29.01.2017

Rəvan Məhərrəmli - Ola bilsin

Mən torpağa ruh verdim, o insan ola bilsin,
Dünyanı yaratdım ora mehman ola bilsin.

Ərz etdi mələklər törədər fitnə bu insan,
Öydüm mən o insanı hökmüran ola bilsin.

Ərş əhlinə əmr eylədim et Adəmə səcdə,
Adəm sizə aləmdə dəbistan ola bilsin.

Cənnətdə haram ne'məti xəlq eyləməz idim,
Bəndəm dedim öz nəfsinə sultan ola bilsin.

Adəm hələ Cənnətdə ikən əhv eləmişdim,
Qovduq yerə biz Adəmi peşman ola bilsin.

Biz istədik Adəm aça əl sınmış ürəklə,
Həvvadan ayırdıq ki pərişan ola bilsin.

Cənnətlə cəhənnəmdə yaratdim bəni-Adəm
Şeytandan uzaq sahibi iman ola bilsin.

Şeytan və onun dəstəsi od içrə yanarlar,
Cənnət diləyən bəndə müsəlman ola bilsin.

Şeytanə uyan cahil, o nadan da mənimdir,
Vicdanı yaratdim nədi vicdan ola(r) bilsin.

Mən Xatəmi seçdim sizə rəhbər o səbəbdən
Tapmaq məni cahillərə Asan ola bilsin.

Nazil elədik Əhmədə Qur'ani sizinçün,
İslah ola Qur'an ilə nadan ola bilsin.

Allahın adınnan danişibsan, elə tövbə,
Şeirndə, Rəvan, olmaya nöqsan ola bilsin.

Комментариев нет:

Отправить комментарий