18.04.2017

Müharibə kimə lazımdır?

Nadir Qocabəyli

5 RAYONU MÜHARİBƏYLƏ ALMAQ BÜTÜN AZƏRBAYCANI QIRĞINA VERMƏK, BÜTÜN BÜDCƏNİ XƏRCLƏMƏK, ƏHALİNİN TAMAMİLƏ VAR-YOXDAN ÇIXMASI DEMƏK OLARDI...

5 rayonun qaytarılmasına, ondan sonra daha 2 rayonla və Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların başlamasına etiraz edən azərbaycanlı ya hansısa xarici ölkənin agentidir, ya da sadəcə hər şeyə etiraz etməkdən başqa bir şey bilməyən, 1989-cu ildən qalma ənənəvi xəstə düşüncənin xroniki daşıyıcısıdır.
Əgər 5 rayonu bizə qaytaracaqlarsa, bəri başdan böyük uduş var. Yəni bir güllə atmadan, heç bir itki vermədən beş rayonu geri alırsan. Bunun nə demək olduğunu anlamayan adamın ağlına şəxsən mənim böyük şübhəm var.
Cəmi ikicə yüksəkliyi almaq üçün yüzə yaxın əsgərimiz həlak oldu. Nə qədər ana, gəlin gözüyaşlı, uşaqlar boynubükük, yetim qaldı. Hələ buna nə qədər vəsait xərcləndiyi ilə bağlı hökümət heç bir açıqlama verməyib.
Görün 5 rayonu müharibə ilə almağa girişsək nələr olar. Gərək bütün Azərbaycanı qırğına verək, büdcənin də hamısı xərcləyək. Nəticəsi də nə olacaq hələ bilinmir.
Bu plana ancaq düşmən etiraz edə bilər.
Dağlıq Qarabağa muxtariyyət vermək qorxulu bir şey deyil. Zatən münaqişə başlayana qədər ermənilər orada çoxluqda idi. Avrasiya Birliyinə və Kollektiv Təhlükəsizlik Şurasına qəbul olunmaq da yalnız bizim xeyrimizədir.
Rusiyaya bizim heç nəyimiz lazım deyil. O yalnız NATO-nun və ABŞ-ın burnunun ucuna girməməsini istəyir, vəssalam. Bu bizə də lazım deyil. Rusiya ilə yaxşı münasibətlər qurmaq yalnız bizim daha az istismar olunmağımıza, qlobal oyunçulara daha az "haqq" ödəməyimizə gətirib çıxaracaq. Rusiyanın Azərbaycanla təxminən 200 illik münasibəti bizə daha çox xeyir gətirib, nəinki ziyan. Sovet Azərbaycanı vətəndaşları özlərini indikindən qat-qat azad, rahat, güvənli, qürurlu hiss edirdilər. Bunu hamı bilir.
Rusiya yenə bölgəyə sülh, əmin-amanlıq gətirməyə çalışır, ancaq imperializm öz cəsusları, əlaltıları, onlara kor-koranə nökərçilik edən debil ekstremislər vasitəsilə buna mane olmaq istəyir.
Bəsdir itki verdik! Bəsdir övladlarımız həlak oldular! Analarımız ağlar qaldılar! Ataların beli qırıldı! Qan istəyənlər rədd olub İraqda, Suriyada, Əfqanıstanda ABŞ muzduru kimi mundar ola bilərlər...

Комментариев нет:

Отправить комментарий