Son zamanlar qalmaqallı açıqlamaları ilə gündəmdə müzakirə mövzuları yaradan millət vəkili Fazil Mustafa ilə jurnalist Cavid Cabbarlı arasında bugünlərdə qalmaqal yaranması barədə xəbər vermişdik. Qalmaqala, deputatın hələ 2003-cü ildə mərhum prezident Heydər Əliyevlə bağlı yazdığı ifrat tənqidi yazıları jurnalistin yenidən üzə çıxararaq paylaşması səbəb olub. Bundan sonra F.Mustafa sosial şəbəkədə status yazaraq jurnalisti İran kəşfiyyatına "işləməkdə" ittiham edib. Mediafax.az məsələni aydınlaşdırmaq üçün jurnalist Cavid Cabbarlının fikirlərini öyrənib.
- Deputat Fazil Mustafa sizi İran kəşfiyyatı ilə əlaqədə suçlayır. Bu barədə nə deyə bilərsiz?
- Fazil Mustafanın vəziyyəti dərinliyi bilinməyən bataqlığa düşənin vəziyyəti kimidir. Nə qədər çox çabalasa, çox əl-qol atsa o qədər çox batacaq. Söhbət Fazil Mustafanın mərhum prezident Heydər Əliyev haqqında dediklərindən gedir. F.Mustafa mərhum prezidenti müsəlman olmamaqda, ermənilərə xidmət etməkdə ittiham edib: "Zaman gələcək, nankor ermənilər İrəvanda Sasunlu Davidin heykəlini uçurub Heydər Əliyevə abidə ucaldacaqlar. Mənə subut edin ki, H.Əliyev turkdü, edə bilməzsiniz, çünki hakimiyyətə gələn kimi mənim dilimin adını dəyişməyi onun türkə qarşı genetik nifrətindən irəli gəlirdi. Mənə sübut edin ki, H.Əliyev müsəlmandı, mənə sübut edin ki, H.Əliyev insandı!” Mən də Fazil Mustafanın müəllifliyi ilə deyilən fikri paylaşmışam. F.Mustafa dediklərinə aydınlıq gətirmək əvəzinə, məni İrana işləməkdə ittiham edir. Diqqəti kənara yönəltməyə çalışmasın. Dediyi fikirlərdən ya imtina etsin, ya da imzasının arxasında dayansın.
- Siz F.Mustafanın 2003-cü ildə H.Əliyev haqqında yazdığı kəskin tənqidi ifadələr barədə açıqlama verməsini istəyirsiz. Aradan 13 ildən artıq bir müddət keçib. Necə oldu ki, bu məsələni indi qaldırdınız? Bu fakt sizə indiyə qədər məlum deyildimi? F.Mustafa deyir ki, bu faktlar yeni deyil, bu haqda əvvəllər də yazılıb...
- 13 il əvvəl deyilsə də siyasi hakimiyyət dəyişməyib. Məsələ, bir hakimiyyətin liderini və yaradıcısını bu qədər ağır təhqir edəndən sonra həmin hakimiyyətin dönəmində deputat olmaqdadır. Sizsə, bu ziddiyyət diqqəti çəkmir? Yaxud, bir zamanlar YAP hakimiyyətinin kölgəsini qılınclayan biri, indi nə oldu ki, hakimiyyətin dəyirmanına su tökməkdə canfəşanlıq edir? Həmin dönəmdə, yəni Fazil Mustafanın "dəmir yeyib göyə püsgürdüyü" vaxt YAP hakimiyyətinin sonu barədə çoxlu miflər yaradılmışdı. Fazil bəy Müstafa da iqtidarın bir addımlığına qədər gəldiklərini zənn edən İsa Qəmbər komandasında yerini bərkitməyə çalışırdı. Vəziyyət dəyişdikcə, Fazil də özünü vəziyyətə uyğun dəyişə bildi.
- Qarşı tərəfin açıqlamasında sizin çalışdığınız Kanal13 internet TV-nin fəaliyyəti də sanki şübhə altına alınır. Siz Kanal13-ün efirində İranın təbliğatını aparmısınızmı, yaxud deputat F.Mustafa ilə bağlı hansısa fikir səsləndirmisinizmi?
- Kanal13-ün efirində yayımlanan "Sizin tribuna” verlişinin aparıcısıyam və Fazil Mustafa da bir dəfə qonağımız olub. İzləyənlər bilirlər ki, veriliş debat formatındadır. Bildiyim qədəri bu formatda heç bir internet televiziyasında veriliş yayımlanmır. Bir qədər əvvəl dediyim kimi Fazil Mustafa "ənənəsinə” uyğun olaraq, Kanal13-ün adını çəkir. Bu barədə Kanal13-ün direktoru, dəyərli dostum Anar Orucov lazımi açıqlama verib. Onun dediklərinə qatılıram və əlavə nəsə demək istəmirəm.
- Deputatla aranızda yaranan qalmaqal məhkəmə iclaslarına qədər gedib çıxa bilərmi?
- Fazil Mustafanın düşdüyü vəziyyəti anlayıram. Çox çətin duruma düşüb. Zamanında işlətdiyi sözlərin bədəlini ödəmək zorundadır. Bu bədəl çox ağır ola bilər. Digər tərəfdən, ölkə gündəmi tam fərqlidir. Yəni iqtisadi böhran, sosial vəziyyət, xüsusən kommunal xidmətlərin qiymət artımı əhalidə ciddi narazılıq yaradıb. Belə bir vəziyyətdə yeni mövzu açmağa ehtiyac görmürəm.
Комментариев нет:
Отправить комментарий