02.02.2012

Yerin altındakı tarixlə maraqlanırsınızmı?

Arxeologiyanın üzə çıxardığı çox maraqlı tarixi hadisələr


İssık Kul sirlərini açır


Qırğızstandakı İssık Kul gölündən çox maraqlı tapıntılar aşkar edilib. 

Burada suyun dibindən dünyanın ən qədim hesab edilə biləcək metal pulu çıxarılıb. Səkkiz guşəli kütlə haında olan bu pul 70 qram ağırlığındadır. 
Amma pul yalnız deyil. Arxeoloqlar burada bürünc əmək alətləri, qılınclar, baltalar, oraqlar üzə çıxarılıb. Bu predmetlər sak mədəniyyəti dövrünə aid edilir: eradan 1000 il əvvəlki dövrə.

Arxeoloji qrupun rəhbəri Ploskix bildirir: “Bu vaxta qədər bütün türklərin əcdadı sayılan sakların köçəri həyat sürdükləri və oturaq mədəniyyətlərinin olmadığı iddia edilirdi. Amma indi məlum olur ki, saklar həm kənd təsərrüfatı ilə, həm də filizəritmə ilə məşğul olurlarmış. Bu, İssık Kul tapıntılarının ikinci mühüm elmi nəticəsidir”.

Piramidalar yalnız Misirdə deyil
Ötən il aprel ayında Mərkəzi Bosniyadakı Visoko adlı vadidə arxeoloqlar təsadüfən ideal şəkildə düzgün yonulmuş daş plitələr aşkar ediblər. Mütəxəssislər əmindirlər ki, bunlar 646 metr yüksəkliyi olan təpədə qurulan piramidanın tikintisi üçün istifadə edilən daşlardır.
15 il ərzində Latın Amerikasındakı piramidaları öyrənməklə məşğul olan tarixçi-arxeoloq Samir Osmanoqiç təsdiq edib ki, burada söhbət əsl piramidaların mövcudluğundan gedir.
İlkin qazıntı işlərindən sonra məlum olub ki, bu təpənin üzərində 220 metr hündürlüyündə və 45 dərəcəli bucaq altında qurulmuş nəhəng bir piramida gizlənirmiş. Daha sonra isə tədqiqatçılar piramidanın girişini tapa biliblər. Bu giriş çoxlu sayda tunellərə açılır.
Bosniyadakı piramida hündürlüyünə görə dünyada 3-cü sayılır. Piramidanın tədqiqatı davam edir, qrupa Misirdən daha 2 mütəxəssis cəlb edilib.
Skiflər Şimali Osetiyada
Şimali Osetiyadakı Diqor dərəsində eraızdan əvvəlki 6-cı əsrə məxsus olan skif ox başlığı tapılıb. Bu unikal tapıntının aşkar edildiyi yerdə metal əritmək üçün quraşdırılmış beş ədəd soba, xüsusi işlənmiş sümük qalıqları və yandırılmış gil qablar da tapılıb. Bu arxeoloji tapıntılar bir neçə il əvvəl üzə çıxarılan və şərti olaraq “Saorna” adlandırılan bir skif yaşayış məskəninin yaxınlığında aşkar edilib.
Xatırrladaq ki, dünya tarixşünaslığında skiflərin türk mənşəli köçəri tayfa olduğu ehtimalları güclənməkdədir.
Avstriyada Romalıların qəbristanlığı tapıldı
Arxeoloqlar Avstriyanın qərbindəki Vels adlı şəhərin yaxınlığında Roma mədəniyyəti dövrünə aid olan iri bir qəbristanlıq aşkar ediblər. Burada artıq, 50-yə qədər skelet, çoxlu sayda yeşiklər və dəmir pullar üzə çıxarılıb.
Qəbristanlıq bizim eradan əvvəlki 3-cü əsrə aid edilir. Onu ofis binaları kompleksi və yeraltı qaraj tikintisinin qazma işləri aparılan zaman aşkar ediblər. 
Burada kolleksionerlər üçün çox qiymətli saylla biləcək əşyalar da üzə çlxarıldığına görə arxeoloqlar xeyli müddət tapıntıları haqqında susublar: onlar qorxublar ki, soyğunçular bu qiymətli əşyaları çırpışdıra bilərlər. Burada qədim neft lampaları, pullar, ruhları cəlb etmək üçün gil qablar var.
Artıq Avstriya hökuməti obyektin mühafizəsini öz üzərinə götürüb.
Mexiko şəhərinin mərkəzində asteklərin müqəddəs piri aşkar edilib
Paytaxtın düz ortasında Meksikalı arxeoloqlar qədim asteklərin ibadət etdikləri məbədin bir hissəsi sayılan abidəni üzə çıxarıblar. Abidənin tarixi eramızdan əvvəlki 15-ci əsrə aid edilir.
Bolqarıstanda xəzinə tapıldı
Bolqar arxeoloqları eramızdan əvvəlki 3-cü minilliyə aid edilən xəzinə tapıblar. Xəzinə 15 mindən çox qızıl bəzək əşyasından ibarətdir.
Bu xəzinə Sofiyadan 120 kilometr qərbdə, Dabene adlı qəsəbənin yaxınlığında aşkar edilən bir qəbirdən götürülüb. Tapıntının dəyəri ondan ibarətdir ki, bu, Troya xəzinəsindən daha qədim və daha zəngindir.
Xəzinədəki üzüklər o qədər ustalıqla hazırlanıb ki, qaynaq yerləri hətta mikroskopla belə görünmür.
Qəbirdə dəfn edilən adam mumiyalanıb, qəbrinin bu qədər zəngin tərtibatı isə onun yüksək ranqlı birisi olduğunu göstərir.
Bolqarıstanda bir qədər əvvəl tapılmış daha bir nekropol xəzinəsi eramızdan əvvəlki 5-ci minilliyə aid edilir.
2000 il əvvəl batan gəmilərdə nələr var
İki il yarım ərzində İtalıya və ABŞ-dan olan mütəxəssislər Roma və Karfagen arasında savaş zamanı Aralıq dənizində batan gəmilərin üzə çıxarılması üçün hazırlıq işləri aparıblar. Bu savaş zamanı dənizdə çoxlu sayda savaş gəmisinin qərq olduğu tarixdən bəllidir.
Bu döyüş eramızdan əvvəl 241-ci ildə olub. Karfagenlilərin 250-300, Romalıların isə 350-dən artıq savaş gəmisi döyüşə girib. Döyüş zamanı 60-dan artıq gəmi batırılıb. Həmin tarixdən keçən 2000 il ərzində döyüşün baş verdiyi koordinatlar barədə heç bir konkret məlumatlar olmayıb. Sadəcə bir məlumat olub ki, 4 saat çəkən dəniz döyüşündən sonra gəmilər üzü cənuba doğru geri çəkiliblər. 
Nəhayət, gəmilərin qərq olduğu yer müəyyən olunub. Həm də, təsadüfi bir cinayət işinin istintaqı prosesində.
Siciliyanın yerli polisi kriminal arxeologiya ilə məşğul olmaqda şübhəli bilinən bir nəfərin villasında axtarış aparan zamanı qədim bir döyüş texnikası- taran zamanı gəmilərin bortunu dağıtmaq üçün istifadə edilən bürünç toxmaq aşkar edib. Kolleksioner onun tapıldığı, daha doğrusu, torla dənizin dibindən qaldırıldığı yeri göstərib.
Leninoda sensasiyalı məzar
Rusiyanın Lipetsk vilayətinin Lenino kəndi yaxınlığında bürünc dövrünə aid olan və olduğu kimi də qalmış kurqan-məzar aşkar edilib. Bu kurqan da təsadüfən aşkar edilib, söyləmək olar. Belə ki, Lenino kəndi yaxınlığındakı kottejlərə gedən asfalt yolun çəkilişi zamanı burada hansısa arxeoloji abidənin üzə çıxdığı barədə məlumat verilib. Yerli administrasiya hadisə yerinə gələrək müayinə aparıb və tikinti-qazma işini aparan şirkəti 600 min rubl cərimə edib. Həmin cərimənin hesabına da arxeoloji qazıntı işlərini davam etdirmək qərara alınıb və nəticədə, bürünc dövrinə aid məzar aşkar edilib.
2 milyon yaşı olan Borçalı sakini tapıldı
Gürcüstan ərazisində insana aid olduğu şübhə doğurmayan çənə sümüyü aşkar edilib. Çənənin sahibibn 1,8 milyon il əvvəl yaşadığı müəyyən edilib.
Bu, Avropa ərazisində insanabənzər məxluqların ən qədim mövcudluq tarixinə aid olan arxeoloji tapıntı sayılır.
Bu çənənin Homo erectus – dik gəzən insana aid olduğu ehtimal edilir və Dmanisi rayonu ərazisində tapılıb.
Müasir insanların əcdadları sayılan hominidlərin daşlaşmış qalıqları bu vaxta qədər Afrika ərazisindən tapılmışdı, amma Avropada belə bir tapıntı bu zamana qədər aşkar edilməmişdi.
And dağlarında qədim inklərin qəsəbəsi tapıldı
Çex arxeoloq qrupu Boliviyada And dağlarının zirvəsində qədim inklərə məzsus olan bir şəhəri aşkar ediblər. Bu şəhər qalıqları 4 min kilometr yüksəklikdədir.
Şəhərin xarabalığı 10 min kvadrat kilometri əhatə edir. İndiyə qədər yüzdən artıq evin qalıqları aşkar edilib.
Arxeoloqlar qruputəsadüfən aşkar etdikləri ilk evi buzlağın altından əl əməyi ilə üzə çıxarıblar.
Bu zamana qədər inklərin məskunlaşdığı ən yüksək yaşayış məskəninin dəniz səviyyəsindən 3 min metr yüksəklikdə, Peru ərazisində olduğu hesab edilirdi.
5 yaşlı əkizlər xəzinə tapdılar
Norveçin Prompse şəhərinin 5 yaşlı sakinləri olan əkizlər- Artur və Teodor evlərinin yanında oynadıqları zaman üzərində əjdaha rəsmi həkk edilmiş böyük bir kəmərbənd və qızıl zəncir tapıblar. Uşaqlar tapıntılarını oyuncaq yeşiyinə tullayıblar. Onların valideynləri isə bu tapıntı barədə yerli muzeyə məlumat veriblər. Arxeoloqlar müəyyən ediblər ki, bu predmetlər 10-cu əsrə aiddir və bu zamana qədər Norveç ərazisində daha qədim dövrə aid heç nə tapılmayıb.
Uşaqların bu əşyaları tapdığı yeri eşələyən arxeoloqlar oradan bir çox başqa qiymətlə əşyalar tapa biliblər. Arxeoloqlar hesab edirlər ki, bu əşyaları vikinqlər Avropanın cənubuna doğru etdikləri hücumlar zamanı əldə edərək Şimala gətiriblər. Mütəxəssislər bu ərazidə daha geniş arxeoloji tədqiqatların aparılmasını planlaşdırırlar.
Ən qədim barmenin resepti
Müxtəlif alkollu işkilərin və ətirli maddələrin qarşığından ibarət kokteyl ilk dəfə 5 min il əvvəl Mesopotamiyada hazırlanıb. Bunu amerikalı arxeoloq və biokimyaçı Patrik Mak Kovern
bildirib. Amerikalı mütəxəssis bunu, Dəclə çayının yuxarı ərazilərində tapılan kəllə sümüyündən hazırlanan badədəki spirtli içkinin qalıqlarını araşdıraraq söyləyib. O, bildirib ki, dünyanın elmə məlum olan ilk kokteylinin dadı daha çox şirin olub, onun tərkibi isə şərabdan, pivədən, baldan və alma şirəsindən ibarət olub. Bu kokteyl 5 min il əvvəl hazırlanıb.
Moldovada Qızıl Orda şəhəri üzə çıxarılıb
Moldova ərazisində 700 il əvvəl həyatın qaynadığı bir köçəri şəhərinin qalıqları aşkar edilib. Bu şəhərdə içməli su kəmərlərinin şəbəsi, dəmirçi və sərrac sexləri, hamamlar, müxtəlif emalatxanalar, hətta sikkəxana olub. Şəhərin xarabalıqları arasında çoxlu sayda məişət avadanlıqları, pullar, bəzək əşyaları tapılıb.
Şəhərin ərazisi 450 hektara yaxın olub ki, by da Parisin indiki ərazisindən iki dəfə artıqdır.
Yaxın Şərqin ən uzun mağarası
Hind Okeanında, Yəmənə aid olan Sokotra adasında uzunluğu 7 kilometrdən artıq olan bir mağara tapılıb. Bu, son zamanlarda regionun ən mühüm tapıntısı olaraq dəyərləndirilir. Bu mağara Livandakı məşhur Ceyta mağarasından iki dəfə uzundur.
Mağaranın sonunda arxeoloqlar üçün daha br sürpriz üzə çıxıb: orada bulaq var. Yerli hakimiyyət belə hesab edir ki, bu mağara adaya turist axınını yüzlərlə dəfə artıracaq.
Mamontu qəbristanlıqda dəfn ediblər
Krasnoyarsk şəhərinin yaxınlığında yaşı 12 min ildən az olmayan mamontun skeleti tapılıb. Maraqlıdır ki, mamontun skeleti... şəhər qəbristanlığının ərazisində tapılıb.
Arxeoloqlar şəhər rəhbərliyinə müraciət ediblər ki, mamontun tapıldığı yeri qorunan ərazi elan etsinlər ki, orada arxeoloji qazıntıları genişləndirmək mümkün olsun. Qəbristanlıqdan tapılan bu dəfəki skeletin hündürlüyü 3,5 metrdir.
Kriminal zonanı arxeoloqlar da sevməyə başladılar
50 ildən artıqdır, dünya arxeologiyasını maraqlandıran bir sualın cavabı nəhayət ki, tapılıb. Sual bundan ibarət idi ki, ilan başlı abidələr hansı sivilizasiyaya məxsus ola bilər?
Artıq birmənalı olaraq müəyyən edilib ki, bu, eramızdan əvvəl 600-900-cü illərdə çiçəklənmə dövrünü yaşayan mayya mədəniyyətinə məxsus özəllik imiş.
Qvatemol alada “Laquna de Tiqre” adlanan ərazidə beynəlxalq arxeoloq qrupunun apardığı tədqiqatlar zamanı 25 ədəd əjdaha başlı adidə tapılıb.
Ərazidə arxeoloji işlər davam etdirilir, amma çox böyük ehtiyatla. Məsələ burasındadır ki, adı çəkilən ərazi cinayətkarların- arxeoloji qaçaqmalçıların, narkoticarətçilərin və qanunsuz meşə qıranların sevimli oylaqlarından biridir.
Çində qədim rəsədxana tapılıb
Çin arxeoloqları ŞANSİ ƏYALƏTİNDƏ yaşı 4 min ildən az olmayan rəsədxana aşkar ediblər. Çin mətbuatının verdiyi xəbərə görə, rəsədxananın mrkəzi hissəsində diametri 40 metr olan yarımdairə və 13 daş bürc var ki, qədim astronomlar bunların vasitəsilə Günəşin hərəkətini izləyiblər, ilin fəsillərini müəyyən ediblər.
Kopernikin sümükləri aşkar edilib
Polşa arxeoloqları bu yaxınlarda qazıntısı aparılan bir məzarda heliosentrik nəzəriyyənin banisi sayılan məşhur alim Nikolay Kopernikin sümüklərini aşkar ediblər. Onun sümükləri Frombork şəhərindəki katedral kilsəsinin həyətindəki qədim bir məzarda aşkar edilib. Tapılan insan skeleti analiz üçün laboratoriyaya göndərilib, bundan sonra antropoloqlar kompyuter texnologiyası vasitəsilə onun zahiri görünüşünü bərpa ediblər. Və bəlli olub ki, skelet Nikolay Kopernikə məxsusdur.
Kopernik 1543-cü ildə 70 yaşında vəfat edib.
5 min ildir ki, kişilər də kosmetikadan istifadə edirlər
İrlandiyadakı bataqlıqların birində tarixəqədərki dövrə aid olan iki kişi skeleti tapılıb. Kişilərdən birinin saçında saç lakının izləri olub, o birinin boyu isə 183 sm.dir. Bu ikinci, dəmir dövrünün elmə məlum olan ın uzun adamı tarixə kimi düşüb. Birinci kişinin saçındakı lak isə qətrandan hazırlanıb. Saçındakı kosmetika izlərinə görə onu varlı ailədən olan adam kimi səciyyələndirmək olar.
Dünyada ən böyük daş qəbir tapılıb
Arxeoloqlar Yunanıstanda qayada ovulmuş ən böyük daş qəbri aşkar ediblər. Məzar, qədim Makedoniyanın paytaxtı olan Pella şəhərinin yaxınlığında tapılıb. O, eramızdan əvvəlki 3-cü əsrə aid edilir.
Səhrada tapılan gəmi hamını heyrətləndirir
Dünyada ən qədim gəmi qırıqları Misir səhrasaındakı mağarada aşkar edilib. Gəminin qalıqları indiki Safaqa şəhərindən 20 kilometr cənubda üzə çıxarılıb. Qədim gəmiqayırma üzrə mütəxəssislərin bildirdiyinə görə bu cür gəmilər Nil çayının sahillərində hazırlanıb, sonra isə səhra yolu ilə hissə-hissə dənizə daşınıb.
Tapılan gəmidə 3500 adamın səyahət edə biləcyini söyləyirlər.
Bu vaxta qədər bir çox tarixçilər bildirirdilər ki, qədim Misirdə donanma olmayıb və bu dövlət dəniz savaşlarına və ticarətinə maraq göstərməyib. Amma tapıntı bu versiyanı alt-üst edir.
Krım xanını talamaq istəyiblər
Ukrayna Baş Təhlükəsizlik İdarəsinin əməkdaşları Krımdakı Respublika Diyarşünaslıq muzeyinə unikal kolleksiya təhvil veriblər. Bu kolleksiya yerli qaçaqmalçılardan müsadirə edilib. Ukrayna kontrabandaçıları bu cür qədim predmetləri ABŞ, Yaponiya, Sinqapur biznesmenlərinə satmaq üzrə ixtisaslaşıblar. Amma Ukrayna KGB-çilərinin əlinə keçə bu dəfəki predmetlər 15-ci əsrdə Kım xanının fərmanı ilə basılmış sikkələr olub. Xanın sərvəti Krımda qalıb. Mütəxəssislər bildirirlər ki, pullar əla vəziyyətdə qalıb.
3 min il əvvəlki döyüşçünü tərk silah ediblər
Yaxşı vəziyyətdə qalan, rəngli şəkillərinin rəngi belə solmayan çox qədim bir daş sarkofak Kipr adasında tapılıb. Bu cür sarkofakdan dünyada cəmi 3 dənədir və onlardan ikisi ABŞ-da muzeydə saxlanılır. Sarkofakdakı şəkillər Homerin “İliada”sından epizodları əks etdirir. Onun 2, 5 min il yaşı var.
Arxeoloqlar bildirirlər ki, sarkofak bir dəfə qarət olunub, amma qarətçilər döyüşçünün silahını və zinət əşyalarını götürsələr də sümüklərinə əl vurmayıblar.
Fransızlar sübut edir ki, İsgəndər o qədər də böyük deyilmiş
Doğrudur, Makedoniyalı İsgəndər o zaman yunanlara məlum olan dünyanın böyük bir hissəsini işğal etmişdi. Amma fransız arxeoloqlar sübut ediblər ki, o, İsgəndəriyyə şəhərinin əsasını qoymayıb, sadəcə burada mövcud olan şəhərin adını dəyişərək öz adını verib.
Yeni arxeoloji tapıntılar sübut edir ki, hələ İsgəndərdən 2000 il əvvəl burada yaşayış olub. Bu şəhərin əvvəlki adı isə Rakotis olub.
Qurani Kərimdə adı keçən şəhərin xarabalıqları İordaniyada tapılıb
Nyu-Meksiko şəhərindən olan tarixçi alimlər qrupu 7 illik axtarışdan sonra İordaniyadakı Tol-əl Həmmom xarabalıqlarında lənətlənmiş Lut tayfasının sonuncu şəhəri olan Sədumun izlərini aşkar ediblər. Bu şəhərin adı Qurani-Kərimdə Allahın lənətlədiyi və darmadağın etdiyi şəhər kimi xatırlanır.
Lənətlənmiş şəhərin darvazaları, demək olar ki, toxunulmamış şəkildə salamat qalmışdır.
Xatırladaq ki, bu şəhərin adı Əhdi Ətiqdə də lənətlənmiş və Allahın hökmü ilə xarabalığa çevrilmiş şəhər olaraq xatırlanır. Yalnız Sədum deyil, Sodom şəklində.
Peruda mumiyalanmış qadın cəsədi aşkar edildi
Bir qrup arxeoloq Perudakı Truxilyo şəhərinin yaxınlığında 1500 il bundan əvvələ aid edilən mumiyalanmış qadın cəsədi aşkar etdilər.
Arxeoloqlar bildirirlər ki, qadının 30-a yaxın yaşı olub, yerli moçe tayfasına mənsub olub.
Mumiyanın yanında həlak olan döyüşçü qadın üçün qurban verilərək öldürülən kiçik qız uşağının da qalıqları aşkar edilib. Uşağın boynunda muncuqlar salamat qalıb.
Mumiyanın üstündəki qızıl bərbəzəklər onun təkcə döyüşçü olmadığını, həm də çox varlı ailəyə mənsub olduğunu göstərir. Gənc qadının ölümünün səbəbi müəyyən edilməyib.
Məşhur Robin Qudun da evi tapıldı
Şeffild (Britaniya) Universitetindən olan tədqiqatçılar sübut ediblər ki, bu vaxta qədər Nottinqhemdən olduğu iddia edilən məşhur qaçaq Robin Qudun evi əslində Cənubi Yorkşirdəki Bolsterstoun kəndindədir.
Qədim çinlilərin ətraf dünya ilə təmasları
2200 il bundan əvvəl Çinin Sianya şəhərində tikilən mavzoleyin fəhlələrinin qalıqlarının DNK analizi aparılıb. Məlum olub ki, imperatorun mavzoleyinin tikintisində Hindistandan, İrandan, Türkmənistandan, hətta Avropadan belə fəhlələr işləyiblər.
Bu mavzoley Çin tarixinin ən möhtəşəm imperatoru Kin Şi Huanq (eradan əvvəl 259-210) üçün tikilib. Mavzoleyin mühafizəçisi qismində 8000 əsgərin heykəli də qoyulub. Kinq Şi Huan Göy türklərin hücumlarının qarşısını ala bilmək üçün məşhur Çin səddini tikməyə başlayan imperatordur.
Amerikanların kəşfiyyat təyyarəsi Suriyada qədim yaşayış məntəqəsi tapıb
Suriya üzərində kəşfiyyat uçuşu keçirən casus-təyyarə 130 min il bundan əvvələ aie edilən qədim yaşayış məskənini aşkar edib. Hadisə yerində araşdırma aparan arxeoloqlar bu çox qədim yaşayış məskənində qazıntı zamanı ən qədim alətlər üzə çıxarıblar. Belə hesab edilir ki, bu alətlər neandertallar və ya müasir insanın ən birinci əcdadları tərəfindən hazırlana bilərdi.
Amma aydındır ki, bu tapıntılar Suriyanın bütü demokratik dünyaya meydan oxuduğu indiki günlərdə aşkar edilməyib. Casus təyyarə görüntüləri 1960-cı ildə qeydə alıb. 1996-cı ilə qədər bu bilgilər məxfi saxlanılıb. Belə hesab ediblər ki 130 min il gizli qalan bir sirri 30 il də gizli saxlamağın eybi olmaz. 2006-cı ilə qədər isə Fərat çayı sahillərində bu tarixə qədərki yaşayış məskəni arxeoloqların diqqəti altında olub.
Kolumbun əleyhinə kompramat aşkar edilib
Kral adından Cənubi Amerikanı idarə edən Xristofor Kolumbun çox qəddar bir idarəçi olduğu artıq tarixə bəlli faktdır. Bu barədə məlumatlar isə həmin zamanlarda İspaniya kralına da bəlli idi. İndiki Dominikan ərazisində oturaraq İspaniyanın Amerika əyalətlərini idarə edən Kolumbdan krala çoxlu şikayətlər daxil olurdu. Buna görə də kral Kolumbun idarəçiliyini təftiş etmək üçün oradakı dini Ordenin rıtsarı Fransisko Bobadilloya səlahiyyət verir. Bobadillo böyük bir ittihamnamə hazırlayaraq Krala göndərir. Təftişin nəticəsini əks etdirən bu akt isə uzun əsrlər boyu itmiş sayılırdı. 48 sıhifədən ibarət olan bu sənəd bu yaxınlarda İspaniyanın Valladolid şəhərindəki dövlət arxivindən aşkar edilib.
Bu sənədə əsasında bir vaxtlar Amerikanın fatehi sayılan Kolumbun qolunu qandallayaraq Avropaya göndəriblər, onun yerinə isə həmin rıtsar Bobadillonu təyin ediblər.
100 min il əvvəlki dəvənin boynu
Suriya və İsverə tarixçilərinin birgə ekspedisiyası zamanı 100 min il əvvəl yaşayan dəvənin qalıqları tapılıb. 100 min il əvvəl dəvənin hündürlüyü 3, uzunluğu isə 4 metrdən artıq olubmuş. Dəvəin qalıqlarının tapıldığı ərazidən 100 min il əvvəlki insanın da qalıqları aşkar edilərək laboratoriyaya göndərilib.
Uyğurlar öyrətmək istəyib, monqollar öyrənməyib
Monqol-Çin arxeologiya qrupu qədim uyğur mədəniyyəti dövrünə aid maraqlı tapıntılar aşkar ediblər. Məlum olub ki, ən qədim dövrlərdə belə uyğurlar keçədən düzəldilən alaçıqlarda deyil, dairəvi layihə ilə tikilən kərpic evlərdə yaşayırmışlar. Kərpic ev qalıqlarının aşkar edildiyi yerdə gil qablar da üzə çıxarılıb.

Beyin cərrahiyyəsi neçə min ildir ki, aparılır?
Bolqar arxeoloqları iddia edirlər ki, hələ 4 min il bundan əvvəl həkimlərə belə cərrahiyyə əməliyyatlarını aparmağın qaydaları məlum olub.
Bolqarıstanda Svilenqrad şəhərinin yaxınlığında aöarılan qazıntılar zamanı tapılan bir kəllə sümüyünün üzərindəki cərrahiyyə izləri arxeoloqlara imkan verir ki, belə bir iddianı irəli sürsünlər. Tapılan kəllə sümüyü eradan əvvəl 1800-2000 il əvvəlki zamana aid edilir.
ABŞ ən qədim insanı Efiopiyaya qaytarmalıdır
2007-ci ildə Efiopiyanın mədəniyyət naziri ilə Hyuston muzeyinin direktoru arasında bağlanan müqaviləyə görə dünyanın ən qdim insan skeleti 6 illiyə ABŞ-a icarəyə verilmişdi. “Lyusi” adlandırılan əcdadımızın 3,2 milyon yaşı var. Gələn il muzey bu unikal eksponatı Efiopiyaya qaytaracaq.
Lyusinin skeleti 1974-cü ildə Efiopiya ərazisində amerikalı arxeoloq Donald Conson tərəfindən aşkar edilib.
azadliq.az

Комментариев нет:

Отправить комментарий