Araz Gündüzün tərcümələri
ANDREY PLATONOV
Bizim kəndimizin böyüründən kiçik bir çay axır, yatağı çoxdan arınmadığından axarı yavaşıyıb deyin, suyu codlaşıb, çayırlığı da soluxdurur, əkini suvarmağa da yaramır. Nə bilim, adı da elə bil boyuna biçilib,–Meşə Quyusu deyirlər bu çaya. Adına yapışdırdıqları bu quyu sözü də, yatağının çox dərin olmasından yanadır: qocaların deməsinə görə, keçmişdə balıqçılar onun dərinliyini ağacla ölçmək istəyiblər, ağac suyun altında itib-batıb, ancaq çayın dibinə çatmayıb, ağac da deyilənə görə, nə az-nə çox, on metrdən uzun imiş.
Kəndimizin adamları hamısı qollu-budaqlı, boylu-buxunludurlar. Ötən çağlarda, çay boyu göz işlədikcə uzanan çayırlıq varmış, örüşdə otlayan mal-qaranın sayını bilən yoxmuş, bazar günləri də gen-bol, tıx deyənəcən, ət yeməkləri yeyərmişlər, ona görə də kəndçilərimiz keçmişlərdən bu günlərə belə caydaraq(cüssəli) gəlib çıxıblar.
Ancaq indi işlərimiz elə də yaxşı deyil. Çayırlığın yeməli otları seyrəlib, yalnız öküzlərin yeminə yarayan acılı otlar artıb, torpağı süpürləyib alıb altına.
Yaz gəldimi, Meşə Quyusu daşıb bütün çayırlığı basır, özü də bu daşqın suları qurumaq nədir bilmir–bir də görürsən iyun ayına kimi qalır, daşan suyun geriyə axarı da yoxdur, bütün arxları çamur elə doldurub, suyun qayıdıb çaya axası bütün yolları bağlanıb. Daşqın bir yana qalsın, birdən bərk yağış yağdımı, çayırlığı su basır, indi gəl gözlə görək haçan quruyacaq, ancaq onu da deyim, yayın qızmarında çayırlıq quruyur, otlar susuzluqdan soluxur. Çayırlığın bir az çökək yerləri, neçə illərdir iyli-qoxulu bataqlığa çevrilib qalıb. Bu bataqlıqlardan qalxan ağulu buxar, az qala bütün yan-yörədəki çöllüyü yoluxdurur, otu yandırıb, külünü çıxarır; bir də haçan yağış yağası, çayırlığın üstünü basmış bu qaramatı yuyub aparası, sonra çayırlıq da yenidən göyərəsi.
İndi kəndimizin adı, Krasnoqvardeysk olub, ancaq keçmişlərdə Qojev deyərmişlər.
Kəndimizdə Jmıx ayamalı bir kişi var, mən bilən pasportunda soyadı Otjoşkin olsa gərək.
Bunun keçmişlərdə, birdən içkiyə qurşanmağı da olurdu.
Bir də görürdün, iki litr yarım araq aldı, altdan sırıqlısını, üstündən kürkünü geydi, başına xəz papağını qoydu, keçə çəkmələrini də ayağına keçirib, getdi samanlığa. Çöldə də yayın qızmarı.
-Hara gedirsən, ay Jmıx?-qonşusu bundan soruşur.
-Moskvada işim var, ora gedirəm,- Jmıx özü də bu uydurmasına inanırcasına deyir.
Samanlıqda keçib arabada oturur, bir bardaq arağı başına çəkir, ona elə gəlir, sanasan, doğrudan-doğruya Moskvaya yollanır. Sarayın içində, arabada otursa da, yol getdiyini sanır. İş burasındadır, qıraqdan baxanda görürsən, Jmıx özünü huşu-başı yerində olan birisi kimi aparır, lap desən, yol boyu “qarşılaşdığı” tanışları ilə danışır da:
-Hə, necəsən, ay Stepan? Deyəsən ölənə oxşamırsan a? Xanımın, mənim o baldızım necədir?
Sanasan, bu Stepan da Jmıxla danışır:
-Yaxşıdır, ay Jmıx, o günlərdə ekiz doğub mənimçün. Elə bil uşaq doğmaqdan başqa işi-gücü yoxdur!
-Ürəyini sıxma, ay Stepan, çalış doğub-törəyəsən,–nə də olmasa, nəfəs almağa hava hamıya çatar,- sanasan Jmıx Stepana ürək-dirək verib, yolunun ardını gedir.
Bir azdan yenə kimlərləsə üz-üzə gələn Jmıx bir ucdan bardağı araqla doldurub içir, sonra da yorulub yuxuya gedir. Moskvaya çatmağa az qalmış o, yuxudan oyanır.
Burada o, sanasan, çoxdankı arxadaşı ilə görüşür, bu adam da sən demə cuhuddur.
-Nə var, nə yox, Yakov Yakoviç! Yenə əsgi-üsgü alıb yığırsan altına, özün də p...-püsür yeyirsən, həmi?
-Neynəyək, bizimki də bu kiçik alış-verişlədir də, Jmıx ağa(O çağlar inqilab olmamışdı deyin, ağalar da ortalıqda var idilər). Nəsə lap çoxdan bizləri yoluxmursunuz, yaman darıxmışdım Sizin üçün.
-Aha, darıxana bir bax! Yaxşı, gəlsənə bir az içək!
Beləliklə də Jmıx–samanlıqda oturub yol gedir, yolüstü tanış-bilişlə üz-üzə gəlir, onlarla ordan-burdan danışır, aradabir araqdan da içir, gəlib çıxır Moskvaya. Mockvada bir işi yoxdur deyin, elə ora çatan kimi də dönüb geriyə qayıdır,–yenə də yol boyu tanış-bilişlərlə görüşür, onları arağa qonaq eləyir, özü də içir.
Kumqanın(butulkanın) dibində azacıq araq qalanda, Jmıx dinməz-söyləməz onu bardağa töküb təkbaşına içir, sonra deyir:
-Gəlib evə çatdıq, adına alqış ey ulu Tanrı, Mavrı bu uzun yolda korluq çəkməyə qoymadın(Bu sözlər, Şekspirin “Otello” dramından götürülüb),–sonra da xanımını haraylayır,–qonağın gəlib, qarşılasana!–beləliklə də içməyə başlamasından dörd gün keçəndən sonra, Jmıx arabadan düşüb evə qayıdır. Bundan sonra Jmıx yarım il dilinə içki vurmur, sonra yenidən “Moskvaya gedir”. Bax belə yaşayırdı bizim Jmıx.
İnqilabdan sonra Jmıx dəyişib, elə bil ayrı adam oldu:
-Çox ağır çağlara gəlib çıxdıq,- deyirdi.
Qızıl Orduya qoşuldu Jmıx, deyirlər orada Lenini də, habelə çoxlu başqa qarabasmaları da görübmüş, ancaq nədənsə özü bunlardan danışmağı sevməzdi.
Jmıx kəndə görəvli bir kimsə təki qayıdıb gəldi.
-İndi,- o deyir,- bu kəndi yerli-dibli yer üzündən silib-süpürüb atmalıyıq.
-Kəndimizin nəyi pisdir? Yoxsa yuxarıdan belə bir göstərişmi var?
-Bu elə özü-özünə aydındır da,-Jmıx dedi.- Əyin-başımız yalın. Yoxsulluq adamın tükünü ürpədir. Belə də yaşayış olar? Ayağımız yer tutandan, səbətlə saman daşı, peyin daşı, işimizin adı bu deyilmi? Yuxarılarda deyirdilər, toplumda yoxsulluq varsa, bu bir yandan onun ağrınmasıdır(xəstəliyidir), o biri yandan da yolunu azıb pozğunlaşmasıdır, bunu aradan qaldırmaq üçün biz gərək, birincisi, toplumu sağaldaq, ikincisi də onu düzgün yola qaytaraq.
-İndi sən bilən biz nə etməliyik?- kəndçilər ondan soruşdular,- Kəndimizi dəyişib, yerinə nə qoyaq? Belə çoxbilmişsən, di onda yol göstərsənə!
Jmıx da az aşın duzu deyildi, kişinin başı işləyirdi, birdən durub, qadınların əl əməyini yüngülləşdirmək üçün işə girişdi, öz komasına çəklib, özbaşına işləyəcək cəhrə düzəltməyə başladı. Bu cəhrə qumla işləyəcəkmiş–ağzına bir sənək qum tökəcəksən, qurtardı getdi, gecə-gündüz dayanmadan fırlanacaq.
Jmıxın cəhrə düzəltməyə başlamasından yarım il, deyəsən bir az da çox keçmişdi.
-Nə oldu sənin bu cəhrən, ay Jmıx?- Kəndçilər onun bacasını tıqqıldadıb soruşurdular.- Cəhrən əyirməyə başlamadı? İşləyirsə, bizə də göstər, görək nəmənə düzəltmisən?
-İtilin buradan yaramazlar!- əldən-dildən düşmüş Jmıx onların üstünə çımxırırdı.- Bu sizin üçün xışla yer sürmək deyil- burada texnika düzəldilir.
Günlərin birində Jmıx əlinin dalını yerə qoyub, cəhrə düzəltməkdən əl çəkəsi oldu.
-Nə oldu, olmaya bizim qumun gücü azdır, yoxsa bunu işlətməyə başqa qum gərəkdir?- qonşular soruşdular.
-Yox, iş qumda deyil, onun gücü lap yetəkdir bu iş üçün,- Jmıx dilləndi,- mənim anlağımın gücü yetərli deyil: oxuyub-yazmağı pis öyrədiblər, ata-anam da məni doğuranda tibbə uyğun davranmayıblar, bax ona görə də alınmır.
-İşə bir bax a!..- qonşular Jmıxın dediklərini sonacan anlamasalar da, bundan sonra ona bir az da artıq sayqı ilə yanaşmağa başladılar.
-Mən bilmirəm, sizin gözünüz haçan açalacaq!- deyə, Jmıx kəndçilərini yanakı baxışlarla süzüb, deyinirdi.- Eh, sizlərə nə deyim bilmirəm,–inqilab eləyib böyük ağaları qovduq, yerində sizlər–kiçik ağalar bitdiniz!
Jmıx ola, işsiz-gücsüz qala, indi də durub yapışasan çayırlıqdan, nə var, nə var, iş bilmişəm, gərək bu çayırlığı dirildək. Ancaq deyəsən elə yerində yapışmışdı bu işin küncündən. Son illər kəndçilərimizin sayı durmadan azalırdı,–kənddə iş-güc yox, dolanışıq yox,–adamlar ildən-ilə axışıb kömür şaxtalırında işləməyə gedirdilər, yem qıtlığından mal-qaranın sayı da il-ildən azalırdı. Harada naxırı otarmağa yarar bir az otluq vardısa, hamısını qamışlıq basmışdı. Bataqlıq deyəsən bizim kəndimizi, yavaş-yavaş gora sarı sürüyüb aparırdı .
Bu durumdan ürəyi ağrıyan Jmıx, qolunu çırmayıb işə girişdi.
Öncə üz tutdu şəhərə, oradan suvarmaçılar birliyinin düzüyünü(nizamnaməsini) tapıb gətirdi, kəndimizin adamlarına üz tutub bildirdi, birincisi çayırlıqdan çaya sarı çoxlu arxlar qazmalıyıq, sonra da Meşə Quyusunun yatağını arıtlamalıyıq.
Kəndçilər bir az çək-çevir elədilər, sonra yığışıb kəndin suvarmaçılar birliyini yaratdılar. Adını da qoydular “Alfa ilə Omeqa”, bu da ondan yana idi, ad tapmaq üçün çox da baş sındırmayıb, şəhərdən gətirilən düzüydə belə birlikləri qurmaq üçün örnək olaraq göstərilmiş adı götürdülər.
Kəndçilər ha baş çatladırdılar, bu “Alfa ilə Omeqanın” nə demək olduğunu tapa bilmirdilər.
-Tutalım, əməyə qatlaşıb, çayırlıqda lap qurşağacan dərinliyində arxlar qazdıq,- kəndçilər deyinməyə başladılar,- özümüz də bilmirik bu Alfiya nəmənədir. Olmadı elə, oldu belə, birdən bu sözlərlə nəyəsə yasaq qoyulub, biz də bilməzlikdən onu pozuruq, sonra da yuxarıdan gəlib desinlər, niyə belə eləmisiniz, gəl indi bunun altını çək.
Jmıx yenə durub şəhərə getdi, görsün bu sözlər nə deməkdir. Öyrənib qayıtdı, sən demə bu: “Başlanğıc ilə Son” demək imiş.
-Nəyin başlanğıcı, nəyin sonu?–bəlli deyil,–qojevlilər bir az deyinib, sonra hamısı düzəyə qol çəkdilər, başladılar yeri qazımağa, çayırlığı qazmaq üçün indilər ilin ən uyğun çağı idi.
Çayırlığın torpağını qazmaq çox ağır iş imiş: deyəsən Yer yumrusu yaranan gündən indiyəcən, bu yerlər bir yol da olsun qazılmamışdı.
Jmıx bir yandan görülən işlərə başçılıq eləyirdi, o biri yandan çayın əlçatan yerlərini qazıyır, onu kötüklərdən, ağac budaqlarından arıdır, suyun axarına yol açırdı.
Günlərin birində şəhərdən texnilk gəlib çıxdı, bataqlığı ölçüb kağız üzərində nəsə qaraladı, sonra çəkdiyi bu planı Jmıxa verib getdi. Düz iki il qojevlilər bataqlıqla, Meşə Quyusu ilə əlləşib vuruşdular. Əlli hektardan çox yerdə arxlar qazdılar, çayın yatağını da on-oniki kilometrəcən arıtladılar.
Texnik necə demişdisə, elə də oldu, cayırlıq qurudu, bataqlıq çəkilib getdi.
Qabaqlar qayıqla güclə üzüb getmək olan yerlərə indi araba ilə getmək olurdu, torpaq ən ağır yüklü arabanın altında da duruş gətirir, çökmürdü.
Üçüncü il çayırlığı xışla sürdülər. Atlar yorulub əldən düşmüşdülər: torpağı kökü çox dərinə işləyən sıx otluq basmışdı, dörd at birağızlı xışı güclə çəkib apara bilirdi.
Dördüncü il çayırlığın alağını elədilər, bütün bataqlıq bitkilərini, kökündən qazıyıb çıxardılar, acılı otları seyrəltdilər.
Jmıx bütün kəndi ayaqda saxlayır, ərincəklik eləməyə qoymurdu–özü də bu ağır işdən nə yorulur, nə də üzülürdü. Bax burda deyirlər a,–ürəklə görülən iş insanın sağlamlığına yarayır.
Beşinci il acılı otların kökünü büsbütün kəsmək üçün, bütün çayırlığa yonca əkdilər.
-Çox bilgin kişiymiş,- Jmıxı öyməkdə qojevlilərin dilləri ağızlarına sığımırdı.- Bax bir, bütün Qojev kəndini yemçiliklə dolandırmağa başlayıb.
-Bilgin adam gərək özünü uşaq yerinə qoymasın! - Jmıx onlara sarı altdan-altdan baxıb qımışırdı.
Qojevlilər yoncanı biçib satdılar–əkinin bir hektarından ikiyüz manat pul qazandılar.
-Bax buna deyərəm işləmək!- kəndçilərin sevincdən əlləri çalıb, ayaqları oynayırdı.- Ölmə-diril yaşamaq qurtardı, indən belə gen-bol yeməyimiz olacaq!
-Bu yaşa çatmıısınız, ancaq yenə uşaq təki danışırsınız,- Jmıx onların üstünə kükrədi.- Biz ancaq öz qarnımızı doyurmaq üçünmü çalışırıq? Sizin anlağınıza görə sovet hakimiyyəti, bunumu istəyir? Biz gərək ancaq özümüzü dolandırmağı düşünməyək, bu Yer üzündə hamının tox yaşaya bilməsi üçün əlləşib-vuruşaq.
-Bunu necə anlayaq, ay Jmıx? Bizim qazancımız öz torpağımızdan çıxırsa, onu gedib başqa yerdəmi axtarmalıyıq?–deyə bataqlıqdan götürdükləri qazancdan qarınları doymuş qojevlilər deyinməyə başladılar.
-Yerin dərin qatlarına enmək gərəkdir,- Jmıx dedi.- Oradakı qazanc, yerin üstündə olandan qat-qat çoxdur. Ola bilsin ayağımızın altında dəmir filiizi yatır, hansısa çox dəyərli minerallar vardır, bizsə onu ayaqlayıb üstündən keçirik. Torpağı qazıyıb, Yerin altını öyrənmədikcə–yüzilləri boş-boşuna yelə sovururuq. Bu gün durub-dayanmaq çağı deyil, indən belə böyük qazanclar götürəcəyimiz işlərə başlamalıyıq.
*”Çayırlıq Uzmanları”–dilimizdə “Çəmənlik ustaları” anlamındadır.
Rus dilindən Azərbaycan türkcəsinə, Araz Gündüz çevirmişdir.
Комментариев нет:
Отправить комментарий