03.04.2017

Şok iddia: Azərbaycan mağazaları xərçəng xəstəliyi yayır

Azərbaycan mağazalarından onkologiya mərkəzlərinə pulsuz "putyovka"

Azərbaycan yaxın illər ərzində ölkə ərazisinə zibil şəklində atılmış polietilen və plastik məhsulların yaratdığı təhlükədən xilas ola bilməyəcək. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun şöbə rəisi, ekoloq İslam Mustafayev sputnik.az-a verdiyi müsahibədə deyib ki, məişət tullantısı kimi atılmış polietilen paketlər insan sağlamlığı üçün zərərlidir. Mütəxəssisin sözlərinə görə, polietilenlərin çürüməsi və yanması prosesi zamanı ayrılan maddələr onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər.
TRT-nin məlumatına görə, Türkiyə 2018-ci ilin yanvarından etibarən mağazalarda polietilen paketlərin pulsuz verilməsini qadağan edəcək. Onlar müştəriyə yalnız pul müqabilində veriləcək. Bununla əlaqədar olaraq plastik tullantıların həcmini azaltmaq məqsədilə xüsusi qanun qəbul ediləcək. Məmurlar vətəndaşlara təklif edirlər ki, ticarət mərkəzlərindən alış-veriş edərkən dəfələrlə istifadəsi mümkün olan parça çantalardan istifadə etsinlər.
Bununla belə, azərbaycanlı alimin sözlərinə görə, planetimizin bir çox yerlərində artıq polietilen paketlərdən və plastik əşyalardan imtina edirlər. "Niderlandda, ABŞ-ın bir sıra ştatlarında, Hindistanda və daha bir neçə ölkədə mağazalarda polietilen paketlərin pulsuz verilişini dayandırıblar və onları satırlar. Eyni zamanda paketlərin qiymətini qaldırıblar ki, çox adam onları almaqdan imtina etsin" -deyə ekspert bildirib. Mustafayev bir neçə il əvvəl Hindistanda da belə bir situasiya ilə qarşılaşdığını deyib. Bildirib ki, Hindistanda malları Sovet İttifaqı zamanında olduğu kimi kağız paketlərə və hətta köhnə qəzetlərə bükürlər. Ekspertin sözlərinə görə, polietilen paketlərdən imtina etmək təşəbbüsü dünyada kifayət qədər populyardır və onu hətta "Yaşıllar" hərəkatı da dəstəkləyir.
"Hər bir adam il ərzində 250 kiloqram zibil istehsal edir. Bu zibilin də 6-8%-ni polietilen və plastik qablar təşkil edir" -deyə ekspert bildirib.
Azərbaycanda məişət tullantıları birbaşa zibil poliqonuna atılır. Regionlarda isə zibillik kimi çay kənarları, çay yataqları, meşələr və otlaqlardan istifadə olunur. Zibillər çoxaldıqda yandırılır. Bununla belə, külək zibilləri ətrafa yayır və xoşagəlməz mənzərə yaradır. Mustafayev qeyd edib ki, polietilen və plastiklər qısa müddətdə çürüyüb torpağa qarışmır. Bunun üçün yüz illərlə vaxt lazımdır. Onları yandırmaq da çıxış yolu deyil. Plastik zibillərin yandırılması zamanı ayrılan zəhərli qazlar minlərlə kubmetr havanı zəhərləyir. Alimin fikrincə, ətraf mühit üçün zərərli olan bu təhlükəli zibillərdən xilas olmaq üçün ondan təkrar xammal kimi istifadə etmək lazımdır. Yeri gəlmişkən, qeyd edək ki, polietilen, plastika, metal və digər növ məişət tullantılarının növlərə bölünməsi ilə "Təmiz şəhər" ASC məşğul olur. ASC-nin məlumatına görə, təkcə 2016-cı il ərzində 320 tona yaxın plastik zibil, o cümlədən də butulka və plastik paketlər toplanıb. Mustafayev deyir ki, bu, dənizdən bir damladır. Hər il Azərbaycanda təqribən 3 milyon tona yaxın zibil toplanır. Alim tövsiyə edir ki, əhali bazarlığa gedəndə polietilen paketlər əvəzinə parça çantalardan istifadə etməyə başlamalıdırlar. /sputnik.az/

Комментариев нет:

Отправить комментарий