11.04.2012

QUM KƏNDİR -3

 Gi Debor mükafatı almış əsərlər

Pərviz YUSİF

Böyük xalı dükanı vardı. Otuz ildən çox idi ki, burda ticarətini qurmuşdu. Sonra Sovetlər Birliyi dağıldı. Sovet ideologiyasını özündə birləşdirən bir çox məhfum məhv oldu. Ateizm də o cümlədən. Sovetlər dönəmində muzey kimi istifadə olunan məscid düz onun dükanının yanındaydı. İndi məscidə öz ali vaciblik xassəsi qaytarılmışdı, – əvvəllər muzey dövründəki süstlüyü tamamilə yoxa çıxmışdı, – orda qaynaşma hiss olunurdu. Məscidə gələnlər əsasən cavanlardı. Vaxtlı-vaxtında namaza durur, boş vaxtlarındasa quran öyrənirdilər. 
O, müştəri olmayanda xalı dükanının qabağına kətil qoyub otururdu. Tum çırtlayırdı, çay içirdi, mürgülərdi, yaxud ona qonşu olan xalı dükanlarının satıcılarıyla söhbətləşərdi. Bəzən də məscidə gələn cavanların qeybətini eləyərdi. 

«Bir onlara bax, biz cavan olanda sevgi romanları oxuyurduq, qəşəng qızlarla min oyundan çıxırdıq, imkan düşən kimi yeyib-içirdik. Hələ mən, – bir qızı dərsdən çıxanda xəlvəti yerlərlə çimdikləşə-öpüşə evə ötürürdüm, başqa qızı da axşam bulvara çağırırdım, baş vururduq ağaclığın ən sıx yerinə. Yoxsa bunlar kimi. Cavan oğlanlardı. Səhərdən axşama kimi məsciddədilər. Mən əminəm ki, onların çoxusu ömründə heç bir qızla yatmayıb. Onları görəndə əsəbləşirəm». Məscidə gələn cavanların sayısa tədricən artırdı. Dükanın qabağından keçəndə ona nəzakətlə salam verirdilər. O, kefi olmayanda zorla başını tərpədir, gah da istehzayla cavab verərdi. 
Sonra içəri yerləşməyib küçədə cümə namazını qılanlar üçün səsgücləndirici qoyuldu. İndi beşinci günlər yayılan cümə xütbəsinin avazı, sirli mənbədən axan meh kimi ətrafdakı hər şeyə toxunurdu. O, əvvəl dinamiklərdən gələn səsə bərk qəzəbləndi, qonşu dükanlardakı həmkarlarına bir yerdə şikayətçi olmaq təklifini elədi. Onlar əhəmiyyət vermədilər. Dedilər ki, həftədə bir dəfə olan on-on beş dəqiqəlik məsələdən ötrü narahat olmağa dəyməz. Lakin o, tərsliklə narahat olduğunu sübut eləməyə çalışdı. Elə həmin axşamı, sifətində daim təbəssüm gizlənən məscidin imamı dükanın qabağından keçəndə öz narazılığını bildirdi. İmam bir anlıq onun üzünə baxdı. Və ona elə gəldi ki, imam təqsirli olduğunu gizlətmək üçün təbəssümlə baxır. «Allah səbr versin,» imam onu dinləyəndən sonra ancaq bunu dedi və getdi. Lakin o, qızğın mübahisəyə hazırdı, qovğa açmaq, səs-küy salıb başına onun tərəfini saxlayan adam toplamaq istəyirdi. Lakin hadisələrin inkişafı özgə səmtdəydi. 
Cüməyə gələnlər çoxaldıqca küçədə namaz qılanlar üçün məscidin xalıları azlıq eləyirdi. Ona görə də könüllü çeviklər üz tuturdu xalı dükanlarına. Allah rizasına xalını götürüb namazdan sonra qaytarırdılar. Bir neçə dəfə onun da dükanına gəlib xalı istəmişdilər və kifayət qədər kobudluqla deyilmiş rədd cavabı almışdılar. O, «Məndə sizə veriləsi xalı yoxdu», deyəndən sonra onların reaksiyasından, düşündüklərindən xəbərsiz idi. Ürəyində ona «bədbəxt», dediklərini eşitmirdi. 
Aylar keçirdi. Cümə namazına gələnlərin sayı çoxalırdı. O, qızmar istidə, soyuq havada müti sükutla oturub xütbə dinləyən, sonra hamılıqla namaza durub ibadət eləyən adamlara get-gedə maraqla baxırdı. Böyük bir izdiham eyni vaxtda diz çökür, qalxır. Onlardan heç birini buna məcbur eləyən yoxdu. Amma məcbur eləyən bəs nədi? Namazdan sonra küçə boşalırdı. O, isə həmişə dükanın qabağına qoyduğu kətildə hələ xeyli oturardı. Düşüncələrə dalardı. Xütbədə deyilənləri yadına salardı. Qüssəyə bənzər nəsə onu qıdıqlardı. Hələ xütbəni dinləyənlərin üzləri…?! Elə bil bir-biriylə küsülü olan yüzlərlə qardaş küsməklə yalnız özünün günahkar olduğunu indi anlamışdı. Onların içində tanıdığı çox adam vardı. Kasıb, varlı seçilmirdi. 
Onun içində əvvəllər duymadığı hansısa hiss tərpənirdi. 
Çox keçmədən başa düşdü ki, xütbəyə qulaq asacağı günü səbirsizliklə gözləyir. Əvvəl özünü o yerə qoymaq istəmədi, hətta düşündü ki, ümumiyyətlə cümə günü dükana gəlməsin. Amma gəldi. Nəinki gəldi, hətta namaza saat yarım qalmış çıxıb kətilində oturdu. Get-gedə artan həyəcanla xütbəni gözləməyə başladı. Artıq küçəyə xalıları sərirdilər. O, hiss elədi ki, dükanındakı bütün xalıları verməyə hazırdı. Təki işarə eləsinlər. Özü təşəbbüs göstərmədi, yenə təkəbbürü mane oldu. Və bu vaxt təkəbbürünə qarşı zəif olduğunu təəssüflə anladı. Daxilən kövrəldi. Onsuz da boğazına qəhər kimi yığılan həyəcanı bir az da böyüdü. 
Nəhayət xütbə başladı. Bu günkü mövzusu iman haqdaydı. Azca kənardakı kətildə otursa da, indi onun üzü xalının üstündə müti sükutla xütbə dinləyənlərlə eyni ifadə almışdı. Bəlkə də daha təsirli ifadə. Çünki xütbədə sadalanan yaxşı cəhətlərin yox, pis cəhətlərin özündə olduğunu görürdü. Qüssə bütün bədənini bürümüşdü. 
İqamə oxundu, hamı ayağa durdu. Namaz başlar-başlamaz üç-dörd nəfər özünü arxa sıralara yetirdi. Ancaq xalının üzərində boş yer qalmamışdı. O, çox düşünmədi. Cəld dükanın çölündə sərilən ən gözəl xalçalardan birini onlara apardı. Gecikənlər tez namaza qoşuldu. İndi xalıların içində onunku da vardı. Bu vaxt içində şiddətli bir arzu oyandı. O, da namaz qılanların cərgəsində durmaq istəyirdi. İbadət eləyənlər səcdəyə qapanıb qalxdıqca bayaqdan boğazına yığılan daş kimi qəhər yumşalırdı. Namaz qurtardı, xalçanı ona qaytaranda «Allah razı olsun!» dedilər. Bu kəlməni eşitmək üçün nə qədər həsrət çəkdiyini indi başa düşdü. Dili söz tutmadı. Razılıqla başını tərpətdi. Daha çöldə dayanmağa taqəti yoxdu. Özünü güc-bəla ilə dükana salıb qapını bağladı. Qat-qat yığılan xalçaların üstünə çöküb ürək parçalayan səslə hönkürdü. «Rəhm elə, məni bağışla». Göz yaşları onun bütün həyatından süzülüb axırdı. 

* * * 

– Qüruru təkəbbürlə səhv salmayın!

* * * 

Bütün dayanacaqlar növbətidi. 

* * * 

Orta yaşlı sürücüydü. Neçə illərdi ki, sərnişin daşıyırdı. Salona günlüyün arxa tərəfinə vurulan güzgüdən nəzər salardı. Bir dəfə yüngül qəza oldu. Güzgünün yuxarısı sınıb töküldü, ensiz zolaq qaldı, günlüyün həncəmələri yerindən oynadı. İndi salonun ancaq yarıdan aşağısını görmək olardı. Güzgüdə daim əllər danışırdı. 

* * * 

Günəşin qızmar şüaları təsvirin sərt cizgilərini əridəcək qədər istiydi. Bəlkə də cümə xütbəsinin fəziləti, bu dəqiqələrdə faniliyi kədərlə xatırlatdığı üçün gözlərim alacalanmışdı. Məscidin içi çoxdan dolmuşdu, küçəyə sərilən xalılarda oturub ruhumuza axan xütbəni dinləyirdik. Namaza durmaq üçün səfləri düzəltdiyimiz vaxt arxa sırada dayanan bir oğlan diqqətimi cəlb elədi. O, respirator taxmışdı.

* * * 

Ömründə bu cür şiddətli həyəcan hiss eləməmişdi. Bədəni fəza gəmisinin kabinəsinə bərk pərçimlənsə də, bütün ruhu uçunurdu. Kosmosa ilk uçuşuydu. Onu bir daha Yerə qayıtmamaq qorxusu bürümüşdü. Özünə görə narahat deyildi, bir daha atasını görməməkdən qorxurdu. İki il ərzində keçdiyi sərasər təlimlər, ciddi rejimlə qidalanma, müxtəlif komissiyalar onun iradəsini sarsıtmamışdı. Uçuş qabağı on günlük dinclik verilmişdi. Əgər buna dinclik demək mümkün idisə, – gimnastika, qidalanma, yenə də hər şey ciddi nəzarət altında idi. Lakin dünən eşitdiyi xəbər bütün varlığını alt-üst eləmişdi. Bayaq xüsusi avtobus onu Kosmik Uçuşlar Mərkəzinə gətirəndə də elə yorğun, elə əzgin idi ki, heç düşmək istəmirdi. Halbuki onun bədəni ən ölü yorğunluğa ideal tab gətirə biləcək qədər öyrəncəli idi. Dünən nəzarətçilərin ehtiyatsızlığından istifadə eləyib burdan min kilometrlərlə uzaqda olan ailəsinə zəng vurmuşdu. Sevinirdi. Məxfi məlumat olsa da, sabahkı uçuşunu onlarla bölüşmək istəyirdi. O, altı il idi ki, atasını görmürdü. Bu arada bir dəfə üç-dörd saatlıq evdə olmuşdu. Anasını, bacılarını görmüşdü. Mövsüm vaxtı idi. Atası evdən xeyli uzaqda yerləşən ailəyə məxsus fındıq bağında gözətçi qalmışdı. Məhsul yığımından sonra gələcəkdi. Uşaqlıqda atasıyla çox getmişdi fındıq bağına. İçində balaca balıqlar qaynaşan, şəffaf, sərin suyu olan balaca çay da axırdı ordan. O vaxt anasıgillə sağollaşanda atasını da bağrına basmağı elə arzulamışdı ki... 
Dəstəyi bacısı qaldırdı. Əvvəlcə zarafat eləmək istədi, amma bacısının səsindəki kədəri duyanda vaz keçdi. Onu tanıyan kimi bacısı yanıqlı-yanıqlı hönkürdü. Dedi ki, atamız ölüm ayağındadı, arada özünə gəlir, səni soruşur. Həkimlərsə susur. Çox danışa bilməzdi. Uçuş qabağı xarici mühitlə hər hansı əlaqə qadağan idi. Lakin iztirab çəkən bir qəlbə biganə olmayan digər qəlbin də iztirab çəkməsinə qadağan mümkündümü? 
Uçuşa start verilmişdi. Yanacağın təzyiqindən doğan dəhşətli titrəmələr belə həyəcanın şiddətindən qıc olmuş düşüncənin donunu açmadı. Yalnız verilən komandalara mexaniki reaksiya. Və son dərəcə səbirsizliklə gözlədiyi təsvirlərin indi bir-birini əvəz eləməsinə donuq nəzərlər. Bu da Yerin orbiti. Bəlkə də sonsuz fəza üçün ən bəsit və cılız görünüşdü. Amma min illər boyu gözü göyə dikilən insan oğlu üçünsə yox. İndi əsrarəngiz təsvirə pulcuqları şəffaf suda parıldayan balaca balıqlar qarışmışdı. Uşaq vaxtı fındıq bağında işdən sonra dincələndə, üzünü suya basıb balaca çayda ora-bura şütüyən balıqcalara, gah da çayın yanındaca göy otluğa uzanan atasının təbəssümünə baxardı. Atası ona deyirdi ki, əgər çaydakı ən böyük balığı tutsan, evə qayıdanda motosikletin siqnalını basmağa icazə verəcəyəm. Ancaq balıq tutmasa da sonra yol boyu siqnallaya-siqnallaya gəlirdi. İndi fəza gəmisinin hər yeri mənasız düymə ilə dolu idi. Lakin o vaxt motosikletin siqnalını basanda duyduğu ləzzəti burdakı düymələrin heç biri əvəz eləməzdi. İndi Yer də fındıq qədər görünürdü. 
Fəza gəmisi peyklər arası fəaliyyət göstərən yarımstansiyaya birləşməliydi. Orda iki nəfərlik heyət çalışırdı və sürüşkən qrafik üzrə vaxtaşırı dəyişilirdi. Biri onun köhnə tanışıydı. Aerokosmik Agentlikdə ilyarım birgə təlim keçmişdilər. Agentliyin rezidensiyasında qonşu otaqlarda yaşamışdılar. Aralarında səmimi münasibət vardı. 
Hermetik sistem avtomatik işə düşdü. Yarımstansiya gəmini qəbul eləməyə hazırlaşırdı. İnsanlıq iş yox idi, maşınlar özü hər şeyi yoluna qoydular. Fəza gəmisi yarımstansiyaya birləşdi. 
Çəkisizlik süstlüyünü bir az da artırırdı. O, birləşmənin uğurla aparıldığını Yerə məruzə elədi. Onsuz da onun ürək döyüntülərinə kimi hər şey aşağıdakıların göz qabağında idi. Əsas cihazlar blokunu ayaqda qoyub, qalanları söndürdü. Mənən ağır cismənsə çox yüngül addımlarla keçidə girdi. Yarımstansiyanın hermetik üç təbəqəli qapısı açıldı. Dünyada hər şeydən çox, daha doğrusu, fəzada hər şeydən çox bir dünya sakini görmək arzusuyla yaşayan tanışı qollarını geniş açıb onu gözləyirdi. Səmimi qucaqlaşdılar. Bir müddət beləcə dayandılar. Buna hər ikisinin ehtiyacı vardı. Sonra isə çəkisizlik, öz qulaqlarına yad gələn doğma səsləri, keçmişdən qısa xatırlanmalar, təlimata uyğun görülən işlər və Yerə qısa məruzələr. Fəzada gündüz və axşam anlayışı yoxdu, həmişə eyni vaxtdı. Dincəlmək üçün vaxtı özün seçirsən. Onlar da belə elədilər. Yaşılımtıl-ağımtıl rənglənən oval şəklində otağa girdilər. O, böyük açıq bənövşəyi rəngli kresloya yayxandı. Həmkarı nəsə axtarırdı. Divar boyu Yerin müxtəlif ərazilərini göstərən monitorlar qurulmuşdu. Təsvirlər ayrı-ayrı peyklərdən canlı ötürülürdü. Orda fındıq bağına bənzər bağlar, uşaqlıqda oynadığı çaya bənzər çaylar görünürdü. Özünə də naməlum olan laqeydliklə monitorlara baxan vaxt ağlına bir fikir gəldi. Cəld kosmik həmkarına tərəf döndü. O, isə qabağında dimdik dayanıb gülümsünürdü. Bir əlində əla növ şərab, o biri əlindəsə iki dənə trapeza şəklində şəffaf plastikdən stəkanlar vardı. Təbii ki, kosmosa şərab gətirmək və içmək nizamnaməyə zidd idi. Buna yalnız Kosmik Turizm Agentliyinin icazəsi vardı, özü də məhdud sayda. Dostu izah elədi ki, güc-bəlayla cəmi on butulkanı yük yerində gizlədə bilibmiş. Hər ay birini açıb vurur bədənə. Amma indi xüsusi haldı, ikisini, hətta üçünü içə bilərlər. Bunu deyib butulkanı havadaca ona tərəf itələdi, çəkisizlikdə butulka maili istiqamət aldı. O, özünə tərəf zəif sürətlə gələn butulkanı saxladı, masaya qoydu. Ayağa durdu. Hər gözündən bir damla yaş qopub tavana doğru qalxmağa başladı... 
Kosmosda rastlaşdığı tanışına hər şeyi danışandan sonra təklifini dedi; uyğun gələn peyk vasitəsiylə onların evini lap yaxından müşahidə eləmək. Lakin bunun üçün Yerdən xüsusi göstəriş olmalıydı. İcazə istəməksə mənasızdı, onsuz da verməyəcəkdilər. Bir qədər tərəddüddən sonra dostu razılaşdı və dedi ki, bunun çarəsi var. Əvvəlcə evin yerini təyin elədilər, sonra ora tuşlanacaq peykin yarımstansiyadakı blokunda süni qəza törətdilər. O dəqiqə Yerdən səs-küy qopdu. Aşağıdakılarla əlaqəyə girib qəzadan xəbər tutduqlarını və tez bir zamanda aradan qaldıracaqlarını dedilər. 
Hava buludsuz idi. Peykin müşahidə borusu təsviri yaxına çəkdikcə onun ürəyi də nazilirdi. Mənzərələr ona tanış gəlirdi. Və budu, onların həyəti, çoxlu qaraltı vardı. Görüntünü bir az da irilətdilər. Onun ürəyi qopdu. Həyət kişilərlə dolu idi. Baxışlarını evə zilləmişdilər. Bu vaxt evdən nəsə uzun qaraltı çıxmağa başladı. Bu cənazə idi. O, dözmədi: “Ata, ata! ” qışqırdı, əlini ümidsizcə masaya çırpdı. Cənazənin dalınca qara geyinən qadınlar çıxdı. Hiss olunurdu ki, bərk ağlaşma var. O, anasıyla bacılarını tanıdı, lap kövrəldi, hönkürməyə başladı. Göz yaşları aravermədən qopub yuxarı qalxırdı. Dostu əməliyyatı saxlamaq istədi. “ Yox!” – qışqırdı, “Bir az da yaxından göstər”. Kişilər cənazəni ağır-ağır aparırdı. İçindəki yumaq kimi ağ kəfənə bürünən isə onun atası idi. Atası. Cənazəni aparan adam seli keçib getdi. Həmkarı gərginlik bir az azalsın deyə koordinatların bucağını azca dəyişdi. Tədricən təsvir aydınlaşdı. O, ekrandakını görüb acı-acı ağladı. Bu içindən həmin balaca çay keçən həmin fındıq bağı idi... 
İki saat keçmişdi. O, açıq bənövşəyi kresloda bərk yatırdı. Dostu qüvvətli sakitləşdirici vermişdi. On iki saatdan sonra o, Yerə qayıtmalıydı. Lakin göz yaşları qurumamışdı, tavanda asta-asta dövrə vururdu... 
. . . 
                                          Bakı – Zaqatala 2007 – 2008

Комментариев нет:

Отправить комментарий