05.10.2012

“Bilsəniz, bizim Tarix İnstitutunda kimlər oturub...”

Əlisa Nicat: “Şah İsmayılı qınayanlar nadandırlar”

Güntay Gəncalp: “Şah İsmayıl sovet ideologiyasına xidmət edirdi”

Səfəvilər dövləti və Şah İsmayıl Xətai mövzusu zaman-zaman müzakirələrə yol açır və açmaqdadır. Son aylar Norveçdə yaşayan cənublu yazar Güntay Gəncalpın ana dilimizdə nəşr olunan “Səfəvilər” romanı və türkiyəli İskəndər Palanın “Şah və Sultan” kitabları bu müzakirələrin daha da qızışmasına gətirdi. Baş verənlərdə qaranlıq məqamların olduğunu duymamaq çətin deyil. Bu səbəbdən müzakirələrlə məsələyə işıq tutmağa çalışdıq.
“Qızılbaşlar” romanının müəllifi Əlisa Nicat deyir ki, Şah İsmayıl Xətai dövrünün çox böyük şəxsiyyəti olub: “Sultan Səlim atasının xörəyinə duz atanda zəhər tökdü, öldürdü. Bu qədər qəddar adam idi Sultan Səlim.
Amma ata qatili Sultan Səlimi təmizə çıxaranlar Şah İsmayıla ləkə atmaq istəyirlər. Bütün tarixçilər deyir ki, Şah İsmayıl sərkərdələrinin sözünə baxsaydı, Osmanlı ordusuna qalib gələrdi. Amma o bu ordunun üstünə düşmən kimi getmədi. O zamankı səyyahların, tarixçilərin əsərində Şah İsmayıla böyük hörmət var. Şah İsmayılı Avropa alimləri, Karl Marks kimi dahilər qiymətləndirib və böyüklüyünü etiraf ediblər”.
Son aylar Azərbaycanda Şah İsmayıla qarşı çıxanlara yüksək dairələrdən xüsusi hörmətə gəlincə, yazar bəzi adamların kiçik hisslərlə yaşadığını və hər addımda öz xeyrini güddüyünü dedi: “Siz bilsəniz ki, bizim Tarix İnstitutunda kimlər oturub, mat qalarsınız. Belələri Şah İsmayılı söyənlərin ətəyindən öpməyə hazırdırlar ki, təki işləri yaxşı getsin”.
Şah İsmayılı dini ideologiya mübarizəsi aparmaqda suçlayanlara isə Əlisa Nicat belə cavab verdi: “Şah İsmayılı dini mübarizə aparmaqda günahlandıranların hamısı savadsız, dünyadan bixəbər və nadandır. Çünki hər zamanın öz tələbi var. Özbək xanı Şeybani Xan, Osmanlı şahı Sultan Səlim Şah İsmayıla məktub yazaraq təhqir edirdilər. Bəziləri o dövrün olaylarından xəbərsizdirlər. İskəndər Pala kimilərini cılızlar sevir.
Şah İsmayıl haqqında ən yaxşı tarixi əsəri tarixçi-alim Oqtay Əfəndiyev yazıb. Bu, çox güclü araşdırmadır. Əsl həqiqəti bilmək istəyənlər bu kitabı oxusunlar”.
Güntay Gəncalp isə deyir ki, onun bu kitabı yazmasının iki səbəbi var: “Birinci səbəb: Milli şüurumun oyanışı. “Nədən İranda çoxluq olaraq bizim heç bir mədəni-siyasi statusumuz yoxdur” sualı ağlımda dolaşırdı. Çünki yalnız Səfəvilərin nəfəsi toxunan yerdə türklər fikrən əsir durumdadırlar. İranda 1.5 milyon türkmən var. Onlar Səfəvi fəlakətindən uzaq qaldıqları üçün assimlə olmurlar. İkinci səbəb: “İslam nədir” sualı da ağlımda idi. İslam sinə vurmaq, zəncir vurmaq, Əbubəkirə, Ömərə, Aişəyə lənət göndərməkdirmi? Bu, İslam qaynaqlarının harasında yazılıb? Bu suallara cavab axtarırdım. Gördüm ki, bizi türklük soyumuzdan və İslam dünyasından ayırıb farsın qoltuğuna soxan səfəvilikdir. Bu düşüncəyə vardıqdan sonra “Səfəvilər” kitabını yazmaq ideyası ağlıma gəldi”.
“Səfəvilər dövlətinin kimisə lənətləməsi haqqında fikri konkret hansısa mənbədən oxumusunuz, yoxsa bu sizin şəxsi fikrinizdir” sualına isə yazar belə cavab verdi: “Şəxsi fikrim deyil. Şah İsmayıl zamanında Livandan bir çox şiə molla Təbrizə gətirildi. Onların içində Kərəki də var idi. Kərəkinin kitablarından yararlanmışam. Kərəki Səfəvilərin baş mollası idi. Kərəkinin “Əbubəkiri və Öməri lənətləməkdə ilahi qoxular” adlı bir kitabı var. Bu kitabdan yararlanmışam. Burada Həzrəti Aişəyə də lənət göndərmənin zövqündən yazır. Ayrıca, Şah İsmayıl Təbrizi işğal edib Bayındurlu Azərbaycan dövlətini devirdikdən sonra “Təbərrayan” adından silahlı bir dəstə təşkil etdi. “Təbərra” və “təvəlla” səfəvilikdə iki önəmli inanc anlayışıdır. Təbərra, yəni əhli-beyti sevməyənləri lənətləmək, təvəlla da yəni əhli-beyti sevənləri sevmək. Şah İsmayıla görə sünnilər imam Hüseyni qətl ediblər. Ancaq o zaman heç şiə-sünni yox idi. Xüsusən də biz türklər müsəlman da deyildik. Sünnilər də indinin özündə imam Hüseynin öldürülməsindən məmnun deyillər. Onlar da narahatdırlar. Ancaq 13 yaşlı Şah İsmayıla inandırmışdılar ki, sünnilərin quyruğu var və onlar imam Hüseyni qətlə yetiriblər. Ona görə də təbərra dəstəsi təşkil edildi. Təbərra sözünün farsca anlamı da var. Təbərrayan, yəni əlində balta gəzdirən. Şah İsmayılın əmri üzərinə təbərrayan əlində balta Təbrizin küçələrində dolaşır və yüksək səslə lənətlər yağdırırdı.
“Dünyanı bəzəyən Abbasi tarixi” kitabı var. Bu kitabı Tarix İnstitutunun elmi işçisi Şahin Fazil Azərbaycan dilinə tərcümə edib, Bakıda satışda da var. Kitabın 87-ci səhifəsinə baxsanız və digər bölümlərdə də Şah İsmayılın adam əti yeyən dəstələr təşkil etməsi haqda bilgi var”.
“Səfəvilər”i tarixi mənbələr əsasında yazdığını bildirən müsahibim deyir ki, Fazil Şahindən başqa Ziya Bünyadov, Oqtay Əfəndiyev, Petroşevski kimi yaxın dövrdə yaşayan araşdırmaçıların kitablarından da yararlanıb.
Amma Güntay Gəncalp nədənsə, akademik Oqtay Əfəndiyevin tarixi mənbələr əsasında hazırladığı kitabını bəyənməyib: “Oqtay Əfəndiyev bu kitabı Şah İsmayılı tərifləmək üçün yazıb. Onun tarixi əhəmiyyəti yoxdur. Sovetlər Səfəvilərin şişirdilməsini istədiyinə görə, o da belə bir kitab yazmışdı. Şah İsmayılı müqəddəs kimi göstərməyə çalışıb və Səfəvi qaynaqlarının açıqca yazdıqları qətlləri ört-basdır edib. Biri çıxsın isbat etsin ki, mənim verdiyim qaynaq yanlışdır. Özümdən yazmamışam ki, bunları. Sovetlər sizcə, nədən Şah İsmayılın qabardılmasına izn verirdi? Çünki o, sovet ideologiyasına xidmət edirdi”.
Amma Şah İsmayılın yaşadığı tarixdə milli deyil, klerikal dövlətçilik ənənələri və sülalə hakimiyyətləri vardı. Bu fikri xatırladanda Güntay Gəncalp belə dedi: “Mən kitabımı milliyyətçilik baxışından yazmamışam. O zaman da dünyanın heç bir dövləti bir xalqı məzhəbinə görə qətl etməmişdi. Mən onun dövlət qurub kral olmasına qarşı deyiləm. Tarixdə heç bir kral insanları inancından dolayı qətl etməyib. Çingiz Xan inanc azadlığı vermişdi”.
Bakıda nəşr olunan “Səfəvilər” kitabı qrammatik və orfoqrafik səhvlərlə dolu olduğundan Güntay Gəncalp iki aydan sonra kitabı təkrar nəşr etdirəcəyini bildirdi. Maraqlıdır, görəsən, yazarın bu qədər tələsməsinin səbəbi nədir?
Daha maraqlısı ortaya çıxan suallara kimin cavab verəcəyidir.

Arzu Abdulla                        gunteleqraf.az

Комментариев нет:

Отправить комментарий