18.06.2011

Sənə ədəbiyyat lazımdı?


İbrahim Sel
Professional Oxucu Liqası

 Yaxşı şair olmasını arzulamaqdan başqa heç bir amacımızın olmadığı Əlizadə Nuriyə 6-cı ədəbiyyat dərsi                                  

Əgər alınmırsa, get özünə başqa sənət tap! Konkret!

 Axır vaxtlara qədər mən poeziyanı ürəklə yox, beyinlə oxuyurdum, yəni sənət kriterilərindən yanaşırdım şeirə, onunçün də oxudan ləzzət ala bilmirdim. İndi səmimi” şeirlər axtarıram oxumağa- yəni, indi o şeirləri xoşlayıram ki, onlar sənətçün yazılmayıb, qurulmayıb, içdən gəldiyi kimi də kağıza köçürülüb. Yəqin ki elə bu da yaşın keçməsiylə bağlıdı.
 Bir çox şairlər ona görə uğur qazanmışdılar ki, onların səmimiyyətinə inanmışdılar. Mən Şəhriyarın, Əliağa Kürçaylının səmimiyyətinə inanıram, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin səmimiyyətinə isə inanmıram. Kim mənə inanmırsa, getsin onları bir də oxusun, diqqətlə müqayisələr aparsın. Özüm də yazıram, amma noolsun?!- heç nədi! Şeirdə uğur qazanmaq məsələsi heç vaxt ağlımdan keçməyib. Heç şair olmaq da cəlbedici deyil. Düşünürəm ki, şairlik insanın başına bir hadisə kimi gəlir, bir qəza kimi baş verir. Bu sözləri, Əlzada müəllim, yaxşı-yaxşı yadda saxlamağınız gərəkdir, çünki axırda bir də xatırlatmalı olacağıq. Əgər yanınızda bloknotunuz varsa qeyd aparıb saxlamağınız da pis olmaz. Diqqətinizi cəmlədinizmi? Dekorasiyalar yerindəmi? Onda getdik. Motor! Məncə şeirdə uğur qazanmağın heç bir yolu-zadı yoxdu, sən elə durduğun yerdə birdən-birə şair olursan, vəssalam. Və təbii ki şair olursansa, deməli, sənin öz intonasiyan və informasiyan, öz düşüncə tərzin olur, elə deyil? Uğurlu nəsrə bəlkə də yavaş-yavaş, axtarışlar apara-apara, püxtələşə-püxtələşə gəlib çıxmaq olar, uğurlu şeirə isə adam birdən gəlir- hop! -nə özünün, nə də başqalarının gözləmədiyi halda. Şairin inkişaf eləməsi məsələsini qəbul eləmirəm. Harda inkişaf eləmiş şair görsən, bil ki onun inkişaf mərhələsinin şeirləri özünün deyil, oğurluqdur. Yeni formatda özünü xalqa soxuşdurmaq istəyir.
 Sizə elə gəlmirmi Azərbaycan ədəbiyyatında mövzu kasadlığı var? Ola bilsin ki, mən səhv eləyirəm. Ancaq bildiyimə görə, Leyli və Məcnunun 600-ə qədər variantı olub. Deməli, bu mövzu böyük bir ədəbi epoxanı məşğul eləyib. Qəribə də olsa, siz hələ də bu mövzunun artıq cırılıb-dağılmış şinelindən çıxa bilmirsiz. Bir dəfə ədəbiyyatımızın yan keçdiyi mövzuları çeşidləmək istəyəndə çətinlik çəkdim. Bizim həm göylə əlləşən, həm də yerlə sürünən ədəbiyyatımızın cığırları sanki eynidi, bir-birinin təkrarıdı. Elə bil ki ədəbiyyatımız mövzu etibarilə haçandı ki rahat bir yolla gəlir və bu ədəbiyyat sanki heç vaxt “qəzaya uğramayıb”. Qəzaya uğrayaraq o rahat yolun qıraqlarına dımırlanmayıb. Əlbəttə ki bəzi yoldansapmalar”ı istisna eləyirəm.
 “İndiki zamanda bizə dərvişlər lazım deyil. Vətənpərvərlik əclaflar üçün sığınacaq yeri olduğu kimi, qorxaq şairlərin də sığınacaq yeri dərviş hücrəsidir”- deyir tanınmış ədəbiyyatşünas Kənan Hacı.
 Filogenez-ontogenez hadisəsi mövcuddur. Demək, ana bətnindəki uşaq Darvinçilərin təkamül nəzəriyyəsindəki bəşər insanının keçdiyi “minilər” mərhələlərini birbəbir və sürətlə keçir. Əgər ontogenezdə (tarixdə) min illərlə insan dördayaqlıya bənzər yaşamışsa (“ağıllı insan”dan öncə), ana bətnində ikicə ayın içində həmin mərhələni keçir, digər mərhələni daha iki ay... Beləcə, insan necə ki milyonlarla ilə bugünkü formasını alıb, eləcə döl bir neçə aya həmin mərhələləri sürətlə yaşayıb ötür.
 Belə bir müvafiqlik aşkar edən bioloq-darvinçilərin teoriyasını kültürləşdirə bilərik. Hərçənd sosial darvinçilik məlumdur, kültürəl darvinçilik yəqin ki eşitməmisiniz, Əlzada müəllim. Feodalizmi keçmədən quldarlıqdan birbaşa kapitalizmə keçmiş xalqlar var, bilirsiniz... Bəzən deyirlər Azərbaycan ədəbiyyatı hələ filan mərhələni keçməyib, necə ola bilər ki birbaşa postmodernizmə adlasın. Yəni bunu eşidiblər ki, postmodernizm Qərbdə iki əsr sürüb, iddia edirlər ki, Azərbaycanda da filan qədər sürməli, davam etməlidir.
 Məncə belə deyil. Qosqocaman modernizm mərhələsini bizim kimi ucqar xalqlarda bir müəllif bir kitabla da yaşada bilər. Necə ki Həmid Herisçi və İlhamiyyə Rzayeva “Gecə kanalı”nda yaşatdılar. Filogenez-ontogenez kimi...
 Lap düzünə baxanda hər şeyi Azərbaycan adına düşünmək düz deyil. Niyə Azərbaycanın şairi sənin günündədi? Niyə Azərbaycanın musiqisi yoxdu, niyə ədəbiyyatı yoxdu, niyə futbolu yoxdu? Yoxdu, yoxdu da… Sənə ədəbiyyat lazımdırsa, o gərək elə Azərbaycanda olsun? Get kitabxanadan fransız ədəbiyyatı tap oxu. Siz heç “Səfillər”lə tanışsınızmı? Viktor Hüqo 1 nömrədi, elə deyil? Hüqonu oxumayan ziyalı ziyalı, Dostoyevskini oxumayan hüquqşünas hüquqşünas, “Sion müdriklərinin protokolları”nı oxumayan jurnalist isə jurnalist sayıla bilməz. Sənə musiqi lazımdırsa və bizdə yoxdusa, onu Avropa radiolarında arayıb dinlə. Heç türk mahnıları da pis deyil. Siz heç youtube.com-da çeçenlərin necə oynamağına baxmısınızmı? Hassa! Çanaq antenanız varsa heç olmasa Qroznı kanalına girib onların kliplərinə baxın. Çeçen qadınlarının mahnı ifa edərkən əli ilə etdiyi bir hərəkətdə çox qadınlıq vardır, nəinki bizim yüz kiloloq müğənniciklərimizin bir saat səhnədə atılıb düşməsində. Milli təəssübkeşlik heç də həmişə məcburi deyil. Nədən biz o iddiadayıq ki, bu balaca ölkədə hər şey olmalıdı- böyük ədəbiyyat da, böyük musiqi də, böyük elm də və sair və iliaxır? Neyləməli, elə coğrafiya var ki, orda “torpaq yetişdirmir”. Bizdən asılı olmayan şeylər də var axı. Axı burda möcüzə də baş vermir- “fiziklərimizin” başına göydən üç alma düşmür. Neyləməli.
 Yəni, Azərbaycan ədəbiyyatının vəziyyəti qətiyyən səni maraqlandırmasın. Bu “vəziyyətin” yanından keçib dünya səviyyəsində ortaya çıxan Pərviz Yusif kimi yazıçılarımız, Həmid Herisçi kimi publisistlərimiz, Firudin Gilar Bəg kimi araşdırmaçılarımız, lap İbrahim Sel kimi oxucularımız varsa, demək hələ son deyil. Bu cür insanların tək-tük olması da kifayətdi.
***
 Niyə görə yazıram? Əslində tənqid mənim yemim deyil. Çağdaş ədəbi kritikamızın vəziyyəti acınacaqlıdır, və elə əsas faciələr də ondan başlayır. Hələ onu deyim ki, tək bizdə yox, elə dünyada da ədəbiyyatşünaslığın həcminin ədəbiyyatın həcmindən qat-qat çox olması adama qəribə gəlir. Bizdə lap ağını çıxarıblar. Dissertasiya mövzularının əksəriyyəti təxminən bu xarakterdədi: “Filankəsin “Filan” əsərindəki Filanə obrazıyla, Bəhmənkəsin “Bəhməniyyə” divanındakı Bəhmən obrazı arasındakı müqayisə müstəvisində gender problemləri”… Heç dəxli var? Hazır dəlixana! Bəlkə məsələni Stoleşnikovun zarubezhom.com-undakı kimi qoyaq? Viktor Hüqonun “Səfillər” əsərində quzattı qızı Kozetta. Adam üzünü onlara tutub demək istəyir, hörmətli qocaman alimnümalar, əl çəkin bu cavan filoloqların yaxasından, qoy potensiallarını normal istiqamətə xərcləsinlər, bozbaşla baş qarışdırmasınlar. Konkret ədəbi tənqidimizə gələndə insani amilləri bir qırağa qoyub danışmaq olmur. Ədalət və minnətdarlıq qarışıq bir hisslə deməliyəm ki, normaldı. Hərçənd ki bəzən belə hallar da olur: tənqidçilərin qarşısında “zəmdəm zəmə” problemi durur, onlarsa hələ də “dəmdən dəmə” danışırlar.
 Əslində aydındır ki, Azərbaycanda ədəbi tənqid çətin günlərini yaşayır, artıq ədəbi tənqid düşüncə-yazı tipi kimi aradan qalxmaqdadır. Bilmirsən buna təəssüflənəsən, yoxsa sevinəsən… Son dərəcə maraqlı durum yaranıb. Bir yandan şikayətlənirlər ki, bizdə savadlı, zövqlü tənqidçi yoxdur, ona görə də ədəbi camiədə “it yiyəsini tanımır”, “görkəmli”lərin, “böyük yazıçı”ların sayı az qala ölkədə yekəqarın polislərin sayı qədərdir. Ədəbiyyatda boz makulatura yağışdan sonra göbələk kimi artır, ərizə forması yaza bilməyənlər sənin kimi hər 9 aydan bir pakrışka qalınlığında kitab qoyur ortaya. Qəşəm Nəcəfzadənin bir sözü var e: “Şair ki, ildə bir dəfə qoyun kimi qığladı, heç nə”... Digər tərəfdən tənqidçilərin tənqidi üzərinə bəzən səlib yürüşü düzənlənir, əsəbi şəkildə belə tənqidin gərəksizliyi dönə-dönə vurğulanır. Ədəbiyyatın yazılmamış qanunudur: gərəksiz janr, forma-üslub, cərəyan zamanı gələndə özü sıradan çıxır. Əslində, Əlzada müəllim, zaman özü sizin kimiləri kükrəyib bir kənara atmalıdır. Neyləyək ki Azərbaycanda bu proses baş vermir…
 Tənqid yazanda müəlliflərin könül-xətriyyatını nə dərəcədə nəzərə almaq lazımdır? Mən heç vaxt nəzərə almıram. Belə şeyləri az yazıram, nəsə mənə toxunanda, yazanda da hadisələr, əsərlər üzərində işləyir, müəllifləri unuduram. Dedilər, inanmadım, sizinlə “Sözün işığı” mətbəəsinin tinində rastlaşanda hiss etdim ki, doğrudan da validolluq olmusunuz. Son qəminiz olsun! Gələn kitabınızdan ağlaşmalı şeirləri çıxarsanız, biz də söz veririk ki tənqidimizin rakursunu dəyişək. Ferşteyn? “Pasiyent, siz doğrudanmı qətiyyətsizlikdən əziyyət çəkirsiniz?” “Həm hə, həm yox, doktor”.
 Doğrudan da, tənqid yazan oxucu-cəmiyyət üçün yazanda müəllif-imza sahibini də düşünə bilsə, yaxşı olar. Patrik Ziskunddan İlqar Fəhminin uğurla çevirdiyi gənc xanım rəssamı bir tənqidçinin necə məhv etməsi haqqında hekayə var. Tənqidçilik etdiyim müddətdə, xüsusən gənclər ünvanlı yazılarda Onlar mənim həmişə yadımda olur, mətndə səviyyəsi nə qədərdir, tərifin-tənqidin dozası nə qədər olmalıdır, nədən ayıltmaq, nəyə aludə olmasının qarşısını almaq və s. Əlbəttə, bunlar təmiz ədəbiyyat-sənət sevgisi ilə bağlı olmalıdır, subyektiv münasibətlərlə yox. Mən gözümün qabağında nə qədər potensiallı gənclərin ümumi ədəbi havanın tərifli-tənqidli nasazlığında necə məhv olmasını görmüşəm. Hətta sabutayların, samir bulutların sizin kimilərin meydan sulamasını görüb bir kənara çəkilməsini də təəssüf hissi ilə seyr etmişəm. Nəsə, yenə də moralizədən qaçaq.
 Ümumən diqqət edirsinizsə, hansı tərəfdən gediriksə, tez bir zamanda “bataqlıq” problemləri bizi içinə alır. Sizin də bir çoxları kimi eynən entuziazm üzərində çalışdığınızı, ikiqat-üçqat enerjidən başqa heç nəyə əliniz çatmadığını görəndə məyus oluram. “Psixologiya materialı” məqaləmizi oxuyandan sonra sıravı oxucularımızdan birinin dediyi fikir yadıma düşür: “Savadı olmayan şair- yeməksiz boşqab kimidir”.
 Cəfər Cabbarlı situasiyanı bir görün nə zaman çızmışdı: bacarırsansa yarat, bacarmırsansa... Bu, həmən bu gün hamının az qala zərb-məsələ çevirdiyi “Bura Azərbaycandır!” (yəni bataqlıqdır) həqiqətini səhnədə faş edirdi. Yuxarıda konkret məsələnin üzərinə gəldik: mən bu bataqlığın nə qədər qurumaz olduğunu bilirəm, yalnız Münxauzen sayağı öz saçından tutub çıxarmaqla ondan qurtulmaq olur, o da ki nağıllarda olur. Dediyim kimi, şeir yazma ilahidən gəlməlidir, sonradan özünüzü sahmana salıb normal mətnlər ortaya qoyacaqsınızsa da, girdirmə olduğunu duyacayıq və hökmən nəzərinizə çatdıracayıq. Bir daha bildiririk ki, indi normal poeziya anlayışınız yoxdursa, sonradan ortaya çıxaracağınız absurddur. Bəri başdan olmalıdır. Qurama şəkildə poeziyaya girmək olmaz. Odur ki, çəkilin bir qırağa. Aqinskinin Polonezi əsərini oxumusunuzmu? Oxumamısınızsa, sakit bir guşəyə çəkilib oxuyun. Lap lazım gələrsə məsələni ordakı kimi qoyaq. Lazım deyilsə, lazım olmasın. Və dərhal alternativləri çıxaraq: mənə, sənə, ona, insana, çağdaşımıza (XVI əsrdə yaşayan molla fərzullaya yox a, çağdaşımıza!), bizə nə lazımdır- hansı həyat məzmunu gərəkdir? Bəlkə bu məsələləri söhbət predmetinə çevirək? Gəlin sizə bu məsələlərdən danışmaq üçün yer ayıraq. Baş redaktor sizə səhifə verər yəqin.  
 O ki qaldı mənə, qətiyyən enerjimizi havaya sərf olunmuş enerji hesab etmirəm, mənim oxucularım var ki əkilən ağacların bəhər verdiyini və verəcəyini bilir. Gerçək enerji sərf edənlərin hamısına da bunu qətiyyətlə bildirirəm: enerji doğrudan da iiiiitmir!!! Gerçək və düzgün istiqamətlənmiş enerji sərf etməyənlərsə… Onlara biz yalnız yüngül formada belə deyə bilərik- gedin özünüzə sənət tapın.

P.S.: Gələn yazılarımızdan biri “Şeirlə dolu yəhər” olacaq. Min(il)məklə (birbaşa) əlaqəsi yoxdur. Bizi diqqətlə izləyin. Kanalı dəyişməyəcəyik. Qəzet çatmasa, yenə də ksero eləyib bir-birinizlə paylaşmaq yadınızdan çıxmasın.

Комментариев нет:

Отправить комментарий