Ötən həftə sonu Stokholmun mərkəzindəki terror aktına görə əsas şübhəli 39 yaşlı Özbəkistan sakini Rahmat Akilovdur. Onun 2014-cü ildə İsveç hökumətinə müraciət edərək sığınacaq istədiyi bəllidir. Ancaq 2016-cı ilin yayında müraciəti təmin edilməyib. Terror aktının törədildiyi günədək ölkədə qeyri-qanuni yaşayıb.
Stokholmda törədilmiş terror hücumundan iki sutka sonra Norveç polisi 17 yaşlı Rusiya vətəndaşını həbs edib. Onu partlayıcı qurğu düzəldərək Oslonun mərkəzində yerləşdirməkdə ittiham ediblər. Yerləşdirdiyi iddia olunan şübhəli əşya isə aprelin 9-na keçən gecə aşkarlanıb və xüsusi nəzarət altında partladılaraq məhv edilib.
Sankt-Peterburqda törədilmiş terror aktında isə 22 yaşlı Qırğızıstan əsilli Rusiya vətəndaşı Akbarjon Cəlilovu ittiham etdilər. «Reuters» agentliyinin apardığı araşdırmaya görə, şübhəli şəxs 2015-ci ilin sonlarından 2017-ci ilin əvvəllərinə qədər Türkiyədə yaşayıb. Onun Türkiyədən vaxtaşırı Suriyaya keçdiyi ehtimal olunur.
İstanbulda Yeni il günlərində törədilmiş terror hücumundan iki həftə sonra Türkiyə polisi Özbəkistandan olan Abdulqadir Maşaripovu saxlayıb. Masharipov «Abu Mohammed Xorasani» adı ilə gizlənirmiş. O, 1983-cü ildə doğulub, türk, ərəb və rus dillərini bilir. Türk polisinin versiyasına görə, Əfqanıstanda xüsusi hazırlıq keçib.
Rusiya xüsusi xidmət orqanları Suriyada «İslam Dövləti» (İŞİD) və başqa terror qruplaşmalarının tərkibində keçmiş sovet məkanından 9 minə qədər adamın vuruşduğunu bildirir. Rusiya prezidenti Vladimir Putin də fevralda bu hesablamadan sitat gətirib. «Bizdə olan ilkin məlumatlara görə, say minlərlədir: QRU (Dövlət Kəşfiyyat İdarəsinin - tərc.) və bizim başqa xüsusi xidmətlər, məsələn, FSB (Federal Təhlükəsizlik Xidməti) Rusiyadan təqribən 4 min, keçmiş SSRİ respublikalarındansa 5 min adamdan söhbət getdiyini bildirir»,- deyə o söyləyib.
Hələ 2015-ci ilin dekabrında Putin keçmiş SSRİ respublikalarından İŞİD-ə qoşulanların sayını daha az göstərirdi. O, bu sayın 5-7 min olduğunu deyirdi. London Kral Kollecinin elmi əməkdaşı, zorakı ekstremizm üzrə mütəxəssis Anna Matveyeva radikal islam təşkilatlarının Orta Asiyada öz sıralarına kimləri və necə cəlb etməsindən danışıb. «Bu, təxminən 2011-2012-ci illərdə başlayıb və piki İŞİD-in meydana çıxdığı dövrə düşüb. İŞİD cəzbedici maqnit rolunu oynadı. Artıq 2012-ci ildə Orta Asiyadan «Cabhat ən-Nusra» kimi başqa qruplara qoşulmağa gedirdilər. Bir çoxları bunun əhəmiyyətini qəbul etmirdilər»,- ekspert currenttime.tv-yə deyib.
Onun sözlərinə görə, orta asiyalıların terrorçu qruplaşmalara cəlbi prosesi həm regionun özündə, həm Rusiyada, həm də regiondan kənarda baş verir. Bunun üçün insanlar arasındakı sosial əlaqələrdən, adətlər, toy, yas kimi mərasimlərdən yararlanırlar. Xidmət də cəlb edilmənin əsas xətlərindən biridir. Taksi, marşrut avtobusu sürücüləri, bazarlarda işləyənlər- böyük insan kütləsinin keçdiyi hər yer. Bu kütlədən kimsə onların toruna düşəcək. Bu hərəkatlara can atan adamlar, əsasən, müəyyən təhsil səviyyəsi olan ortagəlirli insanlardır. Aralarında təhsilli, bəzən hətta ali savadı olanlar var. Qətiyyən kasıb sayılmayacaq adamlar da var. Bu, həm Mərkəzi Asiyada, həm də başqa ölkələrdə mövcud tendensiyadır. Burada həm mənəvi, həm siyasi, həm də şəxsi psixoloji xüsusiyyətlər rol oynayır. Burada biz ideologiyadan danışırıq. İŞİD onun bir hissəsidir. Bu sahədə işləyən başqa qruplar da olub, var və görünür, hələ də olacaq. Bəziləri İŞİD-lə bağlıdır, bəziləri isə yox. Məsələn, Əfqanıstanda nə baş verir? «Taliban»ın bir hissəsi İŞİD-lə assosiasiya olunur, bir hissəsi isə olunmur. Özbəkistanın islam hərəkatı indi əsasən İŞİD-lə bağlıdır. Ancaq onlar İŞİD-lə birləşməyib, avtonom qurum kimi qalmaqdadır.Bu hərəkatın bir yerdə cəmləşmiş bir düşmən olduğunu, onun orada məğlub edilə biləcəyini demək olmaz. Bu, bir növ fərqli şəkillərə girə bilən hidradır»,- Anna Matveyeva deyib. (“Azadlıq” radiosu)
Комментариев нет:
Отправить комментарий