Bu günlərdə məşhur isveçrəli yazıçı Franz Hohlerin “Qapı döyülür” kitabı Azərbaycan dilinə tərcümə edilərək Alatoran Yayınları seriyasından Bakıda dərc olunub.
Kitabının çıxması münasibətilə yazıçıya təbrik məktubu yazıb, Azərbaycanlı oxuculara maraqlı olacağını düşünərək, bir neçə suala qısaca cava yazması xahiş etdim.
Franz Hohlerin cavabları aşağıdakı kimi oldu:
Rasim Q. - Cənab Hohler, Sizin kitabiniz Azərbaycanda ilk dəfə dərc olunur. Bu hadisədən aldiginiz təəssürat necədir?
Franz H. - Mən kitabımın ilk dəfə Azərbaycan dilində çapından hədsiz sevinc duydum…
Bakını yalnız ədəbiyyatdan tanıyıram misalçün, Konstatin Paustovskinin “Cənuba sıçrama” kitabında, ya da Qurban Səidin “Əli və Nino” romanında Bakı haqqında maraqlı təsvirlər var.
RQ. - "Qapı Döyülür" adli romanınız yazılma tarixi haqqinda bizə danışmağınızı xahiş edirik. Bu əsərin ideyası necə doğuldu və necə oldu ki onu yazmağa başladınız?
FH. - Özümdən asılı olmayaraq tez-tez beynimdə belə bir səhnə canlanırdı, hərəkətdə olan bir qatar kupesində kədərli halda bir kişi oturmuş və gözlənilmədən bir qadın əlindəki daş qırığıyla qatar pəncərəsini döyür.
Həmin qadının və kişinin kimliyi daim məni düşündürüdü. Beləliklə mən “Qapı döyülür” romanını yazmağa başladım.
RQ. - Əsərin qəhrəmanı Manuel Ritterin başına cox qəribə hadisələr gəlir, birdən-birə onun normal, düzənli həyatı pozulur, kiçik bir səhvi nəticəsində az qala ölümlə nəticələnəcək cox kritik anlar yaşayır.
Bu hadisəler İsveçrə həyatı üçün tipik sayila bilərmi və əsərdəki qəhrəmanların canlı həyatda prototipləri varmı?
FH. - İsveçrəlilər ümumiyyətlə olduqca sakit və özünəqapanmış olurlar. Ola bilsin biri bir az çox, biri bir az az, amma istənilən isveçrəlidə əsərin qəhrəmanı Manuel Ritterdə olduğu kimi özünü sərbəst ifadə edə bilməmək problemi olur.
Digər tərəfdən düşünürəm ki, özünü ifadə edə bilməmək problemi ümumiyyətlə insani problemdir və hətta Bakıda da Manuel Ritterin yaşadığı hadisələrlə qarşılaşan adamlar olduğuna inanıram.
RQ. – Siz yazarkən real həyat hadisələrinə sadiq qalmağa çalışırsınızmı?
FH. - Mən daim düşünüb uydurduqlarımın gerçəkliyə yaxın olmasının qeydinə qalıram. Çalışıram ki, yazdıqlarımın gerçəklikdən fərqli olması hiss edilməsin.
RQ. - Ədəbi tənqid "Qapı döyülür" romanını necə qarşıladı?
Öz yaradıcılığınızda tənqidçilərin rəyini nəzərə alırsınızmı?
FH. - Əsər üçün çox saylda yaxşı tənqidi məqalələr və bir neçə tamamən sərt tənqidlərdən ibarət məqalələr yazıldı.
Çoxları əsərdəki surətləri, sujet xəttini, hadisələr arasındakı məntiqi əlaqələrin qurulmasını bəyəndiyi halda, bir neçə tənqidçi hadisələri süni, qurama göründüyünü iddia edərək əsəri bəyənməmişdi.
Fikrimcə, yazıçı əsəri haqda təriflərdən qürrələnməməli, sərt tənqidlərdən isə ruh düşkünlüyünə qapılmamalıdır, əksinə onlarla barışaraq yaşamağı öyrənməlidir.
Bunun tamamilə mümkün olduğunu göstərmək üçün mən öz saytımda əsərlərim haqqında ancaq pis tənqidləri yayınlayıram.
RQ. - Yaradıcılıq texnikanız haqqında bizə danışa bilərsinizmi: iş rejiminiz necədir, gündə neçə saat işləyirsiniz, paralel olaraq mütaliə edirsinizmi, favorit yazarlariniz kimlərdir?
FH. - Bir qədər yaşlı olmağıma baxmayaraq mən hər gün səhər saat 9-dan, günorta 12-yə qədər yazıram, günortadan sonra mən adminstrativ işlərlə məşğul oluram, zənglər edirəm, məktublar yazıram, cürbəcür müzakirələrdə iştirak edirəm, görüşlər keçirirəm.
Lazım olanda bəzən axşamlar da yazdıqlarım üzərində təkrar işlədiyim olur...
Kitab oxumağı çox sevsəm də oxumağa elə çox vaxtım olmur. Ən çox oxumağı sevdiyim yazarlar: Frans Kafka, Robert Valser, Kristian Morqenştern, Yoaxim Rinqelnatç və başqalarıdır.
Hal-hazırda Konstantin Paustovskinin uşaqlıq xatirələrindən və həyat yolundan bəhs edən avtobioqrafik həmçinin, poetik xarakterli bir kitab oxuyuram.
Paustovski Bulqakov və Daniel Harms kimi rus ədəbiyyatından sevdiyim yazarlarla eyni dövrdə yaşamış, onlarla dostluq etmişdir.
RQ. - Sizcə gözəllik dünyanı xilas edə bilərmi?
FH. - Biz gözəlliyə çörək və su kimi ehtiyac duyuruq. Fikrimcə biz gözəlliyi mahnı, rəqs, şeir, ağac ya da çiçək kimi sadə şeylərdə axtarmalıyıq.
Əvvəlcə gözəllik məni xilas etməlidir ki, mən də dünyanı xilas edə bilim.
RQ. – Cavablar üçün təşəkkür edirik.
FH. - Hələlik, ən xoş arzularla. İsveçrədən salamlar.
Rasim Qaraca "Alatoran"
Комментариев нет:
Отправить комментарий