25.01.2017

FAZİL MUSTAFA ƏLİYEV AİLƏSİNİN KORRUPSİYA ƏLAQƏLƏRİNDƏN YAZDI XÜSUSİ

Həmişə bölücü və parçalayıcı fikirlərlə, eyni zamanda əksəriyyətin müqəddəslərini təhqir etməklə gündəmə gələn deputat Fazil (Qəzənfəroğlu) Mustafanın YAP hakimiyyəti haqqında təhqirdolu çıxışları bitmək bilmir. F.Mustafanın keçmiş fəaliyyətinə azca nəzər salanda dedikləri və davranışı gün kimi aydın olur. Maraq doğurur ki, 2005-ci ilə qədər YAP hakimiyyətini və Azərbaycan dövlətini təmsil edən prezident mərhum Heydər Əliyevi ağır terminlərlə təhqir edən F.Mustafa Milli Məclisdə təmsil olunur və eyni təhqirləri digərlərinə yönəldir. F.Mustafa mərhum H.Əliyevin barəsində yalan və iftiralarını da gizlətmyib. O, açıq şəkildə 2003-cü ilin avqust ayında Heydər Əliyevin fəaliyyət qabiliyyətinin olmadığını, onun adından saxta fərman imzalandığını və bu saxtakarlığın gizlədilməsində Türkiyə və ABŞ-ı da ittiham edir.
F.Mustafa “Yeni Müsavat” qəzetinin №220(2147) 17 avqust 2003 sayında “Türkiyənin xarici siyasətində yeni təmayüllər və Azərbaycan” başlıqlı məqaləsində yazır: “İndi cəmiyyətin hədəfində Türkiyə və ABŞ-dır. Heydər Əliyevin xəstəlik durumunu dövlət səviyyəsində görünməmiş saxtakarlıq nümunəsi ortaya qoyaraq gizlədiblər. Fəaliyyət qabiliyyəti olmayan H.Əliyevin adından saxta fərman tərtib olunmasına şərait yaradaraq, Azərbaycanda demokratiyanın inkişafına ağır zərbə vurublar. Ancaq diqqət ediləsi bir cəhət var: Türkiyə bir dövlət olaraq, bu oyunda qurucu funksiyasına və imkanına sahib deyil. Ona görə də H.Əliyevdən əl üzüləndən dərhal sonra işi öz qurucusuna – ABŞ-a devr etməklə Türkiyə rahat nəfəs aldı. İndi yalanın himayəçisi kimi ABŞ rəsmi dairələri çıxış edir. Onların öz dövlət maraqları var, bizi də öz gələcəyimizlə bağlı məsələlər rahatsız edir. Həm də düşünürük ki, Türkiyənin gələcəyi ilə bağlı məsələlər də Azərbaycanın gələcəyini müəyyənedici əhəmiyyətə sahibdir. Axı biz “bir millət, iki dövlət” idik. Bəs indi?!”
Elə həmin məqalədə Türkiyəni bir çox məsələlərdə ittiham edir: “Bu xüsusa diqqət yetirilməlidir ki, Türkiyənin xarici siyasəti hələ də Osmanlı dönəmində olduğu kimi, millətə deyil, coğrafiyaya dayanan bir anlayış üzərində qalmaqdadır. Kipr məsələsinə də Türkiyə millət kimi deyil, torpaq kimi baxıb. İraqda da sərvət güvənliyi məsələsi türkmənlərin yaşamından və bölgədə söz sahibi olmasından daha ön planda tutulub. Azərbaycana münasibətdə də rəsmi Türkiyə torpaq və resurs məsələsi kimi baxır və heç vaxt insan məsələsi kimi baxıb, demokratiya tələb etmir. Məsələnin ən çox müşahidə olunan tərəfi budur ki, heç bir prosesə Türkiyədə mərkəzi baxış yoxdur. Azərbaycana da əsasən Rusiya ilə münasibətlər prizmasından baxır. “Kimisə qurtarım” baxış bucağı hələ də formalaşmayıb. Çox zaman “kiminsə mənə ehtiyacı olsun, mən də ondan istifadə edərək, özümü ayaqda tutum” düşüncəsi önə çıxarılır. Nümunə olaraq iqtidar partiyası AKP-nin Proqramında xarici siyasətlə bağlı maddələrdən birinə nəzər salaq: “Rusiya ilə Orta Asiya və Qafqazda rəqabətə əsaslanan deyil, işbirliyinə əsaslanan dostca münasibətlər davam edəcək”. Göründüyü kimi burada söhbət Azərbaycandan və ya Orta Asiya türk cümhuriyyətlərindən deyil, bu torpaqlar üzərində Rusiya ilə münasbətdən gedir".
“Bir millət, iki dövlət”  deyimini şübhə altına alaraq, Türkiyəni türk dövlətlərinin üzərindən Rusiya ilə işbirliyində suçlayan F.Mustafa mərhum Heydər Əliyevin Azərbaycanda demokratik dəyərlərə qarşı çıxdığını vurğulayır: “... Azərbaycanda da 1993-cü ildən sonra H.Əliyev tərəfindən sərvətin bürokratiyanın əlində cəmlənməsi istiqaməti əsas götürülüb və bilərəkdən milli burjuaziyanın formalaşmasının qarşısı alınıb”.
Həmin məqalənin davamında F.Mustafa İlham Əliyevi Qərbin dəstəyi ilə hakimiyyəti qəsb etməkdə ittiham edir: “2003-cü ildən isə Türkiyə üzünü birbaşa Avropaya tutub və bölgəyə Avropanın iç ünsürü statusunda qayıtmağı hədəfləyir. Çünki Avropa Birliyinin tələblərində yer alan “ortaq xarici siyasət və təhlükəsizlik” prinsipindən çıxış edərək, Türkiyə Ermənistana münasibətdə artıq Azərbaycan maraqlarından deyil, Avropa Birliyinin maraqlarından çıxış etməyə məhkumdur. 1995-cil ildə Ermənistana iqtisadi yaxınlaşma xəttinin qurulmasına çalışılması və başqa xüsusiyyətlərə baxmayaraq, Türkiyə bu günədək Qarabağ və digər Azərbaycan torpaqlarından çəkilmədiyi müddətdə Ermənistanla münasibətlərini normallaşdırmayacağı yönündəki rəsmi xarici siyasətində dəyişiklik etməyib. Ancaq yaxın zamanlarda bu dəyişiklikləri müşahidə edəcəyik. Kipr məsələsinin müharibəsiz həlli yollarının son mərhələyə adlaması faktı da bunun işarəsini verir. Yaxın zamanlarda bu reallığı bizə də Qarabağ məsələsi ilə bağlı qəbul etdirməyə çalışacaqlar. Azərbaycan və Orta Asiya dövlətlərinin son illərdə terrorizmlə mübarizədə, demokratiya və s. məsələlərdə ABŞ və Qərb dövlətləri ilə birbaşa təmaslarını görərək, bölgədə tərcüməçiyə ehtiyac qalmadığı qənaətinə gəliblər. H.Əliyevin Amerika ilə birbaşa əlaqələr qurma istiqamətində aktiv diplomatiyası, ABŞ və İngiltərənin neft şirkətləri ilə sıx korrupsiya əlaqələri yarada bilməsi ABŞ-ın respublikamızda mənafelərinin vasitəçisi kimi Azərbaycanda amerikan kapital qoyuluşunun həcminin artması, yerli bazarda amerikan firmalarının sayının çoxalması və s. faktorlar da göstərilə bilər. Üstəlik, amerikan və ingilis şirkətlərinin Əliyev ailəsiylə ən yüksək səviyyədə korrupsiya əlaqələrinin qurulması gerçəyini də gözardı etmək olmaz. Bu gün İlham Əliyevin hakimiyyəti qəsb etməsinə dəstək verilməsi də yuxarıdakı amillə bağlıdır”.
Hörmətli Fazil Müstafa həmin məqaləni bu fikirlə tamamlayıb: “Nəhayət, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” söyləmini “Türkiyə və Azərbaycan bir çağdaş millət, iki demokratik dövlətdir” ifadəsiylə əvəzlənməyin zamanı yetişib”.
Qeyd: Deputat Fazil Mustafanın 2003-cü ildə yazdığı məqalənin əsas hissələrini oxuculara təqdim etməkdə məqsədimiz odur ki, az müddətdə onun necə mövqe dəyişdiyini görəsiniz.  
Ziddiyyətli siyasi fəaliyyətə və keçmişə sahib olan Fazil bəy çox təəssüflər olsun ki, hələ də parçalayıcı taktikasını, təhqiredici leksikonunu unutmayıb.

xeber.info

Комментариев нет:

Отправить комментарий