2014

Heç kim İŞİD qruplaşması ilə eyni əqidədə olduğunu demək istəmir

Son dönəmlər dünya gündəminin ən ciddi mövzusu İŞİD terrorudur. Təkfirçi-vəhabi ideoloji bazası üzərində qurulmuş bu qurum 21-ci əsrdə də tarixi cinayətlərinə sələfilik edir. Ölkə mətbuatında da əsas gündəm mövzularından biri olan İŞİD terroru davam etdikcə, narahatlıqlar da səngimir. Son günlərdə isə Azərbaycanda bu cinayətlərə bəraət qazandırmaq cəhdləri meydana gəlib. Mövzu ilə bağlı ilahiyyatçı-şərqşünas, İslami mövzular üzrə tədqiqatçı Hacı Fizuli Şəfiyev "Deyerler.org"un suallarını cavablandırıb:

- Yerli sələfi liderlərinin müsahibələrində İŞİD-ə bəraət qazandırmaq səyləri müşahidə olunur. Bunu necə dəyərləndirərdiniz?
- İraqda baş verən son hadisələrlə bağlı bir çox müsahibə və münasibətlərdə, hətta telekanalların yayımladığı xəbərlərdə müsahibə verən, xəbəri yayımlayan tərəfin mövqeyi, onun hansı amala, niyyətə qulluq etdiyini, kimin sözçüsü, hansı şəbəkədən qidalandığını aydın şəkildə bəlli edir.
Hətta bunu nə qədər ustalıqla pərdələmək istəsələr belə. Hədsiz vəhşilikləri ilə imic formalaşdırmış İŞİD qruplaşması ilə heç kim eyni əqidənin mənsubları olduğunu demək istəməz. Buna baxmayaraq verilən müsahibənin tərzindən aydın olur ki, bəziləri bundan çox da narazı olmadıqlarını bildirirlər. Haradasa müəyyən qədər, qismən həmin cinayətkarları suçlu bilirlər. Özləri də bilmədən, istəmədən verdikləri müsahibələrində özlərini dolaşdırırlar.

- Sələfi liderlərindən biri öz müsahibələrində şiələrə qarşı sanki bir donos yazmaq kimi fikirlər səsləndirib. "Şiəlikdə zalıma qarşı mübarizə aparmaq var. Bizdə yoxdur." Bunu necə dəyərləndirərdiniz?
- İraqdakı tükürpədən cinayətləri xalqın, bir məzhəbin adına bağlamaq çox yanlış yanaşmadır. “Orada döyüşənlər, dövlətə qarşı çıxanlar xalqdır, əhli-sünnədir" deyənlər özləri də bilmədən bütün bu vəhşilikləri bir xalqın, məzhəbin ayağına yazmış olurlar. Bir bildirirlər ki, bizim əqidədə hökumətə, rəhbərə qarşı çıxmaq olmaz, digər tərəfdən oradakı qiyamçıların əslində xalq olduğunu deməklə onlara haqq verməyə, baş verən cinayətləri guya sığortalamağa çalışırlar. Oradakı savaşın məqsədlərini isə müsahib çox gözəl bəyan edib. Müsahibə verən "bu Amerikanın tələbidir" deməklə bir çox məsələlərə aydınlıq gətirmiş oldu. "Həm xalqın, həm Amerikanın tələbidir" kimi ziddiyyətli fikirlər səsləndirir. Deyir "Amerikanlar da tələb edir ki, Maliki bərabər bir hökumət qursun, vəzifələrdə tək şiələr təmsil olunmasın". Yəni bu nə xalqın, nə də məzhəbin tələbi və qiyamıdır.
Zalıma qarşı mübarizə aparmaq bir dinin, məzhəbin, hansısa qrupun tələbi, missiyası deyil. Bu insanlığın, sağlam fitrətin tələbidir. Bir xalqın düşüncəsində, bir dinin təməl prinsiplərində zalıma qaşı mübarizə yoxdursa, demək ki, həmin xalqın, əqidənin kökündə fəsad yaşanır. Ancaq geni pozulmuş, beyni zəhərlənmiş insan zülmə biganə ola bilər. Elə bir xalq, elə bir din yoxdur ki, zülmə qarşı öz etiraz səsini ucaltmasın.

deyerler.org

Комментариев нет:

Отправить комментарий