21.04.2017

Mən öz ürəyimin yıxılmışıyam

Çalğın Məhəmməd

Nə səndən incidim nə ayrılıqdan
Günah başı batmış ürəyimdədir
Sən arxayın yaşa xatirələrin
Məni yaşatmağa köməyimdədir

Nə səndən incidim nə taleyimdən
Bəzən də eşqi də aldatmaq olar
Mən kimi sadənin altmış milyonun
Altmış il yalandan yaşatmaq olar

Məni dağdağan tək asta yaxandan
Bəlkə yaman gözdən saxladım səni
Səndən nə əskilər arzuma çatsam
Öləndə qoynunda dəfn eylə məni

Cavan ömrüm küçənizdə çürüdü
Həsrət çəkə-çəkə yar deyə-deyə
Yadıma düşəndə xatirələrin
Tüstüm papağımdan ucalır göyə

Nə qədər yaşasa adın yadımda
Səni arzu kimi becərdəcəyəm
Xəyal küçəsinin həndəvərində
Səni göz yaşımla cücərdəcəyəm

Düzdü niskillidir keçəcəklərim
Düzdü zəmanənin sıxılmışıyam
Yazıq neynəyəsən səndə günah yox
Mən öz ürəyimin yıxılmışıyam

Комментариев нет:

Отправить комментарий