27.06.2014

Broyler toyuğunu antibiotiklə böyüdürlər

Toyuqların yeminə 59 adda dərman qatılır

İndi hamı ağ ət deyib toyuq əti yeməyə çalışır ki, kökəlməsin, kilo almasın, bəzi xəstəliklərə yaxalanmasın. Amma çoxu hələ də bilmir ki, broyler toyuğu dediyimiz “əldəqayırma” məhsullarla qidalanma sağlamlığımızı daha çox təhlükədə qoyur. Bunu mən demirəm. Son illərin araşdırmaları, müşahidələri göstərir ki, broyler toyuğunun yetişdirilməsində istehsalçılar yenə də gəlir əldə etməyi hər şeydən üstün tuturlar. “Qafqazinfo” üçün bilmədiyiniz maraqlı məqamları araşdırmışam.
Kənd toyuğu deyilən məhsulların gec bişməsini hamımız yaxşı bilirik. Bəzən saatlarla qaynadıqdan sonra yeməli vəziyyətə gəlir. Sümüyü də daha sərt olur. Broyler toyuqları isə
20-25 dəqiqəyə hazır olur. Həyət toyuğu gün işığı görür, sərbəstdir, broyler toyuğunun azadlığı məhduddur. Bütün günü yeyir, içir, “şişir”. Bəs bu toyuqlar necə olur ki, xəstələnmirlər?

Amerikalı Con Hopkins və Arizona Universiteti alimlərinin apardığı son araşdırmalar bu suala cavab verir. Belə ki, bütün dünyada, eləcə də qabaqcıl Avropa ölkələrində broyler təssərrüfatında istifadə edilən yemlərin tərkibinə çoxsaylı dərman vurulur. Hətta bu dərman sayının 59 olduğu bildirilir. Dərmanların çoxu antibiotik təsirlidir, bu isə toyuqların müqavimətinin güclənməsini və tez zamanda çəkisinin artmasını təmin edir. Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen(Cartegena) Biogüvənlik Protokolu dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Deyilənlərə, elə yerli təssərrüfatlarda nə dərəcədə əməl olunduğunu demək çətindir. Amma broyler quşçuluqda işləyən bir işçinin dedikləri bu barədə təssəvvür yaradır. Belə ki, kəsimə gedən toyuqlar çox vaxt 6-7 həftəlik olur. “Buna səbəb satışda azçəkili toyuğu tələbatın olmasıdır. Kəsilən quşlar təmizləndikdən sonra xlordioksidli soyuq suda saxlanılır, daha sonra soyuduculara verilir. Kimyəvi maddəli sudan istifadənin məqsədi məhsulun uzun müddət təmiz qalmasını saxlamaq və mikroblardan uzaq qalması məqsədini daşıyır. Çəkisi müəyyən edildikdən sonra qablaşdırılır.”
Son illər broyler məhsullarının insanlarda müxtəlif xəstəliklərə yol açdığını bildirən çox iddialar irəli sürür. Türkiyənin tanınmış həkim, professorları Əhməd Rasim Küçük və Yavuz Dizdar bu barədə araşdırma və çıxışları ilə nüfuz qazanıblar. Yavuz Dizdar broyler toyuqların uşaqlara verilməsinin əleyhinədir. Onun fikrincə, antibiotiklə kökəldilən bu toyuqlar uşaqların əsasən sümük-əzələ sisteminin inkişafına pis təsir edir. İnsanlarda böyrək xərçənginin yaranmasına səbəb olur. Çünki broylerdə istifadə olunan yemin tərkibi geni dəyişdirilmiş orqanizmlərdən ibarətdir. Digər professor Əhməd Rasim Küçük isə broylerdə toyuqların hormonlu qidalarla bəsləndiyini deyir.
Azərbaycanda broyler toyuq fermalarının sayı son illərdə sürətlə satılır. Amma broyler toyuğunun sağlamlıq baxımından qiymətini açıq sözlə deyən yoxdur. Tək onu bilirik ki, mütəxəsislər, eləcə də həkimlər kənd, həyət toyuğunun daha xeyirli olduğunu vurğulayırlar. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dəfələrlə broyler məsulları haqqında fikrini deməkdən çəkinməyib. Mütəxəsis, təkcə qablaşdırmada böyük səhvə yol verildiyini deyir. “Toyuqların qablaşdırılmasında istifadə olunan streç solafanlar Koreya və Çində istehsal olunan keyfiyyətsiz məhsullardır. Polivinin xlor tərkibli məhsullar zərərlidir. Bu gün demək olar ki, ucuz başa gəldiyindən bundan kütləvi şəkildə istifadə olunur. Bizim iradımız Nazirliyə bildirilib, onlar da müraciətini edib, amma nəticə yoxdur. Bir də bizə edilən şikayətlər arasında ölmüş toyuqların satışa çıxarılması məsələsidir. Bu isə sahibkarın insafına qalır.”

Raminə Eyvazqızı          qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий