19.06.2011

“Alman dəftəri” – 1

Elmir  Mirzəyev

“…almanlar çox üstün məziyyətlərə  malikdirlər, lakin onların məfi cəhəti də var — bütün yaxşı işlərində  ifratçılığa mübtəla olaraq, xeyiri şərə çevirirlər”
George Bernard Shaw (1856-1950)
ingilis yazarı
Səfər öncəsi zəruri işlərin siyahısı
Ок! Demək qərara gəldik – gedirəm. Amma yollanmadan öncə bizim adamın edəcəyi zəruri işlər:
  1. Gedəcəyin ölkənin vizasının alinması (bu ayrıca, doktor dissertasiyası səviyyəsində, “qızıl milyard və başqalarının postpostsivilizasiya dövründəki xüsusi münasibətləri” mövzusunda elmi tədqiqat tələb edən məsələdir)
  2. Ən ucuz hava yollarına bilet tapılıb alınması (bu da çox mürəkkəb iş olub, “o nə olan şeydir ki, daima qalxır, amma heç zaman enmir?” – ağlınıza başqa şey gəlməsin lütfən, sadəcə qiymətlərimizi nəzərdə tuturdum – mövzusunda dərin təfərrüatlı tədqiqat tələb edir)
  3. Zəruri ləvazimatın tədarükü (kişilər üçün bu əsasən, “orada” çox baha olan siqaret (ən ucuzu, məsələn West € 4.60) və spirtli içkilərdir, qadınlar üçün isə çox individual olduğu üçün bu mövzuya toxunmuram.
  4. Qarşıdakı səfərdən öncə daxili vəziyyətin dəyişdirilməsi və əhval-ruhiyyənin başqa formata keçirilməsi (çox vacibdir, bizdəki primitiv qurulmuş infrastruktur və cəmiyyətdən başqa formasiyaya hətta məhdud zamanda keçid kifayət qədər çətindir)
Bu siyahını davam etdirmək olardı, amma hələlik burada dayanaq, onsuz da bütün bunlara həyatımız şəkər-bal olmayacaq.
Uzaq (olmayan) ölkə haqda bəzi qeydlər
İntibah dövründən sonrakı dünya tarixində ölkələrin və xalqalrın bir növ çox sadə, təxmini anlaşıqlı və hətta basmaqəlib iyerarxiya tabeliyi nəzərə çarpır – almanlar bu iyerarxiyada onların hələ ilk Rayxı zamanından – Sacrum Imperium Romanum Nationis Teutonicae (dilimizdə bu bur qədər qısaldılmış tərzdə Müqəddəs Roma İmperiyası kimi səslənir, almanca –Heiliges Römisches Reich Deutsches Nation) bəşəriyyətin bir növ intellektual avanqardı rolundadırlar. Onların demək olar ki, gülməli ciddiliyi, artıq dillər əzbəri olmuş iş qabiliyyəti, dəqiqliyi və bununla bərabər dünya mədəniyyəti və texniki tərəqqisinə bu xalqın bəxş etdiyi möhtəşəm töfhələri önündə – bunlar dünya tarixində bütöv plastları təşkil edir – çətin ki, kimsə bununla rzılaşmasın. Burada işlətdiyimiz “Reich” (adətən bu termini, “III Reich” deyilən, Hitlerin yaratdığı İmperiyanı(1933-45) qeyd etmək üçün istifadə edirlər) kəlməsi oxucularımızı gərək hürkütməsin – bu söz almancada bizim “dövlət” kəlməmiz (hörmətli oxucunda bu söz ikrah oyada bilərsə, öncədən üzr istəyirəm) kimi səslənir – mənası həm Dövlət/İmperiya, həm də zənginlik anlayışını verərək, hər iki mənanı özündə ehtiva edir.
Almanlar bunlarla yanaşı başqa sahələrdə də, məsələn hərb sənətində əhəmiyyəti uğurlara nail olmuşlar. Avropalıların (o cümlədən rusların) bir neçə nəsli almanların yaratdığı silahları – o cümlədən bir çox ekzotik silahlar, məsələn 1934-cü ildə doktor Joseph Goebbels tərəfindən yaradılmış Təblğat və Xalq Maarifi Nazirliyi, faktiki olaraq almanların sayəsində hələ 45-in aprelində belə İkinci Dünya Müharibəsində qələbəyə nail olacaqlarına inandıqları “Wunderwaffe” (“möcüzə silah” – alman., təbliğat nazirliyinin o zamanlar ordunun və əhalinin müqavimət əzminin artırılması naminə düşməni tamamilə məhv edə biləcək möcüzəli silahın mövcudluğunun təbliği, burada əsasən almanların 45-in baharında ixtirasına artıq yaxınlaşdığı nüvə silahı nəzərdə tutulurdu, zatən 44-ün payızında artıq Londonu bombalayacaq reaktiv qurğular V¹ və V² hazır idi); hərbi taktikanı, istehkamları, hərbidə texnogen yenilikləri və hətta bir çox zaman başqaları üçün nümunə olmuş alman hərbi formansını heyranlıqla izləyir və əxz edirdilər. Bunlarla bərabər almanların öz gözəlliyi və bədii əhəmiyyəti etibarilə misilsiz hərbi marşları və mahnıları da başqaları üçün daima  bir örnək olamuşdur.
Almanlar haqqında ən çox yayılmış stereotip isə onların pedantik tərzdə nizam-intizama – Ordnung – riayəti barədədir və həqiqətə tamamilə uyğundur. Həyatın bütün aspektlərinin tam qayda-qanuna uyğun olmasına total cəhd onların bir çox müsbət və mənfi milli məziyyətərinin qaynağıdır. Almanların ən böyük problemi isə yumorla əlaqəlidir – onun alman təbiətində demək olar ki, yoxluğu bu toplumu qonşularının sarkastik rişxəndi qarşısında tərki-silah edir – Avropada kifayət qədər geniş yayılmış lətifə, almanların cənnətdə mexanik, cəhənnəmdə isə polis olacağı haqqındadır. Fransızlar isə bunu –“biz yaşamaq üçün işləyirik, qonşularımız almanlar isə işləmək üçün yaşayırlar” – kimi xarakterizə edərlər. Ünsiyyət zamanı alman yumoru ilə bircə dəfə 2006-cı ildə rastlaşdım, o da Berlin küçələrində “Dresdner Bank”ı axtararkən onun harada yerləşdiyini sorduğum adam çox ciddi şəkildə – “öncə deyin görüm Kalaşnikov və ya bombanız varmı? Bunlarsız bankı soruşmaq qeyri-ciddidir” – söyləmişdi.
Tutalım İngiltərədə indiyədək sir və yaxud per titulları mövcuddursa və hətta bu titulların daşıyıcıları bununla başqalarını valeh edə bilərlərsə (dəxlisiz olsa da, yadıma bizim Xalq Artisti düşdü), Almaniyada bunun tam əksinə olaraq bir zaman aristokratizmi ehtiva edən “von” önşəkilçi bir imtiyaz kimi artıq heç kimi maraqlandırmir və funksionallığını tamailə itirib. Bu gün, burada əyan titullarının yerini almış elmi-akademik “Herr Doctor” və “Herr Professor” adları, görünür bir zamanlar mövcud olmuş “hersoq” və ya “baron”dan heç də pis səslənmir. Həm də nəzərə almaq lazımdır ki, kiminsə iki müxtəlif elmi dərəcəsi varsa, onu ikiqat doktor deyə cağıracaqlar! Məsələn, bu ölkənin Bakıdakı keçmiş səfiri herr professor, doktor və doktor Klaus W. Grewlich belələrindən idi. Düşünürəm ki, bu müşahidələrimlə oxucunu bir qədər ovundura bildim – görünür titul və elmi dərəcə ovuna çıxmaq məziyyəti yalnız azərbaycanlılara məxsus deyilmiş.
Almanlarda başqa mədəniyyətlərə böyük maraq və onları anlamaq istəyi var, onlar həvəslə xarici, təbii ki, ilk növbədə avropa dillərini öyrənirlər. Lingvistik nöqteyi-nəzərdən bu xalqın adı da qəribədir – ingiliscə “german”, fransızca “allemand”, italyanca “tedesco”, rusca «немец», öz dillərində isə “Deutsche”. Belə çıxır ki, “Reich” kəlməsindən başqa burada da oxşarlığımız var, belə ki qonşularımız farslar və ermənilər bizə “türk”, gürcülər “tatar” (yeri gəlmişkən “tatrebi” kəlməsi artıq hüquqi dövlətə çerilmək istəyən Gürcüstanda cinayət sayılır, təqdirəlayiqdir), türklər və avropalılar “azeri”, keçmiş sovetlərdəkilər isə “azərbaycanlı” deyir – özümüz isə bu konuda mübahisələrimizi nəticəsiz olaraq hələ də davam etdirməkdəyik, nəsə…
Alman dilindən birbaşa olmasa da (əlbəttə ki, rus dili vasitəsilə), lakin indiyədək dilimizdə işlənən bir çox sözlər keçmişdir, məsələn: abzas (Absatz), müştük (Mundstück), şlaqbaum (Schlagbaum) və s., bunlardan başqa almancada Freier(frayer) kəlməsi də var – hərdən bəzi vətəndaşlarımız işlədir deyə xatırladıq – bunun mənası sadəcə adaxlıdır.

Комментариев нет:

Отправить комментарий