Sərdar Cəlaloğlu: “Ora verilən status ləğv edilməli, bu bölgə Azərbaycanın qalan ərazisi kimi idarə olunmalıdır”
Naxçıvanın təhsil və gömrük qurumlarının Azərbaycanın vahid idarəetmə sistemindən qoparılaraq muxtar respublikanın Ali Məclisinə tabe etdirilməsi birmənalı qarşılanmır. ADP sədri Sərdar Cəlaloğlu “Media forum” saytına açıqlamasında deyib ki, bu cür təşəbbüslər Dağlıq Qarabağ bölgəsinə veriləcək statusa zəmin hazırlamaq deməkdir: "Çox təhlükəlidir, separatizmə aparır. Unitar dövlətlərdə ümumiyyətlə regionlara yüksək status verilmir. Xüsusi qanun qəbul edilə, Azərbaycan rayonları necə idarə olunursa, Naxçıvan da o cür idarə oluna bilər. Naxçıvan ölkənin əsas ərazisindən ayrı düşüb deyə ona muxtariyyət verilməlidir? Muxtariyyət o halda verilə bilər ki, müəyyən bir azlıq öz mədəniyyəti, digər xüsusiyyətləri ilə fərqlənsin. Məsələn, Alyaska ABŞ-ın əsas ərazisindən aralıda yerləşir. Niyə Alyaskaya muxtariyyət verilməyib? Naxçıvanın nazirliklərini Azərbaycanın nazirliklərindən təcrid edərək dövlət içində dövlət yaradırlar. Dağlıq Qarabağ üçün belə bir nümunə hazırlanır. Bu, çox təhlükəli, separatçı hərəkətdir. Hesab edirik ki, Naxçıvana verilən status ləğv edilməli, bu bölgə Azərbaycanın qalan ərazisi kimi idarə olunmalıdır".
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə modern.az-a bildirib ki, S.Cəlaloğlunun bu mövqeyi kökündən yanlışdır: "Naxçıvan Azərbaycanın muxtar bir bölgəsidir. Bu gün muxtar respublikaya aid olan bütün statuslar Naxçıvana verilib. Eyni zamanda nəzərdən qaçırmayaq ki, Naxçıvan anklavdır. Aramızda tarixi Azərbaycan torpaqları hesabına qurulmuş Ermənistan var. Orada bir çox məsələləri yerindəcə, operativ həll etmək imkanı duyulur. Bu gün hansısa qurumun Naxçıvanda yaradılması onun Azərbaycandan ayrılması demək deyil. Əksinə, məsələlərin muxtar respublika statusuna uyğun olaraq yerindəcə həll edilməsi üçündür. İndiyə qədər də atılan addımların düzgün olduğu görünür. Naxçıvanda dövlətçilik naminə çox böyük işlər görülür. Eyni zamanda muxtariyyətin Naxçıvan modeli göstərir ki, gələcəkdə Dağlıq Qarabağa da yüksək muxtariyyət veriləcək".
Məsələyə siyasi bağlılığı olmayan müstəqil ekspertin yanaşmasını öyrəndik. Müstəqil ekspert, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirdi ki, S.Cəlaloğlunun qeyd etdiyi fikirlərin, arqumentlərin əksəriyyəti əsaslıdır. Çünki həqiqətən də Naxçıvana verilən bəzi statuslar, səlahiyyətlər bilavasitə dövlət atributlarıdır: “Xüsusilə gömrük qurumlarının Azərbaycanın vahid idarəetmə sistemindən qoparılaraq muxtar respublikanın Ali Məclisinə tabe etdirilməsi sanki müstəqil dövlət səlahiyyətinin verilməsidir. Əgər məqsəd Naxçıvanın nisbətən müstəqilləşdirilməsidirsə, bunun özü yanlış addımdır. Ona görə ki, Naxçıvanı daha da gücləndirmək istəyiriksə, Azərbaycanın digər rayonları, bölgələrinin idarəçiliyi, tabeçiliyi necədirsə, Naxçıvan da elə olmalıdır. İnternet əsridir, informasiya texnologiyaları vasitəsilə istənilən məsələni Azərbaycanın mərkəzi hakimiyyət qurumları ilə anında həll etmək mümkündür. Necə ki, Azərbaycanın ən ucqar rayonları mərkəzlə bu şəkildə işləyirlər və heç bir problem ortaya çıxmır. Naxçıvana verilən bəzi statuslar Dağlıq Qarabağ üçün cızılan model rolunu oynaya bilər. YAP-dan olan deputat Aydın Mirzəzadənin açıqlamasında əslində bu fikir təsdiqlənib”.
Ekspert vurğuladı ki, Naxçıvanda onsuz da bir mütləq hakimiyyət mövcuddur. Əlavə səlahiyyətlərin verilməsi mütləq hakimiyyəti bir qədər də müstəqilləşdirə, arxayınlaşdıra və Naxçıvanı bir az da uzaqlaşdıra, ayrı sala bilər: “Naxçıvan isə Azərbaycanla bir yerdə güclüdür, digər bölgələrimiz kimi mərkəzə daha çox tabe olduqda Naxçıvan daha təhlükəsizlik çətiri altında olmuş olur. Naxçıvan Azərbaycanın mərkəzi hakimiyyət strukturlarına nə qədər çox bağlı olsa, bu, həmin bölgənin özünün xeyrinədir”.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası 1924-cü ildə yaradılıb. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir.
Etibar SEYİDAĞA musavat.com
Комментариев нет:
Отправить комментарий