18.06.2011

Fil üstündə dovşan

Hafiz Mirzə                Professional Oxucu Liqası

Hər il bir heyvanın üzərində təhvil olur. Sanki həyat və dünya elə bu heyvanların çıynindədir və hər şey onlar üçündür! Çünki arasında insan üzərində təhvil olanı heç yoxdur. Hər hansı formada kobud, vəhşi, anlaşıqsız, insana yaraşmayan pis hərəkətlər eləmiş adamı “heyvan” sözü ilə yamanlayırıq. Ancaq... Büsbütün 365 gün sürəcək ilimizə hansısa heyvanın adını verməklə ilimizi də qabaqcadan yamanlamırıqmı? Sonra da otur və təhqir etdiyin ildən nəsə bir uğur gözlə! Görəsən il nə üçün məhz heyvan üzərində təhvil olmalıdır? Yenə gül-çiçəyə, mer-meyvəyə, ağaca, bitkiyə aid edilərsə, adamın elə də keyfinə dəyməzdi. Heyvan adı daşıyan bir ili gəl indi əsil insan kimi yaşa! İnsanlığın işi onsuz da çətindir. Amma... Bəlkə də insanlığın bir sıra heyvanlardan götürməli olduğu bəzi müsbət cəhətlər var və ya hər bir adam öz xarakteri etibarı ilə hansısa heyvanı xatırladır. İti, pişiyi, atı, meymunu, öküzü, donuzu, dövşanı,.. Zarafatsız belədir! Cari ilimiz dovşan ili adlanır. Biz dovşan sevən xalqıqmı? Heç xaraktercə də dovşanla çox əlaqəmiz olmaz. Bizimki daha çox aslanladır, şirlədir,.. “Aslan” adam adı da var, soyadı da. Dovşan isə... Məsələn, ruslarda heç olmasa “Zaytsev”, “Trusov” soyadları var. Lakin tülküyə, çaqqala, eşşəyə olduğundan fərqli olaraq biz dovşana qarşı biganə də deyilikmişik. O gün Bakı küçələrində əlinə qəfəs tutub balaca dovşan satan bir zirək oğlanla rastlaşdım. Almayacağım özümə gün kimi aydın olsa da qiymətini soruşmaqdan qalmadım. 30 manat – 4 ədəd yeməli kənd toyuğunun qiymətinə! Qorxudan bütün vicudu əsən balaca bir dovşana belə böyük qiymət verməyimiz məncə bizim dovşana olan çox böyük rəğbətimizin göstəricisidir. Bu heç də ona görə deyil ki, bir millət olaraq xarakterimizdə dovşandan nəsə çox şeylər var. Sadəcə, ölkəmiz dovşanlar üçün çox münasib yerdir. Məsələn, Hindistan fillərin yaşaması üçün daha çox münasibdir. Amma Hindistan fillər diyarı olsa da, adamları heç də fil kimi qüvvətli və qüdrətli deyil. Lakin hər heyvanın daha çox mövcud olduğu ölkəyə heç bir təsirinin olmaması da inandırıcı sayılmaz. Hindistan əhalisinin durmadan böyüməsi tamam təsadüf deyil ki! Təəccüblüdür, bizdə heç zooparkda və ya sirkdə də fil balalamır. Ancaq fil qüdrətli adamlarımız var! Təbiətin ən kiçik, ən qorxaq, hürkək məməlisi ilə həcmcə ən böyük, qüvvət və qüdrət etibarı ilə ən zırpısı arasında heç bir yaxınlıq olmasa da, təkcə bizim elə insanlarımız da var ki, özündə hər iki heyvanın xarakterik əlamətlərini daşıyır. Baxır yerinə, məqamına və istəyinə. Bəzi soydaşlarımız yer var ki, orada dovşan kimi qorxaq, yer də var ki, orada fildən betər qüvvətli olurlar. Məsələn, Moskva bazarında başı qırxıq bir idmançı və ya əli dəyənəkli bir xüsusi xidmət əskərini görən 15 nəfər milli alverçimizin eyni zamanda 15-nin də ürəyi guppultu ilə düşəcək, dizləri əsəcək, şalvarı islanacaq. Amma baldırı açıq bir rus qızını 15 nəfərlik mühafizəçinin əhatəsində görsə də “Qarabala” öz təkliyini heç vecinə almadan ona hökmən söz atacaq. Bir hind filmi vardı - “Fillər mənim dostumdur”. Nə qədər dovşanşünas olsaq da o filmdə fillər üçün riqqətə gəlirdik. Bu da filxasiyyət olmağımızın bir göstəricisidir. Beləcə, fil ilə dövşan bir çoxumuzun həyatının yaşam simvoluna çevrilib. İşlərimiz də çox vaxt elə fil üstündə dovşan kimi gedir. Yəni fil kimi göründüyümüz halda bir anda dovşan kimi də ola və görünə bilirik. Və ya əksinə. Əsas odur ki, əvvəlcə fil kimi oluruq. Buna görə də “fil üstündə dovşan” ifadəsi məhz bizdə yaranıb. Çoxlarının “filsifətliyi” olmasa “dovşansifətliyini”, “dovşansifətliyi” olmasa, “filsifətliyini” biruzə və işə verə bilməz. Haradasa oxumuşdum ki, böyük məqsədlər naminə bəzən kiçik qurbanlar vermək lazım gəlir. Heç demə bunun Azərbaycansayağı yozumu da varmış. Yəni, fil üstündə dovşan! Rəhmətlik yazıçı Əlibala Hacızadənin sovet dövründə kitabları 100 min tirajla nəşr olunur, amma yenə də defisitlə satılırdı. Yüz minlik oxucu ordusundan indi ortada heç min nəfər də qalmayıb. Nə isə. Hə, Əlibala müəllimin “İtkin gəlin” kitabı təzəcə nəşr olunmuşdu. Axtarıb onu Yasamalda, Şərifzadə küçəsindəki kitab mağazasında tapdıq. Ancaq satıcı onu ele-belə satmırdı. Bu kitabı almaq istəyən şəxs Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevin “Kiçik torpaq” və “Dirçəliş” kitablarını da almağa məcbur idi. Fil üstündə dovşan kimi! Sonralar bu cür alver üsulu ilə digər sahələrdə də çox rastlaşdım. Məsələn, az tapılan “Ayı pəncəsi” şokoladından almaq istəyirsənsə, buyur, bizim Bakı qənnadı fabrikinin buraxdığı daş kimi irisdən də al. Dünya ticarət sistemində bunun bərabərinə rast gəlməzsən. Bir ingilisə, almana, fransıza ticarətin bu forması barədə danışsan heç cür anlamaz, özünü başa düşməyə məcbur eləsə beyninin zəka matrisi pozular. Bizim üçün isə bu adi məsələdir. Bütün dünya 2+2-nin 4-ə bərabər olduğuna əmin olsa da, məhz bir azərbaycanlı alim – Lütfüzadə özünün qeyri-səlis fəlsəfəsi, riyaziyatı, fizikası ilə sübut elədi ki, bu misalın nəticəsi bəzən “5” də edə bilir, “3” də. Eləcə də bu “fil üstündə dovşan” fəlsəfəsi! Diqqət verdikdə bir çoxunun həyatı büsbütün fil üstündə dovşan kimidir. Hər halda dovşan üstündə fil anlayışı heç cür ağlabatan deyil. O halda “dovşançılıq” “filçiliyin” altında tamam görünməz və bilinməz olardı. Fiziki cəhətdən də dovşan üstdə qala bilər, amma filin altında qala bilməz. Amma məhz bizdə bəzən əksinə də olur. Yəni kiçik bir məqsədə çatmaq üçün böyük qurbanlar verilir. Şou-biznesdə böyük uğurlar qazanmaq istəyən bir müğənni qadın ondan da böyük olan namusunu, ismətini, ləyaqətini menecerlərinə, imkanlı sponsorlara, Şadlıq sarayı direktoruna, administratoruna, TV rəhbərliyinə, çevik iş adamlarına qurban vermirmi? Verir! Hətta xahiş-minnətlə verir! Tamaşaçıya isə zn azından bədəninin orasını –burasını nümayiş etdirməklə rəğbətini qazanmağa çalışır. Belə müğənninin sonra paklıqdan, saflıqdan, nə bilim, düz ilqardan dəm vuraraq oxuyacağı mahnı dəyəcək onun öz təpəsinə! Kürd müğənni Əhməd Qayanın bir mahnısı ilə minlərlə gənc dağlara qalxır, PKK-ya qoşulurdu. Bizdə isə Faiq Ağayev Vətənpərvərlik haqda mahnı oxusun, görüm kim evindən bayıra çıxır. Götürək idmançını. Çempion olmaqdan ötrü o fiziki hazırlıqdan əlavə hökmən pul xərcləməli, dopinq və ya digər vasitələrdən istifadə etməlidir. Pul xərcləməsə, yəni “dovşan” qurban verməsə, çempionluq, yəni “fil” əldə edə bilməyəcək. Onu heç yığmaya da qəbul etməyəcəklər. Cavan şair ədəbiyyata qədəm qoymaq üçün hökmən kiminsə “bığının” altından keçməlidir. Ədəbiyyata yaltaqlıq və rüşvətlə gələn, yəni guya ki, “dovşanını”, amma əslində “filini” qurban verən şairin gələcəyini təsəvvür edirsiniz də! Ona görə də onun Vətənpərvərlikdən, mərdlikdən, qəhrəmanlıqdan dəm vuran şeirlərini əzbərləmiş gənclər sonra əskərliyə getmək istəmir, gedərsə erməni tankının tırtıl səslərini eşidəndə qorxudan tumanını batırır və ya “mərdliklə bala başı saxlamaq olmaz” fəlsəfəsini özünün həyat kredosuna çevirir. Niyə? Çünki o şairin şeirlərindən əxz etdiyi “fil” əslində o şair kimi dovşan ürəklidir, vəssəlam. Mən hələ bəzi siyasətçiləri demirəm. İqtidarda ikən qorxudan əli müxalifətin cibindədir və ya əksinə, müxalifətdə otursa da iqtidarın buyruqlarına xidmət edir. Bu kimi hallarda filin altda və ya üstdə olduğunu dəqiqləşdirmək çətindir. Burası Azərbaycan! Burada dovşana fil də şələləmək olar və heç dovşanın beli də səpməz. “Fil üstündə dovşan” fəlsəfəsi (və ya əksinə) haralara nüfuz etmir ki?! Sovet dövründə ailə üzvünü qəhrəman sağıcı, pambıqçı, tərəvəzçi və ya çayçı etməkdən ötrü onun əməyinə hamı öz əməyini qatırdı. Yəni öz işlərini də onun adına yazdırırdılar. Bu “dovşanların” sayəsində “fil” əldə etmək mümkün olurdu. Yoxsa ki, tək adam öz başına bir beşillikdə iki beşilliyin planını necə yerinə yetirə bilərdi?
Tələbəsindən rüşvət alan əzazil ali məktəb müəllimi sizcə bir anda dönüb nə olur? Ay sağ ol, bəli, “ondan”, yəni boz dovşan! Və şəxsən heç tanımadığı halda “Dədənə salam deyərsən!” ismarıcı ilə qımışır da!
Ötən ay Dövlət Yol Polisi dostumun maşınımı saxlatdırdı. Sarı işıqda yolu keçmişdi. Bir fil boyda cərimə qulağının dibində hazır idi. Amma dostum çıxardıb öz ovcuna iyirmi manat pul qoydu və Yol polisinə həmin əlini uzadıb onunla köhnə tanışlar kimi görüşdü. Bu rüşvətin (“dovşanın”) müqabilində polis bir anda dəyişib “dovşan” oldu və nə deyəcəyini də unudub, həm də çaşaraq, içərisinə pul ötürülmüş əlini gicgahına apardı və ona hərbi qaydada təzim edib, yaxşı yol arzuladı. Hərbi təzim demişkən, əskəri xidmətdə ikən evə baş çəkmək (“fil” qazanmaq) istəyirsənsə, buyur, əlin cibində olsun. Çıxardıb komandırə bir-iki “dovşan” verirsən, sonra hər ikiniz olursunuz “dovşan”. O dovşan kimi qımışır və bu pulu seyfindəki pulların üstünə əlavə etməkdən ötrü hoppanaraq kabinetinə tələsir, sən isə taqım yoldaşlarını atıb “dovşan” kimi aradan çıxırsan.
Yüksək vəzifələr, ali mənsəb, titul (“fil”) əldə etməkdən ötrü hökmən yaltaqlanmaq ( qorxaq dovşana çevrilmək) lazım gəlir. Beləcə fil olandan sonra kimi istəsən ayaqların altında əzə bilərsən. Alçala-alçala ucalmaq prinsipi. Gözəl imarət, bahalı maşın, yaraşıqlı aşna, beşulduz otellər, əsrarəngiz adalar – böyük arzulardır! Bunlara nail olmaq iddiasında olan çox adam var ki, bundan da uca olan imanını, əqidəsini, əxlaqını, kişiliyini qurban verir. Eləsi üçün bu qurbanlar bir dovşan qədər kiçik məsələdir... təki alınsın. 
Bəzi jurnalistlərin işi daha çətindir. Onlar bəzi məmurların üzərinə quzgun kimi şığısalar da, səsləri çox ucadan gəlsə də, ağızlarına çullu dovşan sığmasa da, arxasında fil kimi böyük bir qüvvə dayanmasa, çullu dovşan qədər səsi çıxmaz. Bir məmurun qələmi jurnalistin gözünə soxduğu yaxın keçmişi xatırlayırsınız. Sonra ona verilən rüşvətin müqabilində o yazar bir dovşana döndü və şikayətini geri götürdü. Zalım qələm təsadüfən onun gözünə toxunubmuş! Ay gidi dovşan, fili də sındıra bilirsənmiş! Hətta bütün həyatı boyu rüşvətə (“dovşana”) nifrət dolu əsərlər yazan bəzi şair və yazıçılar da var ki, nəhayət onun özünə də rüşvət təklif edən kimi sınır, sarsılır, əyilir,..
Bizdə belə bir məsəl var: “Adəmi adəm eləyən parədir, parəsiz Adəmin üzü qarədir!” Bir başqa yerdə belə məsələ rast gəlməzsən və bunu bu qədər lakonik şəkildə heç bir dilə tərcümə etməyi də kimsə bacarmaz. Böyük para – çoxlu pul qazanmaq üçün isə əvvəlcə xırda rüşvət (“dovşan”) verməyi bacarmalısan. Yoxsa Adəmin üzü heç ağarmayacaq və olacaq Qarabala! Korrupsiyaya (filə) doğru yol rüşvətdən (dovşandan) başlanır. 
Həyatımızın bu adiliyinə vərdiş eləmişdik. Amma indi... Mənim üçün çox qəribə olan “Dovşan ili”ndə korupsiyaya qarşı mübarizə (fil) aparılmasıdır. Bizim üşün fil ilə dovşan ayrılmaz atributlardır axı.
Bizim işimiz necə olacaq görəsən?
Fil olmaqdan başqa yol qalmır, qardaş, hətta dovşan ilində də! Alnı açıq, üzü ağ, vicdanı təmiz, imanı kamil!
Fil olaq, cənablar, fil olaq!

Комментариев нет:

Отправить комментарий