15.01.2017

Rəşad Şükri - Bir yarə könül verdim

Nə qədər ki, o pəriçöhrə dilaram olmaz,
Nə gələr ruhuma rahət, nə dil aram olmaz.

Rəngi yox zərrə qədər onsuz olan dünyamın,
Nə gecəm sübh olu, nə gündüzüm axşam olmaz.

Neçə Məcnun ilə Fərhad gələ əsrimizə,
Oların heç birisi mən kimi bədnam olmaz.

Bu bəla vadisinə çox dəli-divanə gəlib,
Mən qədər namı olar, amma ki nakam olmaz.

Demədim ki, gözəlim, az elə naz aşiqinə,
Bu yəqinimdi ki, ahu belə tez ram olmaz.

Hərə öz hayınadır, din qarışıb məzhəb itib,
Məqsədə yetməyə bundan gözəl əyyam olmaz.

Dedilər Şükri yenə qəşş eləyib, loğmana,
Dedi, bu bəxtəvərin dərdinə əncam olmaz.
***
Bir yarə könül verdim meydani məhəbbətdə,
Yoxdur elə bir varlıq yetsin ona qüdrətdə.

Rahimdi mənim Şahım, Adildi mənim Şahım,
Manəndi olan yoxdur rəhm ilə ədalətdə.

Nəmrud odunu Allah döndərdi gülüstanə,
Şəddaddan alıb bağı saxlar bizə cənnətdə.

Vermiş o sənə cani, sən ömr eləmə fani,
Möhkəm elə təqvani, ki qalma xəcalətdə.

Ya Maliki-yəumiddin etmişsə xəta, Şükri,
Rəftar elə rəhminlə sən ruzi qiyamətdə.

Комментариев нет:

Отправить комментарий