08.04.2012

Başı qapazlı kompüterdən Şimpanzeyə məktub



Cavid Sabiroğlu


Çoxhörmətli Şimpanze!


Əvvəla xahiş edirəm, meymunluğuna salıb bu “çoxhörmətli” sözümlə məzələnməyəsən. Cansız , ürəksiz kompüter başıma and içirəm ki, hər şeyi səmimi, olduğu kimi – yadımda qalanlardan yazıram. Hələlik dostluğumuz  olmasa da,  qiyabi olaraq səni yaxşı tanıyıram.  Onu da bildirim ki, hələ də insanın guya meymundan əmələ gəldiyi haqda səy fikirlər qalmaqdadır. Belədə, məni insanlar yaratdığından, ortalığa “körpüdən keçəndə” məsələsini qoysaq, bizim də hardasa bir-birimizə uzaq qohumluğumuzun çatdığını deməyə əsasım var.

Bütün bunlardan əlavə, sən bu evin sevimlisi, mənsə başı qapazlısıyam. Müasir tpli, təzə olsam da “başı qapazlı kompüter” ləqəbilə daha çox tanınıram. Elə fikirləşmə ki, sifətimə tüpürüb başımı yumruqlayırlar. Yoox! Əsla! Əslində məni əzizləyib, qoruyurlar. Tez-tez hansısa virusa yoluxub yoluxmadığımı yoxlayıb, təzə antivirus vururlar. Üz-gözümü həftədə bir dəfə xüsusi dəsmalla silib təmizləyirlər. Hamı yatanda üstünü örtdüyü kimi mənim də üstümə örtük çəkirlər ki, ağcaqanadlar və bu tip başqa parazitlər sifətimdə ləyaqətsiz işlərlə məşğul olmasınlar... Hələ bu yaxınlarda boğazlarından kəsib qəşəng “flash” də hədiyyə kimi gətiriblər. Yoxsa, o boyda disqi fırlatmaqdan gic olmuşdum. İnamlarını qazanmışam ki, mənə heş bir açar, parol-zad qoyulmayıblar. Hamı üçün üzüyola, üzüyumşğam. Düzü alternativ də yoxdu. Çünki, ipim başlarının əlindədi.
Başı qapazlı olmağım cəhənnəm e, evin ən balacası mənə lap olmazın zülüm verir. Xəlvətə salıb, bildi-bilmədi beynimin ən dərin qatını barmaqlayır. Neçə dəfə başımı xarab eləyib. Kimsə gəlib şariklərimi zorla yerbəyer eləyib...


Həyatımda hamıdan çox Şimpanzeyə minnətdaram


Təəccübbdən bayılıb eləmə: “başı qapazlı” olmağımın bir səbəbkarı da elə  sənsən... Niyə?  Çünki mənim simvolik sahibim ali məktəbə sənin hesabına qəbul olub və hər dəfə bu barədə danışanda “Yaşasın Şimpanze! Mən həyatımda hamıdan çox ona  minnətdaram” deyir. İndi cibində tələbə biletini gəzdirən bu gənc vaxtilə dalaşqanın, dərsdən qaçanın birisi olub. Hətta uşaq baxçasından da qaçırmış. Biabıçılıq! Evlərinin qapısını qonum-qonşu çox döyüb. Kiminsə pəncərəsini sındırıb, kiminsə üşağını döyüb. Evə gözünün altında fanarla da qayıdıb...Və Ali məktəbə qəbul olmaqla hamını əməlli-başlı çaşdırıb.  
Məsələ isə bel olub. Çoxlarının güdaza getdiyi “Qonşudan qalma dala” prinsipial məsəlinə əməl edənlərin dönməz nümayəndəsi kimi o da qəbul imtahanında bəxtini sınamaq istəyib. İşə bax ki, bir gəncin taleyi səndən asılı vəziyyətə düşüb. İmtahanda sənin də adın hallanan belə bir sual varmış: Şəkildə göstərilən hansı meymundur? Bizim qəhrəman da şox götür qoydan sonra sənin üstündə dayanıb. Qəbulun rəsmi nəticələri elan olunana qədər bu adam hətta öz- özünə də danışırmış: ”əgər şimpanze çıxmasa batdım”. İş ondadı ki, bu sualı – şəkli kimə göstərsə də, sənin variantını heç kim seçməmişdi... Və son nəticə Sizin hər ikinizin xeyrinə olur. Elə həmin gecə sevincdən özünü saxlaya bilməyən dostumuz bərkdən və bir neçə dəfə  “Yaşasın Şimpanze! Mən həyatımda ən çox ona  minnətdaram. Yaşasın Şimpanze!.” şüarını elə qışqırıb ki, yazıq qoca Arximed məhşur Evrikasıyla birgə hamamdan lüt-üryan özünü küçəyə nətəhər atıbsa, bir də 7 nömrəli marşrutda ayılıb...
Əslində isə rəsmi cavabda kiçicik yanlışlıq olub. Şəkildəki faktiki olaraq başqa meymun idi. Sadəcə, sənə simpatiyası olan çoxbilmiş əmilər də varmış...
Günlərin birində sənin hesabına tələbə olan gəncin davamlı xahişinə əsasən, “Allah yetirər” deyib məni aldılar, daha doğrusu kreditə götürdülər. Yəqin ki kredit deyilənin nə olduğunu bilməzsən. Necə başa salım? Elə bil allah eləməmiş səni tutub salıblar qəfəsə. Yanaşı qəfəsdə də əks cinsdən bir başqası. Hər gün kalorili merdən-meyvədən istədiyiniz qədər yeyib şellənirsiz. Amma yenə nəsə çatışmır, nəsə istəyirsiz.  Bunu isə hər dəfə ala bilmirsiz. Bax, həmin anlarda çəkdiyiniz mənəvi, bioloji əziyyətə oxşar bir “ləzzəti” kredit qaytaranlar uzun müddət çəkməli olur. Təqribən belə...
Şərti sahibim olan bu cavan oğlan kefinin kök çağında kənd təəssüratlarını da mənimlə bölüşüb. At, eşşək minib kənd uşaqlarıyla mal-qoyun otarmasından, nə bilim daha hansı işlərdən... Ancaq məsələ onda deyil. Fakt: səni daha çox xatırlayır.
Hələ qız da istəyir deyəsən. Bunu klaviaturada əllərinin titrəməsindən hiss edirəm. Amma səni lap çox sevir.  
Arabir pis şeylər də soxuşdurur yaddaşıma, mən də götürürəm. Çarəm yoxdu, sahib odu. Pis şeylər deyəndə belə də, bir balaca açıq-saçıq. Ancaq mən elə şeylərə qarşı fikirləşdiyin kimi deyiləm. Yəni çox soyuğam. Çünki belə işlərdə mən o məsələ... Necə deym, manitorumda da daha çox mavi çalarlardı... Ancaq belə şeyləri yaddaşımdan tez də silir.
 ... Günlərin birində kürəsel krizin amansız küləkləri bu evin çörək ağacını da işlədiyi şirkətin ştatından qoparıb elə atdı ki, “Polkovnikə məktub yoxdur”un  qəhrəmanı kimi hələ də yazdıqlarına cavab gözləyir. Mənim başımın qapazı, danlağı qa elə o vaxtdan başlayıb. Hər dəfə ödəmə vaxtı çatanda, dəstəsilə toy dəvətnamələri gələndə və sair bu kimi hadisələr baş verəndə evdə qiyamət qopur. Ən böyük mənəvi zərbəsə mənim payıma düşür. “bu ... zəhrimara qalmış kompüter olmasaydı”... Guya mən olmasaydım Mərakeş çəyirtkələri hektar-hektar taxıl zəmisini bir göz qırpımında dağıdıb talamayacaqdı. Təsəllim odu ki, buralarda mənə oxşarların, yəni başı tokla işləyənlərin  əksəriyyəti mənim gündədi. Amma başı umimiyyətlə işləməyənlər də var ki, kefə baxır.


Bayramqabağı babat qiymətə bir az banan təşkil elə...


...Deyəsən çox danışıb başını ağrıtdım, axı. De görüm, Zimbabvedə nə var, nə yox, havalar necədi?  Hər halda, ilkin qaynaq kimi isti-isti, qərəzsiz xəbərlər səndə olar. Buralarda yenə müvəqqəti çətinliyin vaxtını uzadıblar... Bircə xahişim də var: imkan varsa babat qiymətə bir az banan təşkil elə. Bəlkə bu evdəkilərin canı zülüm -zillətdən, mənim də başım “qapazdan” – danlaqdan qurtarar.
Hə, bir də sənə meymun dediklərinə görə çox şeyi ürəyinə salma, yəni vecinə də alma. Bu dünyada başı qapazlı ağıllı olmaqdansa sənin irili-xırdalı meymun arkadaşların kimi ağacların başında gəzmək, adamların boynuna minmək daha şərəflidir. Məktub yaza bilməsən də, heç olmasa şəklini göndər üzünü gürüm. Öpürəm. Hələlik...


Hörmətlə: başı qapazlı kompüter... 

Комментариев нет:

Отправить комментарий