12.01.2017

GÖYÜZÜ YADDAN ÇIXIB

Əfrahim Hüseynli

DAHA MƏHƏBBƏTDƏN YAZMAYACAĞAM

Daha məhəbbətdən yazmayacağam,
İllərdir deyirəm, yazıram hələ.
İpi qırılmır bu dar ağacının,-
Gümanı gör hardan asıram hələ.

Qələmsə əl çəkmir bu ağ kağızdan,
Günlər güman gəzir bu qələm kimi.
Şeir sahibi mən, söz sahibi mən,
Sayılıb seçdirdi bu qələm kimi?

Hər şeir gözümdə günah kimidi,
Savabın miniylə yuyula bilməz.
Sel-sular əlində qaldı divar-daş,
Təzədən o saray qurula bilməz.

Göy üzündə gəzən buludlar kimi
Günlərin yalançı dolmağı varmış.
Dediyim kəlmənin, dediyim sözün
Bir yuxu, bir nağıl olmağı varmış.

Sorğu-sual günü qurula bəlkə,
Sevgidən yazdığım şeirlər üçün.
Dilimin altında qalaydı kaş ki,
Neçə sətir-sətir söz düyün-düyün.

Vedriyim sözə də özgə-yad oldum,-
Haqlıyam, haqsızam hələ bilmirəm...
Yazdığım şeirlər üzümə durur,-
İndi nə gələcək ələ, bilmirəm.

Daha məhəbbətdən yazmayacağam,
İllərdir deyirəm, yazıram hələ.
İpi qırılmır bu dar ağacının,-
Gümanı gör hardan asıram hələ.

QALDI SAVABLAR DA GÜNAH İÇİNDƏ

Bir az yüksəlirsən günün birində,-
Sürünür arxanca yüz yalan - adam.
Dağdan ağır olur bir doğru kəlmə
Danışsan, tapılmaz bir qalan adam.

Əridib daşın da üstündən keçən
İndi sözü ayır, seç adam kimi...
Üzümüz qaradır yanında, Tanrım!-
Ömrü yaşamadıq heç adam kimi

Ömür ilmə-ilmə öz əlimizdə,-
Əlimiz yad oldu yazılan ömrə.
Şaxtası, soyuğu, sazağı olduq
Səhəri, axşamı yaz olan ömrə.

Adəm bağışlandı bir səhvə görə
Günahın hansından söz açaq indi?
Qaldı savablar da günah içində
Çətin qalan gündən baş açaq indi.

...Bəzədi yazılan şeirləri də
Torpaq kəlmələri, vətən sözləri.
Sözüm də, özüm də üzü qarayam
Yalanmış, yalanmış, Vətən, sözlərim!

GÜNÜN BİRİNDƏ

Günaha əl yeri gəzirik bəxtdə,-
İlahi, yad olub bu doğma bəxt də...
Kiməm irad tutam yazdığın bəxtə?-
Bu ğmrü yaxşı - pis sürür adamlar.

Azmışam... cığır da, iz də seçimdə,
Arzu yuxu olur illər köçündə.
Dizəcən ələnən qarın içində
Bu ömrü yüz yerə bölür adamlar.

Sellənə sular da, itək sirrində,
Əriyə qayası, daşı Yerin də.
Ayılıb görəsən günün birində
Bir azca sonunu bilir adamlar.

GÖYÜZÜ YADDAN ÇIXIB

Gəldim... ömür öyündü,-
Kim dedi yol düyündü?
Daş da gözəl göründü...
Sirr üzü yaddan çıxıb.

Qarı-yağışı görüb,
Daşı da bir-bir qərib.
Bu divarı kim hörüb?-
Bir üzü yaddan çıxıb.

Getməyə yolu hanı?
Tap qapını, bacanı...
Gecəsi ulduz sanı,
Gündüzü yaddan çıxıb.

Günləri sayır bir-bir,
Oxunur neçə ildir,
Yarımçıqdır bir şeir,
Çox sözü yaddan çıxıb.

Sel-sulardan keçirik,
Yol seçirik... seçirik...
Allaha and içirik,
Göyüzü yaddan çıxıb.

HEÇ BILMƏDIK YAĞAN QARDI, YAĞIŞDI...

Bürünmüşdü ömür haya-haraya, 
Nə qəm vardı, gəlib girə araya. 
Əlimizi ha uzadaq, arayaq, 
Muraz qaldı o çağında bu evin.

Bu ev bizə şirin nağıl danışdı, - 
Heç bilmədik yağan qardı, yağışdı?! 
Günlər ötdü... başımızsa qarışdı 
Xoş sözlərə qucağında bu evin.

Nə biləydik gələn günün dərdi var, 
Keçilməzdi, aşmaq olmur dərd-divar. 
Üzümüzə ha gərilir dörd divar, 
Bir qapı yox bucağında bu evin.

Pəncərəni günəş öpməz təzədən, 
Günlər, aylar elə ötməz təzədən. 
Bitən çiçək daha bitməz təzədən 
Nə solunda, nə sağında bu evin.

Uzaq oldu işıq, səhər... nə varsa, 
Qismət-dərddən yaşa qədər, nə varsa. 
Külə döndü daşa qədər nə varsa, 
Kim yanacaq ocağında bu evin?

Комментариев нет:

Отправить комментарий