16.06.2011

ƏVVƏL MƏDRƏSƏ, İNDİ AYAQYOLU

Filarmoniya bağında, Qala Divarlarının yaxınlığında kiçik bir mədrəsə var



MƏDRƏSƏDƏ AYAQYOLU

Filarmoniya bağında, Qala Divarlarının yaxınlığında kiçik bir mədrəsə var. Daha doğrusu, əvvəllər mədrəsə olub. İndisə mədrəsənin içində mətbəxlə ayaqyolu yerləşir. Səhv oxumadınız, bəli, ayaqyolu. Bu mətbəxlə ayaqyolu mədrəsənin qarşısındakı çayxanaya aiddir.

«Tövbə» cəmiyyətinin sədri, cəmiyyətdə daha çox Hacı Əbdül kimi tanınan Əbdül Əbdülov da ayaqyolunun yığışdırılması tələbilə Qafqaz Müsəlmanları İdarəsinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Mədəniyyət və Turizm Nazirliyinəşikayət edib.

DAŞ KİTABƏLƏRİ SÖKÜBLƏR

Əvəzində... tualeti yox, mədrəsənin üstündəki daş kitabələri yığışdırıblar. O daş kitabələrdəsə "Quran"dan ayələr, hədislər yazılıbmış. Hacı Əbdülün əlindəki bir dəstə şəkil də həmin kitabələrə aiddir:

«Bu şəkillər mədrəsənin qapısının üstündə olan kitabələrindir. Orda yazılıb ki, biz əhli beyti bütün çirkinliklərdən pak etdik. "Quran" ayəsidir. Ayın 4-də gəldik ki, burda tualet yaradıblar. Dedim ki, axı belə olmaz, burda" Quran" ayələri var. Siz də burda tualet açmısız...»  

Hacı Əbdül bu mədrəsənin sovet dövrünə qədər mövcud olduğunu, sovet dönəmində qapalı qaldığını deyir. Onun şikayətindən sonra çayxana rəhbərliyi daş kitabələri kəsib götürüb. Həmsöhbətimizsə rəhbərlikdən ayaqyolunu ləğv etməyi, daş kitabələrisə yerinə qaytarmağı tələb edir. Hacı Əbdülün sözlərinə görə, ona deyiblər ki, həmin kitabələr bərpa olunmaq üçün götürülüb:

Keçmiş mədrəsə...
«Gəlib səhəri görürəm ki, daş götürülən yeri elə düzəldiblər, guya burda dövri-qədimdən belə şey olmayıb. Bir bu deyil. Bir çox dini abidələri ya söküntü, ya təmir adı altında aradan götürürlər...»

«KAFEDİRSƏ, AYAQYOLU DA OLMALIDIR»

Daş kitabələrin götürülməsini çayxanada işləyənlər də gizlətmirlər. Deyirlər ki, ayaqyolu olduğuna görə, "Quran" ayələri yazılan kitabələr burdan götürülüb. Amma həmin kitabələrin hara aparılmasını dəqiq bilmirlər. Onların gah Tarix Muzeyinə, gah da Arxeologiya və Etnoqrafiya İnstitutuna aparıldığını söylədilər.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli AzadlıqRadiosuna deyir ki, həmin kitabələr onların institutuna gətirilməyib. Tarix Muzeyindənsə günün sonu olduğu üçün cavab ala bilmirik.

Çayxanada çalışan Nihat Rzayev: «Bura mədəni yerdir. Lisenziyaları var, vergiləri verilir. Bir vaxt çayxanada otururdum, indisə işləyirəm. Mən özüm də namaz qılan adamam. Mədrəsə olub, amma indi kafedirsə, ayaqyolu da olmalıdır, yüz faiz...»

MƏDRƏSƏNİN YİYƏSİ KİMDİR?

Narazılıqlar nəzərə alınacaqmı?

Mədəniyyət və Turizm Nazirliyindən dedilər ki, mədrəsə İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğunun balansındadır, onlarla danışaq. Qoruğun rəsmisi Rahib Azəri isə bildirdi ki, mədrəsə Qala divarlarından kənardadır -  bufer zonadadır. Yəni İçərişəhərə aidiyyəti yoxdur:

«Amma mən sizə deyim, bu haqda çox yazdılar, həm dindarlar, həm adi adamlar. Oranı bağlamışdılar. Mən bir neçə gün əvvəl keçəndə gördüm ki, bağlıdır. O cür kitabələr var orda. Üzü bulvara baxan hissədə... Konkret oranın İçərişəhərə aidiyyatı yoxdur».

Daş kitabə


Mədəniyyət və Turizm Nazirliyinə yenidən zəng edirik. İyunun 16-da cavab verəcəklərini deyirlər. Bu mədrəsənin və daş kitabələrin tarixi əhəmiyyəti barədə də hələlik nazirlikdən cavab ala bilməmişik.

DİNİ KOMİTƏSƏ TAMAM BAŞQA SÖZ DEYİR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindənsə AzadlıqRadisouna yazılı cavab göndərilib. Cavabda deyilir ki, Filarmoniya bağındakı çayxananın köhnə mədrəsə binasında yerləşməsi ilə bağlı məsələni araşdırıblar:

«Məlum olub ki, çayxananın yerləşdiyi tikilidə - ayaqyolunun yanında ərəbcə yazılar var imiş. Binanın əvvəllər mədrəsə və yazıların Qurani-Kərimdən ayələr ola biləcəyi nəzərə alınaraq çayxana sahibi tərəfindən «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə məlumat verilib. İdarənin əməkdaşları isə həmin yazıları götürüblər. Eyni zamanda, bildiriblər ki, həmin yazılar muzeylərdən birində tarixi eksponat kimi nümayiş etdiriləcək».

Maraqlıdır, rəsmi qurumların cavabları niyə üst-üstə düşmür? Görəsən, bu daş kitabələrin hansı muzeyə verilməsinə aydınlıq gətirən tapılacaqmı?



http://faktxeber.com

Комментариев нет:

Отправить комментарий