BEYNƏLXALQ AVRASİYA HƏRƏKATININ STRUKTURU. Beynəlxalq Avrasiya Hərəkatının strukturu onun hədəflərinin qloballığı və müasir tarixi şəraitin misilsizliyi ilə şərtlənir.
Beynəlxalq Avrasiya Hərəkatının ən mühüm strateji vəzifəsi bütün avrasiyaçı qüvvələri ümumi siyasi-sosial dünyagörüşü cəbhəsində birləşdirməkdir.
Bu hər hansı səbəbdən “çoxqütblülük”, “rəngarəng mürəkkəblik” tərəfdarı, “birqütblü qlobalizmin” əleyhdarı olan, atlantizmin ekspansiyasına tənqidi yanaşan bütün hərəkatların, cərəyanların, ictimai-siyasi birliklərin, institutların, mərkəzlərin, fondların və s. koordinasiyasını, konsolidasiyasını və inteqrasiyasını nəzərdə tutur.
Bu cür potensial avrasiyaçı (sözün ən geniş mənasında) qüvvələr qüdrətli beynəlxalq təşkilatlardan (məsələn, dünyada birbaşa amerikan hegemonluğunu ləğv və məhv etməyə məhkum olan BMT), iri dövlət qurumlarından, parlament siyasi partiyalarından tutmuş vətəndaşların siyasi, mədəni, milli, dini, peşəkar və hər hansı digər əlamətləri üzrə kompakt birliklərinə qədər ən müxtəlif quruluşlara malik ola bilərlər.
Potensial avrasiyaçı qüvvələrin sırasına bu qədər müxtəlif planlı subyektlərin düşməsi halı Beynəlxalq Avrasiya Hərəkatından tamamilə yeni, siyasi hərəkat, partiya, intellektual mərkəz, dövlət müəssisəsi və ya iqtisadi konsorsium haqqında ənənəvi təsəvvürlərdən mahiyyətcə fərqlənən təşkilat strukturu yaratmağı tələb edir.
Çoxqütblü dünya qurulması – əvvəllər bəşəriyyətin qarşısında heç vaxt dayanmayan qlobal vəzifədir.
Yeni beynəlxalq şərait, insanlığın yeni mövcudolma parametrləri (qlobal kommunikasiya sistemi, yeni texnologiyaların, nəqliyyatın, sosial və iqtisadi strukturların və s. inkişafı) avrasiyaçılardan yeni gözlənilməz, o cümlədən təşkilati qərarlar tələb edir. Qarşıya qoyulan vəzifələrin effektiv həlli üçün Beynəlxalq Avrasiya Hərəkatına müəyyən universallıq vermək lazımdır. Misal üçün, Hərəkatda “xalq diplomatiyası” və aktiv beynəlxalq fəaliyyət ilə yanaşı Avrasiya inkişaf konsepsiyası da həyata keçirilməlidir; dini və dünyagörüş xüsusiyyətlərinə görə yaranan birliklər sırf siyasi strukturlarla qonşuluq etməlidir; Avrasiya iqtisadi əməkdaşlıq mərkəzləri (və onların birləşdirdiyi Avrasiya transmilli korporasiyaları) hərbi-strateji strukturlarla sıx əməkdaşlıq halında fəaliyyət göstərməlidir; informasiya layihələri resurs və enerji sahələrindəki işlərlə uzlaşdırılmalıdır və s.
Beynəlxalq Avrasiya Hərəkatının fəaliyyətinin bütün cəhətləri bir-biriylə sıx qarşılıqlı əlaqədə olmalıdır: iqtisadiyyat siyasətə, texnologiyalar ekologiyaya, informasiya sistemləri mədəniyyətə, dini konfessiya məsələləri təhlükəsizlik problemlərinə, hərbi-strateji potensialın strukturu sənayenin inkişafına və administrativ qurumlara, intellektual inkişaf hakimiyyət elitasının formalaşdırılması prosesinə qırılmaz surətdə bağlı olmalıdır.
Məhz belə (bötüv, insan fəaliyyətinin ən müxtəlif sferalarını birləşdirən) yanaşma ictimai varlığın yeni forması olaraq Beynəlxalq Avrasiya Hərəkatının fərqləndirici xüsusiyyətidir.
Müasir qlobalist və atlantist strukturlarda, “humanitar” fondlarda, intellektual və analitik mərkəzlərdə, dünya KİV-inin səmərəli koordinasiya olunmuş (ictimai rəy formalaşdıran) fəaliyyətində biz, rəqib dünyagörüş düşərgəsinin tək məqsədə – ABŞ və “qızıl milyard” ölkələrinin dominantlığı altında “birqütblü dünya” yaratmağa yönəlik real instrumentlərini görürük.
Bütün əsas parametrləri üzrə avrasiyaçılığa zidd olan atlantist (qlobalist) layihə təkcə “ümumi inkişaf istiqaməti”, “öz-özünə axan spontan proses”, yaxud “teoretik niyyət” deyil, həm də təkmilləşmiş, güclü və effektiv realizasiya mexanizminə malikdir.
Atlantizm təkcə fəlsəfi və futuroloji göstərişlər toplusu deyil. O güclü hərbi-strateji NATO blokudur, inkişaf etmiş ölkələrin, ilk növbədə ABŞ-ın iqtisadi potensialıdır, nəzarət olunan KİV-dir, müxtəlif növ fondlar və ideoloji təminatı həyata keçirən intellektual mərkəzlər sistemidir, beynəlxalq təşkilatlardakı, siyasi partiyalardakı, dini konfessiyalardakı və digər qurumlardakı “təsir agentlərinin” müxtəlif qruplarıdır. Bütün bu inkişaf etmiş, nizamlanmış mexanizm bir məqsədə – “birqütblü dünya” qurulmasına və möhkəmlənməsinə xidmət edir.
Avrasiyaçılıq da eynilə bu cür masştablı və effektiv mərkəzləşdirilmiş (dünyagörüşü və koordinasiya baxımından) struktur qurmalıdır ki, qlobalizmi qəbul etməyən, “birqütblü dünyada” özünə layiq yer görməyən əhval-ruhiyyələri, qüvvələri və insan qruplarını seçərək birləşdirir.
Avrasiyaçılığın ən mühüm tarixi vəzifəsi hələ ki dağınıq halda olan bu güclərə ümumi mübarizə platformasını göstərmək və gələcəyin fərqli – çoxqütblü və ədalətli obrazını yaratmaq üçün əsas səyləri koordinasiya etməyə çalışmaqdır.
Avrasiya strukturları “birqütblü qloballaşma” atlantist layihəsinin yaxşıca nizamlanmış reallaşma mexanizminə qarşı səmərəli şəkildə mübarizə aparmalıdırlar.
Müasir dövrdə qlobalizm təkcə ABŞ-ın yox, bütün Qərb dünyasının çərçivələrini aşıb: onun nümayəndələri, tərəfdarları, bələdçiləri və təsir agentləri müxtəlif xalqlardan, siyasi partiyalardan və dini konfessiyalardan cəlb olunur. Bir növ, özünəməxsus “atlantist (qlobalist) internasionalın” mövcudluğundan danışmaq olar.
Avrasiyaçılığın vəzifəsi əsas parametrlər üzrə simmetrik strukturu – “Avrasiya internasionalını” yaratmaqdır. Avrasiya Hərəkatının struktur xüsusiyyətləri məhz bu məqsəd üçün nəzərdə tutulmuşdur. O perspektivdə çoxqütblü dünya üzrə koordinasiya mərkəzinin yerini tutmalıdır.
BEYNƏLXALQ AVRASİYA HƏRƏKATININ “AVRASİYA KONTİNENTAL ZOLAĞI” LAYİHƏSİNİN REALİZASİYASINDA ROLU. Beynəlxalq Avrasiya Hərəkatı strat bazası və əsas plasdarm kimi Rusiyanı görür.
Bu seçim təsadüfi deyil. Bütün tarix boyu, istənilən ictimai quruluşun istənilən formasiyasında Rusiya, Qərb inkişaf yoluna alternativ olan yol axtarıb. Bura həm Pravoslavlıq (xristianlıqda “Avrasiya liniyası”) ilə katoliklik (daha sonra protestantlıq) arasında konflikt, həm orta əsrlərdən başlayaraq 19-cu əsrin sonlarına qədər dövrdəki dövlətçi-mədəni və geopolitik qarşıdurma, nəhayət, 20-ci əsrdəki iki sosial-iqtisadi sistemin ideoloji savaşı da daxildir. Rusiya hər zaman alternativ etik ideal hazırlayıb həyata keçirmək üçün inadkar (bəzən faciəli) mübarizə aparıb.
Rusiyanın tarixi başa çatmayıb, xalq öz tarixi missiyasına sədaqətini qoruyur və buna görə də Rusiya dünya quruculuğunun Qərb versiyasına (”birqütblü dünya”) yeni planetar alternativin (avrasiyaçılıq) lideri olmağa sadəcə məhkumdur.
Rusiya mahiyyətcə Avrasiya ölkəsi olduğundan bu gün həmin xüsusiyyətini heç vaxt olmadığı qədər tam, hər cür dar doqmatik və konfessional formulalardan (sovet, yaxud milli) kənarda anlamaqdadır, məhz ümumdünya missiyası kimi başa düşməkdədir.
Avrasiyaçılıq təkcə Rusiyanın və MDB ölkələrinin inkişafını nəzərdə tutmur. O bütün dünya xalqları üçün yeni ictimai-siyasi quruluşun ümumi layihəsini təklif edir.
Avrasiyaçı nizam quruculuğu prosesi eyni vaxtda düyanın müxtəlif nöqtələrində- atlantist proses olan “birqütblü qloballaşmanın” hər hansı ciddi müqavimətlə üzləşdiyi hər yerdə gedə bilər. “Birqütblü qlobalizmə” qarşı istənilən müqavimət təcrübəsi Rusiya siyasəti və bütün dünyada gedən avrasiyaçılıq prosesləri üçün həyati vacibdir. Və əksinə, Rusiyadakı Avrasiya islahatları təcrübəsi, Rusiyanın sosial inkişaf sahəsindəki uğuru, onun strateji, iqtisadi və siyasi qüdrətinin möhkəmlənməsi, birləşdirici proseslərin MDB çərçivəsində məntiqi sonluğa çatdırılması, Avrasiya strukturlarının fəaliyyəti – bütün bunlar hamısı dünyadakı çoxqütblük tərəfdarları üçün olduqca böyük əhəmiyyətə malikdir.
Avrasiya Hərəkatı konkret siyasi praktikada 4 geoiqtisadi zonanın yaradılmasına hərtərəfli kömək etməlidir.
Dördüncü geoiqtisadi zona olan “Avrasiya kontinental zolağının” yaradılması (digər üç – Amerika, Avro-Afrika və Sakit Okean zolaqları ilə yanaşı) Rusiya üçün həyati vacibdir. Atlantik geoiqtisadiyyatı isə cəmi üç zonanın varlığını nəzərdə tutur: Amerika, Avropa və Sakit Okean. Atlantik strateqlərinin fikrincə, Avrasiya özünəməxsus “qara dəlikdir” – fraqmentləri digər əsas üç zonanın kənarlarına məxsus olan parçalanmış məkandır. Beləliklə, Avrasiya ərazisində xüsusi dördüncü geoiqtisadi zonanın yaradılması – çoxqütblülüyün geopolitik və geoiqtisadi zəmininin formalaşdırılması üçün mühüm mərhələdir.
Beləliklə, artıq mövcud olan üç zonanı transformasiya etmək, keyfiyyətcə inkişaf etdirmək və avrasiyaçılıq fəlsəfəsi prinsiplərinə müvafiq dəyişmək təklif olunursa, dördüncü zonanı (“Avrasiya kontinental zolağı”) yaratmaq lazımdır.
“Avrasiya kontinental zolağı”nın yaradılması Beynəlxalq Avrasiya Hərəkatının qarşısına qoyduğu prioritet geoiqtisadi vəzifədir.
“Avrasiya kontinental zolağı” Avrasiya kontinentinin əsas massivində yerləşən 4 böyük məkanın hər birinin sürətli iqtisadi və strateji inteqrasiyanı təklif edir. Bu çoxfaktorlu və çoxölçülü prosesdir.
Söhbət ilk növbədə bir və ya bir neçə milli dövlətdən ibarət bu məkanlardan hər birinin siyasi-iqtisadi konsolidasiyasından gedir. Əgər Çinin və Hindistanın timsalında böyük məkanların sərhədləri müvafiq dövlətlərin sərhədləri ilə üst-üstə düşürsə, Rusiyanın, MDB dövlətlərinin və kontinental islam dövlətlərinin (İran, Pakistan, Əfqanıstan, ola bilər Türkiyə, İraq, Suriya) timsalında “böyük məkanların” təşkili siyasi, iqtisadi, strateji, informativ və digər aspektlərdə mürəkkəb inteqrasiya prosesidir.
Bu “böyük məkanların”, ilk növbədə Avrasiya Birliyinin (Rusiya, MDB dövlətləri, bəzi Şərqi Avropa ölkələri də mümkündür) yaradılması Beynəlxalq Avrasiya Hərəkatının prioritet vəzifəsidir.
Bununla yanaşı, “böyük məkanların” inteqrasiyası ilə “Avrasiya kontinental zolağının” qurulması arasında məntiqi ardıcıllıq və ya zaman ardıcıllığı mövcud deyil. Bu tendensiyalar müxtəlif səviyyələrdə paralel olaraq inkişaf edə bilər. Belə olan halda bir istiqamətdəki uğurlar digərindəki proseslərə stimul verə bilər ki, bu da avrasiyaçı islahatların ümumi tempini itirmədən səviyyələri asanlıqla tənzimləməyə imkan verər.
Bu gün Avrasiya ölkələri birgə aktiv iqtisadi, strateji, siyasi və diplomatik fəaliyyətlər həyata keçirdiklərindən, “Avrasiya kontinental zolağı” gələcək vahid geoiqtisadi zona və ümumqitə strateji təhlükəsizlik sistemi layihəsi kimi artıq indidən elan oluna bilər.
Əlavə olaraq, bu zonanın bütün əsas iştirakçıları çoxdan “çoxqütblü dünyanın” ardıcıl tərəfdarıdırlar. Onlar yaxın keçmişdə “sosialist düşərgəsinin”, yaxud “üçüncü dünyanın” (“qoşulmayan ölkələr” hərəkatı) özəyini təşkil edirdilər. Hər iki halda liberal-kapitalist, Qərb (atlantist) modelindən fərqli, özünəməxsus yol tapmaq cəhdini görürük.
Müəyyən olunmuş hüdudlarda əməkdaşlıq inersiyasından anlaşıqlı və ardıcıl inteqrasiya siyasətinə keçmək üçün, – iqtisadiyyata (əmək bölgüsünə), kontinental müdafiənin ümumi sisteminə və birləşdirici “çoxqütblülük” quruluşuna söykənməklə, – çox az şey tələb olunur. Beynəlxalq Avrasiya Hərəkatının vəzifəsi bu prosesi sürətləndirmək, onu adekvat teoretik əsaslarla təmin etmək, müvafiq siyasi, strateji və diplomatik institutların, beynəlxalq iqtisadi strukturların, fondların və korporasiyaların yaradılmasına kömək etmək, tarixi, dini və etnik amilləri nəzərə almaqla qarşılıqlı əməkdaşlığın ziddiyyətli olmayan modelini qurmaqdır.
Böyük məkanda siyasi birləşmənin avrasiyaçı modeli və milli dövlətdən siyasi birliyin daha geniş formalarına tədricən keçid (strateji mərkəzləşdirmənin etno-mədəni çoxqütblülük və çoxsəviyyəli avtonomiyalar sistemi ilə uyğunlaşdırılması) bir çox münaqişəli aspektləri aşmağa imkan verəcək, harmonik əməkdaşlıq üçün ilkin şərait yaradacaqdır.
Avrasiyaçı yanaşmanın etibar qazanması, həm Avrasiyada, həm də bütün dünyada “böyük məkanlar” quruculuğunun iştirakçılarına öz operativ dəyərini sübuta yetirməsi üçün, avrasiyaçılar onun Rusiyadakı (ilk növbədə Şimali Qafqazda) və MDB ölkələri ərazisindəki (Qarabağda, Qırğızıstanda, Tacikistanda) daxili konfliktlərin həllində necə işlək və effektiv olduğunu nümayiş etdirməlidirlər. Avrasiyaçı modeli Rusiyada və MDB-də nə qədər aktiv tətbiq olunacaqsa, Avrasiya Birliyi quruculuğu da bir o qədər intensivləşəcək, digər üç “böyük məkanın” təşkili, “Avrasiya kontinental zolağının” qurulması daha təbii və operativ şəkildə gerçəkləşəcək.
Bu cür inteqrasiyanın müxtəlif səviyyələrinin eynizamanlılıq, paralellik prinsipinə digər zonalardakı analoji proseslərin gedişatında da riayət olunmalıdır, ancaq onu da qeyd etmək lazımdır ki, bu sahədə analogiya tamamilə şərtidir: hər bir konkret halda söhbət keyfiyyətcə müxtəlif proseslərdən gedir.
AMERİKA ZOLAĞI. “Amerika zolağı” çərçivəsində Şimali Amerika (ABŞ və Kanada) “böyük məkanının” şəksiz dominantlığı Latın Amerikasındakı (iki “böyük məkan” – Cənubi Amerika və Mərkəzi Amerika) inteqrasiya prosesləri ilə uyğunlaşmalı, anqlosakson mədəniyyət tipindən kəskin fərqlənən latın sivilizasiyasının xüsusiyyətlərini əks etdirən və parlaq şəkildə ifadə olunmuş mədəni-tarixi, iqtisadi və siyasi spesifika ilə həyata keçməlidir.
Avrasiyaçılıq prinsipinin “Amerika zolağına” tətbiqi Cənubi və Mərkəzi Amerikanın (Merkasur sisteminə daxil olan) latın arealları üçün böyük sivilizasiya müstəqilliyi nəzərdə tutur (bununla belə, Şimalın geoiqtisadi liderliyi də şübhə altına alınmır). Eyni zamanda, yalnız bir-birinə yaxın sivil-mədəni məkanların strateji inteqrasiyasının avrasiyaçılıq nəzəriyyəsi, etno-konfessional avtonomiyaların çoxçeşidliyi ilə vəhdətdə Latın Amerikası xalqlarına elə inkişaf modeli verə bilər ki, onlar öz geopolitik statuslarını əsaslı şəkildə yüksəldə bilsinlər, millətlərarası, sosial, texnoloji, ekoloji, demoqrafik və iqtisadi problemlərini harmonik şəkildə həll etsinlər.
De-fakto mövcud olan geoiqtisadi “Amerika zolağına” münasibətdə avrasiyaçı pozisiya aşağıdakı aktiv dəstəyi nəzərdə tutur:
-birinci mərhələdə ABŞ-ın strateji, siyasi və iqtisadi maraqlarının iki Amerikanın hüdudlarında məhdudlaşdırılması (bu məsələdə avrasiyaçıların müttəfiqləri ABŞ-ın mühafizəkar siyasi dairələridir- həm izolyasiyaçılar, həm də “Monro doktrinası”nın hüdudları ilə kifayətlənən ekspansionizm tərəfdarları);
-amerikan sisteminin avtonomiyaların maksimallaşdırılması prinsipinə doğru, demokratik, ekoloji, milli-mədəni hərəkatlar yönündə təkamülü;
-Latın Amerikası ölkələrinin iki “böyük məkanda” inteqrasiyası və onların sivil-mədəni özünəməxsusluğunun möhkəmləndirilməsi.
Günümüzdə amerikan təsiri amili daha çox neqativ qlobal tendensiyaları, atlantizm konstruksiyasını daşıyan yeni kolonializmi və imperializmi təcəssüm etdirir və gələcəyin mənfi obrazıdır.
ABŞ-ın geopolitik roluna verilən bu qiymət o yalnız “birqütblü qlobalizasiyada” israr edənə və özünü ali instansiya, “dünya jandarmı” kimi aparana qədər qüvvədədir. Nə vaxta qədər belə davam edəcəksə, avrasiyaçılıq layihəsi də dünyanın amerikanlaşdırılmasına və deməli, ABŞ-a qarşı yönələcək.
Avrasiyaçılığın nəzərində gələcəyin belə bir neqativ aspekti yoxdur.
Əgər ABŞ “sivilizasiyanın etalonu” rolundan imtina edərək böyük regional dövlət, nəhəng “böyük məkan” qütbü və “Amerika zolağının” lideri roluna razılaşsa, amerikan amilinin neqativliyi öz-özünə aradan qalxacaq. Belə olan halda, dünya xalqları amerikan həyat tərzinin müsbət və mənfilərini obyektiv qiymətlənləndirə biləcəklər. Eyni zamanda istisna etmək olmaz ki, bu həyat tərzinin müəyyən cəhətlərini hətta bu gün ABŞ-a qarşı sərt mövqedə olanlar da müsbət qəbul edə bilər. Beləliklə, ABŞ bu gün zor gücünə can atdığı, get-gedə özünün prinsipial düşmənlərinin sayını çoxaldaraq əldə etməyə çalışdığı nüfuzu sakit və ləyaqətli daxili inkişafı sayəsində asanlıqla qazana bilər.
Avrasiyaçılığın başlıca vəzifələrindən biri ABŞ-ın (geniş mənada Amerikanın) siyasi, iqtisadi, mədəni, sosial, dini, peşəkar və digər qruplarını seçib ayırmaqdır, hansılar ki Avrasiya təsirinin (birbaşa, yaxud dolayısı) yayıcıları ola bilərlər.
AVRO-AFRİKA ZOLAĞI. “Avropa Birliyi”nin timsalında biz “böyük məkanın” siyasi cəhətdən fəal surətdə inkişaf edən, öz strateji və geopolitik statusunun yüksəlməsini planlaşdıran iqtisadi tərkib hissəsini görürük (”Avrokorpus”, Vahid Avropa təhlükəsizlik sisteminin yaradılması layihələri və s.).
Avropadakı inteqrasiya proseslərini avrasiyaçı məntiqin ifadəsi kimi nəzərdən keçirmək olar. İstisna olan isə təbii avtonomiya strukturlarıdır, hansında ki Avropanın demokratik və ənənəvi orientasiyalı dairələri- regionçular təkid edirlər. Hər halda Avrasiya layihəsi indiki Avropa üçün “böyük məkanın” yaradılmasını nəzərdə tutmur, amma onun təkamül və keyfiyyət baxımından dəyişməsini istəyir. “Avropa Birliyi” örnəyində avrasiyaçılıq üçün vacib olan bir neçə faktor artıq mövcud reallıq kimi qarşıda durur: milli dövlətdən imtina, vahid iqtisadi və valyuta sisteminin (“avro”) yaradılması, tədricən Amerikanın sərt nəzarətindən geopolitik müstəqilliyə doğru çıxmaq.
Əgər Asiya materik ölkələrində nisbətən zəif maddi (iqtisadi, texnoloji və maliyyə) inkişaf infrastrukturu və çoxsaylı daxili ziddiyyətlər şəraitində “çoxqütblülüyə” doğru strateji iradə ortadadırsa, “Avropa Birliyində” biz yüksək inkişaf və inteqrasiya etmiş geoiqtisadi struktur görürük, bununla yanaşı, “çoxqütblü dünya” qurulmasının zəruriliyi barədə tezislər praktiki olaraq hələ ki səslənmir.
Beynəlxalq Avrasiya Hərəkatı Avropadakı inteqrasiya proseslərinin inkişafında, avropalıların geopolitik şüurunun genişlənməsində son dərəcə maraqlıdır.
Bununla yanaşı, təbii muxtariyyətlər və Avropadaxili orqanik çoxqütblülük prinsipi üzərində israr etmək vacibdir. Bu, müasir Avropada milli dövlətin rudimenti kimi inersial şəkildə saxlanmış quru, sırf individualist, natamam yanaşmanı əvəz etməlidir. Avropa öz qədim köklərinə yenidən qayıtmalı, son zamanlar amerikanizmin primitiv klişelərinin müvəqqəti yuduğu böyük mədəniyyətinin rəngarəngliyini və orijinallığını yenidən təsdiqləməlidir.
Avrasiya layihəsi Avropaya münasibətdə onun regional iqtisadi, siyasi və strateji statusunu gücləndirməyə dəstəkdən ibarətdir.
“Avropa Birliyi” bütün “Avro-Afrika zolağının”, inteqrasiya edən Avro-Afrika qütbünün siyasi lideri olmaq üçün bütün ilkin şərtlərə malikdir. Bu mövzu iki hissəyə bölünür:
-Avropa-İslam (daha çox ərəb) münasibətləri;
-Avropa-Afrika (“qara”, subtropik Afrika nəzərdə tutulur) münasibətləri.
Yalnız Avropa-Ərəb və Avropa-Amerika münasibətləri məsələsində geopolitik müstəqilliyə nail olmaq Avropaya imkan verəcək ki, çoxqütblü dünyada müstəqil və qüdrətli qütb rolu oynasın.
Avropanın cənubdan strateji təhlükəsizliyi, təbii resurların çatışmazlığı, enerji asılılığı – bu problemlərin həlli müstəqil “Avro-Afrika zolağının” qurulmasından birbaşa asılıdır. Burda “Avropa Birliyinə” amerikan hegemonluğu ilə möhkəm toqquşmaq lazım gələcək, çünki Avropaya cənub istiqamətində təsirini genişləndirməyə yol verməmək ABŞ-ın onun üzərində enerji-strateji nəzarətinin əsas vəzifəsidir. Avro-Afrika layihəsi Atlantik okeanının hər iki sahilindəki atlantik cəmiyyətlərin gepolitik cəhətdən bölünməsi anlamına gəlir. Praktiki geopolitika nöqteyi-nəzərindən məhz bu dezinteqrasiya prosesi Avrasiya diplomatiyasının Avropa istiqamətində başlıca vəzifəsidir.
Avropanın Afrika ilə yaxınlaşması avrasiyaçılığın maraq dairəsindədir və Beynəlxalq Avrasiya Hərəkatı bu prosesə maksimum kömək etməlidir.
“Avro-Afrika zolağının” ikinci “böyük məkanı” “ərəb dünyası”, Məğrib ölkələrindən Yaxın Şərqə qədər uzanan islam Şimali Afrikası ərazisidir.
Bura tarixən Osmanlı imperiyası tabeliyində birləşən və müəyyən irqi eyniliyə malik çox mürəkkəb bir regiondur. Bu ərəb məkanı strateji olaraq Avropaya və “qara” Afrikaya iqtisadi və siyasi cəhətdən bağlanmış bütöv geopolitik orqanizmdə birləşməlidir. Həmin məkanda obyektiv olaraq islam ənənəsi hakimdir ki, bu da əlavə inteqrasiya amili ola bilər. Onu da qeyd etmək lazımdır ki, “islam radikalizminin” universallığa iddia edən müəyyən formaları avrasiyaçılığın daxili çoxqütblülük, daxili muxtariyyət (“Avrasiya rəngarəng mürəkkəbliyi”) ilə bağlı baza prinsiplərinə ziddiyyət təşkil edir. Bu mənada ərəb dünyasında avrasiyaçılığa ən yaxın olan o islam dairələrdir ki, müsəlman dininə sadiqliyi lokal yerli ənənələrə hörmətlə bir yerdə qavrayırlar – bunlar şiələr, sufi təriqətləri, öz ənənələri olan etnik qruplar, mənəvi və mədəni rəngarənglik tərəfdarlarıdır. “İslam radikalizmindən” gələn digər təhlükə müəyyən qrupların ərəb təsir dairəsi ərazisini qeyri-ərəb islam regionları hesabına, başlıca olaraq Avrasiya zonası olan Türkiyədən Tatarıstana və Filippinə qədər genişləndirmək cəhdlərindən ibarətdir. Bu daha çox atlantistlərə tərəfdar olan rejimlər (məsələn, Səudiyyə Ərəbistanı) üçün xarakterikdir. Avrasiyaçılar bu tendensiyaya qarşı mübarizə aparmalıdırlar.
Avrasiyaçılığın çox mühüm vəzifələrindən biri “qara Afrikanın” strateji birləşməsi, onun müstəqil “böyük məkana” çevrilməsidir.
İndiki Afrika dövlətlərinin sərhədləri (bir çox Üçüncü dünya ölkələrinin sərhədləri kimi) açıq-aydın postmüstəmləkə xarakteri daşıyır. Bu sərhədlər həmin torpaqlarda yaşayan xalqların tarixi, etnik, mədəni, iqtisadi spesifikasına uyğun deyil. Süni və fraqmentar dövlətçilik kripto-müstəmləkəçilik, çoxlu etnoslararası, tayfalararası problemlər doğurur. Öz psixoloji tiplərinə görə, “qara” afrikalılar Avrasiya tipinə daha yaxındırlar, insanların, tarixin, cəmiyyətin, təbiətin bütövlük duyğusuna, orqanik qarşılıqlı münasibətlərinə açıqdırlar. Afrikalıların müstəmləkə tarixindən real qurtuluşları yalnız onların ərəb dünyasına dostcasına yanaşan və birləşmiş Avropaya (“Avro-Afrika zolağının” liderinə) strateji və iqtisadi cəhətdən yönələn vahid strateji sivilizasiyaya inteqrasiyaları vasitəsilə mümkündür.
Bu zonada atlantist strategiyasının mühüm strateji rolunu oynayan İsrail dövlətinə xüsusi diqqət yetirmək lazımdır.
Avrasiyaçılar İsrail-Ərəb münaqişəsinin yeni tənzimləmə modelini işləyib-hazırlamalı, İsrailin “Avro-Afrika zolağında” pozitiv iştirak düsturunu tapmalıdırlar. Avrasiyaçılar İsrailin öz orientasiyasını Avropaya doğru dəyişməsini, ideya-fəlsəfi mənada isə, israillilərin xeyli hissəsinin öz Şərqi Avropa köklərinə (yəni əslində Avrasiya) qayıdışını alqışlayırlar.
SAKİT OKEAN ZOLAĞI. Sakit Okean arealında strateji, siyasi və iqtisadi liderlik Yaponiyaya məxsus olmalıdır.
O qədər də böyük ərazisi olmayan adalardan ibarət bu unikal sivilizasiya quruluşu analoqu olmayan kontinental, sanki preslənərək kiçik qəlibə salınmış “böyük məkan” nümunəsidir. Yaponiya çox nəhəng ekspansionist potensiala, olduqca yüksək səviyyəli milli nizam-intizama, azman daxili enerjiyə malikdir. Hazırda ABŞ-ın süni şəkildə tutub saxladığı, yaxud dar iqtisadi çərçivələrə saldığı yapon potensialı azad olunmalı və ondan bütün Sakit Okean zonasının yenidən qurulması üçün istifadə edilməlidir.
Avropa “Avro-Afrika zolağında” nə dərəcədə obyektiv liderdirsə, Yaponiya da Sakit Okeanda eyni statusa malikdir. Yaponiyanın amerikan nəzarətindən çıxarılması, ona geopolitik, siyasi və hərbi-strateji müstəqilliyin qaytarılması real çoxqütblülüyün yaradılması üçün ən mühüm şərtlərindəndir.
Avropa kimi Yaponiya da bu gün Atlantik təsir zonasına aiddir, ancaq onun daxilində elə bir iqtisadi infrastruktur yetişib ki, milli psixologiyanın enerji potensialı ilə vəhdətdə öz-özlüyündə çox mühüm aparıcı konstruksiyaya çevrilə bilər.
Bunun üçün Yaponiyaya güclü Avrasiya dəstəyi lazımdır- siyasi, strateji və resurs sahələrində. Yaponiyanın geoiqtisadi və geopolitik müstəqilliyinin istənilən, hətta ən cüzi dərəcədə güclənməsi avrasiyaçılığın ümumi potensialını avtomatik artırır.
“Sakit Okean zolağının” digər potensial “böyük məkanları” malaylara, anqlosaksonlara, bir də ola bilər İndokitay ərazisində yerləşən bəzi sahil ölkələrinə bölünür. Bu məkanlarda sənaye-texnoloji inkişaf (Qərb tipli iqtisadiyyatın tətbiqi və dünya kapitalist sistemi çərçivəsində qlobal əmək bölgüsü hesabına) ənənəvi cəmiyyətin çoxsaylı elementləri ilə mürəkkəb şəkildə çulğalaşır.
Vacibdir ki, obyektiv surətdə yaranan belə uyğunlaşma regionun siyasi elitaları tərəfindən “potensial avrasiyaçılıq” kimi qəbul olunsun, çünki avrasiyaçılıq fəlsəfəsi məhz köklərə sadiqliklə texnoloji və sosial tərəqqinin təbii şəkildə uyğunlaşmasına əsaslanır.
Avstraliyaya və Yeni Zelandiyaya münasibətdə avrasiyaçı yanaşma onların məhz Asiya sivilizasiya və iqtisadi kontekstinə daxil olmasını dəstəkləməkdən ibarətdir. Onların təkamülünü kolonializm (“Avropa nizamı” daşıyıcılarının şüuru) qəlpələrindən Ulu Asiyanın təbii tərkibinə doğru təşviq etmək lazımdır.
Avstraliyada “avrasiyaçılıq” termini anqlosaksların ağdərili nəsilləri ilə Asiyadan gələrək durmadan artan emiqrantlar (çinlilər, vyetnamlılar, malaylar və s.) arasında münasibətlərin yeni modelinin qurulması kimi başa düşülür.
AVRASİYA BİRLİYİNƏ AVRASİYAÇI PROSESDƏN KEÇMƏKLƏ (SİYASİ PRAKTİKA VƏ KOORDİNASİYA STRUKTURLARI). Milli dövlət modelindən “böyük məkana” keçid müxtəlif səviyyələrdə getməlidir. Bu keçidin əsasında çoxölçülü inteqrasiya prosesi dayanır:
-iqtisadi;
-geopolitik;
-strateji;
-siyasi;
-mədəni;
-informasiya;
-dil.
Bu səviyyələrdən hər biri Beynəlxalq Avrasiya Hərəkatının praktik fəaliyyətinə öz modelini təklif edir.
MDB-nin Avrasiya Birliyinə çevrilməsi prosesi xüsusi diqqətə layiqdir.
MDB – milli dövlətlərin asimmetrik qrupunun nümunəsidir ki, burda bir milli dövlətin (RF) nisbi geopolitik suverenliyə iddia etmək üçün əsasları olsa da, başqalarının belə bir əsası yoxdur.
Bu qrupun bazasında yaranacaq “böyük məkan” olan Avrasiya Birliyi – Avropa Birliyinin Avrasiya analoqudur. Yəni vahid mərkəzləşdirilmiş iqtisadi və strateji idarəçilik sistemi olan siyasi qurumdur.
Avrasiya Birliyinin yaradılması Beynəlxalq Avrasiya Hərəkatının əsas vəzifəsidir. Beynəlxalq Avrasiya Hərəkatının bu yolda əsas fəaliyyət istiqaməti Avrasiya prosesinin təşviqi, kontrolu və koordinasiyası olmalıdır.
Avrasiya prosesi – MDB-yə daxil olan hər bir müstəqil dövlətin hökumət, iqtisadi, siyasi, sənaye, informasiya, nəqliyyat, strateji və mədəni institutlarının yeni siyasi-strateji quruma doğru çöxölçülü təkamülüdür. Avrasiya prosesində keyfiyyət və sürət baxımından müxtəlif dəyişiklik axınları vahid məqsədə – Avrasiya Birliyinin yaradılmasına doğru yönəlməlidir. MDB-dən Avrasiya Birliyinə keçid deklarativ və təkməqamlı olmamalıdır. Avrasiya Birliyinin faktiki və hüquqi möhkəmlənməsindən əvvəl ciddi və uzun inteqrasiya işi getməlidir. Avrasiya Birliyinin beynəlxalq hüququn müstəqil subyekti elan olunması ərəfəsində bütün zəruri infrastruktur yaradılmalıdır.
Avropa ölkələri bu yolla gediblər, biz də bu yolla getməliyik.
Avrasiya prosesinin modulu inteqrasiyanının gedişatına cavab verən çevik strukturların yaranmasından ibarətdir.
Bu modulun özəyini koordinator funksiyasını həyata keçirən dövlətlərarası instansiya təşkil etməlidir. Belə bir instansiya Beynəlxalq Avrasiya Hərəkatının bazasında, onun MDB ölkələrindəki nümayəndəliklərində və ya ən azından Hərəkatın fəal iştirakı ilə yaradılmalıdır. Onu şərti olaraq “Avrasiya prosesinin ştabı” adlandırmaq olar. “Ştab” öz fəaliyyətini dövlət hakimiyyəti orqanları – Prezident, Prezident Administrasiyası, Hökümət, Parlament ilə sıx qarşılıqlı əlaqələr əsasında həyata keçirməlidir.
Belə bir “ştabın” vəzifəsi inteqrasiya layihələrinin işlənib-hazırlanması və reallaşdırılmasıdır; bu layihələrin dövlətlərin formal, hüquqi cəhətdən möhkəmləndirilmiş təşəbbüsü kimi nəzərdən keçirilməsi hökmən deyil. Özünün Avrasiya prosesində iştirak edən hər bir dövlətin nəzarət və milli təhlükəsizlik orqanları üçün şəffaf olan hədəflərini açıq bəyan edən ictimai təşkilatların (Hərəkat, Fond və s.) təşəbbüslərindən də istifadə edilməsi mümkündür.
Avrasiya Birliyinin mahiyyəti bundadır ki, o heç də müxtəlif dövlətlərin eyni tipdən olan yeni bir dövlətin tərkibində sadə birləşməsindən, mövcud administrasiyaların hökmən buraxılmasından, fəaliyyətdə olan bütün institutlarının tam qovuşmasından və hakimiyyət mərkəzlərinin ləğvindən ibarət olmayacaq. Avrasiya Birliyi müasir Rusiyanın hakimiyyət, inzibati və siyasi institutları sistemi ilə birgə genişləndirilmiş versiyası da olmayacaq. Avrasiya Birliyi keyfiyyət cəhətdən fərqli idarəçilik sistemini nəzərdə tutur. Mövcud strukturların təkmilləşməsi tələb olunur – müəyyən strukturlar tədricən ləğv olunaraq yeniləri, daha effektivləri yaradılacaq. Bu səbəbdən RF, yaxud MDB ölkələrində mövcud olan təsisatlarından heç biri nəinki Avrasiya inteqrasiyası (Avrasiya prosesi) vəzifəsinin öhdəsindən gələ bilməz, hətta onu adekvat olaraq formullaşdıra bilməz. Öz sisteminə fondları, konsorsiumları, strateji araşdırma mərkəzlərini və geopolitik ekspertizaları, bank və birja strukturlarını, media-xoldinqləri, elm və təhsil müəssisələrini, mədəniyyət mərkəzlərini və s. daxil edən Beynəlxalq Avrasiya Hərəkatının strukturu isə bu məqsədlər üçün daha münasibdir.
Avrasiya prosesinin koordinasiyasına görə məsul olan Hərəkat adi partiyalardan, humanitar və ictimai birliklərdən, dövlətlərarası komissiyalardan, sırf iqtisadi cəmiyyətlərdən və s.-dən keyfiyyətcə fərqlənməlidir. İndiki siyasi-iqtisadi və administrativ sistemin mövcud elementləri Hərəkatla fəal əməkdaşlıq edə, cürbəcür layihələr həyata keçirə bilərlər, ancaq onu əvəz edə bilməzlər. Yeni prinsipial vəzifələrin həlli üçün prinsipial olaraq yeni siyasi və təşkilati instrument lazımdır.
İnteqrasiya prosesi öz-özlüyündə labüd olaraq dövlətin və cəmiyyətin mövcud struktur elementlərinin çoxunun transformasiyasını tələb edəcək.
Комментариев нет:
Отправить комментарий