16.08.2012

Allahın unutduğu adam

Zümrüd Yağmur

İki gündür qazdığı məzarı nəhayət ki, tamamalayıb dikəldi, əllərini belinə dayayıb bir az gözlədi, bütün bədəni sızıldadığından məzardan çıxa bilməyəcəyini anlayıb elə qazdığı çuxurun içində də oturub başını aşağı saldı. Bir xeyli belə qaldı. Hava isti olsa da məzar sərin idi. Torpağın nəmliyi bədənini rahatladırdi.Başını asta-asta qaldırdı, göy üzünə baxıb artıq bu günkü doğuşundan sanki yorulub batmaq üzrə olan günəşi görmək üçün gözlərini qıydı. Başı hərləndiyindən bundan vaz keçib gözlərini yumdu. Bədəninin zoqqultsu keçməsə də sərinlikdən xeyli rahatlandı və məzarın bu qədər rahatlıq gətirəcəyini əvvəllər düşünə bilmədiyini, hətta məzar qorxusunun necə ola biləcəyini də fikirləşib acı-acı gülümsündü.
Özünü bu hissə, məzardakı rahatlığa tabe edib  başını nəm torpağa söykəmək istəyinə tabe oldu. Geniş, səliqə ilə qazılmış çuxurun divarlarına baxıb əlləri ilə kələ-kötürləri sığalladı, sanki hər şeyin səliqəli, qaydasında olmasını istəyirmiş kimi səylə əlinin altındakı divarı hamarladı.
Yorulmuşdu. Özünü burdakı rahatlıq və sərinliyə tabe edib gözlərini yumdu.
Məzarlıq böyükdü, əvvəllər kənddə adam olduğundan ölənlər  çox olurdu, adam olmayınca ölü də olmur təbii... Ən son bir il öncə arvadını dəfn etmişdi,  tamam tək qalmışdı. Əvvəl təklik onu üzürdü, ancaq yavaş-yavaş alışdı, hətta bir müddət sonra yağışın, küləyin səsinə də dözmək istəmədi, səssizliyə o qədər aludə oldu ki, yavaş-yavaş dünya deyilən bu yerdə ən asta səs onu yorub bezdirməyə başladı.
O tək qaldığı gündən ölümü düşünmək istəmədi, səhər qalxdı, gecələri yatağa girib yatdı. Yavaş-yavaş günlərdəki bezdirici eyniyyəti  onu yormağa başladı. Sonra yaz gəldi, quşlar uzaqlardan geri gəldi, yuva qurdu, hətta arvadının məzarının  üstündəki ağacda da balalayan qaranquş oldu, amma adamlardan kimsə qayıtmadı, o da kiminsə gələcəyindən imidini kəsib   yollara dikilən gözlərini hər şeydən çəkib evinin baxımsızlıqdan uçulub tökülən divarlarına dikdi.
Sonra divarlardan da bezib yoruldu.
Sentyabr ayı girmişdi, havalar hələ isti olsa da gələn quşlar yenidən geri dönməyə başladılar. Bir azdan onların da səsi kəsildi. Adam da hər gün bezdiyi günlərin əlində ilişib qaldığından gah bütün günü yatağından qalxmadı, gah əslində çoxdan qurumuş ağaclarla əlləşdi, ya da məzarlığa gedib arvadının onsuz da təmizlənməkdən az qala çılpaq torpağa dönmüş  qəbrini ziyərət etdi. Ancaq bütün bunlar onu darıxmaqdan qurtara bilmirdi.
Adam gah səssizlik istədi, gah da  sevdiyi səssizliyə  nifrət etdi, hənirti, nəfəs, ya da bir səs eşitmək üçün hətta uzaqdan hürüyən, adam olmadığından, yeməyə  bir şey tapmadığından buralardan uzaq düşən itlərin səsini belə eşitmək üçün saatlarla bayırı dinlədi. “Adamlar olmayınca zibil olmur, zibil olmayınca itlər... “düşündüklərinə bir anlam verə bilməyib başını buladığı vaxtlar da oldu. İtlərin səsi ona hardasa uzaqlarda həyatın olduğunu xatırlatdığından bu səsdən belə nələrisə, istədiyi xatirələri beynində canlandırıb düşüncələrini canlı tutmaq üçün saatlarla fikirləşdi. Amma onun düz-əmməllicə xatırlayacağı bir şey  yoxdu. Elə bil heç yaşamamışdı, elə yaşamaq yerinə bütün günü işləmişdi, səhər qalxıb getmişdi, gecə qayıtmışdı. Yemişdi, yatmışdı. Bütün bunlar indi yaşadığı həyatdan nə ilə fərqlənirmiş, adam günlərsə bunu anlamağa çalışırdı, sonra anlayacaq bir şeyin olmadığı qənaətinə gəlib yaşamadığını, eləcə ailəsini, uşaqlarını doyurmaq üçün işlədiyini anlayıb nələrisə xarılamaqdan da vaz keçdi. Tək fərq o idi ki, adamlar vardı, səs-küy, uşaqların dalaşması, ağlaması, bütün günü işləyib yorulan, bir gün görmədiklərindən şikayətlənib dünyanı lənətləyən qadınların deyinməsi, bütün bunlar onun, ətrafdakıların ömrünü canlı tuturmuş.
Bir vaxtalar bezdiklərini, hətta yaxasını qurtarmaq üçün bəzən dünyanın o biri ucuna qaçmaq istədiklərini indi yenidən əldə etmək üçün elə yenidən dünyanın o biri uçuna getmək istəyirdi. Amma təbii ki, qaçmaq olmadığı kimi geri də gətirmək mümkün deyildi.
Yaşamaq gözünə durmuşdu, dağ olub ağırlığı altında onu əzirdi…
Gözlərini açdı, günəş batmaq üzrəydi. Üşüdüyünü hiss etdi, bir az əvvəl ona rahatlıq verən məzar indi  tam soyuyub vücuduna dondurucu buzluq yaymağa başladı. Qalxıb məzardan çıxdı, üzü kəndə doğru dayandı, kimsə yoxdu, yenə ürəyinə qarşısı alınmaz bir qüssə doldu və o burda qalmağın bir mənası olmadığını düşünüb əlini belinə qoyub evinin yolunu tutdu.
Evə çatıb bir şey yemədən yatağa uzandı, anasının dediyi kimi gözlərini yumdu ki, yuxu mələyi gəlib onu harasa uzaqlara aparsın. Balaca olanda, yuxusu gəlməyəndə anası onun yatması üçün belə deyərdi həmişə, yuxu mələyi gələcək, onu bilmədiyi, ömründə görmədiyi yerlərə aparacaqdı. O da ciddi-cəhdlə yatmağa çalışardı ki, uzaqlara getsin, xəyallarının ardınca mələyin qanadlarında göy üzündə süzsün.
Nədənsə ona həmişə elə gəlirdi ki, mələklərin mütləq qanadı olmalıdır.
İllər keçmişdi, o böyümüşdü, mələklərsə onu uzaqlara aparmamışdı və o həm anasından, həm də mələklərdən küsmüşdü. Sonra bir az da böyüyüb bu günlərə gəlmişdi və anası ilə barışmışdı, anlamışdı ki, anası onu bu dünyadan qoparıb nağıllar aləminə atmaq istəmişdi ki, qoruya bilsin və elə mələk də anasının özü imiş...
Uşaqların mələyi anası olur, başqa kimsə və bunu düşünüb anasının bu gecə onu yatandan sonra aparmasını arzulayb yenə inadla gözlərini yumdu. Xeyli müddətdi ki, anasının mələk olub onu aparacağını düşünüməmişdi. “Həyat” dediyinin  hər dəfə acısını, ya da sevincini yaşayanda o əslində anlamışdı ki, olanlar, baş verənlər gerçək deyil, yalan, hər şey xəyali bir istəkdir və elə insan dediyimiz varlığın ən böyük həqiqəti xəyalları, arzulardır...O da bu həqiqətdən bərk yapışıb xəyallarının ardınca, anasının yanına getmək istəyirdi.
Səhər gözlərini açanda düşündü ki, anası yenə gəlmədi, yenə mələk kimi onu qanadlarına alıb xəyallarının ardınca aparmadı.
Günortadan keçmiş yenidən məzarlığa üz tutdu. Boş məzarına çatıb baş ucunda dayandı. Xeyli hərəkətsiz qaldı, nə fikirləşdisə məzarın içinə girib uzandı, burdan səma, göy elə bil başqa görünürdü, ya da ona elə gəlirdi, bilmədi, amma eyni inadla səmaya baxıb onu oralara aparacaq mələyin enməsini gözləyirimiş kimi hərəkətsiz qaldı.
Günəş batırdı, səma da qaranlığa tabe olub yavaş-yavaş ulduzlar naxışı ilə bəzənirdi.
Məzardan qalxmamışdı, səma, ətraf, hər tərəf qaranlıqdı. O israrla məzarda uzanıb bu dəfə də qaranlıq səmaya baxırdı. Bir anlıq vahimələndi, amma tərpənmədi.
...Gecədən xeyli keçmişdi, o gözlərini güclə açdı, nəsə yanı başında fırlanırdı və o mələyin gəldiyini zənn edib hərəkətsiz qalsa da hənitidən tüklərinin dik durduğunu hiss edib nəfəsini belə dərməyə qorxub dişlərini sıxdı. Bütüb əzaları, düşüncələri donmuşdu.
O ölmüşdümü, yoxsa elə qazdığı məzarda onu yuxu aparmışdı, xeyli ayırd edə bilmədi. Sonra ayaq barmaqlarını tərpətməyə çalışdı. Yox, bu da olmurdu və dəhşətlə ölə bilmədiyini fikirləşib hiss etdiyi hənirtinin mələyə aid olmadığını sürətlə beynindən keçirib titrədi.
Yanındakı canlının nəfəsini yenə hiss etdi. Göreşəndi və o dəhşətlə ölmədən, heç üstü basdırılmadan bir göreşənə yem olacağını düşünüb vahimələndi. Hərəkətsiz qalıb ayaqlarının ucunda dayanıb onu dartışdıran heyvana göz qoydu. Bu ola bilməzdi, ölmədən göreşənin onu bir ölü kimi didib parçalaması dəhşət idi. Ölsün, burdan qurtarsın, sonra hara  atırlar, kim çeynəyir onun cəsədini, bu artıq  Allahın işi idi.
“Amma əvvəl mən ölməliyəm, ölməliym ki, bu göreşən mənim görümü eşsin. Nəyi eşəcək, axı görüm yoxdur. Nəyi eşəcək, bədənimi, diri bədənimi, axı bu məni incidəcək, bədənimi incidəcək, mənsə incinmək istəmirəm, yorulmuşdum axı mən... Taqətim yox idi, bu məzarı da ona görə qazmışdım ki, elə yorulmadan, acı duymadan içində uzanıb ölüm. İndisə bu göreşən peyda oldu, bədənimi didib məni incidəcək” son düşüncədən diksinib qəfil qışqırdı, ölülərin sükutuna alışmış göreşən qarşısındakını görəndə heyvan halı ilə vahimələnib məzardan kənara sıçradı, qaranlıqda gözdən itdi.
Halsızdı və nə qədər çalışsa da qalxa bilmədi. Başını qaldırmağa çəhd etdi, buna da  nail  ola bilməyib gözlərini yumdu.
Səhər günəşin üzünü qıdıqlayan şüalarına oyandı, göz qapaqlanı az aralıda. Arvadının məzarının başındakı ağaca sərcələr qonub civildəşirdi və adam “sərcə olmağın dərdi yoxdu ki, harda olsa oxuyur, məzar, bağca, nə işinə, oxumağı gəlir, qonub oxuyur. Məsələ elə budur də, istədiyini edə bilmək, amma bax mənə, ilişib qalmışm bu dünyada...” qalxmaq istədi. Yox,yenə alınmadı, elə bil bütün bədəninin üstünə tonlarla daş qoyub onu diri-diri basdırmışdılar. Başını belə tərpədə bilmədi və bütün bədəninin quruyub tamam hərəkətini itirdiyini anlayıb daha çəhd etməkdən yoruldu.
Ancaq göz qapaqları qalxıb enirdi və o günəşin necə batmasını seyr edib yenidən qaranlığı qarşıladı.
Sonra yenə sabah oldu, yenə qaranlıq...
O acmışdı, heyi qalmamışdı,  tez-tez huşunu itirirdi, ya da yatırdı, bilmirdi...Kimsə, mələk-anası belə gəlmirdi, onu kimsə buralardan aparmaq istəmirdi.
O günlərin sayını itirmişdi artıq... Bu sabah günəşin çıxdığını hiss etsə də daha göz qapaqlarını  aralamadı.
Deyəsən göreşəni qovmaqla öz ölümünü qorxudub  qaçırmışdı.
Axşama doğru günəşin batdığını hiss etdiyində dəhşətlə Allahın onu unutduğunu düşündü. Sonra bu düşündüklərinə tam inanıb ölə bilməməyinin səbəbini bundan bilirmiş kimi qışqırıb özünü Allahın yadına salmağa çalışsa da səsi çıxmadı, dili ağzında daş kimi olub elə bil damağına yapışmışdı.
Xırıldayan nəfəsi sinəsinə yığılmışdı. Adam ölə bilməməkdən duyduğu əzabla, dilinə gətirə bilməsə də ancaq özünün eşidə bilcəyi, icindəki səslə “Allah-h-h” deyə bağırdı.
Ölüm gözə dəymirdi...

Комментариев нет:

Отправить комментарий