23.06.2011

Ürək və ağıl


                                                                                   Roma Xosrov
Ürək
Zülmət bir gecədə, tənha sevgilim,
Bilmirəm mən niyə, döyünməkdəyəm.
Yenə də mən sənsiz, kədər libasın,
Bürüyüb köksümə, geyinməkdəyəm.
Ağıl
Sevgini dəfn edib, yatsan yaxşıdır,
Var ömrün sevməyə, baxsan nə qədər.
Sovurub gəncliyi, arxada qoyma,
Keçirmə ömrünü, mənasız, hədər.
Ürək
Bir ömür nədir ki, olsa yüz ömür,
Həsr edərəm eşqə, heç düşünmədən.
Sən məndən aslısan, mən səndən deyil,
Düşünə bilmərsən, mən döyünmədən.
Ağıl
Sən gəl sualımı cavabsız qoyma,
Nə üçün sevirsən, axı sən onu?!
Düz deyil bu istək, inan ki, səni,
Uçruma aparır bu eşqin yolu.
Ürək
Hər zaman, sən boş-boş, düşünməkdəsən,
Sən hardan biləsən, məhəbbət nədir.
Yoxdursa məhəbbət, insan canında,
Yaşamaq mənasız, ürək heçnədir.
Ağıl
Sənin yaşadığın, sevgi deyil ki,
Sadəcə yaşanan, ötəri hissdir.
Səninlə birlikdə, dünyaya gələn,
Gözəlliyə olan, tamah, nəfisdir.
Ürək
İnan yanılırsan, düz düşünmürsən,
Ən əziz varlıqdır, gülüm gözümdə.
Onsuz bu həyatda, yaşamaqdansa,
Ən asan bir yoldur, ölüm gözümdə
Ağıl
Ölüm Allah əmri, ölməkdən demə,
Gəl günah işlətmə, gəl günah etmə.
Yaşadan bir eşqin, arxasınca get,
Öldürən sevginin, ardınca getmə.
Ürək
Ağıldan da qabaq, insanda ürək,
Sevgini gözlərdən, bilən deyilmi?!
İndi sən cavab ver, bu sualıma,
Aşiq eşqi üçün, ölən deyilmi?!
Ağıl
Məhəbbətin ilkin, qanunu budur,
Səni sevən kəsi, sevəsən gərək.
Ölməyə dəyərmi, qərarın verib,
Sonra sevginçün, öləsən gərək.
Ürək
Sənin düşündüyün bu yolu seçsəm,
Əhdə dönük çıxam, sevməyəm gərək.
Məhəbbət də, ağlın əsiridirsə,
Onda nəyə lazım, insanda ürək.
Ağıl
Onunla bir dəfə, danışmısan heç,
Biləsən ürəyi, necədir, nədir.
Bəlkə o sadəcə, şeytan donunda,
Mələyə bənzəyən, bir pərvanədir.
Ürək
Bir dəfə kənardan, onu görməyim,
Mənimçün bir ömrə, dünyaya dəyər.
İlahi gözəllik, vardırsa onda,
Yəqin ki, qəlbi də, üzünə bənzər.
Ağıl
Gəl aldanma onun gözəlliyinə,
İnan, hər şey demək, deyil gözəllik.
Gözəlliyin əymədiyi qaməti,
Əyib qarşısında ağılla, bilik.
Ürək
Mən belə sözləri, çox eşitmişəm,
Sanma ki, mənimçün bu bir qayədir.
Bunlar sənin kimi, düşünənlərin,
Uydurduğu nağıl, bir hekayədir.
Ağıl
Daha söyləməyə sözüm yox sənə,
Bilirəm yolundan, dönməyəcəksən.
Toruna düşərək, bu məhəbbətin,
Allahı çoxdandır, tərk etmisən sən.
Ürək
Sənin sözündəki, həqiqət qədər,
Mənim ürəyimdə , məhəbbət vardır.
Amma, nə edək, səni yaşadan mən,
Məni yaşadansa, sevgidir, yardır.
Ağıl
Əsiri olmuşam, hissinin sənin,
Almısan əlimdən, qərarımı sən.
Qanun səninkidir, qərar sənindir,
Daha bundan sonra, özün bilərsən.
Ürək
Sevgimin məhkumu olsam da belə,
Bu yolda qərarım, qətidir qəti.
Ruhum nə qədər ki, yaşayacaqdır,
Qoruyacam mən də, bu məhəbbəti.

Комментариев нет:

Отправить комментарий