07.01.2011

«Xural» qəzeti “Ramiz Mehdiyevə yardım!” kampaniyasına başlayacaq…

Bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «şərəf və ləyaqətini alçaldan, nüfuzuna ciddi xələl gətirən məlumat yayması» iddiası ilə «Xural» qəzeti redaksiyasına qarşı qaldırdığı iddia ərizəsi Nərimanov rayon məhkəməsində hakim Rasim Kazımov tərəfindən heç bir məhkəmə araşdırması aparmadan 02 iyul 2010-cu il tarixli qətnaməsi ilə tam şəkildə təmin olunmuşdu.

Bundan sonra Apelyasiya məhkəməsinə müraciət edən «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı yenidən bu cür situasiya ilə üzləşmiş, Apelyasiya məhkəməsinin hakimi İman Nağıyev heç bir sorğu-sual aparmadan, 10 dəqiqə müddətində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiasını tam olaraq təmin etmiş və qəzetə qarşı qaldırılan 10 min manat təzminatın ödənilməsilə bağlı qərar çıxarmışdı. Ali Məhkəməyə yenidən şikayət ərizəsilə müraciət edən «Xural» qəzeti redaksiyasının əməkdaşları məhkəmənin keçirilmə tarixilə bağlı xəbər gözlədiyi halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Zaur Həmzəyev tərəfindən yazılmış bildiriş alıblar. Bildirişdə deyilir ki, Nərimanov rayon məhkəməsinin 2 (005)-2541/2010 saylı icra vərəqəsində göstərilən tələb 10 gün müddətində könüllü icra olunmazsa, icra məcburi qaydada təmin ediləcək, həmçinin «İcra haqqında» AR Qanununun 82 və 84-cü maddəsinə müvafiq olaraq Əvəz Zeynallının barəsində qanuna müvafiq tədbirlər görüləcək. Z.Həmzəyevin «İcra haqqında» AR Qanununun 7-ci maddəsinin tələblərinə uyğun tərtib etdiyi icraata başlamaq haqda Qərarında bildirilir:
1. Nərimanov rayon məhkəməsinin icra vərəqəsinə əsasən, icra üzrə icraat başlanılsın.
Qeyd: Nərimanov rayon məhkəməsinin qərarına əsasən, «Xural» qəzeti iddiaçı Ramiz Mehdiyevin şərəf və ləyaqətini alçaldan, nüfuzuna ciddi xələl gətirən məlumatları yayması nəticəsində vurduğu mənəvi zərərə görə iddiaçının xeyrinə 10 min manat pul ödəməli və həmin məbləğ «Ümid Yeri» Uşaq Evinə köçürülməlidir.

2. Borclu «Xural» qəzetinə və Zeynalov Əvəz Tapdıq oğluna icra vərəqəsinin 10 gün müddətində könüllü icrası üçün bildiriş verilsin.

3. İcra könüllü təmin edilmədikdə, icra hərəkətlərinin həyata keçirilməsilə bağlı xərclər və icra ödənişi borcludan tutulsun.


Məsələ ilə bağlı «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı münasibət bildirərək, qeyd etdi ki, müstəqil mətbu orqan olaraq «Xural» qəzeti bütün mümkün müqavimət üsullarından istifadə edəcək. Məhkəmənin Ramiz Mehdiyevin xeyrinə qərar çıxardığı 10 min manat cəriməni toplamaq üçün «Ramiz Mehdiyevə yardım!» kampaniyasına başlayacaq. Bütün bunlarla yanaşı, Prezident Administrasiyasının rəhbərinin səlahiyyətlərindən istifadə edərək, müstəqil mətbuatı susdurmaq istiqamətində atdığı addıma etiraz əlaməti olaraq aksiyalar keçirmək üçün beynəlxalq təşkilatlarla məsləhətləşmələrə başlayacaq.

                                                                                                      XuralTAC

Комментариев нет:

Отправить комментарий