04.01.2011

Vüqar Səfərov mükafatı kimlərə verir?

Zahir Əmənov 

Prezident yanında fəaliyyət göstərən fondun pulu ilə prezidenti və digər səlahiyyətliləri gen-bol tənqid etmək olar, amma pulu paylayan Vüqar Səfərov cənablarını yox! 

Region mətbuatı məlum olduğu kimi, çoxlarının gözündən-nəzərindən uzaq bir sahəyə çevrilib. Elə rayon var ki, orada aylarla qəzet çıxmır, yaxud da ayda - iki ayda bir dəfə simvolik, 500-800 tirajla çap olunur. Mən də ötən ilin noyabr ayında KİV-ə Dəstək Fondunun Lənkəranda keçirdiyi toplantısında çıxış edib, çoxlarının xoşuna gəlməsə də, bu problemləri tam çılpaqlığı ilə dedim. Bildirdim ki, nə Mətbuat Şurası, nə KİV-ə Dəstək Fondu region mətbuatının problemləri ilə maraqlanmır. Mətbuat Şurasının “Region Mətbuatı ilə İş” komissiyası bu sahədə heç bir monitorinq aparmır, araşdırılmır ki, 150-200 min əhalisi olan rayonlarda niyə ayda-ildə bir dəfə qəzet çap olunur, eləcə də bu istiqamətdəki layihələr olduqca formal xarakter daşıyır. Belə ki, layihə qalibləri rayona gəlib 1-2 stəkan çay içməklə, 5-6 şəkil çəkməklə layihəni “reallaşdırıb” gedirlər - real kömək isə yoxdur.
 
Bu tənqiddən bir ay sonra KİV-ə Dəstək Fondunun keçirdiyi müsabiqənin qalibləri elan olundu. 84 jurnalist içində ən çox – 50 və daha çox bal yığanlardan biri mən oldum. Lakin 30-35 bal yığanlardan 20-30 nəfəri qalib olsa da, mən 50 balla qaliblər sırasında yox idim. İzah etdilər ki, mənim yazı təqdim etdiyim istiqamətdə daha yüksək bal yığanlar çox olub, ona görə mükafatçılar sırasına düşməmişəm. Halbuki, həmin müsabiqədə 5 mükafat yeri boş qaldı və aşkarlanmadı ki, qalan 5 min manat hara xərcləndi.
Bundan bir il sonra, Azərbaycan mətbuatının 135 illiyi ilə bağlı Lənkəranda keçirilən növbəti tədbirə isə məni heç dəvət etmədilər. Ora dəvətsiz getdim. Dəvətlilər sırasında adım olmasa da, xeyli tərəddüddən sonra “arzuolunmaz şəxs” kimi tədbirə qatılmağıma razılıq verdilər.
Onu da xatırladım ki, qəzetimizdə tez-tez Masallıda keçirilən əndrabadi abunə kompaniyasını tənqid edirəm. Belə ki, hər 6 aydan bir təkcə müəllimlərdən abunə adı ilə, zorla 60-70 min manat (aylıq əmək haqlarının 8-10 faizi həcmində) qəzet pulu yığılır, lakin onun 20-25 min manatı sənədləşdirilir. Həmin qəzetlərin də demək olar ki, əksəriyyəti, xüsusən yay aylarında, heç bir nüsxəsi vətəndaşlara çatmır, abunəçilərə demək olar, qəbz verilmir. 20-30 manat qəzet pulu verən şəxs hətta bilmir ki, hansı qəzetə abunə yazılıb. Müəllimlər müstəqil qəzetlər bir yana, heç hökumət qəzetlərində yazılanlardan xəbərsiz olurlar. Yaxın vaxtlara qədər “Azərmətbuatyayım” İdarəsinə rəhbərlik edən Vüqar müəllimin bu tənqidlər xoşuna gəlmirdi. İnandırıcı da deyildi ki, bir rayonda abunə sahəsində bu böyüklükdə saxtakarlıq ola, amma o təşkilata rəhbərlik edən şəxs bunu bilməyə.
Bütün bunların nəticəsi son müsabiqədə də göründü. Yenə də mənim adım qaliblər sırasında olmadı.
Məlumat üçün bildirim ki, 26 noyabr 2010-cu ildə “Bizim yol” qəzetində çap etdirdiyim “Əyalətin əyaləti” yazısını növbəti müsabiqəyə təqdim etmişdim (Arzu edənlər həmin qəzetin internet ünvanında - “bizimyol.az”sayında bu yazı ilə tanış ola bilərlər). Yazıda regionların inkişaf proqramının uğurları ilə yanaşı qüsurları da öz əksini tapmışdı. Yəni yazmışdım ki, gözəl məktəblər tikilib, amma istiliyi yoxdur, məktəblərə kompüter verilib, əksəriyyəti soyuq otaqlarda çürüyür, layiqli mütəxəssis yoxdur ki, onu işlətsin, internetə qoşula bilsin. Rayonlarda təmtəraqlı idman kompleksləri inşa edilib, lakin əksər məktəblərdə adi futbol topu, voleybol toru tapılmır. Proqramda nəzərdə tutulan onlarla obyekt müəyyən edilən vaxtdan 4 il keçsə də, hələ inşa edilmir və sair. Yazıda balansı da nəzərə alaraq iqtidar nümayəndəsindən tutmuş fərqli düşüncəyə malik bir neçə nəfərin də mövqeyinə yer ayırmışdım.
Xatırladım ki, ötən müsabiqədə də regionların inkişafı ilə bağlı qalib yazıya fondun internet ünvanında nəzər salmışdım. Ötən ilin qalib yazısında bu inkişaf proqramı ancaq təriflənmişdi, bircə dənə olsun qüsur qeyd edilməmişdi. Ümumiyyətlə, fondun qalib elan etdiyi yazıların əksəriyyəti ancaq iqtidarın və onun nümayəndələrinin tərifindən ibarətdir. Əksəriyyətində nə ekspert rəyi var, nə də fərqli fikrə meydan.
Necə olur ki, ancaq zorla abunə yazdırılan, satışda bir nüsxəsi də satılmayan, Vüqar Səfərov cənablarının himayə etdiyi “Mövqe” qəzeti hər müsabiqədə ən azı 2 mükafat alır, nə bilim gah 25 min, gah 3,5 min manat mükafata layiq görülür, digərləri kənardan baxır. Vüqar müəllim, sadəcə bir eksperiment keçirin - Masallıdakı mərkəzi qəzet kioskuna 100 ədəd sizin “Mövqe”yinizdən qoyaq, nüsxəsi 10 qəpiyə, 100 ədəd də “Cənub xəbərləri” qəzeti, biri 40 qəpiyə, görək bir-iki gün ərzində o “Mövqe”dən neçəsi satılacaq, bizim qəzetdən neçəsi? O nəticədən sonra bilinər ki, siz fonda necə ədalətlə rəhbərlik edirsiniz.
Bu gün əksər media ekspertləri etiraf edir ki, regionlarda 2 normal qəzet var - “Cənub xəbərləri”, bir də “Mingəçevir işıqları”. Bu müsabiqəyə isə region üçün ayrılmış 18 yerə 9 yazı verilib və onlardan cəmi 2-si mükafatsız qalıb, onlar da yuxarıda adları çəkilən qəzetlərdir. Qaliblər isə ancaq icra hakimiyyətinin təsisçisi olduğu, himayə etdiyi, ayda, ildə bir dəfə çıxan qəzetlərin təmsilçiləridir. Doğrudanmı, Vüqar Səfərov və ətrafındakılar belə ədalətsizliklərdən vüqar duyurlar. Xalqı çapıb-talayan 5-10 məmur bizdən Mətbuat Şurasına məktub yazanda, onlara qarşı sərt ifadə işlətdiyimizə görə az qalırdılar gözümüzü deşələr, lakin həmin məmurlar aylarla informasiya əldə etməklə bağlı yazılı sorğumuza cavab verməyəndə, abunə adı ilə min hoqqa çıxaranda ağızlarına su alırlar.
Açıq hiss olunur ki, fondun elan etdiyi müsabiqəyə ciddi araşdırma yazılar təqdim etmək mənasızdır - ya “saz” götürüb hakimiyyəti tərifləməlisən, ya da bitərəf mövzuları qələmə almalısan. Hətta KİV-ə Dəstək Fondunun müsabiqə şərtlərində də qeyd olunmuşdu: “Regionların sosial-iqtisadi inkişafının təşviqi.” Yəni bu mövzunu ancaq təşviq edə bilərsən, tənqid yox. Gözə kül üfürmək üçün bir-iki müxalifət qəzetinin də bitərəf mövzularda yazdığı yazıları qalib edirlər ki, onlar KİV-ə Dəstək Fondu ilə bağlı tənqidi yazılara yer ayırmasınlar. Çünki gələcəkdə fondun mükafatlarından məhrum ola bilərlər. Adam az qalır arada dolaşan “Burada bəzi qaliblərin taleyi “50-50-yə razılıq”dan sonradır”, “Yaxud burada yazıların qalibi müsabiqənin sonunda yox, yazılmamışdan əvvəl müəyyən edilir” kimi şayiələrə inansın.
Fondun müsabiqə şərtlərində isə bürokratiya baş alıb gedir. Jurnalist əmək kitabçasının sürətini, yazının çap olunduğu qəzetlə yanaşı onun diskdə və 3 nüsxədə çap olunmuş variantını da Fonda təqdim etməlidir (Guya bunlar həmin sürətləri diskdən çap edə bilməzlər). Yəni stajı az olan, yaxud müstəqil jurnalistin yaxşı yazı yazması qəbahətdir? Ən başlıcası isə müsabiqəyə təqdim olunan yazını müəllif özü Bakıya gəlib təqdim etməlidir. Bu, Bakıda yaşayanlar üçün adi bir işdirsə, əyalətdən gəlib yazını burada təqdim etmək 30-40 manat və bir gün itirmək deməkdir. Halbuki digər müsabiqə keçirən təşkilatların heç birində bu cür bürokratiya yoxdur.
KİV-ə Dəstək Fondu yazı ilə yanaşı müəllifdən bank hesabı və VÖEN haqqında da sənəd istəyir ki, guya bunlar hər işi saf, ədalətli və qanuni edirlər.
Sonda onların “qanuni işinə” aid bir misal çəkim. İki ay öncə rayondakı Bankdan mənə məlumat verdilər ki, hesabına min manat pul gəlib. Məlum oldu ki, bu pulu KİV-ə Dəstək Fondu göndərib. Sevindik ki, nə yaxşı, əməkdaşlarımıza qonorar verərik, nəşriyyata olan borcumuzu ödəyərik və sair. Heç 2 saat keçməmişdi, fonddan zəng etdilər ki, həmin pulu təcili götürüb gəlin Bakıya, sizə avadanlıq - kompüter, diktofon-filan verəcəyik. Bildirdik ki, bizim həmin avadanlıqlardan bir neçəsi var, imkan verin, yardımı digər ehtiyaclarımız üçün xərcləyək. Qəti razılaşmadılar. Pulu hesabımızdan çıxarmaq üçün 10 manat bank xərcinə, 50 manat yola xərcləyib Bakıya gəldik və həmin avadanlıqları Fonddan götürdük. Hansı ki, həmin göstəricilərə malik kompüteri Masallıda parakəndə satışda 450 manatadır, bunlar sənədləşdirib 560 manata (onların verdikləri kompüterin göstəriciləri də bizdəkindən xeyli aşağıdır, heç internetə də çıxışı yoxdur), 80 manatlıq printer 150 manata, 70 manatlıq diktofon 130 manata və sair. Yəni rayonda ən bahası 750 manata alacağımızı Bakıda Fond bizim üçün 1000 manata sənədləşdirdi, həmin pulun ən azı 250 manatını “uçurtdu”. Halbuki, fond təxminən 100 region qəzetinə paylamaq üçün bu qədər avadanlığı topdansatış qaydasında, daha ucuz almışdı. İndi hər qəzetdən 250 manatı 100-ə vuranda bu ən azı 25 min manat edir. İndi, görəsən, bu yardımdan region qəzetləri çox faydalandı, ya KİV-ə Dəstək Fondu? O da maraqlıdır ki, region qəzetlərinə bu yardım barədə nə fondun saytında, nə də mətbuatda heç bir xəbər yayımlanmadı. Yardım alan region qəzetlərinin siyahısı açıqlanmadı ki, bəzilərinə aydın olsun ki, belə qəzet var, ya yox? Hələ də bizə aydın deyil ki, avadanlıq verirdinizsə, niyə əvvəl pulu hesabımıza köçürdürdünüz, elə avadanlıqları bir maşına yükləyib paylayaydınız rayonlara, ya pul yardımı etmişdinizsə, niyə zorla avadanlıq verirdiniz? Heç yardım edəndə fərq də qoymadılar – hansı qəzet ayda 3 dəfə çıxır, hansı 3 ayda 1 dəfə.
İndi mən məcburam ki, KİV-ə Dəstək Fondunu məhkəməyə verib müsabiqənin etibarsızlığı barədə iddia qaldıram. Qoy müstəqil ekspertlər qalib yazıların da bəzilərinə qiymət versinlər, məğlub yazılara da. Həm də aydınlaşar ki, Fondun təyin etdiyi hansı ekspertlərdir ki, ağı qaraya bu cür yamayırlar. Eləcə də ölkə başçısına məktubla müraciət edəcəyəm ki, Prezidentin adından təqdim olunanlar, heç də o adın səviyyəsində deyil.
Yekunda Vüqar Səfərov cənablarına və KİV-ə Dəstək Fondunun digər üzvlərinə arzum odur ki, kaş fondun büdcəsi kimi onların qəlbi də genişliyi ilə seçilə idi, orada kin, küdurət, qərəz görünməz olaydı.
Son əvəzi: Bu yazını öncə “Azadlıq”, “Yeni müsavat” və digər qəzetlərə yolladım. Lakin oradakı dostlarımız ehmalca bizə başa saldılar ki, prezidentdən tutmuş digər istənilən məmura qədər, necə kəskin yazı təqdim etsən, çap edərik, bircə KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərov cənablarından özgə. Sən demə, il ərzində gah layihə, gah mükafat şəkilində bu kişi bu qəzetlərə 30-50 min manat pul verir(Bəzi redaksiyalara hələ ki, ancaq pul verirlər, belə edirlər, Allah bilir jurnalistlərə ev verəndə nələr olacaq?). Belə anlaşılır ki, Prezident yanında fəaliyyət göstərən fondun pulu ilə prezidenti və digər səlahiyyətliləri gen-bol tənqid etmək olar, amma pulu paylayan Vüqar Səfərov cənablarını yox.
Belə yerdə deyirlər:

“Sən nə yamansan, ay pul,
“Azadlıq”ı, “Musavat”ı da
hərdən yıxansan, ay pul!


Şəkillərdə:

I şəkil- "Cənub xəbərləri" cənub müxalifətçilərinin də sevimli qəzetidir
II şəkil- "Cənub xəbərləri" qəzetindəki yazılar kənd ailələrinin sevimli diskussiya mövzusudur 

Комментариев нет:

Отправить комментарий