Məhbubə Tehrani. Kərim xan Zənd. Bakı: Elm və təhsil, 2017, 224 səh.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə İranın Şəhid Behişti Universitetinin müəllimi, tədqiqatçı-alim Məhbubə Tehraninin “Kərim xan Zənd” əsəri işıq üzü görmüşdür. M.Tehraninin bu əsəri ilk dəfə 2007-ci ildə İranda çap edilsə də, nəşriyyatlar oxucu tələbatını nəzərə alaraq onu qısa müddət ərzində dörd dəfə nəşr etmişlər. Kitab İran və Azərbaycan tarixşünaslığında nisbətən az öyrənilmiş bir dövrün- Nadir şah Əfşarın qətlindən sonra Qacarların hakimiyyətinə qədərki mərhələnin təsvir və təhlilinə həsr edilmişdir. Kitabın Azərbaycan oxucusu üçün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, müəllif fars dilində olan çoxsaylı tarixi mənbələrdən istifadə etmişdir. Bu mənbələrin bir çoxu Azərbaycan tarixçiləri üçün yenidir və onlara verilən istinadlar iki Azərbaycan imperiyası arasındakı təxminən 50 illik bir tarixi mərhələni daha dolğun təsəvvür etməyə imkan verir.
Kitabda Nadir şah Əfşarın qətlindən sonra ölkədəki vəziyyət, Lor tayfasının tarix səhnəsinə gəlməsi, Əfşarlar dövlətinin sərkərdəsi olan Kərim xan Zəndin hakimiyyət uğrunda mübarizəyə girişməsi, onun hakimiyyət dövrü, Kərim xanın ölümündən sonrakı dövrdə (1779-1794) onun xələflərinin səltənət uğrunda qanlı çarpışmaları ciddi tarixi mənbələr əsasında araşdırılmışdır. Əsas tarixi hadisələr kitabın 1-ci fəslindən başlayaraq 7-ci fəslə qədərki hissələrində tədqiq edilərək öyrənilmişdir. Sonrakı fəsillərdə isə Kərim xanın fərdi xüsusiyyətləri, insani keyfiyyətləri, cəmiyyətə münasibəti, idarəçilik prinsipləri, Zənd tayfasının həyat tərzi, məişəti və s. barədə məlumat veilmişdir. Müəllif o dövrün mədəni-ədəbi həyatına da baş vurmuş, sənət adamlarının yaradıcılığından bəzi nümunələr vermişdir.
Əsəri Azərbaycan tarixşünaslığı üçün əsl töhfə hesab etmək olar. “Kərim xan Zənd” əsərini fars dilindən Azərbaycan dilinə filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov çevirmişdir. Kitabın elmi redaktoru və ön sözün müəllifi tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir.
Комментариев нет:
Отправить комментарий