15.09.2011

Bir bazar günü...


AYNA

Lap əvvəllər balaca olanda elə bilirdim bazar günlərində mütləq bazara getmək lazım imiş...

Sonralar gördüm, yox, bu elə də vacib deyilmiş...

İllər ötdü, keçdi...

Bir bazar mən də bazara getməli oldum..

Əvvəl adətim üzrə qəzet köşkünə yaxınlaşdım. Yox, qoy əvvəl ondan başlayım, ki, qəzet köşkünə çatmamış evimizdən bir az aralı park-fason deyilən bir bağ var. Bağın yanından keçirdim, amma məndən qabaqda bir nəfər kişi də gedirdi. Nə oldusa bu kişi dala qanrılıb baxdı. Bilmirəm gözü nəyə sataşdı, amma addımlarını hissolunacaq dərəcədə azaltmağa başladı. Hiss etdim ki, mən də bu tempimlə getsəm kişini ötüb keçəcəm. Amma bu kişi yenə dala qanrıldı. Şübhələndim, demək ki, mənim keçməmi gözləyir.
Başdan-ayağa məni süzsün deyə...

Ürəyimdə zavallı dedim bu kişiyə..

Deyəsən hələ sən anlamamısan ki, qadınlar səni kimilərinə heç əhəmiyyət də vermirlər. Qadın onu sevən, dəyər verən kişini cox vaxt anlamır. Qadınlar ona əzab verən kişini sevirlər. Qadınlar eqoist kişiləri sevir.

Bilirəm, mənlə razılaşmayanlar olacaq. Amma dediyimdə cox böyük həqiqət var. Qadın kişiyə aşağıdan yuxarı baxmasa onu sevə bilməz. Qadın onun nazıyla oynayan kişiyə ən çoxu hörmət edə bilər, onu sevə bilməz!

Nəsə, bu zavallı kişini də orda qoyub, tez-tez addımlarla köşkə yaxınlaşdım. Bilmirəm bu iqtisadi böhranla əlaqədardı, ya bazar iqtisadiyyatı ilə...

Bazar günü bazar iqtisadiyyatı sözü yaman yerinə düşür a...
Bu sözü hələ heç vaxt bu qədər yerində görməmişdim.
Bizim ölkədə qəzet oxuyanlar müəyyən qrup təşkil edir. Ya bu adamlar mətbuat adamları olur, ya da uzaq-yaxın, dolayısı mətbuata bağlı adamlar olur.

Ya da o vaxt sovetlər dönəmində hər gün evinə poçtolyonun gətirdiyi qəzetləri oxuyan adamlar ki, buna artıq vərdiş eləyiblər.
Köşkdən qəzet alan qadın oxucuların sayı isə deyərdim lap azdır.
1-2 cızmaqara şeirləri çıxan kitabxana işçiləri, ya da müəllimlərdir ki, öz şeirlərinə görə qəzeti alırlar.

Hələ o gün nəyə yanıb yaxılmışam. Bir nəfər köşkə yaxınlaşıb deyir ki, mənə köhnə krassvord qəzetləri ver...

Demək ki, işsiz qalan əhali başın belə şeylərlə də qatır...bir də son ümid yeri kimi baxdıqları lotereyalardan alanlar da coxdu köşklərdən.

Həə, lap yadımdan çıxdı, hələ birja qəzetlərini demirəm.

Azərbaycanda “xod” gedən qəzetlər qrupuna daxildir.

Gəldim bazara...

Göy-göyərti almalıydım, könlümdən qutab keçirdi...

Elə göyərtilərə baxınca....

Ağlıma daha nələr gəlmədi ki...

Nanənin iyi ətrafı götürmüşdü, elə onun yanındakı yarpız da az nazlanmırdı. Nanəni nazlı qıza, yarpızı isə qarımış qızlara bənzətdim. Qarımış qızlar sonralar ərə gedəndə yıxılı evin dirəyi olurlar. Elə yarpız dəmləməsi kimi, hər dərdin dərmanı kimi...
O tərəfdən ispanaq boylanırdı. Iri yarpaqları olan bu göyərtini xanım-xatın qadınlara bənzətdim. Qaygısız , cöldən-bayırdan xəbəri olmayan qadınlara...

Keşniş bir vaxtlar yaraşıqlı gəlinmiş, tale onun üzünə gülməmişdi, ər sarıdan bəxti gətirməmişdi, balalarını yarıac, yarıtox birtəhər böyüdüb yerbəyer etmişdi. Necə deyərlər qara saçını ağ eləyib, namusla bala böyütmüşdü. Əri də nə bilim Rusyetin hansı düzündəsə qalmışdı. Nataşanın, Olqanın böyrünə qısılıb yatırmış bəlkə...

Cəfəri- sevdiyim qadın tipi idi. Oxumuş, savadlı, dünyagörüşlü birisi...

Gözüm şüyüdə sataşdı. Ən cox istifadə etdiyimiz göyərtilər içərisində yeganə 5 hərfli bitkidir. Yarpaqları nazik, uzun. Sözünün kəsəri olmayan kişilərə oxşatdım bunu..

Amma soğan- zəhmli bir kişi canlandı gözümə..Hə, bax bunu sevə bilərəm dedim ürəyimdə...

Amma sarımsaq- namərdi axtarmaqla deyil a...Pis qonşudan köç qurtar...

Elə bir-iki dəstə hərəsindən alıb evə yollanırdım ki, yenə o kişini gördüm. O isə şüyüd alırdı. O biri əlində də birja qəzeti...

Bir nəfər CİP-dən düşdü və 5 dəstə tərxun alıb getdi...

Yolda gələ-gələ fikirləşirdim. Bu göyərtilərin hamısını qatışdırıb qutab bişirmək olar, amma tərxunu yox..

Əcəba niyə???

kulis.az

Комментариев нет:

Отправить комментарий