Necə deyim ki, anlayasınız. O dağıdılan ölkə var idi e, SSRİ, Sovet İttifaqı, mənə görə o, imperiya yox, hamımızın böyük Vətənimiz idi. Dünyanın iki super dövlətindən biri idi və biz də onun vətəndaşları idik. Super vətəndaşları. Həmin dövlətdə biz azərbaycanlıların hüququ, dəyəri, imkanları heç bir rusdan, ermənidən, yəhudidən, gürcüdən, moldovandan, qazaxdan, tatardan, xoxoldan, belorusdan və digərlərindən aşağı deyildi.
1996-cı ildə ilk dəfə Türkiyəyə gedəndə bir azərbaycanlı olaraq əksər cəhətlərimizə xor baxan etnik qardaşlarımızın mənə ancaq rus dili, rus yazıçıları, rus qızları, rus vodkasıyla bağlı mövzularda həssaslıq göstərdiyini gördüm. Adamlar Azərbaycanın yerini xəritədə belə bilmirlər, amma Dostoyevskinin, Tolstoyun bütün əsərlərini oxuyublar.
Müstəqillik deyirsiniz. Qardaşım, bir ağlınız, dərrakəniz, beyniniz olsun də. Bu müstəqillik dediyiniz şey bəyəm SSRİ dövründə yox idi? Resbuplikanın sərhədi - var idi, bayraq - var idi, gerb - var idi, parlament - var idi, baş nazir - var idi, milləti millətimizdən olan prezident səlahiyyətli birinci katib də var idi. Biz sovet ordusunda digər millətlərlə bərabər, çiyin-çiyinə xidmət edirdik, bizim general rütbəsinə qədər yüksəlmək, ordu komandanı olmaq imkanlarımız vardı. Niyə olmurduq? Bu artıq bizim öz problemimiz, hərbi işə olan marağımızın zəifliyi ilə bağlı idi. Buna şəxsən şahid olmuşam.
Müstəqil olduq. Çox gözəl. Guya kimdir bunun əleyhinə gedən? Niyə yenidən birlikdə olmalı olduğumuzu, birlikdə güclü olduğumuzu deyən kimi, bunu müstəqilliyə təhlükə kimi görürsünüz? Bayraq üçrəngli olsun, olsun da. Sovet Azərbaycanının bayrağı da pis deyildi, gerbi də. Amma sizin belə xoşunuz gəlirsə, belə olsun. Şəxsən mənim üçün ciddi fərq eləmir. Əsas odur ki var. Gürcülər 3 dəfə dəyişiblər, noolub ki?.. Milli pul buraxmışıq, ordu qurmuşuq, digər dövlətlərlə diplomatik əlaqələr qurmuşuq. Çox gözəl. Məgər bunlara qarşı çıxan var? Olsun! Keçmiş İttifaq respublikaları ilə yaxın, dost münasibətdə olmaq üçün məgər bunlardan imtina etmək lazımdır? Məgər NATO üzvləri öz ordularından imtina ediblər? Məgər Avropa Birliyi ölkələri sərhədlərini ortadan götürüblər? Milli pul şərəf məsələsidirsə, markadan və frankdan imtina edən almanlar və fransızlar şərəfsizdirlər? Amma istəsəniz, biz saxlaya da bilərik. Təki ona bazardan nəsə almaq mümkün olsun.
Bütün bunlar öz yerində qala və biz əvvəlki İttifaq respublikaları, xüsusilə də Rusiya ilə yaxşı, səmərəli, sərfəli münasibətdə ola bilərik və olmalıyıq.
Mən Rusiya ilə dost olmalıyıq deyən kimi, biz sürü ağılsız, burnunun ucundan uzağı görməyən şizofrenik peyda olub ağıl öyrətməyə başlayır. Heç bir arqument də yox, boş-boş cəfəngiyyat.
Biz, elə ermənilər də ucsuz-bucaqsız bir ölkəyə imperiya damğası yapışdıraraq, ondan, onun sonsuz imkanlarından imtina edir, bapbalaca dağlıq bir ərazidən ötrü 30 ildir bir-birimizi qırırıq. Gənclərimiz məhv, ailələr bədbəxt olur. Ağlımız olsa, orada həm biz, həm də ermənilər əvvəlki tək mehriban yaşaya bilərik. Zatən yaşamalıyıq, başqa yolumuz da yoxdur. Statusa qaldıqda. Status mahiyyət deyil. Bu formadır, kağızdır, sənəddir. Ondan ötrü qan tökməzlər. ABŞ-dan qızışdırılan erməni dəyyuslar gec-tez başa düşəcəklər ki, Dağlıq Qarabağın statusu heç vaxt dəyişməyəcək. O status əvvəllər necə olubsa, elə də qalmalıdır. Heç müzakirə də olunmamalıdır. Bunu ağıllı ermənilər artıq başa düşüb.
Biz insanların öz evlərinə qayıdıb, rahat yaşaya bilməsinin qayğısına qalmalıyıq. Birlikdə. ABŞ-ın, Fransanın, İngiltərənin, digərlərinin müdaxiləsi olmadan. Özümüz.
Комментариев нет:
Отправить комментарий