03.02.2012

Vəhhabilik -1

Hafiz Mirzə

ÇEÇENLƏRİ SÜQUTA UĞRADAN ƏN ƏSAS SƏBƏB. Vəhhabilik ifadəsi leksikonumuza Sovetlər Birliyi dağıldıqdan sonra daxil olub. SSRİ-nin can üstə olma ərəfəsində, xüsusilə də Çesenistan və Dağıstan hadisələrində, eləcə də Rusiyanın Azərbaycanda alovlandırmaq istədiyi süni ləzgi "problemində" bu ifadə tez-tez səslənirdi. Sıravi azərbaycanlı bunun nə demək olduğunu dəqiq  bilməsə də, rus əsirinin başını "bismillah" deyib kəsən və bir toyuq başı kəsirmiş kimi hərdən öz başını qaldırıb yanında siqaret tüstülədən həmkarı ilə də danışan, laqqırtı vuran, alnına  ərəb əlifbası ilə yazılı qara lent bağlamış çeçen döyüşçünü video-kadrlarda gördükdə ilkin təəssüratı belə oldu: bu nədirsə  əsil İslam deyil. 

Çünki biz cəfərilər əsil müsəlmanın yıxılanı, ən qatı düşmən olsa belə, vurmadığını, aman istyəni kəsmədiyini, tövbə edəni bağışladığını görmüşük, oxumuşuq, bilirik. "Həzrət Əli" filmində belə bir kadr var: Həzrət Əlinin(ə) qalib gəldiyini və atını ona sarı sürdüyünü görən  hiyləgər Təlhə əsil İslam əxlaqını yaxşı bildiyi üçün tez tamam lüt soyunmağa və qaçmağa başlayır. Həzrət Əli(ə) tamam soyunmuş, yəni bir erkək olaraq bütün ayıbı ilə lüt olan, tam təslim olmuş qəvi düşmənə qılınc qaldırmır. Amma bu vəhhabi olduqları bildirilən çeçen döyüşçülər aman diləyib yalvaran rus zabitinin başını bir toyuq başı kimi kəsir və bir kənara tullayırdılar. Bu hal  insanlığa da yad olan bir şey idi, nəinki İslama. Hələ bir üstəlik efirlərdən azərbaycanlıları qorxaqlıq simvolu kimi tanıtmaq istəyirdilər. Niyə? Çünki azərbaycanlılar ermənilərə qarşı mübarizədə onların ruslara  olduğu qədər qəddarlıq, amansızlıq göstərmirdilər. Buna misal, rəhmətlik Ceyhun Mirzəyevin “Fəryad” filmi! Bizim hamımız bu filmin qəhrəmanıyıq; biz erməni olsa belə, korpəyə də rəhm edirik və öz azadlığımızı bir korpə erməninin ölümündən daha üstün tuta bilmirik. Əsil İslam əxlaqı da məhz budur! Amma çeçen mücahidləri... Çünki onlar vəhhabi idilər. Bizə vurduqları tənələr onlar kimi olmaq  ideyasının tərkib hissəsi idi. Bu sahədə Küveyt və Səudiyyə Ərəbistanının biznesmen emisarları çox ciddi iş görürdülər. Nə üçün? Çünki onların özünü kukla kimi  idarə edən anqlo-sakslar bizi də elə görmək istəyirdilər. Xristian ingilis emisarlarla müqayisədə öz müsəlman qardaşlarımız hesab olunanları daha rahat qəbul edə bilərik deyə. Bir ara hətta  gəlib bizim tərəfimizdən ermənilərə qarşı vuruşan  çeçenlər də oldu. Əvvəlcə mücahid kimi, İslam düşməninə qarşı cihad edən əsil müsəlman kimi görünsələr də, sonra muzdluya, daha sonra isə ordu daxilində dini təbliğat aparan emisarlara çevrildilər. Təbii ki, arxalarına bir təpik ilişdirib qovduq getdilər. Getdilər və sonra da ermənilər tərəfdən döyüşənləri oldu. Bəzi siyasət dəllallarının millətə örnək kimi göstərdikləri çeçenlərin sonrakı  aqibəti göz qabağındadır;  hər şeylərini itiriblər, o cümlədən cövhər dudayevlər doğacaq-törəyəcək gəncləri də. Guya ki, biz  təkcə Ermənistanla deyil, əslində Rus ayısı ilə müharibə apardığımızı bilmirdik. Çeçenlərin ağılla,  yəni hissə-hissə, zaman-zaman, ardıcıl və strateji mübarizə aparmalarına mane olan səbəb nə idi? İntellekt çatışmazlığı? Xeyr! Onların Ruslan Xaspoladov kimi bütün Rusiyanı barmağına dolaya biləcək zəka sahibləri vardı. Bəs nə? İndinin prizmasından baxdıqda məlum olur ki, onlara müstəqil və ağıllı siyasət yürütməyə mane olan əsas maneə yüz faiz vəhhabilik dini əqidəsi və Rusiyanı çeçenlərin əli ilə parçalayacaqlarını,  düşünən anqlo-saks masonlar  imiş! Müharibəni təkcə  nifrətlə yox, həm də soyuq başla aparırlar.
KOR-KORANƏ MÜBARİZƏ MƏĞLUBİYYƏTƏ BƏRABƏRDİR. Dünyaya, həyata, insana məhəbbət duymayan, müqəddəs heç nə tanımayan     şəxsdən nəinki qələbə və uğur, Allah-təala da uzaq düşər. Necə ki, vəhhabi “taliban” hərəkatı Əfqanıstanı da, sünnü hənbəli təriqət sahibləri İraqı da, eləcə də Fələstini də ağır məğlubiyyətə uğratdılar. Yoxsa ki, babbalaca Vyetnamın əlində girinc qalmış ABŞ nə böyük bir zad idi ki! Vəhhabiliyin təsiri ilə xristian-Qərb dünyası Səudiyyə Ərəbistanını, Küveyti çoxdan iradəsiz dövlətə çeviriblər. Həccə gedənlər görüb Səudiyyənin  halını. Onlar barəsində danışmaq, elə İngiltərənin Kanada və ya Avstraliya kimi dominionları barədə danışmaq deməkdir. Bu yaxınlarda keçirilən Ərəb Ölkələri konfransında Liviya lideri Muəmmər Kəddafi kişi kimi Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Əbdul Əzizin gözlərinin içinə baxaraq “Səni Böyük Britaniya düzəldib, ingilislər idarə edir!” dedi. Halal olsun! Bizlər bəzən Cənubi Azərbaycan istəyimizə görə İranı söyməklə ürəyimizin köpünü yatırırıq. Amma etiraf etməli olduğumuz  bu da bir həqiqətdir ki,  İran xristian-Qərb dünyasına qarşı son onilliklərdə apardığı mübarizədə hələki məhz vəhhabi olmadığına görə duruş gətirə bilir. Deməli, əslində bu vəhhabilik həm də müsəlmanların bir məğlubiyyət ressepti imiş. Belə olması isə heç təsadüf sayılmamalıdır. Axı bu vəhhabilik məzhəbinin formalaşması və ölkələrdə hakimiyyəti ələ alması həm də ingilis barmağına görə baş vermişdir! Bu barədə geniş danışacağıq. Deməli, vəhhabiliyi xüsusi düşünülmüş dini ideologiya da adlandıra bilərik. Amma bütün bunlar məsələnin  bir tərəfidir. Vəhhabiliyin elmi izahı heç də düşündüyümüz qədər sadə deyil. Elə bəzi mollaların bu barədə söylədiyi fikirlər də nağıla və uşaq söhbətlərinə oxşayır; ay nə bilim, vəhhabilər öz bacıları ilə evlənir, cəfəri şiələrin qanını içir  və sairə. Bir hüzür məclisində savadlı sayılan bir molla rəiyyəti başa salmaq üçün daha maraqlı arqumentlər səsləndirirdi. “Vəhhabilərin əsas ideyası budur: sünnülərin malı, mülkü, hətta canı da sələfiyə (vəhhabiyə) halaldır, amma namusu yox. Şiyə- cəfərilərin isə malı-mülkü də, canı da, hətta namusu da vəhhabiyə halaldır!” Prinsipcə doğru deyirdi. Bəs niyə cəfərilərə qarşı bu qədər sərt?! Suallar çoxdur. Vəhhabi məzhəbinə qarşı mükəmməl və sərt mübarizə aparmaq üçün onu tam dəqiqliklə  və elmi şəkildə tanımaq, digər sünnü məzhəblərini də ayağa qaldırmaq və hamılıqla   qəti mübarizə aparmaq lazımdır.  Əks təqdirdə... Bunun nəticəsidir ki, artıq Azərbaycanın təkcə Bakı şəhərində deyil, hətta Lənkəran kimi ən qatı İslam mərkəzlərində də vəhhabi  dəstələri yaranmağa, tərəfdar sıraları genişlənməyə başlamışdır. Bığsız, bir zənbil tör-töküntülü saqqal saxlayan, əyninə gödək balaqlı, nimdaş  şalvar  geyinən, köynəyi üstə çıxardan, dolu bədənli bu adamları görənlərin yəqin ki, ürəyi bulanır. Saqqalı qırxmamaqları sələfilikdən gələn yeniliyə qarşı çıxmaq əlamətidir. Amma bir deyən yoxdur ki, yeniliyi qəbul etməyən  kəs gərək heç şalvar-köynək də yox, klassik ərəb libası –əba-qəba geyinsin– əfqanlar kimi. Onlara nəsə qandırmağın, nəyisə sübut etməyin mümkün olmadığını və onlar ilə diskusiyaya girməyin əhəmiyyətsizliyini  qəbul etmək lazımdır. Kənar heç bir həqiqəti qəbul etməmək onların əsas xarakterik cəhətidir. Bu insanlara fanat və ya nadan hesab etmək azdır. Onlar sözün həqiqi mənasında vəhhabilik əqidəsinin manyakı, hərisi, xəstəsi olurlar.  Məsələnin çoxlu digər tərəfləri varmış. Sadəcə, həmin səbəbləri ara söhbəti kimi yox, tarixi- dini və ideoloji cəhətdən geniş şərh etmək, cəmiyyəti bu xəstəlikdən sığortalamaq lazımdır. Buna görə biz vəhhabilik barədə yazmış bir sıra mənbələrə müraciət etdik.
ƏHMƏD İBN TEYMİYYƏNİN KAFİR İDEYALARI. Əslində əks-fikirlik İslamın inkişafı üçün stimul olaraq çox əhəmiyyətlidir. Yoxsa inkişaf  və  yeni təfsirlər, dini kitablar yaranmaz. Əvvəllər daha çox yəhudilər fəal idi. Amma indi onlar ingilisləri önə verib, arxasında gizlənmişlər. Xaric-məzhəbləri ən çox  müsəlmanların birliyi, vəhdəti  qorxudurdu. Yüzlərlə, minlərlə insanın hər gün 5 dəfə bir yerə – məsçidə toplaşaraq  Allaha birlikdə ibadət etməsi onların cəlalını və qüdrətini artırır, bu dini daha uzaqlara  yayırdı. Peyğəmbərin sağlığında elə təfriqələr çox oldu. Lakin Rəsuli-Əkrəm bunun qarşısını ala bilirdi. Çünki peyğəmbərin sözünün üstünə söz yox idi, o Allahın Rəsulu olduğu üçün onu heç düşünmədən  qəbul edirdilər.Onun həyatdan köçməsindən sonra da  hər cür təfriqəçiliyin qarşısını almaq olardı. Lakin şeytan bəzi səhabələrin də qəlbinə yol tapdı və onlar ölümündən sonra peyğəmbərin vəsiyyətlərinə əməl etməkdən imtina elədilər. Nəticədə tezliklə İslam dinində 73 firqə ( ayrıcı dini cərəyan, təriqət, məzhəb, məktəb, partiya və sair) yarandı. Bunu sağlığında Rəsuli-Əkrəm də bildirmişdi. Buna baxmayaraq müsəlmanlar arasında İslamın bünövrəsi, Üsuliddinin birinci hökmü olan Tovhiddə heç bir ixtilaf yox idi, hamı “La ilahə İlləllah” kəlməsinə tam bağlı idi. Bu isə Allahdan başqa heç bir məbudun olmadığını, yalnız ona sitayişin doğru olduğunu  bildirirdi. Tovhidə bağlılıq heç də İslam müqəddəslərinin qəbrinə ehtiram göstərilməsini, orada uyuyan şəxslərin Allah yanında daha əziz olan qiyməti xatirinə möminin dualarının qəbul olunacağını inkar etmir, bunu qəbul edənlər arasında təfriqə yaranmırdı.  Hətta bütün hacılar Ühüd müharibəsinin qəhrəmanı, İslamın ilk şəhidi Həmzənin qəbrinin torpağından təsbeh düzəldirdilər. Peyğəmbər səhabəsi Salman Farsinin Mədain şəhərində olan qəbrini vəsf edən Xaqani Şirvaninin bu misraları Məkkənin böyük şəxsiyytləri tərəfindən qızıl suyu ilə yazdırılırdı. Lakin Çingiz xanın monqol hücumları İslam dünyasını zəiflətdi. Sonralar onun nəvəsi Hülaku xanın Bağdadı dağıtması ilə Abbasi xilafətinə son qoyuldu, dövlətçiliyini itirməklə İslam  aləmi çox zəiflədi. Bunu gözləyən xristianlar  İslama qarşı Səlib yürüşlərinə başladılar. Onların 200 ilə yaxın davam edən və milyonlarla müsəlmanın qətlə yetirilməsi ilə nəticələnən Səlib yürüşləri İslam aləmini daha çox  zəiflətdi. Məhz həmin ərəfədə müsəlmanların birliyə daha çox ehtiyacı vardı. Bu müharibələrin İslam aləmini zəiflətdiyi bir vaxtda–  hicrətin 8-ci əsrində ( miladi XV əsr) Əhməd ibn Teymiyyə adlı birisi meydana çıxdı və özünün bir sıra səhv, natamam, yanlış təfsirləri ilə dini düşüncələrdə təfriqə yaratmağa başladı. Onun xüsusən “Övliyanın (peyğəmbərin, imamların, digər müqəddəslərin) Qiyamət günündə şəfaət verməsi düzdür, lakin bu dünyada onlardan şəfaət istənilməsi şirkdir (günah, Allaha şərik qoşmaq və s.)” fikri İslam əqidələri arasında kəskin etiraza səbəb oldu. Çünki bu təkcə İlahi həqiqətə deyil, həm də ümumi İslam birliyinə xələl gətirirdi.

                                                                         (Ardı var)

Комментариев нет:

Отправить комментарий