02.08.2016

Hillari, yoxsa Tramp?

Bu ilin payızında ABŞ-da keçiriləcək prezident seçkilərini bütün dünya səbirsizliklə gözləyir. Əvvəlki seçkilərdən fərqli olaraq bu ilki kompaniya namizədlərin gərgin rəqabəti ilə nəzərə çarpırdı. Lakin xüsusi vurğulamaq lazımdır ki, bu seçki kompaniyası bəlkə də amerikalılardan çox dünya əhalisi üçün maraqla gözlənilir. Ən başlıca səbəb isə eyni ölkəni təmsil edən və yekun turlarda təkbətək rəqabət aparan Hillari Klinton və Donald Trampın ABŞ-ın qlobal siyasi arenadakı strategiyalarının demək olar ki, daban-daban zidd olmasıdır. Daha çox aqressivliyi ilə gündəmə gələn D. Tramp ultra-sağ amerikalıların diqqətini özünə daha çox çəksə də, ölkənin ilk qadın prezidentii olmağa iddialı olan H.Klinton rəqibinin məlum taktikaları fonunda daha humanist, daha liberal görüntü yaratmağa çalışır və bu da onun müəyyən mənada həm ölkə, həm də dünya çapında dəstəyini artırmaqdadır.
Namizədlər arasında əsas ziddiyət amili Yaxın Şərq, miqrantlar və Rusiya ilə bağlı seçilən fərqli strategiyalardır. D.Tramp hər nə qədər müsəlman miqrantlar və vətəndaşlarla bağlı təhlükəsizlik məsələləri üzərindən sərt siyasi xətt yürütməyə çalışsa da, başda Rusiya olmaqla eyni zamanda Yaxın Şərqdəki qeyri-demokratik hesab edilən hökumətlərə qarşı da ehtiyyatlı siyasət yürüdəcəyinə işarə göstərir. H.Klintonun isə qatı liberal olmaqla xarici siyasətdə əsas diqqətləri məlum ölkələrdəki demokratiyanın vəziyyətinə daha çox diqqət ayıracağı aydın məsələdir. Lakin bir çox siyasi şərhçilər H.Klintonun beş il əvvəlki (Ərəb Baharını alovlandıran) siyasi təcrübəsini əsas tutaraq eyni taktika və strategiya əsasında hərəkət etməyin Yaxın və Orta Şərqdə münaqişələri daha da alovlandıracağı və hətta yeni münaqişə və terror ocaqları yaradacağı qənaətindədirlər.
Bir digər düşündürücü məsələ isə Orta Şərqin kilid ölkəsi olan Türkiyədəki son gərgin proseslərdir. Məlum 15.07.2016 uğursuz hərbi çevrilişi Ərdoğan hökumətini həm daxildə, həm xaricdə yeni strateji həmlələr başlatmağa sövq edib. Çevrilişin mənəvi lideri hesab olunan Fəthullah Gülənin ekstradisiyası problemi, çevrilişi həyata keçirməyə cəhd edən generalların çevriliş cəhdindən əvvəl ABŞ nəzarətindəki İncirlik hərbi aviasiya bazasında amerikalı həmkarları ilə görüşlər keçirməsi, amerikadan yüksək ranqlı generalların ölkəyə səfərlərİ faktları, ABŞ və bir sıra Qərb ölkələrinin xüsusi xidmət orqanlarının nəzarətində olan media qurumlarının çevriliş başlayan saatlarda məlumatları sevincək şəkildə dərc etmələri və hal-hazırda isə bu çevrilişin süni şəkildə R.T Ərdoğan tərəfindən təşkil olunması iddialarına yer vermələri, eyni zamanda Qərb rəsmilərinin demək olar ki, hər gün Türkiyədəki demokratik vəziyyət barədə narahatlıqlarını dilə gətirib mövcud hökumətə beynəlxalq səviyyədə təzyiqlər edilməsini təklif etməkləri və qəfil "təyyarə böhranı" ilə sərt şəkildə pozulan Türkiyə-Rusiya münasibətlərinin yenidən daha güclü şəkildə bərpa olunmasına yönələn addımların atılması Türkiyə hökumətinin başda ABŞ olmaq üzərə bir sıra Qərb ölkələri ilə ciddi problemlərinin olduğunu deməyə əsas verir. Üstəlik, məlum Rusiya hərbi təyyarəsini vuran pilotların da çevrilişdə iştirakı, FETÖ terror təşkilatına üzvlükləri və təyyarəni öz seçimləri əsasında vurmaları faktları da bizi düşündürməyə bilməz.
Bu mənada Hillari Klinton kimi demokratiya məsələlərində həssas və hakimiyyətlərini möhkəmlətməyə çalışan liderlərə qarşı sərt bir liberalın hakimiyyətə gələcəyi tədqirdə ABŞ-ın Orta Şərqdəki ən böyük və müsəlman tərəfdaşı olan Türkiyəyə qarşı və Türkiyənin də ABŞ-a qarşı necə bir siyasi xətt götürəcəyi çox şübhəlidir. Hillarinin son seçki nitqlərinin birində "Biz Amerikanı sevən ölkələri sevməyə davam edəcəyik" deməsi də diqqətlərdən yayınmamışdı.
D.Tramp isə Yaxın Şərqdəki münaqişə yaradan faktorları təcili surətdə fiziki yolla aradan qaldırmaqdan, ABŞ-la ziddiyətlər içində olan və "Amerikanı sevməyən" ölkələrlə anlaşmağı əsas hesab edir. O, eyni zamanda çevriliş cəhdləri zamanı Türkiyə liderinə öz dəstəyini açıq-aşkar ifadə etmişdi. Çox güman miqrantlar və terrorla bağlı dərin narahatlıqları olan D.Tramp həm regional təhlükəsizlik, həm hərbi və iqtisadi tərəfdaşlıq nöqteyi-nəzərindən Türkiyənin əhəmiyyətini anlayır və buna müqabil hərəkət mexanizmi seçir. Lakin siyasi arenada "dəli" adlanan da hələ ki odur.
Son sözü isə təbii ki ABŞ-ın dünya siyasətindəki yerini müəyyən edən dərin ünsürlər deyəcək. Nəhayət biz belə bir qənaətə vara bilərik ki, Türkiyənin əhəmiyyəti D.Trampun da şanslarını artırır. Bu inandırıcı görünməsə belə.
***
Donald Tramp deyib ki, prezident seçkiləri zamanı saxtakarlıqlar ola bilər. Buna görə biz fikrimizi bu yöndə təmərküzləşdirməliyik.
Bir neçə gün öncə Demokratlar partiyasından prezidentliyə namizəd Berni Sandersin deyil, Hillari Klintonun seçilməsindən sonra Wikileaksin Hillari Klintonun şəxsi elektron məktublaşmalarını paylaşdı. Həmin məktublarda Hillari Klintonun müxtəlif yollarla çoxlu səs toplaması göstərilirdi. Berni Sandersin tərəfdarlarının buna etiraz etməsinə baxmayaraq Berni Sanders artıq seçilmiş Hillari Klintonu dəstəklədiyini açıqladı. 
Eynilə 2000-ci il prezident seçkiləri zamanı Florida ştatında seçki səslərinin hesablanmasının apellyasiyaya verilməsindən sonra 1 ay sürən araşdırma nəticəsində Buşun qalib olduğu bildirildi. Demokrat namizəd Albert Qor Florida səslərinin ləğv etmək hüququ var idi. Bununla o prezident ola bilərdi. Amma o bunu etmədi. 
Demokratiyanın beşiyi (deşiyi də olar) adlandırılan ABŞ-da prezident seçkiləri düşündüyümüz qədər şəffaf keçirilmir. Bunu 2 ay öncə Berni Sanders də demişdi. Ümumiyyətlə ABŞ-da prezident seçkiləri tam başqa formatda keçirilir ki, gizli müdaxilələr etmək mümkündür. Ümumiyyətlə ABŞ dövlətinin idarəçiliyi bir çoxları buna nə qədər inanmasalar və bunu iddia edənlərə gülsələr də gizli qüvvələrin əlindədir ki, sonda onların dedikləri baş tutur. Düzdür bu müdaxilə lazım olanda və ya həssas məqamlarda həyata keçirilir. Əsasən işi əvvəldə möhkəm tuturlar ki, görünən müdaxilələr olmasın.
Yadıma Heydər Əliyevin 2000-ci il prezident seçkilərindən sonra ABŞ-a səfəri düşdü. Həmin səfər zamanı jurnalistlərin suallarını cavablandıran Heydər Əliyevə 1998-ci ildə Azərbaycanda keçirilən prezident seçkiləri zamanı bəzi qaranlıq məqamlar haqda sual verildi. Heydər Əliyev sualın cavabında dedi ki, bizim ölkə 10 ildir müstəqildir. Biz bu yolda addımlarımzı təzə atırıq. Amma sizin ölkənin 200-dən artıq yaşı var. Amma sizin də seçkilər zamanı Florida ştatında qaranlıq məqamlar oldu.

İskəndər Yenilməz

Комментариев нет:

Отправить комментарий