29.04.2017

QRU Moskvadakı Amerika cəsusunu dir-diri yandırdı – “BUMERANQ” ƏMƏLİYYATI

Kəşfiyyat müharibələri bütün dövrlər üçün aktualdır. Bütün zamanlarda bu müharibə gizli və amansız olub. Hazırda kəşfiyyat müharibəsinin əsas tərəfləri ABŞ və Rusiyadır. Bu iki gücün gizli müharibəsinin tarixi 100 ildən də artıqdır. Bu müharibə SSRİ dövründə də aparılırdı, indi də davam edir.
Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) SSRİ-dəki ən məşhur cəsusu Pyotr Popov olub.
Popov 1923-cü ildə Volqa sahillərində yerləşən Kostrama vilayətinin yaxınlığındakı kiçik kənddə doğulub. 18 yaşı olanda II Dünya müharibəsinə yollanıb. Özünü intizamlı əsgər kimi tanıdıb, çoxsaylı mükafatlar alıb. Onu tanıyanlar kifayət qədər əsəbi olduğunu deyirlər.
Müharibədə böyük qələbədən sonra Popov Leninqradda Hərbi-Diplomatiya Akademiyasında oxuyur. Daha sonra o, Vyanaya ezam olunur. Avstriyada Popov “QRU”-nun (Hərbi Kəşfiyyat İdarəsi) agenti kimi adi vətəndaşları əməkdaşlığa cəlb edirdi. Məqsəd Yuqoslaviyadan məlumatlar əldə etmək idi. Çünki 50-ci illərdə SSRİ Yuqoslaviya ilə münaqişədə idi. ABŞ kəşfiyyatı Popovu elə Vyanada “verbovka” edərək, öz cəsusuna çevririr.
MKİ-nin Popovu əməkdaşlığa cəlb etməsi ilə bağlı 2 versiya mövcuddur. Birinci: Amerika tərəfi iddia edir ki, Popov özü ABŞ-ın Vyanadakı səfirinin avtomobilinə əyləşərək, əməkdaşlıq etmək istədiyini deyib. İkinci: ABŞ kəşfiyyatı onu oğurlayaraq, təhdid edib. Popov özü məhkəmədə bildirib ki, amerikalı kəşfiyyatçılar onu oğurlayaraq maşına mindiriblər və əməkdaşlıq etməsi üçün təhdid ediblər. Əgər rədd etsəydi, onu ABŞ-a göndərəcəkdilər və SSRİ casusu kimi mühakimə ediləcəkdi.
1954-cü ildə Popov “Qreyspeys” adı altında Amerika kəşfiyyatı ilə əməkdaşlıq etməyə başlayır.
Popov MKİ-də xüsusi agent kimi böyük imtiyazlara malik idi. Onunla iş üçün xüsusi bölmə yaradılmışdı. Bu bölmə “Soviet Russia”, qısaca olaraq “SR-9” adlanırdı. Bu əfsanəvi bölmə anti-sovet kəşfiyyat əməliyyatlarını hazırlayırdı. Bölməyə Corc Kayzvalter rəhbərlik edirdi.
Popov Corcun rəhbərliyi altında Avstriyada sovet xüsusi xidmət orqanlarından məlumatlar əldə etməyə başladı. Amerika bu iş üçün külli miqdarda pul xərcləməkdən də çəkinmirdi. Nəticədə sovet tank diviziyalarının yerləri, hərbi nizamnamələrin sürətləri, nüvə sınaqlarının keçirilməsi ilə bağlı hesabatlar MKİ-nin əlinə keçdi.
Popov o qədər əhэmiyyətli adam idi ki, onunla birbaşa Corc Kayzvalterin özü görüşürdü. Sovet qoşunları Avstriyadan çıxarılandan sonra o Moskvaya qayıtdı, lakin tezliklə təyinatı Almaniya Demokratik Resublikasına çıxdı. 1956-cı ilin yanvarında Popov amerikalı bosları ilə yenidən əlaqəyə girdi. O, bir növ ikiqat agent idi: həm başqa ölkələrə göndərmək üçün sovet cəsuslarını hazırlayır, həm də SSRİ-nin sirlərini ABŞ-a satırdı.
Popov avstriyalı xanım Emiliey Koxaneklə sevgili idi. O, Almaniyaya təyin olunandan sonra da məşuqəsi ilə əlaqəni kəsmədi. Bu isə “QRU”-da maraq oyatmışdı. Satqının ifşası ilə bağlı əməliyyat 1958-ci ildə başlandı. Bu əməliyyatın adı “Bumeranq” idi.
Sovet rəhbərliyi Popovun Almaniyada olduğu vaxt əməliyyata başlamağı təhlükəli hesab edirdi. Buna görə də onu Moskvaya çağırdılar. Bir neçə ay ərzində diqqətli müşahidələr aparıldı. Popovun amerikalı agentlərlə əlaqələri aşkarlandı. 1959-cu ildə Popov danılmaz faktlarla ifşa olundu. Onu həbs etdilər.
Popovun SSRİ-nin xeyrinə sonuncu əməliyyatı amerikalı Rassela Lenjellinin cəsus kimi hazırlanması idi. Lakin bu “uğurlu əməliyyat” hökmü yumşaltmadı: 1960-cı ildə Popova güllələnmə hökmü çıxarıldı. Lakin Qərb mediasında tezliklə məlumat yayıldı ki, Amerika casusu güllələnməyib. “QRU” keçmiş əməkdaşını diri-diri yandırmışdı. Belə qəddar divan digər əməkdaşlara dərs vermək üçün həyata keçirilir.

Комментариев нет:

Отправить комментарий