04.04.2017

Ramiz Zeynalovla mərhum Rasim Musayev arasında rəqabət olub?

55 yaşlı polis general-mayoru Respublika DYPİ-nin rəhbərliyinə gətiriləcəkdi, amma...

Son günlərdə DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov saytların manşetindən düşmür. Bir tərəfdən R.Zeynalovun həm “milyonçu kreditor”, həm də DYP əməkdaşı olan qardaşıoğlu Qoşqar Zeynalov haqqında məlumatlar saytları dolaşır, digər tərəfdən də özünün tezliklə vəzifəsindən uzaqlaşacağı barədə iddialar yayılır. Bu günlərdə yayılan məlumatlara görə, 1994-cü ildən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edən 65 yaşlı R.Zeynalov tezliklə bu vəzifə ilə vidalaşacaq (qaynarinfo.az). 
Təxminən bir həftə öncə isə BDYPİ-nin Yol-Patrul Xidməti 6-ci tağımının komandiri İlqar Talıbovun vəfat etməsindən sonra onun yerinə Ramiz Zeynalov öz bacısı oğlu Vüqar Əsgərovu təyin edib. legion.az xatırladır ki, Ramiz Zeynalovun vəzifəsi ilə vidalaşacağı barədə məlumatlar hələ bir il əvvəl də gündəmə gəlmişdi və hətta bu “versiya”nın DİN dəhlizlərində də müzakirə olunduğu deyilir. legion.az-a daxil olan məlumata görə, o vaxt bu vəzifəyə DİN rəhbərliyi tərəfindən ən layiqli alternativ namizəd kimi, DİN-in Baş Təhqiqat İdarəsinin keçmiş rəisi, mərhum polis general-mayoru Rasim Musayevin adı çəkilirdi. Qeyd edək ki, Rasim Musayev 2015-ci ilin sentyabrın 3-də 55 yaşında ürəktutmasından vəfat edib (vikipedia).
Mənbə bildirir ki, həm təcrübəsinə, həm də iş prinsiplərinə görə diqqəti çəkən mərhum polis general-mayorunun Ramiz Zeynalovlun yerinə gələcəyi barədə az danışılmayıb. Həmçinin məlumatlara görə, Rasim Musayev DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olunandan sonra həmin idarənin icraatında ən çox material DYP əməkdaşları ilə bağlı olub. Bir sözlə, mərhum Rasim Musayev öz vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirərək yeni vəzifə təyinatını gözləyirdi. Həmçinin R.Musayevi tanıyan veteran polis işçiləri də bildirirlər ki, onun əvvəllər səhhəti ilə bağlı ciddi problemləri olmayıb, əksinə öz fiziki sağlamlığına görə hər zaman həmkarları arasında nümunə göstərilib. 
R.Musayevin yüksəlişini proqnozlaşdıranlar həmçinin onun DYP əməkdaşlarıyla bağlı ciddi islahatlar aparılması ilə bağlı təkliflərini də yüksək dəyərləndirirdilər. Artıq heç bir şübhə qalmamışdı ki, o, DİN-in Baş DYPİ-nin rəisi vəzifəsində Ramiz Zeynalovu əvəz edəcək. Ancaq R.Musayevə yeni təyinat qismət olmadı. Deyilənə görə, R.Musayev ölümündən bir müddət əvvəl tez-tez restoranlarda saatlarla oturaraq yeyib-içirdi və sonradan birdən-birə müəmmalı şəkildə ürək çatışmazlığından ölümü bir çox insanlarda şübhə doğurdu ki, sağlam bir insan birdən-birə necə ürək çatışmazlığından vəfat edə bilər. Əlbəttə, legion.az hər hansı iddia irəli sürmür. Lakin 55 yaşlı generalın müəmmalı ölümü hələ də DİN dəhlizlərində müzakirə mövzusu olub.
Həmçinin mərhum generalı yaxşı tanıyanlar qeyd edirlər ki, Rasim Musayev ətrafda hər kəslə yaxşı münasibət qorumağa çalışır, amma qohumbazlığa, “krışa” ənənələrinə qarşı barışmaz münasibət göstərirdi.
Qeyd edək ki, bu yaxınlarda Tovuz RİH başçısının oğlu Qoşqar Zeynalovun şikayəti əsasında Rahib və Emin Hüseynov qardaşları saxlanılıb, hazırda istintaq gedir. Qardaşların vəkili Sevil Hacıyeva legion.az-a açıqlamasında maraqlı məqamlara- nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovun Qoşqar Zeynalov və Rahib Hüseynovla olan qohumluq və “işgüzar” münasibətlərinə toxunub: “Məsələ ondadır ki, istintaqa Arif Əsgərovun oğlu Elnar Əsgərov da cəlb olunmalıdır. Elnar Əsgərov Qoşqar Zeynalovun bacanağıdır, eyni zamanda Rahib Hüseynovun xalası oğludur. Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verib. 2013-cü ildə isə Qoşqar Zeynalov Rahib Hüseynova pul vermədiyi barədə ifadə vermişdi, çünki Elnar Əsgərov o pulu özünün verəcəyini vəd etmişdi. Amma indi görünür Rahib Hüseynovu qurban vermək qərarına gəliblər”- deyə S.Hacıyeva qeyd edib. S.Hacıyeva əlavə edib ki, Qoşqar Zeynalov Baş DYPİ-də şöbə müdiridir: “Heç kim bu suala cavab vermək istəmir ki, necə olur, hüquq mühafizə orqanlarında çalışan 30 yaşlarında gənc bir şəxs başqalarına 7 milyon dollar sələmə pul verir? Bunu mən özümdən demirəm... Qoşqar Zeynalov özünün DİN-də verdiyi ifadəsində bildirib ki, Rahib Hüseynova 10 faizlə 7 milyon dollar pul verib”.

Şamil Əfəndi               legion.az

Комментариев нет:

Отправить комментарий