19.04.2011

NOVRUZƏLİ MƏMMƏDOVUN OĞLU DƏFN OLUNDU


Mərhum jurnalist Novruzəli Məmmədovun aprelin 16-da Moskvada vəfat etmiş oğlu Emil Məmmədov Astaranın Ərçivan kəndinə dəfn olunub.
Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədovun “Media forum” saytına verdiyi məlumata görə, Emil Məmmədovun cənazəsi aprelin 19-na gecə Moskva-Bakı təyyarə reysi ilə Azərbaycana gətirilib: “Cənazəni aeroportdan Astaranın Ərçivan kəndinə gətirdik. Emil Məmmədov aprelin 19-da kənd qəbiristanlığında dəfn olundu. Dəfndə Astara, Lerik, Lənkəran, Masallı rayonlarından, Bakıdan gəlmiş insanlar iştirak etdilər. Cənazənin Azərbaycana gətirilməsinə Moskvada olan Talış Mədəniyyət Mərkəzi kömək edib”.
Hilal Məmmədov bildirib ki, Emil Məmmədovun yas mərasimi Ərçivan kəndində keçirilir: “Hüzr üç gün davam edəcək”.
Ailənin ikinci - axırıncı övladı olan 37 yaşlı Emil Məmmədov aprelin 16-da Rusiya paytaxtı Moskvada qəflətən keçinib. Hilal Məmmədovun dediyinə görə, Emil Moskvaya anası Məryəm xanımla birgə aprelin 13-də gedibmiş. Onların Moskvadan Avropa ölkələrinin birinə mühacirətə yollanacağı gözlənirmiş.
Novruzəli Məmmədov həbsdə olan zaman, 2007-ci il sentyabrın 8-də ailənin ilk övladı - 36 yaşlı Kamran Məmmədov Bakıda qəflətən vəfat etmişdi.
2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilən Novruzəli Məmmədov 2009-cu il avqustun 17-də Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında vəfat edib. Penitensiar Xidmətin Tibb Baş İdarəsi onun baş-beyin işemik infarktından öldüyünü açıqlayıb.

Комментариев нет:

Отправить комментарий