01.10.2012

Ölülər üçün pensiya

Artıq on beş ildir ki, «milli xəyanət» hökumətləri insanların həyatını təcrübə poliqonuna çevirməklə məşğuldurlar. Nəticədə Sosialist Respublika dövründən miras qalmış bütün müsbət tarixi nailiyyətlər ləğv edilmiş, onun yerində kapitalist bazar iqtisadiyyatının vəhşi qanunlarına əsaslanan qeyri sağlam sosial iqtisadi sistem bərqərar edilməyə çalışılmaqdadır, həm də «demokratik» islahatlar adı altında. Cərimə və xalqa cəza hökümətlərini vətəndaşlara qarşı apardıqları bu elan olunmamış müharibənin növbəti qurbanı, Sovet pensiya sistemidir. Onlar özlərinin bazar dəlləklik nömrələrini indidə bu sistem üzərində sınaqdan çıxarmaqdadırlar.

Artıq heç kəsə sirr deyil ki, hökumət və parlament yaxın bir neçə il ərzində pensiya sistemində dırnaqarası yeniliklər etməyə hazırlaşır, yəni əmək pensiyalarında fərdi uçot sisteminə keçilməsi nəzərdə tutulur. Sosial pensiyalar isə ümumiyyətlə ləğv ediləcək.
Qənaətçillik və dəqiqlik bayrağı altında 1,3 milyon təqaüdçüyə elan olunmüş bu səlib yürüşündə görəsən gerçək məqsəd nədir?
Bu suala cavab vermək üçün gərək biz sovet və bazar iqtisadiyyatı pensiya sistemlərini bir-biri ilə müqayisə edək, məhz yalnız onda islahatlar adı altında nələri itirdiyimizi əyani surətdə görmüş ölacağıq. Başqa sözlə «xəstə» bazar iqtisadiyyatı münasibətlərinin qara camaata hansı itkilər hesabına başa gəldiyini bütün çılpaqlığı ilə dərk etmiş olacağıq.
Beləliklə, məlumdur ki, sovet pensiya sistemi dövlət büdcəsindən ayrılan dotasiyalar və müəssisə, təşkilatların pensiya ödəmələri əsasında formalaşan sosial sığorta fondu hesabına fəaliyyət göstərirdi. Yəni bu o deməkdir ki, sovet sistemində işçi öz maaşından heç bir qəpik də pensiya vergisi vermirdi. Onun gələcəkdə alacağı təqaüd dövlət və müəssisə vəsaitləri hesabına ödənilirdi. Bazar iqtisadiyyatı pensiya sistemində isə tam tərsinə, fərdin gələcəkdə alacağı pensiya onun öz maaşından hər ay ödədiyi pensiya vergisi hesabına formalaşır. Yəni bazar iqtisadiyyatı pensiya sistemində işçinin gələcəkdə təqaüdə çıxarkən alacağı pensiya bir başa öz maaşından, öz cibindən çıxır. Sovet pensiya sistemində isə bu pul dövlət büdcəsinin və müəssisələrin hesabına ödənilirdi. Məsələn, gəlin götürək elə yasa görə pensiya növünü, hansıki bu gün Azərbaycanda təqaüdçülərin 70-75%-ni bu kateqoriyadan olan təqaüdçülər təşkil etməkdədir. Sovet pensiya sisteminə görə vətəndaşın müəyyən əmək stajının olması kifayət edirdi ki, şəxs yaşlandıqda dövlət tərəfindən təmənnasız olaraq yaşa görə pensiya alsın və bu pensiya şəxsə ömürlük verilirdi. Yəni dövlət vətəndaşın ömrünün sonuna kimi təminatını öz üzərinə götürürdü.
Bazar iqtisadiyyatı sistemində isə belə deyil. Dövlət vətəndaşının gələcəyinə heç bir təminat vermir, əgər şəxs qocalanda yaşa görə pensiya almaq istəyirsə, onda gənc vaxtlarında öz cibindən, şəxsi gəlirindən müəyyən məbləğdə mütəmadi olaraq Sosial Müdafiə Fonduna pul ödəməlidir ki, qocalanda bu pullar yenidən onun özünə qayıtsın. Əks təqdirdə acından ölsə də yaşlananda heç kəs, dövlət belə vətəndaşına yaşa görə pensiya verməyəcək.
Bir sözlə bazar iqtisadiyyatı pensiya sistemi al-ver prinsipi üzərində qurulub. Yəni əgər sən qocalanda pensiya almaq istəyirsənsə, onda ömrün boyu öz cibindən Sosial Müdafiə Fonduna vəsait ödəməlisən.
Sovet pensiya sistemi isə sosial prinsiplər üzərində qurulduğundan, vətəndaşın müəyyən qədər əmək stajı olması kifayət edirdi ki, dövlət ömrünün sonuna kimi onun təminatını öz üzərinə götürsün.
Obrazlı dillə desək bazar iqtisadiyyatı pensiya sistemi ona bənzəyir ki, dövlət vətəndaşa deyir; «əlin cibində olsun, ver pulunu saxlayım, qocalanda sənin özünə qaytararam». Sovet pensiya sistemində isə əksinə, heç bir pul ödəmədən işçi əməyinin yığılıb qalmış hissəsinin qarşılığını qocalanda pensiya və digər sosial xidmətlər şəklində alırdı. Hansı ki, kapitalist bazar iqtisadiyyatında əməyin yığılıb qalmış bu hissəsi sahibkarların cibinə, oradan isə önların villa, bahalı maşın, mənzil, restoran və sairə lüks zövqlərinin təminatına yönəlir. Doğrudur, sahibkar işlətdiyi işçilərə görə Sosial Müdafiə Fonduna ödəmələr edir, amma bu ancaq zahirən belə görünür. Əslində isə bu sosial ödəmələrin hamısı dolayısı ilə işçilərin öz cibindən çıxarılır. Bunun isə çox sadə belə bir mexanizmi mövcuddur. Məsələn, tutaqki hansısa sahibkarın 1000 (min) nəfər işçisi var və sahibkar bu işçilərə hər ay 100 min dollar əməkhaqqı ödəyir. Bununla yanaşı mövcud qanunvericiliyə görə sahibkar əmək haqqı fondunun 22%-i həcmində Sosial Müdafiə Fonduna hər ay sosial ödəmələr etməlidir. Yəni əgər aylıq əməkhaqqı fondu 100 min dollardırsa, sahibkar bu məbləğin 22%-i qədər, təxminən hər ay 22 min dollar sosial vergi verməlidir. Bəs hiyləgər sahibkarlar nə edirlər? Məsələn, onlar işçilərin yarısını ixtisara salırlar. Tutaq ki 1000 nəfər işçi işlədirsə onun 500-nü işdən çıxarır. Nəticədə əmək haqqı fondunu və sosial ödəmələri yarıbayarı azaldır. Beləliklə işçilərin ixtisarı hesabına qənaət etdiyi 50 min dollar vəsaitin 11 min dollarını pensiya fonduna keçirir və 39 min dollar da əlavə qazanc əldə edir. Nəticə etibarı ilə sahibkar öz şəxsi mənfəətindən heç bir faiz də pul itirmədən işçilərin əmək haqqı fondunu kiçiltmək hesabına həm 22 %-lik sosial vergini ödəyir, həm də üstəlik 39 min dollar da qazancını artırır. Bu isə o deməkdir ki, pensiya ödəmələri hesabına sahibkar nəinki itirir, əksinə qazanır. Məhz Qərb ölkələrində sahibkar kapitalistlərin hər il milyonlarla işçini ixtisara salmalarının qerçək səbəbi budur.
Bu hələ məsələnin ancaq bir tərəfidir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, qanunvericiliyə görə hər bir işçi məcburi surətdə hər ay maaşının 3%-i məbləğində pensiya vergisi verməlidir. Təbiiki bu 3%-lik pensiya vergisi və guyaki sahibkarın ödədiyi (əslində işçilərin öz cibindən qırxdığı) 22%-lik sosial ödəmələr bir yerdə əmək haqının 25 %-ni, yəni 4\1- ni təşkil edir. Bu isə o deməkdir ki, işçi gələcəkdə pensiyaya çıxarkən aldığı maaşın cəmi 4\1-i qədər pensiya almalı olacaqdır ki, bununla da onun dolanması qeyri mümkündür. Deməli işçi gələcəkdə pensiyaya çıxarkən əməkhaqqının heç olmasa yarısı qədər müavitnət alması üçün ödədiyi 3%-dən əlavə maaşının daha 25%-ni də Sosial Müdafiə Fonduna hər ay ödəmək məcburiyyətindədir. Yox əgər gələcəkdə maaşının 4\3-ü qədər müavinət almaq istəyirsə onda əmək haqqının 50%-ni hər ay Sosial Müdafiə Fonduna ödəməlidir. Başqa sözlə özü öz hesabına özünü pensiyaya çıxarmalıdır.
Bazar iqtisadiyyatı pensiya sisteminin eybəcərlikləri elə ancaq bunlarla kifayətlənmir. Burada pensiya yaşının daim yüksəldilməsi də olduqca problemli məsələdir. Məlumdur ki Sovet pensiya sistemi pensiya yaşını qadınlar üçün 55, kişilər üçün isə 60 yaş müəyyən etdiyi halda, inkişaf etmiş kapitalist dövlətlərinrdə qadın-kişi fərqi qoyulmadan hər kəs üçün 65 yaş həddi qəbul olunmuşdur ki, bunu ancaq ölülər üçün pensiya adlandırmaq olar. Məsələn ABŞ, Fransa, Böyük Britaniya, hətta İsveçrə kimi inkişaf etmiş kapitalist dövlətlərində belə pensiya yaşı qadın və kişilər üçün 65 yaş təyin olunmuşdur. Bu isə o deməkdir ki, Sovet pensiya sistemində qadınlar Qərbli həmcinslərindən 10 il, kişilər isə Qərbli həmcinslərindən 5 il daha tez pensiyaya çıxmaq hüququna malik idilər. Sovet pensiya sistemi yüksək ümumbəşəri dəyərlərə əsaslandığından qadınların analıq hüququ, övladın tərbiyəsində və məişətdə daha çox vəzifə öhdəsinə götürməsi nəzərə alınaraq, onlar üçün pensiya yaşı kişilərdən beş il aşağı, yəni 55 yaş müəyyən edilmişdi.
Kapitalist bazar iqtisadiyyatı sistemində isə hər şey al-ver prinsipinə əsaslandığından və biznes maraqları mənəvi dəyərləri üstələdiyindən inkişaf etmiş kapitalist dövlətlərində Sovet pensiya sisteminə xas olmuş belə nailiyyətlərdən məhrumdurlar. Buna isə belə bəraət qazandırırlar ki, qadın və kişi hüquqca bərabər olduğundan hər iki cinsin pensiya yaşıda bərabər olmalıdır. Əgər doğrudan da belədirsə, bəs nə üçün Qərbdə qadınlar kişilərdən daha az maaş alırlar; bəlkə hüquq bərabərliyi prinsipini əməkhaqqına da tətbiq edəsiniz? Yox, bu kapitalistin biznes marağına ziddir, ona görə də hələlik xəyaldır.

kommunist.biz

Комментариев нет:

Отправить комментарий