Əbülfəz Məlikov və Səfər Mehdiyevin adı mətbuatda “şəriklər” kimi hallandırılır
Ötən ilin sonlarında Azərbaycan cəmiyyətində saxta düyü və saxta yumurta həyəcanı yaşandı. Bu həyəcan özünü sosial şəbəkələrdə paylaşılan foto və videolardan da göstərdi. Hətta bəzi vətəndaşlar marketlərdən aldıqları saxta yumurtaların videosunu paylaşdılar və bunun səbəbini sorğulamağa başladılar. Mətbuat da bu hadisəyə biganə qalmadı və araşdırma zamanı məlum oldu ki, bu və digər saxta, daha doğrusu, sintetik qida məhsulları Çində “istehsal” edilir, daha sonra xarici ölkələrə, o cümlədən də, Rusiya və Azərbaycana ixrac olunur.
Dünya mediasının da gəldiyi qənaətə görə, saxta və sintetik məhsulların hansısa ölkəyə idxalı ancaq və ancaq gömrük orqanlarının “dobro”su və “fövqəladə gücə malik olan” işbazların təşkilatçılığı ilə baş tuta bilər. Əks təqdirdə, müxtəlif kimyəvi maddələrdən hazırlanan sintetik qida məhsullarının hansısa ölkəyə, o cümlədən də Azərbaycana daxil olması mümkünsüzdür.
legion.az bildirir ki, 2016-cı ilin dekabr ayında ölkə mətbuatında Azərbaycana idxal olunan saxta düyü və yumurtaların arxasında duran şəxslər kimi Səfər Mehdiyev və Əbülfəz Məlikovun adı hallandı: “Dövlət Gömrük Komitəsi (DGK) son günlər ölkə mediasında Çindən Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı dərc edilmiş məlumatlarla əlaqədar açıqlama yayıb. DGK-dan Moderator.az-a verilən məlumata görə, son günlər bir sıra kütləvi informasiya vasitələrində Çin Xalq Respublikasından Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır: “Dövlət Gömrük Komitəsi bildirir ki, 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana, ümumiyyətlə yumurta idxalı qeydə alınmayıb və bu ölkədən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. 2016-cı ildə Azərbaycana Çin Xalq Respublikasının istehsalı olan cəmi 2 ton düyü idxal edilib. Belə ki, Çin Xalq Respublikasından Rusiyaya göndərilən düyü məhsulunun cəmi 2 tonu Rusiya şirkəti tərəfindən standartlara uyğun qablaşdırılaraq Azərbaycana ixrac edilib ki, həmin məhsul da hər iki dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilib və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verir”. Göründüyü kimi DGK bildirir ki, Çindən Azərbaycana saxta yumurta və düyü idxalı qeydə alınmayıb. Halbuki mağazalarda bu mallar artıq var. Deməli, bu məhsullar gömrük qeydiyyatından yayındırılıb.
liderinfo.az-ın araşdırmasına görə Çindən gələn yumurta və düyüləri DGK-nın müavini Səftər Mehdiyev Broker Əbülfəz Məlikovun əli ilə gətizdirir. Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, saxta yumurtalar Bakıda əsasən ən ucuz marketlərdə satılır. “Qayğanaq edərkən hiss edilmir, amma qaynatma hazırlayanda sarısı olur bildiyiniz kiçik top. Yerə vurursan dağılmır. Bir neçə nəfər artıq bu halla rastlaşdığını deyir” -deyə jurnalist Cavid Qurbanov “facebook” profilində məlumat paylaşıb”. (herxeber.com).
Bundan başqa, 2016-cı il oktyabrın 3-də “Yeni Müsavat” qəzetinin saytında “Bakıda kriminal milyarderin zəhərli kərə yağı biznesi” başlıqlı məqalə dərc olunub. Həmin yazıda səsləndirilən bəzi iddiaları oxucuların diqqətinə çatdırırıq: “Mənbənin məlumatına görə, Eldar Mahmudov işdən çıxarılandan və A.Çovdarov həbs ediləndən sonra, Ə.Məlikov yığdığı milyardların əksər hissəsini ölkədən çıxarıb və özü də bir müddət Avropaya gedib: “Yalnız ara sakitləşəndən sonra ölkəyə qayıdıb. İlin əvəllində gömrük monopoliyası ləğv edildiyindən Ə.Məlikov hazırda qeyri-rəsmi gömrük imtiyazlarından faydalanmaqla idxal bazarında dominant mövqelərini qoruyub saxlayırlar. Hazırda Ə.Məlikov avtomobil təkərlərinin, xurma, düyü, kərə və duru yagların idxalına nəzarəti həyata keçirir”.
Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Bu biznes Ə.Məlikovun monopoliyasındadır.
Mənbənin məlumatına görə, Ə.Məlikovun idxal etdiyi yağların içinə balina yağı və heyvanların iç piyini qatırlar. Ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizası aparılmır. Uzun müddət ölkədə balina yağı, heyvanın iç yağlarından qatıb, üzərinə ekoloji cəhətdən təmizdir yazılmış və kərə yağını imitasiya edən, açanda onun qoxusunu verən “Toplyonoye maslo”, “Novvejskoye maslo” olub. Bunların üzərində inək şəkli vardı. Hətta yerli “Fazil” firması kərə yağını imitasiya edən və tərkibində ümumiyyətlə kərə yağı olmayan kərə yağına bənzər mallar buraxırdı. İnsanlar da bunu kərə yağı kimi alırdı. Xüsusən də dəmir qablarda qablaşdırılmış, açanda kərə yağının qoxusunu verən, hansı ki, bu qoxuya kimyəvi maddələr vasitəsilə nail olunur, onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Ancaq Ə.Məlikovun sayəsində keyfiyyətsiz məhsullar Azərbaycan bazarına buraxılır” (musavat.com).
Qeyd edək ki, son illərdə palma yağınınn “kərə yağı” adıyla əhaliyə satılması barədə mətbuatlda müxtəlif məlumatlar yayılmışdı. Həmçinin, keçən ilin əvvəllərində “Turan” İnformasiya Agentliyi tərəfiindən yayılan və bir sıra saytlarda dərc olunmuş bir məlumatı oxuculara xatırladırıq: ““Deyirlər inhisarçılıq götürülüb, vasitəçi brokerlər ortadan qaldırılıb. Bəs o zaman Əbülfəz Məlikov kimdir ki, mənim gətirdiyim mala sahib çıxmaq istəyir?” Bunu “Turan”-a iş adamı Səxavət Mustafayev deyib. 2015-ci ildən şüşə idxalı ilə məşğul olan Səxavət Mustafayev Dövlət Gömrük Komitəsində (DGK) incidildiyini bildirib. Sahibkarın sözlərinə görə, dekabrın 21-də Rusiya Federasiyasından Biləcəri stansiyasına gəlmiş bir vaqon şüşəni (6673 kv m) bugünədək qəbul edə bilmir: “Dekabrın 29-da inhisarçı Əbülfəz Məlikovla separat danışığa getməli oldum. Sumqayıt Baş Gömrük İdarəsi onun razılığından sonra gömrük rəsmiləşdirməsini apardı”. Səxavət Mustafayev deyib ki, gömrük ödəmələrini aparıb və mal onun adına rəsmiləşib: “Amma indi Əbülfəz Məlikov tələb edir ki, malı başqasına sata bilmərəm və ona, özü də mayasına təhvil verməliyəm. Onların məqsədi budur ki, mal bazara bir əllə girsin və qiymətlər aşağı düşməsin”. Sahibkar Sumqayıt Baş Gömrük İdarəsinin Dəmir yolu Gömrük Postundan yükün boşaldılaraq ona təhvil verilməsini tələb edir. Amma postun rəisi ona deyib ki, bunu etsə, vəzifəsindən kənarlaşdırılacaq. Yükün dəmir yolu stansiyasında qalması isə sahibkara hər gün 145 manat ziyan vurur. Səxavət Mustafayev bildirir ki, dekabrın 21-dən indiyəkək DGK-ya, hüquq-mühafizə orqanlarına, Prezident Administrasiyasına etdiyi müraciətlərə heç bir reaksiya verilmir: “Müraciətlərin hələlik bir nəticəsi var: mənə müxtəlif təzyiqlər etməyə başlayıblar. Lakin mən mövqeyimdən dönməyəcəm. Bu vaxta qədər gətirdiyim şüşə lövhələri öz adıma da, başqa şəxslərin adlarına da rəsmiləşdrmişəm. Prezident İlham Əliyev gömrükdə qayda-qanun yaradılmasını istədiyini söyləyir. Mən də hər şeyin qanuni olmasını tələb edirəm”.
Barəsində söhbət gedən Əbülfəz Məlikovun gömrük brokeri şirkətlərindən birinə rəhbərlik etdiyi, ölkəyə gətirilən müxtəlif malların onun vasitəsi olmadan gömrük orqanlarında qəbul edilmədiyi bildirilir. Dövlət Gömrük Komitəsindən məsələni şərh etmək istəməyiblər” (meydan.tv).
Bu və digər məlumatlara nəzər saldıqda, Əbülfəz Məlikovun nə qədər mübahisəli bir persona olduğu barədə suallar yarana bilər. Əlbəttə, oxucular özləri qərar verməkdə sərbəstdirlər. Lakin həqiqədən də ya Əbüllfəz Məlikov, ya da başqa bir iş adamı sintetik qida məhsullarından milyonlar qazanıbsa, nəyə görə aidiyyatı qurumlar bu məsələyə aydınlıq gətirmirlər? Ən əsası, DGK rəsmilərinin sükutunda hansı hikmət var? Yoxsa, oxucular, Əbülfəz Məlikov və Səfər Mehdiyev barəsində yayılan iddialarda həqiqət payı axtarsın?
Araz Məmmədov legion.az olkexeber.az
Комментариев нет:
Отправить комментарий