20.05.2012

Yazıçının ölümü – Oxucunun doğuluşu

Namiq Hüseynlinin tərcümələri

Rolan Bart. Dilin Hökmü

“Hakimiyyət hər yerdə yuva salıb, hətta onun kökünü kəsməyə çalışan sonsuz azadlıq ehtirasının alt qatında belə hakimiyyət hərisliyi yatır. Mən törədilən bir günahdan doğan və bu günah hissinin yönəldiyi istənilən nitqi, özündə hökmranlıq ehtirasını daşıyan bir nitq hesab edirəm. Çoxları biz intellektuallardan, hər vəchlə Hakimiyyətə qarşı qalxmağı gözləyir, lakin biz əsl döyüşümüz bu müstəvidə aparmırıq. Biz mübarizəni, Hakimiyyətin cürbəcür növlərinə qarşı aparırıq, bu isə özlüyündə olduqca çətin mübarizədir, çünki sosial müstəvidə saysız formalarda ortaya çıxan Hakimiyyət, bir tarixi dövrdən o birinə keçməklə az qala əbədilik qazanmışdır.
Onu min-bir əziyyətlə qapıdan çölə atsanız, o dərhal pəncərədən içəri keçir, o heç vaxt tamamilə məhv olmur: siz istədiyiniz qədər inqlablar edin, hakimiyyətin kökünü kəsin və o yenidən doğulacaq, əşyaların yeni düzümündə öz varlığını bərpa edəcək. Onun belə yaşamaq qabiliyyətinin və hər şəraitdə özünü doğrultmasının səbəbi, hakimiyyətin transsosial orqanizmin içində əbədi mövcud olan bədxassəli parazit şiş olmasıdır. Onun ortaya çıxması hansısa siyasi və ya tarixi proseslərin inkişafının nəticəsi olmayıb, məhz insanlığın təbii inkişafının nəticəsidir. Onun zamanın başlanğıcından bəri yuva saldığı obyekt, nitq fəaliyyətinin özüdür və ya daha doğru bir deyimlə desək – dil, hakimiyyətin özünü ifadə vasitəsidir”.
“Atanın ölümü, bizi ədəbiyyatın əvvəllər verdiyi bir çox həzzdən məhrum edir. Əgər Ata ölübsə, onda cürbəcür əhvalatları nəql etmənin daha nə mənası var? Məgər, bütün nəqletmələr Edip haqqında əhvalatla səsləşmirmi? Məgər, söz söyləmək - öz mənşəyindən xəbər tutmaq, Qanunlarla aranda yaranmış ədavəti ortaya çıxartmaq, zərifliyin və nifrətin dialektikasına dalmaq anlamına gəlmirmi? Artıq, təhlükə təkcə Edipin deyil, həm də nəqletmənin başının üzərini alıb, biz artıq heç nəyi sevmirik, heç nədən qorxmuruq və heç nə haqda nəql etməyə həvəs duymuruq. Uydurmanın məhsulu olan Edip haqda rəvayət, heç olmasa yaxşı romanlar, yaxşı əhvalatlar yaratmağa imkan verdi”.
“Heç bir mənalanma (heç bir zövq alma) mümkün deyil – mən buna kütləvi mədəniyyətin çərçivələri içərisində əmin oldum (kütləvi mədəniyyət anlayışını, kütlə mədəniyyətindən odla su kimi ayırmaq lazımdır), çünki bu mədəniyyət xırda burjuaziya nümunələrindən qurulub. Bizim zidiyyətli tarixi vəziyyət elə bir mövqeyə gəlib çatıb ki, mənalanma (zövq alma) öz əsas formasını qoruya bilmir, birmənalı olaraq tamamilə sərt alternativin hakimiyyəti altındadır. O ya mandarinat (Ancaq elit təbəqənin istifadə etidiyi dil(Çində)- N.H) praktikasına aid edilməli (bu da öz növbəsində burjua mədəniyyətinin tükənməsinin nəticəsidir), ya da hansısa utopik ideyalarla (Bu mədəniyyətin gələcəyini təyin edən, hansısa radikal fikir axınından yaranmış, indiyə qədər məlum olmamış, qabaqcadan sezilməmiş inqilabi ideyalardır) izah edilməlidir”
“Danışmaq və yaxud elə fikir söyləmək özü, heç də kommunikativ münasibətə girmək anlamına gəlmir. Bu daha çox dinləyicini özünə tabe etmək deməkdir, dil özü bütövlükdə hamının əməl etməli olduğu məcburiyyət formasıdır”.
“Həzzlə daimi münasibətdə qala bilən heç bir obyekt mövcud deyil (Lakanın Markiz de Sad haqqında dediyi fikirdən sitat). Digər tərəfdən isə yazıçı üçün belə bir obyekt mövcuddur: bu yazı fəaliyyəti deyil, yazı sisteminin özü, doğma ana dilidir. Yazıçı – öz anasının (ana-doğma dilin simvoludur) bədəni ilə oynayan adamdır (Pleynin – fransız şairləri Loteramon və Matiss haqqında əsərindən), o bu yolla həmin bədəni ucaldır, bəzəyir və yaxud əksinə onu hissələrə bölür, ona tamlıq verən, bədən halında bir araya toplayan dəyərləri darmadağın edir. Şəxsən mən dilin deformasiyasından həzz alacağım həddə qədər getməyə hazıram, bununla hiddətlənmiş ictimai rəyin fəryadlarını eşitmək istərdim, çünki ictimai rəy həmişə “mahiyyətin deformasiya”sına qarşı çıxış edir.
“Dil hər cür dil fəaliyyətinin yerinə yetiricisi kimi, nə reaksiyavermə nə də tərəqiyyə aparma funksiyasını daşımır. O ən adi bir faşistdir, çünki faşizmin mahiyyəti nəyisə deməyi qadağan etməkdə deyil, əksinə deməyə məcbur etmədə ortaya çıxır.”
“Ədəbiyyatın dildən yaranma ilə bağlı xüsusi statusu var. Dil materialı ədəbiyyat tərəfindən mənimsənildiyi an ədəbiyyatın bir parçasına çevrilir. Ədəbiyyat, hiss olunmadan ona xas olmayan, lakin onunla eyni məqsədləri daşıyan bir sistemə düşməli olur, bu sistem kommunikativ sistemdir. Ədəbiyyatla dil arasında barışmaz ixtilaf da məhz bu məqamda ortaya çıxır. Struktura baxımından ədəbiyyat dil üçün nə isə köməkçi bir orqan kimidir.
Roman oxuyanda “roman” sözünün ifadə etdiyi əsl məna o dəqiqə sizə çatmır. “Ədəbiyyat” sözü (həmçinin təsəvvürü səslənişindən asılı olmayan sözlər), səslənməsi ilə birbaşa hansısa tam mənanı doğurmaq məqsədi güdmür. Tam məna, sanki anlaşılan mənadan kənarda, diqqət mərkəzindən yayınmış, baxış bucağından uzaqda bir yerlərdə görünür, sizə gəlib çatan isə həmişə mənadan ayrı-ayrı nahiyyələr və onlar arasındakı əlaqələr olur, eynilə zənginləşmiş dilin ibtidai formasını təşkil edən leksika və sintaksis kimi (fransız dilinin). Deməli, oxuduğunuz mətnin tam məntiqi məğzi heç də onun “gerçəkliyi” deyil, “gerçəklik” məhz “ədəbiyyat”dır. Nəticədə köməkçi orqan olan “ədəbiyyat”, əsas rolu üzərinə götürür, belə ki, qəti məna tamamilə ondan asılıdır. Ədəbiyyatın funksiyasının məntiqi mənanı doğurmaq olması faktı əslinə tərsinədir, məlum olduğu kimi o özü çoxmənalıdır, biz onun ifadə etdiyi məntiqə həm inanırıq həm yox, belə ki, oxu fəaliyyətində bu iki sistem daim bir-birlərini əvəz edir, sözə baxırsan - bu dil deməkdir, mənaya baxırsan - bu ədəbiyyatdır”.
“Mətn – büt-obyektidir və bu büt məni cəzb edir. Görünməyən antennalarını mənə yönəltməklə, xüsusi tələlər qurmaqla (əsərlərin lüğət sırası ilə düzülüşü, onların hər biri haqqında yazılmış rəylər, maraqlılıq dərəcəsi və s.), mətn bununla sanki məni seçmiş olur. Bundan əlavə mətnlərin arasında itib-batan (amma qətiyyən idarəedici stolda gizlənən maşınların allahına bənzəməyən, onların çiyinləri arxasından əmrlər verməyən) biri kimi məndən həmişə hansısa yeni müəllifin yaranması ehtimalı var.”
“Sosial sima kimi müəllif artıq çoxdan ölüb, o artıq nə vətəndaş qismində, nə emosianal, nə bioqrafik kimlik qismində mövcud deyil. Keçmişdə ona verilən bütün imtiyazlardan məhrum olması azmış kimi, bundan sonra həm də əsərləri üzərindəki o böyük atalıq hakimiyyətini də itirmiş olur. İndi onun əsərlərinə ədəbiyyat tarixçilərinin, müəllimlərin, gündəlik ictimai rəyin etdiyi əlavələr, ondan bəhrələnmələr, əsərdən oğurlanmış fikirlər, onu hər cür müəlliflik haqqından məhrum edir. Artıq onun nə mətn yaratmaq, nə də nəql etdiklərini daima yeniləmək kimi bir hakimiyyəti yoxdur. Və bununla belə mən hələ də səbirsizliklə müəllifdən yeni mətn gözləyirəm, eynilə mənim ona lazım olduğum kimi, onun siması da (ancaq qətiyyən nə şəkli və nə də proyeksiyası deyil) mənə lazımdır. Əlbəttə ki, bu münasibətdə hər ikimiz öz simamızı “yapmamalıyıq”, əsl nüsxəni ortaya qoymalıyıq”.
“Yeni – dəb deyil, bu dəyərdir, bütün tənqidlərin özülünü yaradandır. Bizim dünyanı dəyərləndirmə vasitəmiz artıq uzun zamandan bəri gerçəkliyin özü ilə səsləşmir, ən azından Niçşedəki “ali” və “ibtidai” kimi əks anlayışları gerçəklikdə tətbiq etmək yersizdir. Əslində isə dəyərləndirmə vasitəmiz ancaq Köhnə və Yeni əksilikləri üzərində qurulub (erotika Yenidir, o XVII əsrdə ortaya çıxıb və ondan bəri daimi inkişafdadır). İndi müasir cəmiyyətin doğurduğu, yadlaşıb unudulmaq bəlasından yayınmağın, yeganə yolu – irəli qaçmaqdır. İstənilən köhnəlmiş dili, təxirə salınmaz bir amansızlıqla qüsurlu elan edirlər, dilin köhnəldiyini isə onun heç nə ifadə etməyən daimi, sadə təkrarlardan ibarət olması ilə aşkarlayırlar. Yeri gəlmişkən enkratik dil (hakimiyyətin nəzarəti altında yaranan və yayılan dil) öz mahiyyətinə görə təkrarlama dili hesab olunur. Bütün rəsmi dil təsisatları – daim eyni saqqızı gəvələyən maşınlardır. Məktəb, idman, reklam, kütləvi mədəniyyət, milli dəyərlər, mahnı yaradıcılığı, informasiya vasitələri dayanmadan eyni bir hazır strukturu, eyni bir mənanı, bəzənsə hətta eyni bir sözü təkrarlayırlar. Belə sözlər – stereotiplərin əsasında dayanır – bu siyasi bir fenomendir, ideologiyanın təcəssümüdür. Stereotipin əks qütbündə isə hər cür Yenini təmsil edən mənalanma (həzz) dayanır (Freyd yazırdı: həddi buluğa çatmış insan üçün, yenilik həzz almağa tələb olunan başlıca şərtlərdəndir). Güclərin cəbhlərdə bir-birinə qarşı indiki düzülüşü də burdan doğur: bir yandan – kütləvi bayağılıq (təkrarçılıq dilinin məhsulları), tamını itirmiş, yadlaşmış həzzlər (qətiyyən - mütləq həzz deyil), o biri yanda dayanmadan, plansız şəkildə (marjinal, ekssentrik) Yeniyə can atma, qaranalığa can atma, mənanın düşüncəsizcə məhv edilməsi dayanır. Yenilik -  stereotiplərin təzyiqi altında boğulan həzzi, tarixi baxımdan dirçəltmək deməkdir”.
“Yolayrıcının (mənalar arasında sərhəddi simvolizə edir) heç də həmişə hamıya məlum olan, hamı tərəfindən qəbul olunmuş əksiliklər (materializm və idealizm, reformizm və inqilab və s.) arasında sərhəd rolunu oynaması məcburi deyil, əvəzində isə o həmişə və hər yerdə qaydalar və bu qaydalardan istisnalar arasında sədd çəkir. Qayda – nə isə bir şeydən sui-istifadədir, istisna isə – həzzdir. Elə buna görə də müəyyən hadisələrdə hətta Mistiklərin, onların istisna təşkil edən kultlarının tərəfini belə tutmaq lazımdır. Bütün istisnaları etmək olar, təki qaydaların yorucu təkrarlanmasından (ictimailik, stereotiplik, formalizm, bir sözlə dili möhkəmləndirən hər şey) qurtulasan.

Rolan Bart tanınmış semiotik, ədəbi tənqidçi və filosofdur. Onun əsas tədqiqat sahələri Dil, Hakimiyyət və Ədəbiyyat idi.
O, 1948-1950 –ci illərdə Buxarestdəykən Qreymarsın dilin semiotikası ilə bağlı ideyalarından təsirlənmiş. Bununla yanaşı, struktualizmə qədərki dövr kimi tarixdə qalmış yaşadığı dövrün ədəbiyyatında sıx istifadə edilən marksizm və ekzisentializmin də təsirinə qapılmışdır. O hələ də inanırdı ki, burjuaziyaya (kapitalizmə) və onun mifinə (bu günün Mifinə) qarşı mübarizə ancaq dildə inqilab aparmaqdan keçir, bu yolla idarə edənlər təbəqəsinin dilinə bənzəməyən yeni bir dil yaradılacaqdı. Son nəticədə isə o bu fikrindən əl çəkmişdir.
1960 -cı illərdə o Lakanın, Elmıslevanın, Yakobsonun, Boqatıryevanın, Levi-Strosanın psixolinqvistik metodundan istifadə edib mədəni-sosial hadisələrin semiotik interpretasiyasını əsərlərində yaratmışdır. Bu yolla yazılmış ən məhşur əsərləri sırasında “Rasin haqqında” (1963), “Tənqidi oçerklər” (1964), “Semiologiyanın elemetləri” (1964), “Tənqid və həqiqət” (1966), “Dəb sistemi” (1967) kimi əsərlər var. 60-cı illərin sonu və 70 –ci illərin əvvəlində Bart “meta dilin” daşıyıcısı olmaqdan imtina edir, indi o tele Mətnin (işarələri doğuran sahə) əsasında dayanan kodları “yozma”nın mühümlüyündən danışırdı. 70 –ci illərdə yazdığı əsas əsərləri aşağıdakılardır: “S/Z” (1970), “Mətndən həzz” (1973), “Rolan Bart, Rolan Bart haqqında” (1975), həmin əsərlərdə “fikir yaradıcılığı”, “mətn yazısı”, “intermətnləşmə” kimi ideyalar aparıcı yer tutur.
Barta görə biz hamımız Dilin xanaları arasına salınmışıq. Rolan Bartın əsərləri dilin Hakimiyyətinin öhdəsindən gəlməkdə bizə kömək edə bilməsə belə, onun hökmünü zəiflətməyə yönəlib – “Sapientia (dərrakə): onun əsərlərində təbliğ etdiyi əsas qayəsi idi – hər cür hakimiyyətə yox, yalnızca bir az bilik, bir qədər müdriklik və mümkün olduqca çox ətirli şirə”.

Çeviri: Namiq Hüseynli

Комментариев нет:

Отправить комментарий