22.01.2017

Azərbaycan işğal altındadı

Nail Zeynalov

Allah qoymasa, hərə bir youtube kanalı açıb, əlində mikrofon götürüb, düşür xalqın canına ki, bəs, işğal olunan rayonların adlarını say! Bir də görürsən, kimsə saya bilmədi, vəssalam! O rayonların adlarını özü dünən google-dan tapıb əzbərləyən mikrofontutan gədənin özündənrazı üz ifadəsini, qarşısındakından iyrənirmiş kimi baxışlarını görəsiz... Elə bil, sualı verən özü Qarabağ veteranıdı, cavabı bilməyənlər vətən xaini...
Həngamə video internetə düşəndən sonra başlayır- söyüşün biri bir qəpik... Elə bil ki, torpaqları o suala cavab verməyənlər satıb...
Azərbaycan işğal altındadı- amma sən durub ancaq erməni işğalında olan rayonları sadalasan, siyahı yarımçıq qalacaq, biləsən!
Sənə işğal olunan rayon adları lazımdı? Hamısı! Ağlına gələn rayon adı çək, əmin ol ki, o rayon hansısa məmurun işğalı altındadı...
O səfalı yerlər? Bəli, Azərbaycanın ən səfalı yerləri işğal altındadı- yarısı erməninin, yarısı hakimiyyətin... Yarısına erməni getməyə qoymur, yarısına məmurlar...
Filan qədər insan öz doğma yurdlarından didərgin düşüb? Bəli, yarısı erməni qorxusundan torpaqlarından qaçmalı olub, yarısı hakimiyyətin qorxusundan, təqibindən, şərindən... Ən yaxşı halda, ailəsini dolandırmaq üçün doğma yurdundan qaçaq düşüb nə qədər insan!
Xalq düşmənini tanımalıdımı- bəli, tanımalıdı! Odu ki, biri sizə işğal olunan rayonlar deyə mikrofon tutsa, rahatlıqla hamısı deyə cavab verib keçin... Heç kim yanlış cavab verdiyinizi iddia eləyə bilməz!

Комментариев нет:

Отправить комментарий