03.01.2012

Nə yaxşı ki, sirr açıldı


Möhtəmən Həkim. Hekayə

Hamının molla kimi tanıdığı Xavər bəlagətli danışığı ilə bütün məclisdəkiləri ələ almışdı. Hamı diqqətlə ona qulaq asırdı. Xavər islam dininin qayda-qanunlarından söhbət açmışdı. Bəzi dini hökmlərə aydınlıq gətirirdi. Qadınlardan biri üzünü ona tutub soruşdu:- Ay xanım, bir başa salın görək, məhrəm insanlar dedikdə kimlər başa düşülür?

 Xavər suala cavab olaraq bildirdi:- Bu sualın cavabı Qurani-Kərimin Ən-Nisa -yəni “Qadınlar” surəsində geniş və aydın şəkildə verilmişdir. Mən bu barədə olan ayəni olduğu kimi sizə oxuyacağam. O, üzərinə Quran yazılmış, tərcümə olunmuş kitabı vərəqləyərək axtardığını tapdı. Üzünü məclisdəkilərə tutaraq sözünə davam etdi:- 23-cü ayəni oxuyuram. “Sizə analarınız, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız... ilə evlənmək haram edildi...”.
 Elə bu zaman Cəmilə adlı bir qadın bərkdən, bir dəfə “vay öldüm” deyərək, oturduğu yerdə arxası üstə aşdı. Bənizi ağarmış, ürəyi getmişdi. Qadınlar arasına çaxnaşma düşdü:- Tez olun su gətirin, həkim çağırın-deyə haray-həşir saldılar...
* * * 
 Cəmilə hamiləliyin dördüncü ayında müayinədən keçərkən ona oğlu olacağını bildirmişdilər. O gündən onu fikir-xəyal götürmüşdü. Onun iki oğlu olduğu üçün qız uşağı istəyirdi. Odur ki, bu haqda hey fikirləşirdi. Lakin özünə bir çarə yolu tapa bilmirdi. Uşaq da saldırmağa həm dini nöqteyi-nəzərdən Allahdan qorxur, həm də daha gec idi...
 Cəmilənin doğum evində yaxın bir tanışı tibb bacısı işləyirdi. Onunla bu barədə dəfələrlə söhbət etmişdi ki, doğuş günü əgər qız uşağı doğan olarsa uşaqları dəyişdirməyə yardımçı olsun. Cəmilə sonuncu dəfə tibb bacısı ilə söhbət zamanı ona aydın şəkildə bildirmişdi:- Əgər bu iş baş tutsa mən borclu qalmayacağam. Sizi necə lazımsa razı salacağam...
 Cəmilədə ardıcıl ağrı tutmaları başlamışdı. Odur ki, onu təcili olaraq doğum evinə apardılar. Ondan başqa iki nəfər hamilə qadın da gətirmişdilər. Onlardan birinin adı Qənirə idi. O, söhbət zamanı deyirdi:- Mənə müayinə zamanı qızım olacağını bildiriblər. Bu sözləri eşidən Cəmilə çox sevindi...
 Gecə yarısı Cəmilənin oğlu oldu. Amma bunu gizlin saxladılar. Xeyli keçmiş novbətçi mama palataya gəlib, sevinə-sevinə, bir az da həyəcanlı halda:- Cəmilənin gözəl-göyçək bir qızı oldu,- xəbərini bildirdi. Onsuz da Cəmilə qadınlara əvvəlcədən qızı olacağını demişdi. Bir neçə saat sonra Qənirənin də uşağı oldu. Doğulan uşağın guya vəziyyəti ilə əlaqədar tədbir görülmək üçün xüsusi kabinetə apardılar. Bir neçə dəqiqədən sonra mama Qənirənin yanına gələrək:- Bilmirəm müayinə zamanı nə məqsədləşə hamilə qadınları aldadırlar. Qıza oğlan, oğlana qız olacaq söyləyirlər. Üzünü Qəniriyə tutub:- Sənin oğlun olmuşdur. Təbrik edirəm. Əlində, ovcunda qalsın- dedi. Bu, Qənirənin ikinci övladıdır. Birincisi də oğlan idi. Qənirə fikirləşirdi:- Daha oğlum Taleh darıxmayacaq. Qardaşı da oldu.Cəmilə və Qənirə bir neçə gün doğum evində qaldılar. Cəmilə çalışırdı ki, onunla yaxından tanış olsun ki, gələcəkdə bu dostluğa çevrilsin. Odur ki, hər dəqiqə onun yanından əl çəkmirdi. Qızına Fidan adını qoymuşdu. Qənirə isə oğluna Kamil adını vermişdi...
* * * 
 Cəmilə doğum evindən çıxandan sonra çox sevinirdi. Arzusuna çatmışdı. İki qardaşın bir bacısı, həm də gələcəkdə özünün sirdaşı, köməkçisi olacaqdı. Odur ki, hamıdan cox onun nazını çəkir, ağlamağa qoymur, onu vaxtlı-vaxtında yedizdirirdi. Cəmilə tez-tez telefona əl atıb Qənirəylə danışır, Kamillə maraqlanırdı. Onların evləri çox da uzaqda deyildi. Cəmilə bir aydan sonra həyat yoldaşı Mahmudu da götürüb onlara getdi. Ailəvi tanış oldular...
 Onlar bundan sonra tez-tez görüşməyə başladılar. Kamil böyüdükcə Mahmuda daha çox oxşayırdı. Fidan da Qənirəyə bənzəyirdi. Bütün bunlar get-gedə Cəmiləni narahat etməyə başlayırdı. Hətta bu barədə söhbət gedəndə Cəmilə çalışırdı ki, söhbəti başqa bir səmtə yönəltsin. Qənirəgilə hər dəfə getdikcə Cəmilənin Kamilə olan sevgisi artır, ondan ayrılmaq istəmirdi. Uşaqların yeddi yaşı tamam olmuşdu. Fidan və Kamilin hər ikisini yaxınlıqda yerləşən məktəbə qoydular. Hər ikisi bir partada əyləşirdi. Məktəbə bir gedirdilər. Dərslərini gah Cəmilə, gah Qənirəgildə hazırlayırdılar. Cəmilə Kamili daha çox görmək xatirinə istəyirdi ki, uşaqlar günlərinin çox hissəsini onlarda keçirtsin. Bu zaman o qətiyyən narahat olmur, özünü daha yaxşı hiss edirdi.
 İllər keçdikcə Cəmilənin bir ana kimi Kamilə olan sevgisi artır, Fidana qarşı olan əvvəlki istəyi get-gedə azalırdı. Cəmilədə dözümsüzlük, səbirsizlik əmələ gəlirdi. Bəzən elə hal yaranırdı ki, yalnız özünə bəlli olan sirri açmaq dərəcəsinə gəlib çatırdı. O belə vaxtlarda həm qorxurdu, həm də qarşısına çıxa biləcək çətinlikləri xəyalən gözləri önünə gətirirdi. Cəmilə öz-özünü suallara tutur, həm də onlara cavab axtarırdı:- Əgər bu sirri açmalı olsam, yəqin ki, ərim Mahmudun mənə olan münasibəti yerli-dibli dəyişər. Qənirəgillə olan dostluğumuz pozular. Elin qınağına səbəb olaram. Bəs uşaqların taleyi necə olar? Hələ bu iş məhkəməyə qədər gedib çıxa bilər. Mən mama həkimlə, tibb bacısı ilə birgə cinayətin iştirakçısı olmuşam. Ona görə də mən bu sirri ölənədək qoruyub saxlamalıyam, deyə fikirləşirdi. Cəmilə özünə nə qədər ürək-dirək versə də qorxu hissi, fikir-xəyal onu bir an da tərk etmirdi. Daxilən çəkdiyi əzab günü-gündən artırdı. Son günlər ürək nahiyəsində sıxıntı, ağrı hissi baş qaldırmışdı...
* * * 
 Fidanla Kamil mehrlərini bir-birinə o qədər salmışdı ki, orta məktəbin son siniflərində oxuyarkən onlar arasında sevgi, məhəbbət hissi yaranmışdı. Onlar bir-birilərini bir gün görməyəndə çox darıxırdılar. Kamil əvvəllər çalışırdı ki, ülvi duyğusunu, odlu sevgisini ailədə bilməsinlər. Lakin sevgi alovunun şöləsi, odu artdıqca Kamilin qəlbi bu yanğıya-atəşə tab gətirmirdi. Odur ki, bu barədə atasına, anasına da danışmağa məcbur oldu. Sinif yoldaşları da bu iki gəncin məhəbbət macərasını yaxşı bilirdilər. Cəmilə isə bu barədə hələ ki, susurdu. Özünü bilməməzliyə vururdu...
 Nəhayət uşaqlar orta məktəbi başa vurdular. Kamil ali məktəbə, Fidan kollecə daxil oldu. Kamil ikinci kursda oxuyarkən anası Qənirəni məcbur edirdi ki, Fidanı onun üçün nişanlasınlar. Əslində bu işə Cəmilə ürəyində çox sevinirdi. Çünki uşaqlar gözündən kənar olmayacaqdı. Onların hər ikisinə olan məhəbbəti daha da artacaqdı. Cəmilənin istəyi ilə nişan mərasimi bir qədər qapalı, dar çərçivədə keçirildi...
* * * 
 Payızın ortaları idi. Havalar xeyli soyumuşdu. Küləkli, yağmurlu hava idi. Ağacların budaqlarında tək-tək ilişib qalan xəzan yarpaqları sürətlə yerə tökülürdü. Bu mənzərəni pəncərə arxasından şeyr edən Cəmilə evdə tək idi. Vaxt onun üçün çox cansıxıcı keçirdi. Özünü çox narahat hiss edirdi. Ürək nahiyəsində küt, yandırıcı ağrı hissi var idi. Cəmilə dəfələrlə həkimin qəbulunda olmuşdu. Həkim ona əsəb sakitləşdirici dərmanlar təyin etmişdi. Bütün bunlara baxmayaraq onun narahatlığı keçib getmirdi. Yanında saxladığı validol həblərindən birini yenə də dilinin altına qoydu. Həmişə olduğu kimi fikir-xəyal ondan əl çəkmirdi. Yenə də özünü gah suallara tutur, gah da böyük günahkar kimi özünü mühakimə edirdi:- Axı, mən nə üçün belə bir qəbahət etdim. Bu haradan mənim ağlıma gəldi. 20 ildir ki, bu suallar məni narahat edir. Mən qız istəyirdim. Əgər Allah qismət etmək istəsəydi mənə də qız verərdi. Bu qızı uzağı 18-20 ilə kimi özümkü edə bilərdim. Əvvəl-axır kiminsə evinə gəlin köçüb gedəcəkdi. Doğma oğlumu bilə-bilə başqasına qismət etdim, yad bir qadının qucağına verdim. Özü də o adam istəmədən. Uşaqlar böyüdükcə Kamilə olan istək, sevgi məni yandırır, mənə əzab verirdi. Fidana olan sevgim də gündən-günə azalır. Yaxşı ki, Fidan məni çox istəyir, mənim bir sözümü iki eləmir. Belə olmasaydı, bəlkə də nələr baş verərdi. Mən elə bir günah, elə bir qəbahət etmişəm ki, onu özümlə bir sirr kimi qəbrə aparacağam. Nə Allah yanında, nə də bəndə yanında üzüm ağ deyil. Kamilin Mahmuda, Fidanın Qənirəyə çox oxşadığını tez-tez eşitdikcə, gördükcə lap təngə gəlirəm, əsəbim dözmür. Elə bunun nəticəsidir ki, ürək ağrısına düşmüşəm. Atalar yaxşı deyib, “özü yıxılan ağlamaz”. Gərək mən susam. Yenə də susam. Ölənədək susam!...
* * * 
 Qadınlar Cəmiləni qonşuluqda keçirilən yas mərasimindən huşsuz halda, uzadılmış vəziyyətdə evinə gətirdilər. Həkim ətraflı müayinə etdikdən sonra onda ağır ürək probleminin olduğunu bildirdi. Ona miokard infarktı diaqnozu qoyuldu. Tərpətmək olmazdı. Cəmiləyə ardıcıl tibbi yardımlar edilməsinə baxmayaraq, ağrını, narahatlığı aradan qaldırmaq mümkün olmurdu. Cəmilə sağalacağına ümidini itirmişdi. Məqam axtarırdı ki, ürəyində uzun illər yatıb qalan, onu bu hala salan sirri açıb Mahmuda söyləsin. Otaqda Mahmuddan başqa kimsənin olmadığını hiss edib, əlinin işarəsi ilə onu yaxına çağırdı. Pıçıltı ilə, sözləri qıra-qıra dedi:- Fidanla, Kamil bacı-qardaşdırlar. Doğum evində onları mənim istəyimlə dəyişdiriblər. Onlar hər ikisi mənim övladlarım sayılır. Evlənə bilməzlər. Bu son sözləri güclə eşidiləcək halda deyib qurtarar-qurtarmaz Cəmilə gözlərini əbədi yumdu...
* * * 
 Cəmilənin ölümündən bir həftə keçmişdi. Mahmud Qalibi, Qənirəni evlərinə dəvət etdi. Fidanla, Kamil də burada idilər. Mahmudun üzündə dərin qəm-qüssə, yavaş tərzdə, bir qədər də həyəcanlı halda söhbətə başladı:- Biz 20 ilə yaxındır ki, dostluq edirik. Bir ailə kimiyik. Amma heç birimizə bəlli olmayan, hər iki ailə üçün qaranlıq, sirli məqamlar var imiş. Mən deyəcəyim xəbər hamımızı sarsıdacaq, kədərləndirəcək. Hökmən bu sirri açmalıyam. Bu sirri Cəmilə ölməmişdən bir neçə dəqiqə əvvəl mənə açıb söylədi. Fidan Kamilin süd bacısıdır. Kamil mənim oğlum, Fidan Qalibin qızıdır. Onlar doğum evində dəyişdirilib. Çünki bizim qızımız yox idi. Cəmilə də çox istəyirdi ki, qızı olsun. Odur ki, doğum evində kiminsə vasitəsilə uşaqlar dəyişdirilib...
 Hamının üzünə dərin kədər çökmüşdü. Gözlərdən yaş ələnirdi. Mahmud bir qədər fasilə verib, yenidən sözünə davam etdi:- Bu xoşagəlməz hal bizi sarsıtmamalıdır. Aramızda olan dostluğumuza xələl gətirməməlidir. Oğlum Kamil, qızım Fidan!- sizin sevginiz bu gündən bacı-qardaş arasında olan sevgidir. Yalvarıram sizə. Yaxınlaşın, bir-birinizi qucaqlayın!
Onlar gözlərindən yaş axa-axa yaxınlaşaraq qucaqlaşdılar. Başlarını bir-birinin çiyinləri üstünə qoymuşdular. Əsl bacı-qardaş məhəbbəti ilə!

Комментариев нет:

Отправить комментарий