27.12.2011

Şərqin sevgi qoxusu

Dilqəm Əhməd


Şərqdə neft və qan görən yazıçıların
Şərqdə sevgi görən şair dostları da olur,
Bombaların anlamadığı portret olur,
Şərqin sevgi qoxusu başqa rənglə çəkilməz.
Şərqin rüzgarı qonub saçlarına,
Sarı dənizin dalğası hopub gözlərinə.
Şərqin mizrağı da, müdrik baxışı da
Yalnız sevgi üçündür.
Yalnız yovşan qoxusunu duyanlar anlar bizi.



Tanrı şərqdə doğdu, Tanrı sevgisi də,
Tanrını da, sevgisini də öldürdülər.
Şairlərin yaddaşına gömüldü Tanrı,
Doğulan uşağın çığırtısında canlandı sevgi.
Qoca şərq,
bu gün diktatorların külqabısı kimisən,
Nə qədər pisliklər dəfn edilib köksündə,
Nə qədər ocaqlar söndürüb bığı qanlı despotların,
Sən mürgülədikcə, mürgülədi gələcəyin.
Qoca şərq,
əcəl zənginə doğru irəliləyirik,
Bozqırdan uçurumların kənarına gəldin,
O qədər çirkaba batdın ki,
Atlantın sol çiynini əydin.
Çayların bombalarla birgə nəfəs alır,
Uşaqların qorxudan bərələn gözləri rəmzinə çevrilir,
Min ikinci gecənin dəhşətlərini yaşayırsan
Bətnindən doğan sevgiləri öldürürsən.
Tank qabağına daşla çıxan uşaqların
Cırıq şalvarlarında gizlənən ümidi öldürürsən.
Bir daşın ətrafında dönən milyonlarla insanın,
Fəryad edən bir uşağın başına dolanmadı.
Ona görə hər kəs səndə neft və qan görür.
Amma…
Səndə neft və qan görən yazıçıların
Səndə sevgi görən şair dostları da olur.
Qoca şərq, sənin sevgi qoxunu duydum,
Savaşların içindən sevgini xilas etdim.
Tarix 29.06.2010
Anladım, heç bir bir barıt qoxusu
Tac -Mahalın divarına söykənib ağlayan
Cahan şahın hissini öldürə bilməyəcək.
Bozqırlarda sevgi üçün savaşanlar doğulacaq,
Sevgi sipər olacaq raketlərin zərbəsinə.
Çərpələng uçuran uşaqlar,
raket uçuran işğalçılara qalib gələcək.
Uşaqlar güllələrdən deşik-deşik olan
qapılardan deyil,
aydınlıqdan baxacaqlar.
29.06.2010 kimi
hər kəsin unutmadığı bir böyük günü olacaq.

Комментариев нет:

Отправить комментарий