06.10.2011

Dəliliyin deşifrəsi


Əsəd Qaraqaplan

Bakı sevgi şəhəri deyil. Bakı sevgisizlərin, daş ürəklilərin şəhəridi.
Gəlib burda sevməyə cəhd eləmək adamı axırda faciəvi bir dəliliyə götürüb aparır. Ha çabalayırsan içindəki böyük işıqdan, təmiz hisslərdən sevdiklərinin də, ətrafındakıların da  ürəyinə biraz salasan, olmur ki, olmur.
Havalı ruhuna boy göstərib küçələr, yollar boyu gəzirsən, əlin heç bir işə yatmır, heç kim səni qorxaqlığından vecinə almaq istəmir, hisslərinə qarşılıq vermir, yalnız öz mənafeyinə görə sənə yanaşır, bu da səndə olmadıqda bir də gözlərinə görünməməyə çalışır.
Hər an son anlarını yaşayırsan kimi bir hiss olur içində. Hər tərəf uçurum, hər yer qaranlıq, hər kəs daş döşəli yollar kimi soyuq və bərk…
Bakıda doğulub boya-başa çatmışlar elə bil öz hisslərini anadangəlmə abort elətdirmişlərdi. Hər qarşılarına çıxan sevgi hissləri onlarçün keçilməz bir səddə çevrilir, saxta qürurun yaratdığı özündənrazılıq, təmiz hisslərin olmadığı ürək körpə sevgilərin iti xəncərinə çevrilir.
Onların ürəyində işıq yandırmağa çalışmağın özü adamı daha çox zülmətə salır…
Hər dəfə gəlib öz otağımdakı təkliyə çəkiləndə mən biraz daha dəli olmağa başlayıram. Hər gün biraz daha üstümə çökən bu dəliliyin ağrıları əllərimi hər yerdən, hər kəsdən üzür, məndə dəhşətli bir “xəstəlik” yaratmağa başlayır.
Bu hal məni hətta kənddəki öz doğmalarımdan belə uzaqlaşdırmağa başlayıb, onların da bir çox pis sifətini mənə göstərir, hər addımda təkliyimi şərtləndirir.
Bu sevgisiz şəhərin “nümunə” olduğu əyalətlər də öz ətraf basqısıyla, mövhumatıyla insanları öz gününə salmıb. Hələ də bütpərəstlik dəyərləriylə “silahlanmış” cəhalət insanı dəli etmək üçün hazır dayanıb.
Mən indi hansı harda özümə yer tapmalıyam – bütün bunları görüb, duymayım… İndi mən kim olmalı, necə olmalıydım həm sevə bilim, həm də xoşbəxt olum…
Mən indi anlayıram – sevmək bədbəxtlik olmasa da, xoşbəxtliyin əks üzüdü. Həm sevmək, həm də xoşbəxt olmaq mümkün deyilmiş…
Sevmək – dəli olmaqdı, özünü ağıllı sayan bu çoxbilmiş, ürəksiz insanlar arasında dəli olmaq.
Dünyanın qapıları da üzünə bağlı olduğu bir durumda nə əyalətə qayıtmaq, nə də şəhərdə qala bilməmək adamı param-parça edib ətrafa dağıdır, hər addımda ürəyinə balta çalmaq istəyir.
Mən bu qaranlıq yolları dəlilikdə öz içimin işığıyla addımlayıram. Mənə tərəf gələn hər kəsin gözləri bu işıqda qamaşır, çoxları da geri çəkilib getməyə məcbur olur.
Bu həyatda insanın hər şeyini əlindən almaq olar, bircə dəliliyindən başqa. Onun həqiqəti də, savaşı da, sevgi də bu dəlilikdə gizlənir.
İnsanlardan nə qədər qaçıb uzaqlaşsan da, onlara daha çox yaxın olduğunu, onların ruhlarında, varlıqlarında olduğunu da duyursan. Bu xəbərsiz gəlişin keçdiyi hər yeri, hər ürəyi yaxıb-yandırır, ya sevgiyə – dəliliyə gətirir, ya da birdəfəlik bunlardan uzaqlaşdırır.
Gedənlər gedir, heç arxasıyca göz yaşı da axıtmırsan, sevgisizlikdə rəhmsiz olmaq, sevgidə körpə uşağa dönmək – ən yırtıcı varlığın göstəricisidi…
Məndən hələ də yaxşı adam olmaq, hələ də yaxşı şeylər yazmağı gözləyirlər. Özü də kimlər – heç vaxt sevməyən – saxta, yalan həyat yaşayanlar.
Bilirəm, hətta indi bu sətirləri oxuyanlar da xoflanıb kənara çəkiləcəklər. Hə, yaxın gəl, mən sənin öz taleyinəm, bu deyilənlər sənin taleyindi, bu dəlilik sənin içindəki həqiqətdi, sən istəsən də bundan qaça bilməzsən.
Anla artıq öz dəliliyini. Burax bu qədər ağıllı olmağı – sənin ağıllı olmağın sənin məğlubiyyətin, mənim dəliliyimin mənim qalibiyyətimdi…

Комментариев нет:

Отправить комментарий