09.11.2011

«Da Vinçinin kodu», yaxud, Den Braunun «Feminist» marş


İlqar Fəhmi


U.Ekonun «Qızılgülün adı», P.Züskindin «Parfümer» romanlarının dərcindən keçən on il ərzində  dünya kitab bazarında heç bir əsər «Da Vinçinin kodu» romanı qədər ajiotaj yaratmamışdı.  Onun haqqında mübahisələr indi də səngimək bilmir, kimlərsə romanı, ümumiyyətlə, ciddi ədəbiyyat nümunəsi hesab etmir, kimlərsə yeni eranın yaranmaqda olan yeni ədəbiyyatının ilk qaranquşlarından sayır, üçünci qism insanlar isə əsərin hansısa siyasi qüvvələrin (konkret olaraq, yəhudi-mason təşkilatlarının) sifarişiylə yazıldığını vurğulayır.  Bundan əlavə,  kitab artıq neçə ildir ki, nəinki Amerika, Avropa, Postsovet məkanı, hətta bir çox Şərq ölkələrinin  kitab bazarında da möhtəşəm satış rekordlarına imza atır. ( qəribə faktdır ki, Çin kimi yarımqapalı bir ölkədə də «Da Vinçinin kodu» , son iki ildə ən çox satılan xarici ədəbiyyat nümunəsi elan edilib)
Əlbəttə , bədii əsərin sadəcə satış rekordları əldə etməsi hələ onun barəsində ciddi fikirlər yürütməyə əsas vermir. ( hərçənd ki, bu Faktorun özünü də danmaq olmaz.) Bəs nədədi «Da Vinçinin kodu» romanının belə hay – küy qaldırmasının səbəbi? Yazıda bu suala qismən də olsa cavab verməyə çalışacağıq.
Ən əvvəla müəllif və onun başqa kitabları barədə informasiya vermək zənnimcə yerinə düşər.
Den  Braun 1965-ci ildə ABŞ-ın Nyu-Qempşir ştatında anadan olub. Atası riyaziyyat professoru,  anası professional musiqiçi olub.  Gələcək yazıçı əvvəlcə Amxerst kollecini, sonra isə Filipp-Ekzeter Akademiyasını bitirib. Təhsilini tamamlayıb Kaliforniyaya yola düşən Den Braun Kaliforniyaya yola düşərək mahnı müəllifi və ifaçısı kimi fəaliyyətə başlayır, öz mahnılarından ibarət bir neçə kompakt disk buraxır. 1993-cü ildə isə Nyu-Qempşirə qayıdıb Amxerst kollecində ingilis dilindən dərs deməyə başlayır.
1998-ci ildə fəlsəfə, din tarixi və kriptoqrafiya ilə maraqlanan yazıçı ilk trilleri olan «Rəqəmli qəsr»-i dərc etdirir.  Əsərdə ABŞ-nın Milli Təhlükəsizlik Agentliyinin kompyuter sisteminə yeridilmiş virusun zərərsizləşdirilməsindən bəhs edilir.
Den Braun sonrakı əsərlərini də janrların sərhədində yaradır. 2000-ci ildə intellektual-konspiroloji detektiv olan və  yeni kəşf olunan «Antimaddə» adlı «maddə»nin köməyiylə Vatikanı partlatmaq istəyən  terroristlərdən danışılan «Mələklər və şeytanlar» romanı , 2001-ci ildə isə  Arktikada tapılan və bəşəriyyətin gələcəyini dəyişməyə qadir olan bir Artefaktdan  bəhs edən «Qərar məqamı» romanı çap edilir.
«Mələklər və şeytanlar»dakı Professor Lenqdonun macəralarının davamı olan «Da Vinçinin kodu» adlı son roman isə 2003-cü ildə nəşr edilir və mağazalara çıxan ilk gündə altı min nüsxəsi satılır. Ümumiyyətlə isə, Den Braunun dünyanın qırx dilinə tərcümə olunmuş bestsellerlərinin ümumi tirajı 8 milyondan çoxdur. Yazıçı bundan əlavə jurnalist fəaliyyətiylə də məşğul olur,   «Newsweek”, “TIME”, “Forbes”, “People”, GQ, “The New Yorker” jurnallarında mütəmadi dərc olunur.
Yazıçının adıçəkilən üç romanı «Da Vinçinin kodu» qədər uğur qazana bilməsələr də, hər halda müəllifin yaradıcılıq üslubunu daha düzgün dərk etməkçün yardımçı ola bilərlər.
Əsərlərin ayrı ayrılıqda təhlilinə keçməzədən öncə onu qeyd etmək istəyirəm ki, ümumiyyətlə Den Braunun romanlarında süjet baxımından qeyri-adi heç bir element yoxdur, yəni adi, hətta deyərdim ki, orta səviyyəli, sonluğu detektiv  mütəxəssisləri üçün əvvəlcədən aydın olan detektiv süjetlərdir. Banisi Umberto Eko olan «intellektual detektiv» janrında Den Braundan əvvəl yazan bir çox yazıçılar var ki, onların romanları süjet və ideya baxımından daha səviyyəli, daha orjinal, fəlsəfi və stilistik cəhətdən daha dolğundur.  Bunlara misal olaraq, ORxan Pamukun «Mənim adım qırmızı» romanını, Ellis Pitersin «Rahib Kadfaelin xronikası» , B Akuninin «Erast Fandorinin sərgüzəştləri» silsilələrini, Arturo Peres-Revertenin «Flamand lövhəsi», «Düma klubu yaxud Rişelyönün kölgəsi», Alfredo Kondenin «Qrifon», Yen Pirsin «Ssipionun yuxusu», Ketrin Nevilin «Səkkiz», Cuzeppe D. Aqatanın «Ölüm reqistri»  romanlarını və s. əsərləri  göstərmək olar.
Bütün bu romanlar müxtəlif bədii-estetik tutuma malik olsalar da, onların böyük hissəsini oxşar süjetə malik olmaqları birləşdirir. Süjet isə təxmini belə olur – Hansısa tarixi-mistik əhəmiyyətə malik olan bir əşya tapılır, (misalçün ,  qədim şahmat dəsti, sirrli bir tablo,  gizli əlyazma və s.) əsərin qəhrəmanları bu qədim əşyanın sirrini açmağa çalışırlar , bu zaman hansısa naməlum qüvvələr də işə qoşulur, müəmmalı qətllər baş verir, qədim əşyanı oğurlayırlar, nəhayətdə canilər yaxalanır, bütün sirrlər açılır, qəhrəmanlar xilas olur. Ümumiyyətlə, tarixi, yaxud intellektual detektiv janrlarının məziyəti heç də yazıçının orjinal süjet qurmasında yox, adi detektiv süjetə nə qədər elmi-kulturoloji material yerləşdirə bilməsindədi və etiraf edək ki, bu sahədə hələ heç bir yazıçı intellektual detektiv janrının banisi olan Umberto Ekonu ötüb keçə bilməyib.
Den Braunun üzərinə qayıdaq. Qeyd etdiyimiz kimi yazıçının o biri romanları bu baxımdan heç nə ilə seçilmir. «Rəqəmli qəsr»də detektiv süjetə müasir elektronika elminin nailiyyətləri barədə sonsuz məlumatlar, «Mələklər və şeytanlar»da isə oxşar süjet xəttinə Katolik kilsəsi ilə Rasional elmin çoxəsrlik mübarizəsinə dair külli miqdarda tarixi faktlar əlavə olunub.  Əminliklə deyə bilərik ki, əgər «Da Vinçinin kodu» olmasaydı Den Braun heç də yuxarıda adını çəkdiyimiz yazıçılardan artıq uğur qazana bilməzdi. Onunçün də müəllifin o biri romanlarının məzmunu barədə danışmağı  lüzumsuz hesab edərək, birbaşa yazımızın əsas mövzusuna, yəni «Da Vinçinin kodu» romanına keçmək istərdik.
Birinci növbədə qeyd edək ki, bu hay-küy qaldırmış əsər də süjet baxımından heç də qeyri adi deyil. Yenə də müəmmalı qətl , yenə də tapmacalar, yenə də möhtəşəm , qorxunc , gizli təşkilatlar, yenə qatil-manyak və həmişəki kimi gözlənilməz «Həppi-end» ( xöşbəxt sonluq) – fərq ondadır ki, qətl Parisin qaranlıq küçələrində yox, məşhur Luvr saray-muzeyində baş verir, tapmacalar orta əsr xristian kabbalistikası əsasında qurulub, manyak-qatil bütün həyatını tanrıya ibadətə həsr edən rahib, gizli təşkilatlar «Sionun prioratı» və əzəmətli Vatikanın «Opus -dei» adlı Nyu-York «filialı»dır. Bütün əsər boyu isə qəhrəmanlar  xristianlığın tarixi, mahiyyəti, paradoksal cəhətləri, orta əsrlər Avropa incəsənətinin qaranlıq tərəfləri  barədə mübahisələr edirlər.
Bunlar əlbəttə ki, əsəsrin məziyyətlərini artıran cəhətlərdir, amma yenə də kifayət etmir ki, onun ətrafında bu qədər söz söhbət qalxsın, mübahisələr qopsun, əsrin bestsellerinə çevrilib milyonlarla tirajla satılsın və nəhayət yubanmadan Qollivudda əsər əsasında bədii filmin çəkilişlərinə başlansın. ( Yazıçıya əlavə altı milyon dollar qonorar gətirən bu filmdə baş rolu məşhur «qladiator» Rassol Krou ifa edəcək. Bu ilin sonunda film dünya ekranlarına çıxmalıdır)
Yaxşı , bəs onda bu uğurun səbəbi nədir? Axı Den Braun «DaVinçinin kodu»nda hansı məsələyə toxunub ki, hətta dostum Əsəd Cahangir də bu kitabın ona çox böyük həqiqətləri açdığını bəyan edir? Ən əsas problem əbədi və əzəli olan «Qadın və kişi başlanğıclarının mübarizəsi»dir. Sadəcə əvvəlki müəlliflərin demək olar ki, hamısından fərqli olaraq Braun bu mənada tam əks mövqedə dayanır, yəni var qüvvəsiylə qadın başlanğıcının kişi başlanğıcından üstün olmasını israr edir.
Indi isə məşhur romanın məzmunundan bəzi detallar üzərində dayanmaq istərdik. Əsər Parisin Luvr muzeyində görkəmli sənətşünas alim, muzeyin baş kuratoru Jak Sonyerin səhər çağı qətlə yetirilməsindən başlayır. Günorta isə ABŞ-dan məhz Sonyerlə görüşmək üçün Fransaya təşrif buyurmuş kriptoqraf-alim RobertLenqdon və mərhum Sonyerin nəvəsi gənc və gözəl xanım Sofi peyda olur. ( o saat bilinir ki, əsərin axırında bu cütlük Mendelsonun nikah marşının sədaları altında Kilsəyə daxil olub gələcəyin xöşbəxt bir «feminist» ailəsinin təməlini qoyacaqlar) təbii ki, gənc Sofi də, incəsənət tarixindən bixəbər deyil və hər iki dost birləşərək mərhum babasının onlar üçün qoyduğu tapmacaları açmağa çalışırlar. Ən birinci tapmaca qoca Sonyerin ölümqabağı pozasıdır. Deməli, rəhməlik, qarın nayihəsindən iki güllə alsa da sürünə sürünə özünü Leonardo Da Vinçinin «Mona – Liza»sına yetirir, tablonun arxasında nəsə gizlədir, divara öz qanıyla ilk baxışdan mənasız görünən bir cümlə yazır,  sonra da həyalı-abırlı Mona Lizanın qabağında lüt anadangəlmə soyunaraq yerə uzanır,  ( kişidə həvəsə bax e) Da Vinçinin «Vitruvan-insanı» pozasını alaraq bu dünyaya əlvida deyir.
Bütün bu zurna balabandan məqsəd odur ki, qoca illər boyu öz içindəki sirri özüylə bərabər o dünyaya aparmasın, ağıllı adamlar bu rəmzlərin vasitəsiylə tapmacaları həll edərək onun sirinə yiyələnsinlər. Əlbəttə , Mobil telefondan sadəcə nəvəsinə zəng vurub hər şeyi açıq demək daha asan olardı , amma onda Den Braun milyoner olmazdı , həm də bu Lənətə gəlmiş Luvrun divarları arxasında mobil telefonlar tutmur.
Zahiri effekt göz önündədir – bər bəzəkli kral otağı, ətrafda orta əsr Avropa rəssamlığının inciləri,  döşəmənin üstündə isə lüt anadangəlmə uzanıb ayaqlarını da aralamış yetmiş yaşlı qoca kişi. Təbii ki, yuxarı baxanda adamın ürəyi açılırsa, nəzərlər döşəməyə sataşanda adamın ürəyi bulanır. (Binəva Mona Liza yəqin ki, bütün ömrü boyu belə dəhşətli və iyrənc səhnə görməmişdi.) və ən əsası bu dekorativ effekt məntiqi uyğunsuzluğu insana unutdura bilir.çünki normal insan Jak Sonyerin yerinə olsaydı belə hərəkət edərdi -başının üstünü təhlükə aldığını hiss edən kimi bütün sirrlərini harasa yazıb notariusa verərdi ki, əgər mən ölsəm bu bağlama mənim nəvəm Sofiyə çatdırılsın. Ruslar demişkən «vsyo».
Amma Jak Sonyerin buna ağlı çatmır və Braun öz qəhrəmanlarını müxtəlif tapmacalardan keçirib həqiqətə doğru aparır. Oxucunu da cəlb edən məhz bu tapmacalar və bu tapmacaların arasından sızan feminizm notlarıdır.
Qocanın qoyduğu tapmacaları aça-aça bir çox həqiqətlər , müəmmalar əsərin qəhrəmanları , həm də eyni zamanda oxucular üçün aşkara çıxır. Ən birinci «həqiqət»  budur ki, guya orta əsrlərdə Avropada «Sionun prioratı» adlı gizli bir təşkilat yaranıbmış və bu təşkilatın üzvləri belə hesab ediblər ki, xristianlıq insan ilə ilahi qüvvələr arasındakı münasibətləri təhrif olunmuş şəkildə çatdırır, əslində Isa Məsih heç də subay olmayıb, o keçmiş  fahişə Mariya Maqdalena ilə evlənibmiş və filan qədər oğul uşaqı da olub, sonda Mariya Maqdalena kişini o qədər tovluyub ki, Isa məsih guya xristian kilsəsini özündən sonra ona tapşırmaq qərarına gəlib, amma vələdüzna apastollar yazıq , fağır Mariya Maqalenanın hüququnu əlindən alıblar, kilsəni özəlləşdirib həqiqətləri təhrif ediblər. Amma adıçəkilən təşkilat bütün bu həqiqətləri və onları sübut edə bilən faktları qoruyub saxlayıb ki, zamanı gələndə, Mariya Maqdalenanın timsalında hüquqları tapdalanmış zərif cinsin hüquqlarını bərpa etsin, yəni Isa Məsihin nəslindən olan xanımlardan birini xristianlığın rəhbəri etsin, iki minillik haqsızlığa son qoyulsun.
Hə, əla səhnədir, qadın-papa..düzdür, əsərdə konkret olaraq hansısa qadının Roma papası təyin olunmasına açıq iddia yoxdur, amma ümumi inkişaf ona doğru gedir.
Lakin xristian kilsəsi heç də aciz deyil, o bütün bu işlərdən bixəbərdir və əsərin ortalarına yaxın məlum olur ki, hal hazırda mərhum Jak Sonyerin rəhbərlik etdiyi «Sionun prioratı» təşkilatı Vatikanın ciddi nəzarəti altındaymış və onların bəzi arzuolunmaz sirrləri açıqlamaq fikrindən xəbər tutan kimi katolik inkvizisiyası hərəkətə gəlir, Jak Sonyer və təşkilatın başqa rəhbərləri qətlə yetirilir, sonra isə əsərin baş qəhrəmanı Robert Lenqdon və Jak Sonyerin nəvəsi Sofinin axtarışları başlayır.
Bundan əlavə Den Braunun təxəyülü sayəsində , orta əsrlər Avropasının bir çox adlı-sanlı şəxsiyyətləri, ələlxüsus da Leonardo da Vinçi  də bu təşkilatın aparıcı üzvləri kimi qələmə verili rvə belə bir fikir irəli sürülür ki, Isa Məsihlə apastollarını təsvir etdiyi tabloda Da Vinçinin Isanın sağ tərəfində çəkdiyi şəxs apastol Ioann yox, Mariya Maqdalenadır, yəni kişi bu dini  qurmağa başlayandan bəri arvadı yanında olub. Da Vinçinin ikinci tapmacası isə «Vitruvan insanı» adlı simvoludur, incəsənətdən başı çıxanlar bilir ki, bu şəkildə əl ayaqlarını açıb beşguşəli ulduz formasını almış kişi təsvir olunub. Lakin Den Braun bu şəkili də bütpərəstlik dövründən qalan qadınlıq simvolu kimi təqdim edir. (Şəkilləki məxluqun ayaqlarının arasına diqqətlə baxsaydı bəlkə də Da Vinçiyə şər atmazdı)
Əsərin sonunda gözlənilən Xeppi-end baş verir, qatillər həbs olunur, qəhrəmanlar xilas olur və məlum olur ki, Jak Sonyer sadəcə «Sionun prioratı» təşkilatının rəhbəri deyilmiş , eyni zamanda Isa Məsihin nəslinin son nümayəndələrindən biriymiş, beləcə gənc və ağıllı Sofi də Isanın uzaq xələfi olduğunu başa düşür.
Müxtəsəri , Xristianlığı bütün günahlarda suçlayan , əsrlər boyu qadınların hüquqlarını tapdalamaqda günahlandıran yazıçı əsərin sonunda öz sözünün , necə deyərlər «Mustafasını» açıqlayır – minilliklər boyu bəşəriyyəti kişilər idarə edib və bu müddə ərzində sonsuz sayda müharibələr, qırğınlar, faciələr törədilib. Belə çıxır ki, kişilər idarəçilik qabiliyyətinə malik deyillər, onunçün də hakimiyyyti qadınlara təhvil verməlidirlər, çünki qadın ilk növbədə anadır və onun ürəyindəki analıq hissi heç vaxt qəddarlıq, zalımlıq etməyə yol verməz, beləcə Feministlərin əsas şüarları irəli sürülür – Qadın başlanğıcı əbədi olaraq kişi başlanğıcı üzərində hökmran olmalıdır.
Romanın hay küy qaldırmasına səbəb əlbəttə ki, əsərdəki fikirlərin dünya ictimaiyyəti arasında hökm sürən feminizm meylləri ilə üst üstə düşməsi səbəb olub. Bu ideyanın daşıyıcıları sanki öz fikirlərinə tarixi faktlarla haqq qazandırmış oldular və Den Braunun təxəyyülünün məhsulu olan bir çox uydurmalar hal hazırda feminizm təbliğatçılarının əsas silahına çevrilməkdədir. Bu faktların tarixi baxımdan nə qədər səhih olub olmaması isə çox az adamı maraqlandırır.
Bütün bu dediklərimdən elə nəticə çıxmasın ki, mən Den Braunu bir yazıçı kimi istedadsız hesab edirəm. Yox, qətiyyən, Internet forumların birində Brauna tənqidlər yağdıranlara bir qız çox qısa və konkret cavab yazmışdı – Bacarırsınızsa , siz də belə bir əsər yazın, zamanın nəbzini tutun.
Bu sözdə həqiqət böyükdür, israrla demək olar ki, Braun zamanın nəbzini çox dəqiq tuta bilib. Bundan savayı əsərdə xristian mədəniyyətiylə bağlı kulturoloji materiallar da, təxəyyüldən doğan bəzi elementlərə baxmayaraq   çox dəqiq işlənib, yazıçı o qədər səhih, düzgün tarixi informasiyalar verib ki, onlraın arasında öz uydurmalarını da sızdıranda bunu mütəxəssislərdən başqa demək olar ki, heç bir oxucu hiss eləmir. Əlbəttə ki, bu, yazıçının bacarığının göstəricisidir.
Sonda qeyd etmək istərdim ki, haqqında nə yazılmasına baxmayaraq Den Braun elə Den Braundur – kimlərçünsə dahi, yaxud peyğəmbər, kimlərçünsə yazıçılıqda  yalnız çoxlu pul qazanmaq məqsədi güdən falsifikator…

Комментариев нет:

Отправить комментарий