18.04.2017

ATA MƏKTUBU

Sevinc Azay

Məktubu əlinə alanda tərəddüd içində idi. Bilirdi ki, açsa, illərdir hamıdan gizlətdiyi ata həsrəti gözlərindən kəlmə-kəlmə yaş olub töküləcək. Açmasa, içindəki "ata" deyə ağlayan uşaq susmayacaq.
Bu altı il ərzində həbsxanadan göndərilən ilk məktub idi.
Zərfi açdı. İlk cümlə bu idi, "Təki sən güclü ol, ən zəif yerim..." Bağlayıb qırağa atmaq istəsə də, ürəyindəki nifrətin dərinliyindən boylanan sevgisi icazə vermədi. Davam etdi; "Tale məni bura gətirəndə , çıxmaq üçün tək səbəbim qızımdır, deyə düşünmüşəm. Amma illərdir bunu sənə yazmağa ürəyim gəlməmişdi. O təmiz, pak əllərinə belə çirkli yerdən gələn məktub yaraşmaz axı... Məni indi görsən, bəlkə də baxmazsan üzümə. Bəlkə də yoxluğumla barışmısan artıq. Saçlarıma düşən hər ağ dən sənin üçün axıtdığım göz yaşıdır. Günü-gündən çoxalır... Yadındadır? Uşaq vaxtı soruşmuşdun, niyə saqqalım olmadığını. Mən də səni öpəndə incitməmək üçün yoxdur, demişdim. Saqqalım var artıq. Əllərimin çirkinin, qaradan-qara üzümün əksinə olaraq ağappaqdır... Səndən ötrü elə darıxmışam ki, qızım!..
Bilirəm gözlərinin qarşısında işlədiyim o cinayəti heç vaxt unutmayacaqsan. Mən o gün təkcə bir insanı deyil, səni , məni , ailəmizi, azadlığımı öldürdüm. Mən sənin gələcəyinin qatili oldum. Bilirəm qanlı əllərimin ucbatından sənin qırılmış ümidlərinin izi yaddaşından heç vaxt getməyəcək. Xəbərini alıram dost-tanışdan. Həyatında çox şey dəyişsə də, sən dəyişməmisən, bilirəm. Bir daha olmayacaq şeylər o qədərdir ki. Nə bir də sənə danışdığım nağıl maraqlı gələcək, nə sən mənə mahnı oxuyacaqsan. Nə mən sənə gələ biləcəm, nə sən mənə qaçacaqsan. Gələ bilsəm...
Soruşsan ki, buralar necədir? Susaram. Hər səhər bir insanın qara üzü ilə tanış olursan, hər gecə bir insanın peşmançılığına şahid olursan. Sevgi yoxdur burda. Hamıda qəzəb, nifrət... və peşmanlıq.
Səhhətim? Sən ki bilirsən, həmişə özümü qorumuşam. Yarımçıq olan təkcə ürəyimdir. Sənsiz qalıb, anansız qalıb. Anan demişkən, ona da heç yazmıram. Başqası ilə xoşbəxt olduğunu eşitdim. Olsun. Amma sənə yalvarıram, sən başqasının qızı olma. Barı yaddaşından "ata" sözü silinməsin. Mən sənin o sözünü bir dəfə eşitmək ümidi ilə yaşayaıram bu cəhənnəmdə. Məktubumun sonuna çatacaqsan, yoxsa yarışıq cırıb atacağını bilmirəm. Amma əgər bu cümləyə qədər səbr etmisənsə, unutma bu cümləni: Sən bir qatilin qızı olsan da, qızına hər şeyi qurban edəcək, gecəli-gündüzlü peşmanlıq içində boğula-boğula qalan bir atanın azadlıq arzusuna əlləri uzalı qalmasının səbəbisən..."
Zərf bağlanar... Zərfin üstünə tökülən göz yaşlarının arasından boylanan peşmançılıq ata həsrəti ilə üs-üzə dayanır...

Комментариев нет:

Отправить комментарий