05.10.2012

Kino müharibəsi

Elçin Bayramlı

Dünyada ən nəhəng video-portal, internet televiziyası sayılan youtube.com saytı internet istifadəçilərinə dünyada istehsal edilmiş demək olar ki, bütün videomaterialları seyr etmək, bəzilərini köçürmək imkanı verib. Bədii film həvəskarları üçün bu, tükənməz mənbədir. Azərbaycanda son dövrlərdə çəkilmiş filmləri videokasetdə və ya diskdə əldə etmək mümkündür. Lakin bunu sovet dövründə çəkilmiş filmlər haqda demək mümkün deyil. Bu filmlərin böyük əksəriyyətini televiziyalar nümayiş etdirmirlər. Yapışıblar 5-10 bədii filmimizdən, ilboyu fırladırlar efirdə. Artıq o filmlərə tamaşaçı marağı itib.

Halbuki sovet dövründə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan minlərlə bədii, sənədli, televiziya və cizgi filmləri, teletamaşalar var ki, bunların varlığından yaşlı nəsildən başqa qalanlarının xəbəri yoxdur.
Nədənsə telemenecerlərə elə gəlir ki, 3-cü və ya 4-cü dərəcəli amerikan ujas filmləri, qanlı-qırğınlı döyüş kinoları tamaşaçı üçün daha arzuolunan və daha səviyyəlidir. Maraqlıdır, görəsən, xarici filmləri əldə etmək, yayımlamaq öz filmlərimizdən daha ucuzmu başa gəlir? Bu məsələ ilə bağlı jurnalistlər araşdırmalarında bəzi məqamlara toxunublar.
Məlumatlara görə, “Azərbaycanfilm”in istehsalı olan filmləri yayımlamaq üçün 100-150 (hər saatına 70) manat ödənməlidir. Özəl televiziyaların rəhbərləri bunu bəhanə gətirirlər, lakin cavab vermirlər ki, xarici filmlər bundan ucuzmu başa gəlir? Ya da şou verilişlərə yüz minlərlə pul xərcləyən telekanallar bu pulun 1 faizini niyə öz filmlərimizin nümayişinə xərcləmək istəmirlər?
Belə çıxır ki, ya bunlar xarici filmləri pirat yolla əldə edib yayırlar ki, pulsuz başa gəlir, ya da qəsdən belə edirlər. Hər iki variantda belə proqram siyasəti məntiqli və cəmiyyət üçün faydalı deyil.
Youtube-da artıq demək olar ki, bütün bədii, sənədli, cizgi və s filmlərimiz yerləşdirilib. Portalda axtarış apararkən mənə məlum oldu ki, bizim bədii fimlərin sayı mən təsəvvür etdiyimdən azı 5 dəfə çox imiş. Bunların heç üçdə birini görməmişdim.
Vüsal adlı vətənpərvər gəncimiz bu sahədə nəhəng iş görüb. Bu gənc uzun illərin gərgin zəhməti ilə enerjisini və vaxtını sərf edib, Azərbaycan filmlərinin dünyaya çıxışını təmin edib. Səmimi etiraf edim ki, 5 il əvvəl bu filmləri ilk dəfə görəndə onların bu sahəyə cavabdeh qurumların biri tərəfindən yerləşdirildiyini düşünmüşdüm. Sonra gördüm ki, belə deyilmiş...
Vüsalın Youtube-da açdığı Azərbaycan filmləri kanalında 3543 daimi abunəçi var. 2007-ci il yanvarın 2-də açılmış profildə 3 mindən yuxarı film yerləşdirib, ümumi baxış sayı 12 milyondan yuxarıdır! (Youtube.com-da profil adı - vusal1981).
Buna görə ona nə qədər minnətdar olsaq azdır. Bu işə sərf olunan əziyyəti, enerjini, vaxtı təsəvvür etmək çətindir. Bunu videomateriallarla işləmiş, televiziyada çalışmış və internetə müxtəlif videolar yerləşdirmiş biri kimi deyirəm. Üstəlik, Vüsal təkcə Youtube-da yox, Vikipediya-da böyük məlumat bazası yaradıb. Burda bütün filmlərin haqqında çox geniş informasiya var.
İndi dünyanın bütün ölkələrində istənilən adam istənilən vaxt istənilən Azərbaycan kinosunu, filmini izləyə bilər və izləyir də. Filmlərə yazılan şərhlərdən görünür ki, onları izləyənlərin arasında başqa ölkələrin vətəndaşları, başqa xalqların nümayəndələri az deyil. Xüsusilə də, rus dilində xeyli filmimiz olduğuna görə bu, dünyada rus dilində danışan və ya başa düşən yarım milyarda yaxın insana çıxış deməkdir.
Bu nəhəng baza internet televiziyaları üçün göydən düşmə müftə arxivdir. Lakin maraqlıdır ki, onlar bu arxivdən istifadə etmək niyyətində deyillər, efiri xarici kliplər, amerikan filmləri ilə doldurmağa üstünlük verirlər.
Lakin qeyd etmək lazımdır ki, filmlərin bir çoxu orijinal deyil, bəziləri çox keyfiyyətsizdir, videokasetdən ya da teleefirdən köçürülüb. Bu Vüsalın günahı deyil, bu işdə ona bu sahəyə cavabdeh qurumlar kömək etməyə borcludurlar.
Qlobal ideoloji müharibədə şüura ən güclü təsir vasitəsi olan kinonun spesifik rolu və mühüm payı var. Amerika filmlərinin qlobal miqyasda gördüyü işi, əldə etdiyi nəticəni başqa heç bir vasitə ilə etmək mümkün deyil.
Kino və filmlər cəmiyyətin təlim-tərbiyəsi, gənclərin mənəvi sağlam yetişməsi üçün də əhəmiyyətli vasitədir. Bu, ən güclü ideoloji silahdır. Bu silahdan bizdə də var, özü də dünyanın əksər ölkələrindən daha çox, daha güclü və daha səviyyəli. Qalır ondan istifadə etmək.

elçin.bayramli@hotmail.com                   gunteleqraf.az

Комментариев нет:

Отправить комментарий