21.07.2011

Bəy kimi yaşanan ömür


Tarixin ziddiyyətli, mənbə olaraq qaranlıq, hadisə olaraq işıqlı bir dövrünü təşkil edən Babək hərəkatı, bu hərəkatı doğuran səbəblər, hərəkatın ideya qaynaqları, mənəvi yönü tədqiqatçılar arasında fikir ayrılıqlarının yaranmasına, olaylara subyektiv yanaşmalara səbəb olub. Orta əsrlər dönəmində ərəb tarixçilərinin tarixi yazarkən saraydan asılılıqları, öz düşüncə tərzlərinin obyektiv yanaşmaya imkan verməməsi, ən əsası düşmənin tarixi yazıldığı üçün mütləq şəkildə böhtanlardan və təhriflərdən istifadəyə haqq qazandırılması bu və ya digər şəkildə Babək hərəkatının üzərinə qalın örtük çəkib. Amma bütün bunlara baxmayaraq yazılanlar arasında yalanları bir kənara atıb, gerçəkliklərə işıq tutmaq az da olsa, mümkündür.
Bəlkə də, Babək dünyada yeganə insandır ki, onun doğuluşu da, ata-anasının kimliyi də, hətta öz gerçək adı da mənbələrdə yalan olaraq verilib. Doğrudur, müəyyən qədər Babək haqqında mənbələri araşdıran iranlı şərqşünas Səid Nəfisinin bu fikirlərinə haqq qazandırmaq olar: “Böyük şəxsiyyətlərin ata-analarının kim olduğunu və dudmanlarının mənşəyini bilməyə bir o qədər də ehtiyac yoxdur”. Amma bir tarix ki, doğuluşdan təhrif olunursa, bu artıq həm tarixə, həm də ki qələmə xəyanətdir.
Ərəb mənbələrinin (İbn ən-Nədim, “Kitab əl-Fehrist” və digərləri) anlatdığına görə, Babəkin atası Abdullah Ərdəbil yaxınlığındakı Bilalabad kəndində yaşayarkən güzəranını yağ satmaqla keçirir və bir gün kəndləri gəzərkən tay göz bir qadına vurulur və onunla zina etdiyi üçün xalq arasında rüsvay edilir, daha sonra isə həmin qadınla evlənir. Bu evlilikdən isə Babək dünyaya gəlir. Daha sonra ərəb qaynaqlarında qeyd olunur ki, Abdullah bir gün Savalan dağı ətrafında hücuma məruz qalaraq öldürüldükdən sonra, anası Bərumənd başqalarının uşaqlarına süd verməklə qazandığı muzdla Babəki on yaşına qədər böyüdür, daha sonra isə Babək çobanlıq edərək bu müddətdə tənbur çalmağı öyrənir, daha sonra oradan ayrılaraq Təbrizə gələrək burada Məhəmməd ibn Rəvvad adlı şəxsin yanında çalışdıqdan sonra 18 yaşında geri qayıdır. Daha sonra bir gün Bilalabad kəndinə gələrək, Bəruməndin evində qonaq qalan Xürrəmi icmasının rəhbəri Cavidan Babəkin fərasətli olduğunu görərək onu özü ilə aparır. Xürrəmi icmasının digər bir rəhbəri Əbu İmranla savaşda ağır yaralandıqdan sonra Cavidan öldüyü üçün, bəlkə də həmin dövrdə Şərqin ən ağıllı qadını olan Cavidanın arvadı Kəldaniyyənin sayəsində həm xürrəmi icması parçalanmaqdan və dağılmaqdan xilas olur, həm də ki Babək Xürrəmi icmasının güclü liderinə çevrilir. Xalqa Cavidanın ruhunun Babəkə keçdiyini və onun Məzdək dininin yenidən dirçəldəcəyini müjdəsini verən qadın Xürrəmi adəti ilə Babəklə evlənir. Bununla da Babək Xürrəmi icmasının başçısı olur və Babək adını da bu zaman götürür.
Ərəb mənbələrinin Babəkin icma başçılığına qədər olan həyatı haqqında anlatdıqları reallıqdan uzaq olsa da, Babəkin atasının Xürrəmi icmasından olduğu söyləməyə haqlı əsaslar ortaya çıxır. Çünki Cavidanın Bilalabada gələrkən kəndin böyüyünün onu yaxşı qarşılamadıqdan sonra, Babəkin anasının evinə gəlməsi bu fikrin müəyyən qədər haqlılıq payının olduğunu göstərir. Ayrıca İslam dinində olmayan bu ailənin uşağının adının heç də ərəb mənbələrinin anlatdığı kimi Həsən yox, türk ismi olan Əsən olduğu haqda da tədqiqatçılar arasında fikirlər mövcuddur. Məhz bu məqamda Babəkin ailəsinin də bağlı olduğu Xürrəmi icması haqqında məlumatlara nəzər yetirək.
Məlumdur ki, orta əsr ərəb tarixşünaslığı ortodoks İslamdan kənarda olan bütün məzhəbləri heres elan edərək onların kökünün Sasanilər dönəmində ortaya çıxan Məzdəkilər hərəkatına bağlayırdı. Tarixdə isə Məzdəkilər bütün var-dövlətin insanlar arasında ortaq bölüşdürülməsi ilə yanaşı, qadınların da ümumi olması fikri ilə xatırlanır. Yəni məzdəkilər bir növ ərəb tarixşünaslığında zinakarlar, rəzil insanlar olaraq xatırlanır. Məhz bu ənənəni qoruyan saray tarixçiləri Xürrəmiliyi də Məzdəkiliyin davamı kimi görmüş, böhtan və qarayaxmalar onların da üzərinə atılmışdır. Xürrəmilər hərəkatının adının Məzdəkin Xürrəmə adlı bir qadını ilə əlaqələndirilməsi də buradan qaynaqlanır. Tarixçi Məhəmməd Övfi əsərində yazır ki, Babək icma başçısı olduqdan sonra oğru, dinsiz, əxlaqca pozğun adamlar onun başına yığıldılar. Göründüyü kimi, bütün bunlar Xürrəmilərə qarşı olan nifrətdən yaranırdı və hətta Xürrəmilərin ildə bir dəfə qeyd etdikləri Novruz bayramı qadınların ildə bir dəfə kişili qadınlı bir yerə yığışaraq zinakarlıq etdikləri kimi qələmə verilirdi. Akademik Ziya Bünyadov haqlı olaraq yazırdı: “İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil”.
Babəkin böyük lider olacağı haqqında ərəb mənbələrində maraqlı bir rəvayət var. Tarixçi Məhəmməd ibn İshaq yazır: “Bir dəfə Babək evə gec gəlir və bundan narahat olan anası onu axtarmağa gedir. Çox axtardıqdan sonra anası onu otardığı inəklərin arasında tamamilə çılpaq vəziyyətdə yatmış halda tapır. Günorta olduğundan ana oğluna diqqətlə fikir verdikdə onun bədənindəki tük yerlərindən qan çıxdığını aydın görür. Uşaq oyanıb ayağa durduqdan sonra qan rəngini dəyişərək, görünməz olur. Ana başa düşür ki, oğlu dünyaya böyük işlər görməkdən ötrü gəlib və onun taleyində çox qanlar axacaq”. Məhz belə də olur.
Xürrəmilər kimlər idi?
Öncə onu qeyd etmək lazımdır ki, Xürrəmilər hərəkatını əski din və inanc tərəfdarlarının İslama qarşı mübarizəsi kimi qələmə vermək bu hərəkatı aşağılamaq, onun dəyərini heçə endirmək deməkdir. Xürrəmilər hərəkatının əsas hədəfi bilavasitə İslam dini olmayıb, bu dinin daşıyıcısı olan işğalçı Ərəb dövləti idi. Yəni Xürrəmilər daha böyük ideal-Azadlıq uğrunda mübarizə aparırdılar. Onların yurdunu işğal edən qəsbkarlar İslam dinində olduğu üçün Xürrəmilərin başqa bir inancın daşıyıcısı olmaları qanunauyğun hal idi. Daha çox qəbul edilən fikrə görə, Xürrəmi sözü hərəkatın ilk başladığı yer olan Xürrəm adlı yaşayış məntəqəsinin adından götürülüb. Eyni zamanda hər bir şeyi mübah sayan, ancaq şadyanalıq keçirməyi xoşladıqları üçün şad-xürrəm adı ilə əlaqədar olduğu qeyd olunur. Təbii ki, bu fikir kökündən yanlışdır, belə bir versiya yuxarıda qeyd etdiyimiz səbəblərdən yaranıb. Xürrəmi sözünü Kərbəla döyüşünün qəhrəmanlarından Hürrün adı ilə bağlı olması, həmçinin əksinə oxuduqda (Xürrəm-Mərrüx, Mərrix) Mərrix-Mars planetinin adı ilə əlaqədar olması barədə də fikirlər vardır. Hətta Babəkin müsəlman olması ilə bağlı ərəb mənbələrində bir sıra fikirlər olsa da, bunlar reallıqdan uzaqdır. Babəkiliyi heteredoks islama bağlayanlar sadəcə onun mübarizə apardığı xilafətin ortodoks olması ilə əsaslandırırlar. Çünki Babək üsyanına qədər hakimiyyətə baş qaldıran hərəkatlar məhz heres məzhəblərin davamçıları olmuşlar. Xürrəmi inancının zərdüştiliklə əlaqələndirilməsi də doğru deyil, çünki IX əsrdə Azərbaycanda əski dinimizin artıq sosial dayağı qalmamışdı. Xristianlıq isə Alban hökmdarı Mömin III Vaçaqanın bütün səylərinə baxmayaraq regionda nüfuz qazana bilmədi. Yeganə doğru variant güneyli tədqiqatçı Saleh İldırımın konsepsiyasıdır: Babəkilər əski türk gələnəklərinə bağlı olan şamançı idilər. S.İldırım yazır: “Xürrəmilərin inanclarına gəlincə Cavidanın ruhu Babəkdə zuhur edir. Simvolik olaraq iki mənəvi qüvvəyə-ruha, ağ və qara, işıqlıq və qaranlıq ruhuna inanırlar.  Başqa dinləri rədd ya təhqir etmirlər. Bütün dinlərin tərəfdarları öz dini mərasimlərində azaddırlar”. Xürrəmilər Şirvin adlı peyğəmbərə inanc bəsləyir, reinkarnasiyaya-ruhun yenidən canlanmasına inanırdılar. Şirvinlik inancında Tanrı cinsiyyətsizdir, yəni nə erkəkdir, nə də qadın. O tamdır, bütündür. Bu inanca uyğun olaraq Babək zamanında qadın-kişi bərabərliyi mövcud idi. Ailənin mirası qız və oğlan övlad arasında bərabər olaraq paylaşılırdı. Bu isə İslamın şərtləri ilə zidd idi. Asif Ata Şirvinlik barədə belə söyləyib: “Babək Şirvinin qulu deyildi, o Şirvinə itaət eləmirdi. Şirvindən qorxmurdu, Babəkin üzərində Şirvin hökmranlığı durmurdu   Şirvin Babəkin qəlbində, ağlında, əməlində yaşayırdı”.
Xürrəmilər icmasının xəzər türkləri ilə də bağlılığı mövcuddur. Babəkə qədər Xürrəmi icmasına iki rəhbərin başçılıq etməsi xəzərlərdən qalma ənənə idi. Digər tərəfdən xəzərlərlə xürrəmilərin digər dinlərə qarşı tolerant münasibətləri xürrəmiliyin xəzərlərin inancı ilə bağlılığını göstərir. İbn Fədlan yazır ki, xəzərlərdə 7 qazı var idi: 2-si yəhudilər, 2-si xristianlar, 2-si müsəlmanlar və 1-i də kafirlər üçündür. Yəni xəzərlərin dinə tolerant münasibəti həmin dövr üçün unikal bir hadisə idi. Ümumiyyətlə, bizim üçün Babəkin müsəlman, atəşpərəst, şamançı olması və ya ümumiyyətlə hansısa inanca qulluq etməsi ikinci dərəcəli məsələdir. Önəmli olan onun mübarizəsi, sonadək əyilməməsi, ölümün gözünə dik baxmasıdır. Xürrəmilər üçün din və ya millət fərqi yox idi. Babəkin ordusunda xilafətin zülmündən bezən müsəlmanlar da var idi. Babəkin ordusuna qatılmaq istəyənlərə sadəcə bir şərti vardı: Azad olmaq istəsin və azadlığın qarşısında şər qüvvə kimi dayanan xilafətə nifrət etsin. Bu gün Güney Azərbaycanda kirlənməmiş heç bir siyasi proseslərin oyuncağı olmamış, yalnız xalqın bağımsızlığı üçün mücadilə aparmış Babəkin öndər olaraq götürülməsi heç də təsadüfi deyildir. Çünki Azadlıq azad ruhlu, kirlənməmiş, inandığı dəyərləri həyata keçirməyi özünə yükümlü hesab edən öndərin rəhbərliyi olarsa mümkündür. Babəki qüdrətli edən onun qoşunu yox, onun sadəcə özü, daşıdığı inanc və dəyərlər idi. Əgər qüdrət onun adamlarında olsa idi, 20 minə yaxın düşmənini öldürən cəlladı Nudnud ona xəyanət etməzdi. Doğrudur, Babəkin ətrafında Tarkan, Noktay, Azin kimi güclü sərkərdələr vardı, amma onlara bu gücü verən yenə də Babəkin şəxsiyyəti idi. Ərəb yazıçısı Curci Zeydan “Fərqanə gəlini” romanında Babəki bu cür anladır: “Qamətini şax tutardı, hətta yerə saldığı bir şeyi əyilib götürmək istəsəydi belə, bədəninin əzələləri ona baş əyməzdi”.
“Babək” adı- Xürrəmilər tarixində ən mühüm məsələlərdən biri Cavidandan sonra rəhbərliyə keçən Həsənin və ya Əsənin özünə Babək adını götürməsidir. Bir sıra şərqşünaslar bu adı farsmənşəli Papək adı ilə izah etməyə çalışsalar da, bu fikir iflasa uğramış, ümumiyyətlə xürrəmi icmasına liderlik edənlərin adlarının türkcə olduğu anlaşılmışdır: “Cavidan” ismindəki “Çav” türkcə “şan-şöhrət”, “İd” “göndərmək”, “an”-mənsubiyyət şəkilçisidir. Ümumilikdə, sözün tam açılışı “əbədi şöhrətə layiq görülmüş” mənasındadır. İmran, türk şəxs adı olan Əmranın ərəbləşmiş formasıdır. “Əm” türkcədə “bacarıqlı”, “ran” isə “ərən” sözünün şəkildəyişməsidir. “Babək” sözü isə iki hissədən təşkil olunub: Birinci hissə “Bay”, ikinci hissə isə “Bək-Bak” sözündəndir. Əslində, tarixi anlamına görə hər ikisi eyni mənanı ifadə edir. “Bək-Bak-Bağ” sözü ulu türkün qədim yurdu olan Midiyada Tanrıya verilən “Bağ” sözündəndir. Hökmdar Baybağ da əcdadlarının inanclarına uyğun olaraq bu adı özünə götürüb. Çünki tarixən türk xaqanları qüdrətli olduqlarını göstərmək məqsədilə içərisində “Bağ” sözü keçən ləqəblər seçiblər. Məsələn, Midiya sarı (hökmdarı) Ərbağ (yunancası Arbak), Göytürk xaqanı Bağa İşbara (581-587), Cur Bağa (587-588) xaqan, Türkeş xaqanı Bay Bağanın adını qeyd etmək olar. Adın əvvəlindəki “Bay” sözü də “Bağ” sözünün müxtəlif variantlarından (Bayat sözündəki “Bay” da bu qəbildəndir.) biridir. Sonralar “Bağ” sözü Tanrı anlamını ifadə etməklə yanaşı, yüksək rütbə mənasını ifadə edən “bəg-bək-bəy” formalarına düşüb.
Babək qiyamçı yox, hökmdar idi!
Tarixən imperiyalar müstəmləkəçilik siyasəti həyata keçirdiklərindən onlara qarşı əsarətdə olan xalqlar bir sıra qiyamlar qaldırıblar. Bu qiyamlar imperiyanın gücünə münasibətdə maksimum 4-5 il davam edib və sonucda məğlub olub. Fəqət 500 minə yaxın ərəbi öldürmüş, ən cəsur sərkərdələrini məhv etmiş Babək adi bir qiyamçı deyil, məhz hökmdardır. Bunu sübut etmək üçün bir sıra amilləri nəzərinizə çatdırırıq:
  • Bayrağın olması – Həm də tarixdə azadlıq rəmzi olaraq ilk dəfə səmalara qaldırılmış Günəş rəmzi olan qırmızı bayraq
  • Dövlətə məxsus hərbi şuranın mövcudluğu, nizami qoşunun və ona rəhbərlik edən cəsur sərkərdələrin varlığı
  • Xristian dövlətləri ilə qurulan münasibətlər – Babəkin iqamətgahı ilə Qərb sarayları sıx əlaqədə idi və Avropa feodalları, onların övladları bu iqamətgahın fəxri qonaqları olublar
  • Hökmdarlara məxsus hərəmxananın olması
  • Rəhbərlik edəcək geniş bir ərazinin olması
  • Vahid idealogiyanın olması və s.
Dövlətin yaranması yolunda hökmdar Baybək dövrün qüdrətli imperiyaları ilə əlaqə yaradıb və onlarla adi bir qiyamçı qismində deyil, böyük bir hökmdar kimi münasibətdə olub. Onun Bizans imperatoru Feofilə göndərdiyi məktubunda bütün ərəb ordusunun yalnız onunla mübarizə apardığını bildirərək bu fürsətdən lazımınca istifadə edə biləcəyini bildirir. Burada bizə maraqlı olan cəhət Babəkin özünün də qeyd etdiyi kimi bütün ərəb ordusunun onunla mübarizə aparmasıdır. Demək, bu zaman vəziyyət elə yerə çatıb ki, Ərəb imperatorluğu əsas rəqibi olan Bizans imperiyası ilə münasibətləri donduraraq bütövlükdə Babəkin üzərinə düşüb. Bu isə artıq o deməkdir ki, Babək hərəkatı artıq qiyam formasından çıxaraq müstəqil dövlət yaradılması mərhələsinə keçib. Məhz bu məqsədlə xürrəmilərin məhv etməyin yolu xilafət sarayının yeganə mübahisə obyekti idi. Nəhayət çarə tapıldı. Ölüm anında Məmun varisi Mötəsimə bunları vəsiyyət etdi:“Yadda saxla ki, Türk türkü çalar. Puluna, malına xəsislik etmə, bacardıqca, türkə qarşı türk çıxart. Nə qədər ki, xürrəmilər var, xilafətdə rahatlıq olmayacaq”.
Bu bir həqiqətdir ki, Babək üzərinə göndərilən ərəb sərkərdələri qələbə çala bilməyərək ,vəziyyəti qaçaraq xilas olmaqda görüblər. Hətta ərəb sərkərdəsi Əbu Musa “Biz onlarla vuruşa bilmərik, biz ancaq müsəlmanları qorxutmağa qadirik” deyərək hərəkatın qarşısı alınmayacaq bir şəklə çatdığını ifadə edib. Əlbəttə ki, məntiqli düşünsək, görərik ki, xürrəmilər hərəkatının əvvəlində (Cavidan və Əbu İmranın zamanında) məqsəd feodal zülmünün aradan qaldırılması idisə, artıq Babəkin zamanında bu amal müstəqil dövlət yaratmaq olub. Nəhayət, Babəkə qarşı çıxacaq bir türk tapılır. Bu Orta Asiya türklərindən Afşin Heydər ibn Kavus olur. Afşin Babəki məğlub etsə də, xilafətdə ona qarşı olan qısqanclıq  Babəkdən üç il sonra onun da öldürülməsinə səbəb olur. Afşin də Türk idi. Babəki əsir aldığı üçün qiymətli xələtlərdən, qızıl taclardan tutmuş nə qədər mülk əldə etdi, amma axırı həbsxanada zəlil gündə qalaraq acından ölür. Tarixə isə xürrəmiləri məğlub edən Afşin deyil, məhz Babək keçir.
Babəki kimlər kimə satdı?
Qeyd etmək lazımdır ki, Babək hərəkatının uğurlu alınmasının bir səbəbi də yerli feodalların xürrəmilərə dəstək verməsi idi. Lakin hərəkatın sonlarına yaxın feodalların öz mənafelərini güdməsi və Babəkə sonadək dəstək olmamaları bu azadlıq hərəkatının, Qaradağ mərkəzli bir dövlətin varlığına son qoyur. Mənbələrin məlumatına görə, Bəzz qalası uğrunda gedən vuruşmada 100 mindən çox ərəb əsgəri, 80 minə yaxın xürrəmi həlak olur. 837-ci ilin avqustun 26-da Bəzz qalasının işğalından sonra Babək kiçik bir dəstə ilə qaladan ayrılaraq meşəlik bir yerdə gizlənir. Babəkin yerini öyrənən Afşin xəlifənin ona aman məktubunu və Babəkin oğlunun yazdığı bir məktubu göndərir. Məktubda Babəkin oğlu atasında xəlifənin əfvini qəbul etməsini istəyirdi. Babək oğlunun məktubunu gətirəni öldürtdükdən sonra xəlifənin məktubunu oxumadan ikinci elçiyə deyir: “Oğlumun yanına get və bu sözləri çatdır: “Bir gün hökmdar kimi yaşamaq qırx il qul olmaqdan daha yaxşıdır”. Bir müddət gizləndikdən sonra Bizansa getmək istəyən Babək Arrana gəlir və burada Alban feodallarından Səhl ibn Sumbatın yanında qalır. Babəkə xəyanət edən Sumbat onu ova aparır və əvvəlcədən danışıldığı kimi Afşinin adamları onu mühasirəyə alır. Bu barədə Əhməd ibn Əsəm “Fəthlər kitabı”nda yazır: “Babək onları görəndə artıq mühasirədə idi. Onlar qışqırdılar: “Atından en! Babək soruşdu: “Siz kimsiniz?” Biri dedi ki, “mən Buzbarayam, digəri də Əbu Səidəm”-dedi. Babək, “Aydındır!” deyib atından endi. Sonra o, Səhl ibn Sumbata baxıb, onu söydü və dedi: “Sən məni yəhudilərə bir quruşa satdın! Əgər pul belə sənə lazım idisə, mən iki qatını verərdim”. Babəkin bu sözləri türk tarixinə acı bir xatirə kimi düşdü. Bir türk başbəyi yəhudi-ərəb birləşməsi sonucunda əsir alınır. 838-ci il martın 14-ü gününü Məsudi belə təsvir edir: “Babəkə və qardaşına şahlara layiq, mirvarilərlə işlənmiş, qiymətli daş-qaşlarla bəzənmiş libaslar geyindirirlər. Babəki Hindistan şahının Məmuna hədiyyə etdiyi nəhəng boz filin, Abdullanı isə inəyin üstünə mindirirlər. Samirəyə uzanan yolun hər iki tərəfində bayram libası geyinmiş, qara bayraqları dalğalanan süvari və piyada qvardiyaları düzülmüşdü. Babək yol boyu düzülmüş bu ərəb döyüşçülərinə baxaraq, dodağının altında hey deyinirdi: “Gör nə qədər bədbəxtəm ki, bu itlərin hamısını gəbərdə bilmədim”.
Babək edam olunur. Ölüm anında üzünün rənginin saralması qorxaqlıq kimi görsənməsin deyə bədənin qanını üzünə sürtür. Babək tarixə bu hərəkəti ilə düşür, xəlifə Mötəsimin isə tarixə nə cür düşdüyünü Nizam əl-Mülk Siyasətnamə əsərində yazır: “Bir gün Mötəsim içki məclisindən durub otaqların birinə getdi. Bir müddət orada qaldıqdan sonra gəlib şərab içdi. Sonra yenə də durub başqa bir otağa getdi. Yenə gəlib şərab içdi və üçüncü otağa getdi. Sonra hamama gedib qüsl etdi və iki rükət namaz qıldıqdan sonra məclisə gəlib Qazi Yəhyadan soruşdu: “Bilirsənmi, mən bu namazı nə üçün qıldım?” Dedi: “Yox, bilmirəm”. Dedi: “Əziz və uca Allahın bu gün mənə mərhəmət etdiyi nemətə qarşı qılınan namazdır. Bu üç saatda mən üç qızın qızlığını aldım. Bu qızların üçü də mənim üç düşmənimin qızları idi: biri Rum padşahının, digəri Babəkin və üçüncüsü atəşpərəst Mazyarın qızı”.
Dilgam AhmadGörəsən, əyyaş, zinakar, zındıq kim idi? Babək, yoxsa Mötəsim???
Dilqəm ƏHMƏD

Комментариев нет:

Отправить комментарий