27.12.2011

Cəlilabad tarixi


Miladdan əvvəl VI əsrdə yaşamış yunan tarixçisi və coğrafiyaşünası Miletli Hekatey Araz çayı yaxınlığında Muk adlı tayfadan bəhs edib. Tarixin atası Herodot və Strabon da Kür – Araz çayları arasında yerləşən moqan adlı coğrafi yerin adını çəkib. Araz çayı ilə Xəzər dənizi arasındakı ölkəyə də vaxtilə Muğan deyiblər. Muğan düzünün bir hissəsi Albaniya, digəri isə Atropatena dövlətinin tərkibinə daxil idi. Muğan düzü coğrafi adı 393 – cü ildən məlumdur. Burada salınmış eyniadlı şəhər isə təxminən VII əsrdən sonra, yəni hunların Azərbaycana gəlməsindən sonra yaranıb. Qədim mənbələrdə Muğanın iki çay arasında çox gözəl, yaraşıqlı və bağ-bağatlı bir şəhər olması haqqında yazılar çoxdur. Sasani hökmdarı Qubadın dövründə Muğana su çəkilib, abad edilib, Çingizxan, Nadir şahın zamanında isə talan edilən şəhərin həyatı söndürülüb. Orta əsrlərdə Səfəvilər dövlətinin, daha sonra isə Qarabağ xanlığının tərkibində olub.

ZƏRDÜŞT MƏBƏDLƏRİ. Bunların yerində izləri cox az bəlli olan daş qalıqlar movcuddur. Bəcirvan kəndindəki atəşpərəst məbədi Pir – Həsən adı ilə məşhurdur. Ziyarətgahdır. Başqa bir atəşpərəst məbədi Xənəyə kəndindədir. Eneolit dovrundən qaldığı guman edilən daxma bişmiş kərpicdən inşa edilib. Divarında qoc buynuzu horulub. Bu da sitayiş predmeti hesab edilir. Ərəblərin butun təqiblərinə baxmayaraq atəşpərəstlik burada uzun muddət qalır. İndiyədək yerli camaat Novruz bayramı ərəfəsində, axır çərşənbə günü qəbiristanlığa axın edir, ölülərini qəbirlərinin üzərində şam yandırıb, bayram üçün bişirilmiş bütün şirniyyatlardan qəbir üstünə düzməklə yad edir ki, bu ritualların İslam dini ilə heç bir əlaqəsi yoxdur.
HƏMƏŞƏRƏ. Cəlilabadın tarixindən danışarkən Həməşərədən mütləq bəhs edilir. Söhbət atəşpərəstlərin qədim şəhərindən gedir ki, indiyədək rayonun yaşlı nəsli buranı Həməşərə adlandırır. XII əsr coğrafiyaşünası Həmdullah Qəzvini burada olub və şəhərin dəniz kənarında yerləşdiyini göstərib. Orta əsr tarixçiləri isə Həməşərənin üç metr hündürlüyündəki möhtəşəm qala ilə əhatə olunduğunu yazıblar. Deyilənlərə görə, bura atəşpərəstlərin mərkəzi olub və baş məbədgah da məhz burada yerləşib. Həməşərə adı da Zərdüştdən qalan yadigardır. Ad müqəddəsliklə bağlıdır. Muğan elinin mərkəzi olub Həməşərə. Ərəblər Azərbaycanın şimalına məhz buradan hücum ediblər. Atəşpərəstliyin möhkəm olduğu bu yeri xüsusi nəzarət altında saxlamaları da təsadüfi deyildi.
QAZAN KÖŞKÜ. Cəlilabad ərazisindəki ən məşhur tarixi abidə deyə bilərik. Bu köşk rayonun ən dağlıq hissəsində, Yardımlı ilə sərhəddə yerləşir. Mərkəzdən təxminən 48 km məsafədədir. Çox çətin yolları var. Köşk qayalardan ibarət təbii abidədir. Bununla bağlı müxtəlif mülahizələr var. Qazan xanın vəziri, Fəzlullah Rəşidin “Came – et tavarix” kitabında deyilir ki, Qazan xan Biləsuvara gəldi. Həməşərədə olub, Talış dağlarının qurtaracağındakı ən yüksək zirvəyə qalxdı və arvadı Bulaq Xatun ilə buraya yerləşdi. Bir müddət qalada istirahət etdikdən sonra Təbrizə yollandı. Köşk Qazan xanın yay istirahət düşərgəsi olub, onun adı ilə adlanıb. Qazan xan islam dinini qəbul edən ilk Elxani hökmdarıdır. Köşkün ətrafındakı toponimlərin hamısı Dədə Qorqud dastanında adları çəkilən yerlərdir. Yardımlının Arus kəndi köşkdən 20 km aralıdadır. Muğan zonası Qazan xanın ov ovlayıb, at oynatdığı yerlər hesab edilir.

Комментариев нет:

Отправить комментарий