03.09.2011

"Həmkarlar təşkilatları mədəni reketçiliklə məşğuldur"

 Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə müsahibə


Xarici şirkətlər bizim kimi ölkələrdə çalışmağa başlayanda öncə Əmək Məcəlləsində dəyişiklik etdirib, ora özlərinə sərfəli maddələr əlavə edirlər


Azərbaycana bir cəngəllik kimi, şirkətlərindəki azərbaycanlı işçilərə də vəhşi kimi baxırlar və onlarla da vəhşi kimi rəftar edirlər


- Mirvari xanım, hazırda ölkəmizdə Həmkarlar ittifaqlarının durumu necədir?
- Çox yaralı yerdən başladınız. Birmənalı deyə bilərəm ki, Azərbaycanda həmkarlar təşkilatı yoxdur. Niyə? Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 309-cu maddəsinə görə həmkarlar təşkilatı bu məcəllənin idarə və müəssisələrdə yerinə yetirilməsinə nəzarət etməlidir. Həmkarlar təşkilatı buna əməl edirmi? Ölkənin baş həmkarı - Həmkarlar İttifaqı Konfederasiyası Prezident aparatının qeyri-rəsmi bir strukturu, əlavəsi kimi fəaliyyət göstərir. Onlardan pis nümunə götürərək yerlərdə də həmkarlar təşkilatları ayrı-ayrı idarələrin bir şöbəsi, bölməsi kimi çalışır. İdarələrdə işçiləri kütləvi şəkildə işdən çıxardırlar, həmkarlar susur. İşçilərin əmək haqqını səbəbsiz olaraq azaldırlar, onlar zərərli işlərdə çalışmağa məcbur edilir, həmkarlar susur. İdarədə qanunsuz ixtisarlar aparılır, həmkarlar susur. İşçilərin hər addımbaşı haqları tapdanır, onlar söyülür, təhqir edilir, bəzən hətta döyülür, həmkarlar susur. Konkret bir misal çəkim. Təkcə bu ilin 7 ayında Azərbaycanın neft sənayesində 13 ölüm hadisəsi baş verib. Zədələnənlər, xəsarət alanlar isə bundan bir neçə dəfə çoxdur. Bu biabırçılıqdır. Deməli, işçilər dözülməz şəraitdə işləyir. Təsəvvür edin, hər il neft sənayesində 25 min adam işdən azad edilir. Əksəriyyəti də qanuni əsaslar olmadan. Həmkarlar susur. Daha dəqiq desək, həmkarların varlığı, yoxluğu hiss olunmur.
- Bəzən elə də olur ki, həmkarlar təşkilatı nəinki öz üzvünün hüquqlarını qorumur, hətta onun vurulmasında iştirak edir.
- Tamamilə haqlısısınız. Bakının Balaxanı qəsəbəsində Balaxanıneft NQÇİ-də çalışan bir neftçinin məhkəmədə hüquqlarını qoruyurduq. Həmin məhkəmədə müdiriyyətin təmsilçisi, müdafiəçisi kimi məhkəməyə kim gəlsə yaxşıdır, həmin idarədəki həmkarlar təşkilatının sədri. İşçini qorumalı olan həmkarlar müdiriyyəti qoruyurdu.
- Belə olan məqamda alternativ həmkarlar təşkilatı yaratmaq olmazmı?
- Niyə olmur. Bu, qanunçuluğa baxanda çox sadədir. 7 nəfər yığışıb, bu təşkilatı yaradır. Dərd bundan sonrasıdır. Yəni Azərbaycan Ədliyyə Nazirliyi bütün gücünü işə salıb belə alternativ həmkarlar təşkilatını qeydə almır. Lakin bu, insanları ruhdan salmamalıdır. Elə biz də öz təşkilatımızı yaradanda az maneələrlə qarşılaşmadıq. Əvvəlcə hüquq müdafiəçisi Nofella Cəfəroğlunun ofisində toplaşdıq. Sonra tədbirlərimizi müxtəlif çayxanalarda keçirdik. Ətrafımıza onlarla, yüzlərlə insan toplaşdı. 10 il qeydiyyata alınmasaq da, həmin müddətdə xeyli faydalı işlər görə bildik.
Bizdəki həmkarlar təşkilatının forması sovetdən qalma, çürümüş bir qurumdur. Bu, mütləq dəyişməli, buraxılmalıdır. Bu sahəyə baxışlar dəyişməlidir. Görün, nə qədər gülməli haldır ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası kimi gurultulu bir ad daşıyan qurum bəyanat verir ki, M c.Donalds və Koka-kola şirkətlərinin rəhbərliyi niyə öz həmkarlar təşkilatını yaratmır, buna imkan vermir? Sual edirik – nəyə görə işəgötürən həmkarlar təşkilatı yaratmalıdır, nəyə görə bu iş üçün işə götürəndən icazə alınmalıdır? 
- Doğrudan da, maraqlıdır. Niyə özəl təşkilatların çoxunda həmkarlar təşkilatı yoxdur?
- Bilirsiniz, həmkarlar təşkilatı elə bir qurumdur ki, bunu yaratmağa işəgötürən yox, işçilər özləri maraqlı olmalıdırlar. İşçilərin isə bir çoxu bunun mahiyyətini bilmir, mahiyyətini bilənlər də yaratmağa maraqlı deyillər. Çünki bilirlər ki, həmin qurumu yaradan kimi, onları məcbur edəcəklər ki, Prezident Aparatının bir əlavəsi kimi fəaliyyət göstərən Konfederasiyanın tərkibinə keçsinlər, hər kəsdən 2 faiz alıb bu təşkilatın hesabına ödəsinlər, nəticədə də pulları getsə də, heç bir hüquqları qorunmasın.
- Hazırda sizin təşkilata alternativ varmı?
- Çox təəssüf ki, yox. Amma biz bunun üçün çalışırıq. Bu ilin sonundan başlayaraq biz 7 aylıq bir layihə gerçəkləşdirəcəyik. Almaniyanın, Türkiyənin, Gürcüstanın, Norveçin bu sahədə çox zəngin təcrübəsi var. Onların nümayəndələri gəlib burada treninqlər keçəcək, təcrübələrini öyrədəcəklər. 
- Bizdə olan məlumata görə xarici ölkələrdə bir idarədə bəzən bir neçə həmkarlar təşkilatı olur. Fəhlələrin həmkarlar təşkilatı bəzən o qədər güclü olur, müdiriyyəti o qədər küncə sıxır ki, bir həmkarlar təşkilatı da yaranır müdiriyyətin hüquqlarını qorumaq üçün.
Ümumiyyətlə, xaricdə həmkarlar ittifaqı ilə bağlı maraqlı nümunələr çoxdur. Elə dediyim Norveç ölkəsində, Statyol şirkətində əvvəllər 5 həmkarlar ittifaqı var idi. Sonradan onların bir çoxu birləşdi, indi 2-si qalıb. Hər yerdə olduğu kimi həmkarlar ittifaqının təşkilində də azad rəqabətin olması, insanların seçim imkanının olması çox yaxşıdır. İşçi görər ki, hansı həmkarlar təşkilatı daha yaxşı işləyir, onların hüquqlarını daha yaxşı qoruyur, ona da üzv olar, ya da heç olmaz.
- Siz söhbətin əvvəlində dediniz ki, sovet dönəmindən qalan həmkarlar təşkilatları ləğv olunmalı, yeni modelli həmkarlar təşkilatları yaranmalıdır. Həmin yeni model nədən ibarət olmalıdır?
- Öncə hər bir idarənin həmkarlar təşkilatı bu müəssisədən kənarda yerləşməlidir. Yəni, həmkarlar təşkilatına müraciət edən bilməlidir ki, mən tamam başqa bir quruma müraciət edirəm. Həmkarlar təşkilatına otağı verirlər idarə müdirinin böyründə, bəzən hüququ pozulan işçini heç həmin binaya buraxmırlar da. İşçi bilmir ki, burada hüququmu pozan kimdir, qoruyan kim. Adını çəkdiyim Statoyl şirkətinin həmkarlar ittifaqlarının binaları həmin şirkətdən tamam kənarda yerləşir və heç kimdən asılı olmayaraq müstəqil qərarlar qəbul edir.
Həmkarların yeni modeli ondan ibarətdir ki, insanı zorla həmkarlar təşkilatına üzv etmirlər. Yoxsa, bizdəki kimi. İşçi əmri alan kimi ərizəsiz-filansız avtomatik olur həmkarların üzvü. Necə ki, dünyaya gələn kimi oldun insan. Bəzən işçi işdən çıxandan sonra da elə orada üzv kimi qalır. Adamlar hələ də hesab edirlər ki, həmkarlar ittifaqı putyovka və yardım verən idarədir. Bilmirlər ki, həmkarlar ittifaqı onun pozulmuş hüquqlarını qorumalıdır.
- Bir neçə il öncə, qəfildən bəlli oldu ki, həmkarlar ittifaqına üzv olanlar ayda əmək haqqının 1 yox, 2 faizi qədər üzvlük haqqı verməlidirlər.
- Bu çox gülünc qərar idi. Həmin vaxt ölkədə əhalinin 40 faizi yoxsulluq həddində yaşayırdı. Hansı yoxsul razı olar ki, hüququnu qorumayan təşkilata 1 yox, 2 faiz üzvlük haqqı versin. Sonra da bəlli olsun ki, bu pulun hara xərcləndiyini çoxları bilmir. Hətta belə məlumatlar dolaşır ki, üzvlük haqqından böyüklərə də pay verilir. 2003-cü ildə bu qərar müzakirə olunanda Neft şirkətinin sədri Natiq Əliyev buna etiraz etdi. Lakin bu idarənin yuxarı eşalonunda çalışanların bir qismi daha irəli gedərək 2010-cu ilin aprel ayında təklif etdilər ki, 2 faiz üzvlük haqqından əlavə Silahlı Qüvvələrə Yardım Fonduna da 2 faiz pul tutulsun. Təsəvvür edin, Neft Şirkətinin 85 min işçisindən il yarımdır ki, Silahlı Qüvvələrə Yardım Fonduna yüz min manatlarla pul tutulur. Jurnalistlər isə araşdırıb tapa bilmirlər ki, bu pul hansı hesaba köçürülür.
Bu gün ən acınacaqlı hal odur ki, işəgötürən başa düşmür ki, harada normal, güclü həmkarlar təşkilatı var, orada ədalət var, 
yüksəliş var.
- Siz neftçilərin hüququnu qoruyan bir təşkilat kimi ölkədə məşhursunuz. Təhsil, səhiyyə sahəsində də belə alternativlər varmı?
- Təəssüf ki, yoxdur, olması da müşkül məsələdir. Çünki təhsilimiz də, səhiyyəmiz də çirkab içindədir. Təhsil sahəsində adi müəllimdən tutmuş təhsil şöbə müdirinədək hamı rüşvətə bulaşıbsa, müəllim şagirddən rüşvət alırsa, orada həmkarlara kimi seçəcəklər. Səhiyyə sahəsi bundan da betər. Korrupsiya olan yerdə həmkarlara yer yoxdur. Tutaq ki, biz 70-dən artıq neftçinin müdafiəsi üçün məhkəmə iddiası qaldırmışıq və onlardan da 33-nü udmuşuq. Təəssüf ki, hər hansı müəllimin və həkimin müdafiəsinə belə qalxan həmkarlar təşkilatı yoxdur.
Bilirsiniz, bu ölkədə əksər qanunlar işləmir. Əksəriyyət qanunu necə başa düşür və ya ona necə sərf edir, o cür də icra edir. Tutaq ki, direktor bir müəllimi işdən çıxartmaq istəyirsə, onu buna görə qanuni əsaslar maraqlandırmır. İstəmirəm, vəssalam. Çünki onu bu vəzifəyə təyin edən də elə bu qayda ilə işləyir, o da elə onun səviyyəsində olur.
- Mirvari xanım, düzü bu sualı əvvəldə verməli idim, bir az sonraya düşdü. Necə oldu ki, taleyinizi həmkarlarla bağladınız?
-1994-cü ildə ki, əsrin müqaviləsi bağlanıldı, xarici şirkətlər ölkəmizə ayaq açdı, üzdə çox təmtəraqlar olsa da, pərdə arxasında məlum oldu ki, bu xarici şirkətlər Azərbaycana bir cəngəllik kimi, şirkətlərindəki azərbaycanlı işçilərə də vəhşi kimi baxırlar və onlarla da vəhşi kimi rəftar edirlər – söyür, təhqir edir, alçaldır və sair. Məhz belə məqamda, 1996-cı ildə biz neftçilərin hüquqlarını qorumaq qərarına gəldik. Öncə bizi eşitmək istəmirdilər. Onlar Azərbaycan haqqında o qədər mənfi fikirdə idilər ki, hətta gecələr çölə çıxmağa ehtiyat edirdilər. Bizim ardıcıl fəaliyyətimiz, onların neqativ hərəkətlərini aşkarlamağımız, ictimailəşdirməyimiz bu şirkət rəhbərlərini mövqelərini dəyişməyə məcbur etdi. Biz həmin şirkət sahiblərinin özbaşınalığına etiraz əlaməti olaraq 4 şirkətdə tətil təşkil etməyə nail olduq. Bundan sonra bizimlə tərəf kimi danışmağa, məktublarımıza cavab verməyə, bəyanatlarımıza reaksiya göstərməyə məcbur oldular.
Məlumat üçün deyim ki, xarici şirkətlər bizim kimi ölkələrdə çalışmağa başlayanda öncə çalışırlar ki, Əmək Məcəlləsində dəyişiklik edib, ora özlərinə sərfəli maddələr əlavə etdirsinlər, həmkarlar təşkilatlarını buraxsınlar. Çünki onlar öz ölkələrindəki həmkarlar təşkilatlarının gücünü bildiklərindən, istəmirlər ki, burada həmkarlar ittifaqı xətti ilə özlərinə başağrısı yaratsınlar.
- Bu gün regionlarla necə işləyirsiniz?
- Təəssüf ki, vəsaitimiz kifayət qədər olmadığı üçün regionlarda filiallarımızı yarada bilmirik, ən yaxşı halda bəzi seminarlar keçiririk. Bundan əlavə yerlərdə bəzi layihələri gerçəkləşdiririk. Məsələn, cənub bölgəsində Ələt-Astara yolunun inşası zamanı problem yaranmışdı. Bəzilərindən yola düşən torpağı dəyər-dəyməzinə alırdılar. Biz bu məsələni araşdırdıq, Asiya İnkişaf Bankı qarşısında məsələ qaldırdıq. Əvvəllər 3 200 manata satılan torpağı sonra 7 min manata dəyərləndirdilər. Kimsə əvvəlki qiymətlə razılaşıb həmin məbləğə imza atmışdı, belələri daha çox uduzdu. Biz Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsində də eyni layihəni reallaşdırdıq. Çox istərdim ki, cənubda korrupsiya ilə bağlı layihə reallaşdırım. Təəssüf ki, vəsait yoxdur. Hazırda isə Lənkəranda Dünya Bankının krediti hesabına reallaşdırılan su-kanalizasiya xətti ilə bağlı monitorinq aparırıq.
Sonda onu demək istəyirəm ki, hüquqlarımızı dərindən bilsək, yaxın vaxtlarda bizim ölkəmizdə də əsl azad həmkarlar olar, hər işçi bilər ki, onun arxasında hər zaman hüquqlarını fədakarlıqla qoruyan bir təşkilat var, daha reketçilik edib, 2 faizlik üzvlük haqqı ilə zəhmət haqqını çırpışdıran qondarma bir qurum yox.
 



http://www.cenubxeberleri.com/

Комментариев нет:

Отправить комментарий