20.06.2011

Borc

Əfsanə Laçın

  Aylar keçir,il dolanır,yeni nağıllar yaranır.Bu nağılların içindən ən gözəlin seçərəm,sizə nağıl biçərəm.
  Murad doğulanda valideynləri çox sevinirdi.Axı,Murad onların ilk uşağı idi.Muradın uzun kiprikləri,yaşıl,iri gözləri,qızılı saçları,yumru ağ üzü,onu hamının –qonum-qoşunun,qohumların  sevimlisinə çevrmişdi.
  Muradın valideynləri sirli-sehrli Bakı şəhərinin,Saray qəsəbəsində şən-firavan yaşayırdılar.Atası Sabir kişi qəzetdə redaktor,anası Məryəm xanım isə bağçada müəllimə işləyirdi.Gün-güzəranları pis keçmirdi.
  Murad hər səhər anası ilə birgə bağçaya gedir,oradakı uşaqlarla oynayırdı.
  Onun 5 yaşı olanda bacıları Ayşən və Gülşən dünyaya gəldi.Bacılar bir-birlərinə çox oxşasa da Murada heç oxşamırdılar.Onlar hər ikisi də kürən idi.Hər ikisinin də sıx kiprikləri,qara gözləri,şabalıdı,qıvrım saçları var idi.
  Murad bacılarını çox sevir,onlara baxmaq üçün anasına kömək edirdi.
 Beləcə günlər,aylar,illər bir-birini qova-qova ötüb keçirdi.Artıq çox vaxt keçmişdi.Murad 9-cu sinifdə oxuyurdu.Özü də çox yaxşı.Bütün müəllimlər ondan razı idi.Bacıları da pis oxumurdu.
  Muradın atası bərk xəstələndi.Xoş günlər bitdi.Həkimlər deyirdi ki,ürəyi xəstədi,çox yaşamayacaq.Sabir kişi daha işə də getmirdi,yataq xəstəsi idi.Məryəm xanım onun bu halına dözə bilmir,fikir edirdi.Elə uşaqlar da atalarının bu vəziyyətinə dözə bilmirdi.
  Məryəm xanım ailəni təkbaşına dolandırmağa çətinlik çəkir,dava-dərmana pul çatmırdı.Uşaqlar atalarını itirməkdən çox qorxurdular.Düşündükləri başlarına gəldi.Sabir kişi vəfat etdi.
  Ailə başçısının vəfatı onları çox sarsıtmışdı.Bir müddət özlərinə gələ bilmir,hər gün qəbirsanlığa ziyarətə gedirdilər.
  Murad məktəbi bitirdi.Rəssamlıq Akademiyasına daxil oldu.Sənə deməyi unutmuşdum,əziz oxucum.Murad uşaqlıqdan çox gözəl şəkillər çəkərdi.Dəfələrlə rəsm müsabiqələrində qalib olmuşdu.Diplomları var idi.
  Murad Akademiyaya daxil olanda bacıları hələ orta məktbdə oxuyurdu.O, anasına kömək etmək üçün dərsdən sonra işləyirdi.Oteldə gecə nəzarətçisi işləyir,şəhərin mərkəzi küçələrində çəkdiyi şəkilləri satırdı.Amma elə əsərləri var idi ki,onları satmağa ürəyi gəlmirdi.
  Bir gün Murad yenə bir neçə əsərini qoltuğuna vurub,şəhərə çıxmışdı.Deyirdi bəlkə heç olmasa birini sata .Ona bacılarına ayaqqabı almaq üçün pul lazım idi.Elə təzəcə yerini rahatlamışdı ki,ona orta yaşlı,nəcib,səliqəli geyimli,ucaboylu bir kişi yaxınlaşdı.Bu təxminən Murad 3-cü kursda oxuyanda baş vermişdi.O,Muradın rəsmlərinə böyük maraq və diqqətlə baxırdı.Çox xoşuna gəlmişdi.O,Murada dedi:
 -Oğlum adın nədi?
 -Murad:Muraddı əmican.
 -Hə,mən isə Tale İsayevəm.
-Murad:əmi,deyəsən,rəssamlıqdan yaxşı başınız çıxır.
-İ.Tale:Hə elədi.Mən sənin digər əsərlərini də görə bilərəm?
-Murad:Hə,əlbətdə
-İ.Tale:Bəs,nə vaxt?Bir vaxt de,görüşək.
-Murad:Elə indi.Şəkilləri yığışdırım gedək.
-İ.Tale:Lap yaxşı.
Tale kişi Muradın xoşuna gəlmişdi.Yadlıq hiss etmirdi.Ona elə gəlirdi ki,Tale kişini çoxdan,lap uşaqlıqdan tanıyır.
  Murad Tale kişini evlərinə gətirdi.Məryəm xanım,Ayşən,Gülşən Tale kişini  öz doğmaları kimi qarşıladılar.Gülşən süfrə hazırladı,çay gətirdi.Çox qəşəngləşmişdi.Şabalıdı,qıvrım saçlarını çiyinlərinə tökmüşdü.Kürən olmağı onu daha da şirin göstərirdi.Hələ uca boyunu demirəm.Ayşən də elə onun eynisi idi.Elə bil bir  almadı,ikiyə bölmüsən.
  Məryəm xanım süfrənin bir küncündə oturub,fəxrlə oğluna baxırdı.Hərdən də asta-asta deyirdi:Atan bu günləri görsəydi,çox sevinirdi.Məryəm xanım çox qocalmışdı.Saçları ağarmış,gözləri çuxura batmışdı.Həm də xəstə idi.Fikir onu əldən salmışdı.Daha işləmirdi də.
  Tale kişi onları yaxından tanımaq üçün suallar verirdi.Hamısı ilə söhbət etməyə çalışırdı.Xüsusi ilə Muradla.Tale kişi soruşdu:Ayşən,qızım,harda oxuyursan?Ayşən çox gülərüz,şən qız idi.Ona verilən,verilməyən bütün suallara cavab verirdi.
  Ayşən:Mən Universitetdə oxuyuram.Jurnalist olacam.Gülşən modelyer olacaq.İncəsənət İnstitutunda oxuyur.Murad da ki,bildiyiniz kimi rəssamdı.Akademiyada təhsil alır.
  Bir qədər söhbətdən sonra Murad Tale kişini öz otağına dəvət etdi.Otağın hər tərəfi rəngli tablolarla dolu idi.Tale kişi Muradın bacarığına heyran qalmışdı.O deyirdi:Sən böyük rəssam olacaqsan.Gələcəyin parlaqdır.
  Hava yavaş-yavaş qaralırdı.Tale kişi dedi:Daha mən gedim,gecdi.Çox sevindim ki,sizi tanıdım.Ömrünüz uzun olsun.
  Ayşən Muradın başı üstündən boylanıb qışqırdı:
  Yenə gəlin,gözləyəcəyik.
  O gündən sonra Tale kişi Murada tez-tez baş çəkirdi.Fəsillər bir-birini əvəz edirdi.Qışın növbəsi gəlib,çatmışdı.Hər yanı qar örtmüşdü.Damlardan,ağaclardan buz sallanırdı.Axşam saat 8 olardı.
  Murad evdə oturub kitab oxuyurdu.Birdən qapı döyüldü.Qapını açmağa Murad özü çıxdı.Qapıda rəsmi geyimli iki nəfər dayanmışdı.Onlar Muradın əsərlərinə baxış keçirib,qeydlər apardılar.Murada onun sərgisini təşkil etmək istədiklərini dedilər.Əgər uğurlu olsa,iş birliyini davam etdirəcəklərini bildirdilər.
  Heç kim belə təklifi rədd etməzdi.Elə Murad da fürsəti  əldən vermədi.Muradın ilk sərgisi keçirildi.O,artıq Akademiyanı bitirdi.Sərgi bəyənilmişdi.Nə qədər əsər satılmışdı.Tale kişi  də Muradın sevincini bölüşməyə gəlmişdi.
 İkinci sərgiyə hazırlıqlar başlamışdı ki,bədbəxtlik üz verdi.Məryəm xanım  dünyasını  dəyişdi.Artıq qızların  məsuliyyəti Muradın üstünə düşmüşdü.Bacılarını hamıdan,hər şeydən qorumağa çalışırdı.Tale kişi Muradı tək qoymurdu,sevincini,dərdini də bölüşürdü.Artıq ata-bala kimi  olmuşdular.
  Ayşən də Gülşən də təhsillərini başa vurmuşdular.İxtisaslarına uyğun  iş də tapmışdılar.Muradın da uğuları günü-gündən artırdı.
  Tale kişi  xəstələnmişdi.Arvadı Xatun xanım Murada zəng edib,Tale kişinin onu görmək istədiyini dedi:
 Bir saat  keçməmişdi ki,Murad tələm-tələsik özünü Tale kişinin yanına çatdırdı.
 Tale kişi  asta səslə Murada deyirdi:
Oğlum uşaq vaxtı atan səni bizim mətbəə tez-tez gətirərdi.O qədər  səninlə oynamışıq.Dəcəlliklərin yadımdadı.Bilirsən,sənin atan çox yaxşı adam idi.Hamıya yaxşılıq edərdi,elə mənə də az köməyi olmayıb.Ömrü qısa oldu,borcundan çıxa bilmədim.Nə edə  bilərik,qismət belə imiş.Amma bu məni çox incidirdi.Özümü ağır yükün altında hesab edirdim.Atana olan borcumu sənə qaytarmaq istədim.Düşündüm ki,onun ruhu şad olar.Allaha da xoş gedər.Bu sözləri demişdi ki,nəfəsi kəsildi,gözləri yumuldu,qolları yanına düşdü.O da Sabir kişi kimi vəfat etdi.Xatun xanımın hıçqırtısı evi bürümüşdü.Murad səssiz ağlayır,başa düşürdü ki,bütün uğurlarının səbəbkarı Tale kişidi.Həm də artıq bilirdi,nə üçün onu özünə bu qədər doğma bilmişdi.Rəsmi geyimli o iki adam da onun məsləhəti ilə Muradı gəlib tapmışdı.
  Tale kişi gec ailə qurmuşdu.İki məktəbli oğlu var idi.Uşaqlar analarına sığınıb ağlayırdılar.
  Murad özünü topladı,ağlayan köməksiz uşaqlara baxdı. Atasını itirdiyi günü xatırladı.Tale kişinin çarpayısına tərəf çevrilib,pıçıltı ilə dedi:Mən də borcumu qaytaracam!Mütləq qaytaracam!
  Bu nağılı oxumuram ki,mışıl-mışıl yatasan.Oxuyuram ki, fikirləşib ağıllı yol tapasan.  

Комментариев нет:

Отправить комментарий