Səbail RPİ-nin sabiq rəisinə 6 min dollar verən köhnə həmkarı pulunu tələb edir
Vaxtilə Eldar Mahmudova görə bir çox şəxslər tərəfindən hörmət olunan, hər məclisdə başda oturmağa can atan Səbail RPİ-nin keçmiş rəisi, polis polkovniki İlqar Mahmudovdan indi səs çıxmır. Hətta deyirlər ki, İlqar müəllim “yoxa çıxıb”. Çünki onu axtaranlar tapa bilmir. Təxminən 20 il bundan əvvəl DİN-də xidmətə başlayan İlqar Mahmudov əvvəl Xaçmaz RPŞ-də, sonra Nərimanov RPİ-nin 16-cı polis bölməsində baş əməliyyat müvəkkili, hətta daha sonra Baş MCMİ-də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində) baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. İş yoldaşlarının dediyinə görə, İlqar Mahmudov az qala xidmətə yararsız vəziyyətdə olsa da, onu Eldar Mahmudova görə idarədə saxlamalı olurlar. Taleyin təsadüfünə bax ki, 2000-ci illərin əvvəllərində bu şəxs Baş MCMİ-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən, baş idarənin rəisi Mədət Quliyev olub. Mədət Quliyev xidmətə tam yararsız olanlara açıq şəkildə müharibə elan etdiyi üçün, İlqar Mahmudov Mədət Quliyevin əlindən “narkobiznes”ə (Baş Narkotiklərlə Mübarizə İdarəsində) şöbə rəisi vəzifəsinə “qaçır”. Ancaq üstündən bir müddət keçəndən sonra Mədət Quliyev BMCMİ-dən BNMİ-nin rəisi vəzifəsinə təyin olunur. Baş NMİ-nin əməkdaşlarının dediyinə görə, İlqar Mahmudov o vaxtlar deyərdi ki, “mən Mədət Quliyevin əlindən bura şöbə rəisi vəzifəsinə qaçıb gəldim, amma o bu idarəyə rəis gəldi”.
Bir müddət sonra, Mədət Quliyev baş idarənin rəisi vəzifəsindən azad olunaraq İnterpol idarəsinin rəisi vəzifəsinə təyin olunur. Və onu Baş NMİ-də uzun illər sərəncamda qalan, işsiz polkovnik Eldar Mahmudov əvəz edir. Baş NMİ-nin əməkdaşlarının dediyinə görə, həmin an İlqar Mahmudov üçün idarədə toy-bayram idi. Onun sevincinin həddi-hüdudu yox idi. Axı doğma əmisioğlu onun işlədiyi baş idarəyə rəis təyin olunmuşdu! O illər Baş NMİ-də xidmət edən sabiq DİN əməkdaşları deyir ki, Eldar Mahmudov “Narkobiznes”ə rəis təyin olunmazdan əvvəl, İlqar iş yoldaşlarından 10 “şirvan”lıq kontur, nahar qonaqlığı istəyirdi və kohnə sınıq-salxaq bir “Opel” markalı avtomobildə gəzirdi. Əsas da ki, onun özünəməxsus “ideal” xasiyyəti var. Deməli bu şəxs kiminləsə dostluq etsə də, sonda bir saniyənin içində münasibəti poza bilərdi. Elə bil ki həmin şəxs İlqar Mahmudova hər gün “obed” qonaqlıqları, konturlar və yaxud da hədiyyələr almayıb. Eldar Mahmudov MTN başçısı təyin olunandan bir müddət sonra, İlqar Mahmudov Səbail RPİ-nin rəisi vəzifəsinə gətirildi. İlqar Mahmudovun “Narkobiznes”dəki sabiq həmkarlarından biri söyləyir ki, İlqar Mahmudov rəis təyin olunandan bir müddət sonra, o, kabinetlərdə oynanılan qolf dəsti alaraq qəbuluna gedib. “O, məni çox yaxşı qarşıladı. Hətta dedi ki, mənim bu vəzifəyə təyin olunmağımın siz qardaşlara heç bir aidiyyatı yoxdur. İlqar dəfələrlə vurğuladı ki, “sizin üçün mən elə köhnə “Opel” sürən İlqaram, 24 saat telefonum açıqdır və nə vaxt istəsəniz, yanıma gəlib öz ürək sözlərinizi deyə bilərsiniz”. Mən onun qəbuluna bir işi xahiş etməyə getmişdim və o mənə dedi ki, sabah saat 18:00-da gələrsən qəbuluma. Səhərisi gün saat 18:00 da gəldim və yaxınlaşdım Səbail RPİ-nin növbətçi hissəsinə. Ordan rəisin köməkçisi ilə əlaqə saxladılar, köməkçi mənim gəldiyimi eşidən kimi dedi ki, “deyin ona, rəisi DİN-ə iclasa çağırıblar”. Köməkçi və yaxud da İlqar Mahmudov məni bu cür mədəni şəkildə yola verəndə heç fikirləşmədilər ki, mən də axı polis əməkdaşıyam və İlqar Mahmudovdan savayı, hələ heç o bu vəzifəyə təyin olunmazdan əvvəl də bu idarədə mənim dostlarım işləyib. Dostlarımın birinə zəng edərək öyrəndim ki, nə DİN, nə iclas… rəis İlqar Mahmudov öz otağındadır, heç yerə də getməyib. Bax, onda fikirləşdim ki, İlqar Mahmudovun dostluq-qardaşlıq söhbətləri sadəcə gözdən pərdə asmaq üçündür. İlqar Mahmudovla tanış olan gündən və sonradan da İlqar Mahmudov vasitəsi ilə Eldar Mahmudovla tanış olmuşam. Bu iki nəfər şəxsdən ziyandan savayı heç bir xeyir görməmişəm. Eldar Mahmudov Baş NMİ-dən MTN-ə nazir təyin olunandan sonra, bir çox polis əməkdaşları vəzifəyə gətirildi, başda elə İlqar Mahmudov özü olmaqla. Ancaq mən DİO-dan xaric olundum. Hamı mənə qəribə baxırdı ki, axı necə olur… yəni, İlqar Mahmudovla dost olasan, Eldar Mahmudovla şəxsən tanışlığın olsun və sənə hüquq mühafizə orqanlarında yer olmasın? Hərdən özüm-özümə də bu sualı verib, özümü qınayırdım. Niyə gizlədim, Tanrıma gileyləndiyim vaxtlar da olub… Sən demə, Tanrım da mənə baxıb gülürdü ki, “hələ bu hadisələrin axırından xəbərin yoxdur”. Bax bu da axırı… Tanrı İlqar Mahmudovu elə yerdən yandırdı ki, ömür boyu çəkindiyi Mədət Quliyev onun əmisioğlunun yerinə nazir təyin olundu və Mahmudov-Çovdarov cütlüyünün MTN-dəki kadrlarını darmadağın edərək cinayət məsuliyyətinə cəlb elədi. Ona görə də, bütün bu hadisələri gözümün qarşısından keçirərək, birdən-birə İlqar Mahmudovun taleyindən “narahat” oldum. Eldar Mahmudov DİN-nin Baş NMİ-nin rəisi vəzifəsinə təyin olunandan sonra məni bu idarəyə əməliyyatçı vəzifəsinə gətirmək üçün İlqar Mahmudov məndən 6 min dollar pul aldı. Çox güman ki, yığdığı pulların hamısını hələ xərcləyərək qurtarmayıb… Ona görə də mətbuat vasitəsi ilə ondan 6 min dollar pulu geri qaytarmağını tələb edirəm. Qaytarmasa, məcbur olub Bərdədən onun üçün gətirdiyim qırqovuldan söz açacağam”.
Yəqin ki, İlqar Mahmudov öz sabiq həmkarını tanıyacaq. Mövzu ilə bağlı araşdırmamız davam edir.
Tamerlan Zeynallı qafqaznews.az
Комментариев нет:
Отправить комментарий